AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mahir ritmlər ustası

Mahir ritmlər ustası

27 İyul 2020, 12:15 1037
Ritm musiqinin canıdır. Kainatın, cəmiyyətin və təbiətin də ritmi mövcuddur. İnsan ürəyinin və nəbzin də ritmi var. Musiqidə müxtəlif ölçülü ritmlərdən istifadə olunur. Əcdadlarımızın ilk ritm vasitəsi Qobustan qayalarındakı Qavaldaş sayılır. Tarixən Azərbaycanda mahir ritm ustaları olub.
 
XX yüzildə və yaşadığımız bu yeni əsrdə də ritm alətlərini bacarıqla ifa edən xeyli ifaçılarımız var. Bu dəfəki məqalədə onların biri barədə məlumat vermək fikrindəyik. Mirzəli Ağasaleh oğlu Abasəliyev 1962-ci il iyulun 24-də dünyaya gəlib. Onun da taleyinə böyük istedad yazılmışdı. O, Azərbaycan musiqi cəmiyyətində sıradan bir sənət adamı deyil, nadir zərb ifaçısı idi. Mirzəli zərbin mahir ifaçısı kimi tanınıb məşhurlaşan, bütünlükdə, ritm və zərb alətlərinin utası kimi tanınan nadir sənətkar idi. İndi də yeri boş qalıb. Ansambllarda, musiqi heyətlərində, caz qruplarının tərkibində, toy-büsatımızda, xarici dövlətlərə göndərilən və ya dəvət olunan sənət adamlarının sırasında onun yeri görünür. Azyaşlı Mirzəlinin istedadı göz önündəydi. Dinc dayanmırdı, böyük qardaş Ağa Cəbrayılın (hazırda xalq artisti, ustad kamança ifaçısı, AMK-nın professoru) balaca nağarası onun üçün əsl məşğuliyyət vasitəsi idi. Əlindən alıb kənara qoyurdular ki, uşaq yorular, bir az dincəlsin, bu zaman yenə sakit durmurdu, kətili, masanın üstünü döyəcləyir və özünə ritm tuturdu. Əlləri ilə bərabər başı da daim hərəkətdə idi. O qədər çalırdı ki, axırda balaca nağara ona tab gətirmədi, dəriləri sıradan çıxdı. Belə olduqda o, vedrəni və kuzəni çalmağa başlamışdı. Görünür hələ o zaman Mirzəlinin taleyi öz həllini tapırmış, o, ritm ustası olmalıymış, oldu da...
 
Ağa Cəbrayıl Abasəliyevin xatirələrindən: "Mirzəlinin 6 yaşı olanda mahir nağaraçalan Almaz Quluyevi (hazırda əməkdar artist) mənzilimizə dəvət etdim ki, baxıb fikir bildirsən. O, dedi ki, bu uşaq sənətə gəlsə bizim hər birimiz, ritm ifaçılarımız üçün çətin olacaq”. İşə bir bax, illər ötdü Mirzəli və Almaz Quluyev birlikdə çalışdılar, SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi instrumental ansamblda çaldılar. Mirzəli Abasəliyev 190 saylı orta ümumtəhsil məktəbdə səkkizilik təhsili başa vuraraq A.Zeynallı adına Musiqi Texnikumunun nağara sinfinə daxil olub. Burada ixtisas üzrə müəllimi Kamal Axundov olub. 12 yaşlı Mirzəli artıq "Səadət” ansamblında çalırdı, müntəzəm məşqlər, konsertlər, daha sonra texnkumdakı təhsil, bu tədris ocağının xəttilə təşkil olunan tədbirlər Mirzəlini anba-an, günbə-gün, ayba-ay yetişdirir və gələcək peşəkar sənətin daxilinə ötürürdü. O, sənət sevdalısı, ritm aludəçisi kimi irəlilədi və nəhayət zərb alətlərinin mahir ifaçısı kimi yetişərək özünü meydanda təsdiq etdi. Bəli, Mirzəli adlı musiqiçi tam şəkildə ritm ustası kimi tanınır, müxtəlif qrupların tərkibinə dəvət alır, sevilir, toylarda, konsertlərdə çalırdı.
 
A.Zeynallı adına Musiqi Texnikumunu bitirən M.Abasəliyev sənədlərini M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə verir və daxil olur. O, 5 il təhsil alaraq buranı uğurla başa vurur. İnstitut illərində o, Zeynəb Xanlarovanın rəhbəri olduğu ansablın üzvü kimi geniş fəaliyyət göstərir və bu qrupla birlikdə əksər xarici ölkələrdə səfərlərdə olur. Mirzəli sənət fəaliyyəti və incəsənət aləmində qazandığı böyük hörmətlə həmişə Abasəliyevlər nəslinə başucalığı gətirirdi. O, Azərbaycan Teleradio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblında da fəaliyyət göstərmişdi. Bakı və Abşeronun kənd və qəsəbələrdə keçirilən toylarda Mirzəliyə dəfələrlə solo sifarişlər verilirdi. Mirzəlinin işlətdiyi çoxsaylı, fərqli ritmlər bir-birini əvəz etdikcə inkişaf mərhələsinə yetir, kulminasiya nöqtəsinə doğru hərəkət götürdükcə daha da coşur, aşıb-daşır, çılğın hisslər tənənnüm edərək tamaşaçını sehrə salaraq, daim öz təsiri altında saxlayırdı. Buradakı ritmlər sisiləsi Azərbaycanımızın əzəmətli dağ silsiləsini xatırladırdı. Mirzəli ifa zamanı özünü unudur, zəngin ritmlər aləminə düşür, təpələri keçə-keçə, dağlara yüksəlir, dağları aşıb-keçərək zirvəyə doğru hərəkət edir və nəhayətdə ən uca, son zirvədə görünərək qələbə taktlarını vuraraq ora bayrağımızı sancırdı. O, ritmlərlə yaşayırdı və bu həqiqətdir ki, zərbi əlinə alıb səhnəyə çıxan kimi qəribə hisslər, ritmlər, sirrlər aləminə düşürdü. Kənardan onu diqqətlə seyr etdikdə,  qeyd etdiiklərimi hiss etmək mümkün idi. Onun ifasında "sinkopa” ritmlər çox idi. Və özüm bir musiqiçi olub bunları dərk etdikcə, istəkli oxucuların nəzərinə çatdırıram ki, "sinkop” dünya üzrə ən çətin rirmlərə aiddir. Mirzəli isə belə çətinliklrə sinə gərir və daxili hisslərini əllərinə tətbiq edərək heyrətamiz ritmlərin ardıcıllığını yaradırdı, bədahətən, gözlərimiz qarşısında. Bu əsl möcüzə idi. Onun solo ifasını musiqi kompozisiyası vasitəsilə müşayiət edən instrumental qrup heç zaman onu çaşdıra, öz ifa lambrindən çıxara bilməzdi. Axı ifa zamanı onun beyni dəqiq işləyirdi. Beyni, ürəyi, hissləri əlləri ilə, əlləri isə barmaqları ilə sıx vəhdət yaradırdı. O, bizimlə ritmlərin diliylə danışırdı. Onun həyatını, mövcudluğunu ritmsiz, bu aləmsiz təsəvvür etmək olardımı? Əlbəttə ki, yox!
 
Doğrudan da Mirzəli ifa zamanı özünü unudurdu, o qədər çoşurdu ki, daim taxdığı gözlük masa üzərinə, yaxud da yerə düşəndə belə hiss etmirdi. Belə hallar video çəklişlərdə də görünür. Mirzəli Abasəliyevin solo ifalarını özündə cəm edən video və aideo kasetlər sərhədləri aşandan sonra bir sıra ölkələrin məşhur insrtrumental ifaçıları, onların arasında ritm ustaları bizim bu unikal zərb ifaçısı ilə maraqlanmağa başlamışdılar. Mirzəli yaşayıb indiyə çatsaydı, onu bir sıra ölkələrdə təşkil olunan layihələrə, caz festivallarına dəvət edəcəkdilər. Çünki onun ifasında maraqlı və qeyri-adi cəhətlər çox idi. Mirzəli dünyəvi ritmləri, bunlar arasında Latın Amerikası ritmlərini sərbəst ifa edirdi. Bütün bu mükəmməl ritmlər onun daxili aləmindən, beynindan və baqmaqlarından süzülüb gəlirdi. M.Abasəliyevin canı, qanı ritmlərdən, düşüncəsi unikal taktlardan, əlləri, barmaqları musiqi xırdalıqlarından, ən zərif bəzəklərdən  ibarət olaraq, başdan-başa sirr və sehrə bağlıydı. Əslində, onun ifaları müasir elmi-texniki vasitələrlə, ən son cihazlarla hesablanıb, öyrənilsə, burada çox zəngin, maraqlı və heyrətamiz faktlar və dəyərlər üzə çıxarıla bilər. Axı dünyanın, kainatın özünün ritmi olduğu üçün, mövcud xalqların və millətlərin də özlərinə xas ritmləri, musiqi üçün ölçü vahidləri var. Mirzəlinin öz solo ifalarında bədahətən bütün dünya xalqlarının rimlərini ortaya qoymasının özü, heyrətamiz, fitri istedaddan doğmurdumu, bu möhtəşəmlik, genişlik və möcüzə yaratmırdımı? Bəli, əslində bu beləydi. Biz belə bir nadir sənətkardan lazımlı dərəcədə istifadə etdikmi? Əlbəttə yox. Düzdür, xalqımız istedadlıdır, davamçılar olacaq. Lakin bu da var ki, nadir, unikal sənət sahibləri 30, 40, 50 ildən sonra meydana çıxır. Əlbəttə, düşünməyə dəyər. Sağlam düşüncə ən layiqli vasitədir.
 
Mirzəli bütün dünyəvi ritmlərə bələd ifaçı olaraq, həm də cazmen idi. Sənət ustalarımızla xarici ölkələrə gedərkən proqrama mütləq onun solosu daxil edilirdi. Onun gücünə bələd idilər, bilirdilər ki, iş görəcək, dərhal tamaşa zalını ələ alacaq, seyrçilərin nəinki əhvalını, hətta özlərini ayağa qaldıracaq və fasiləsiz, gurultulu alqışlar qazanacaq. Yaponiyaya uçuş onun ən uğurlu səfərlərindən biri olub. Kommersiya şərtlərilə düzənlənən bu 1 aylıq səfərə gedən heyətdə məşhur sənətkarlar: İslam Rzayev, Habil Əliyev, Ramiz Quluyev, Etibar Qasımbəyli var idi. Yapon tamaşaçıları Azərbaycan artistlərini hərarətlə qarşılayırdılar. Dövrü mətbuatda yazılar və şəkillər gedirdi. Mirzəlinin solo ifaları xüsusi marağa səbəb olmuşdu. Onun ifalarını çəkib televiziya ilə yayımlayırdılar. Əlbəttə, bu Azərbaycanımızın ritm ustasına verilən ən yüksək dəyər kimi qəbul olunurdu. Bir də onu deyək ki, Mirzəli zəhmətkeş idi, yoruldum deməzdi, neçə dəfə ondan solo istəsəydilər, çalardı. Toyxanada, yaxud konsert salonlarında tamaşaçının az və ya çox olmasına baxmazdı, ifa edərdi, hünər göstərərdi, can qoyardı... Onun insani keyfiyyətləri də yüksək olub. Sənət yoldaşlarına isti münasibət bəsləyər, ehtiyacı olanın qeydinə qalardı. Həddən artıq səxavətli idi, dost-yoldaşa arxa durardı.
 
Ağa Cəbrayılın söylədiklərindən: "Mirzəli də atam Ağa Saleh kimi fədakar, zəhmətkeş, comərd, səxavətli idi. Atamda olan bütün xeyirxah əməlləri, qəlbi təmizliyi onda da görürdüm”. Musiqiçilərin əksəriyyəti, xüsusilə xanəndə, xalq artisti İslam Rzayev onun xətrini daim əziz tuturdu. O, böyük qardaşı Ağa Cəbrayıl ilə fəxr edər, qulluğunda durar və hörmət əlaməti olaraq həmişə ona Dadaş deyə müraciət edərdi. Mirzəli Abasəliyev ailəli idi. Anasının adını qoyduğu Asudə adlı bir qızı yadigar qalıb.    Çox əfsus ki, belə insanı, böyük sənətkarı vaxtsız itirdik. O, hələ nə qədər uğurlar qazana bilər və ritm sənətimizi qabağa aparardı. M.Abasəliyev 2007-ci il avqustun 8-də, 45 yaşında dünyadan köçüb. Ruhu şad olsun. Bu yazını hazırlamaqla təsəlli tapmaq istədik, onun yarımçıq ömrünü, unikal sənətini oxucuların yaddaşına daxil etdik və onların gözləri qarşısında canlandırdıq. Axı belə sənətkarların adı musiqi mədəniyyəti tarixində yaşamalıdır. Yaşayacaq da!
 
Əhsən Rəhmanlı
sənətşünaslıq üzrə fəlsəfə doktoru