• cümə, 29 Mart, 02:49
  • Baku Bakı 7°C

Magistr təhsilinə maraq niyə azalıb?

11.12.19 09:30 1102
Magistr təhsilinə maraq niyə azalıb?
Gənclər təhsilin bu pilləsində yeni praktiki biliklər qazanmadıqlarından şikayətlənirlər
"Magistraturaya daxil olanda öz ixtisasımla bağlı yeni biliklər qazanacağımı düşünürdüm. Amma ilk dərsdən məlum oldu ki, elə bakalavr mərhələsində imtahan verdiyimiz fənlər təkrar tədris ediləcək. Müəllimlər də eyni idi. Çox vaxt dərslərə gəlmirdim. Çünki eyni şeyləri oxumaqdan bezmişdim. İndi düşünürəm ki, boş yerə iki ilim hədər getdi. Bu müddət ərzində iş təcrübəsi qazansaydım, daha faydalı olardı. Çünki təhsili bitirib iş axtardığım zaman başa düşdüm ki, mənim magistr olmağım heç kimə maraqlı deyil. İndi əmək bazarında təcrübə tələb olunur. Yəni belə desək, magistr diplomu sənə heç bir üstünlük qazandırmır”.
Bu sözləri bizimlə söhbətində Xəyalə Bünyatova söylədi. Xəyalə ölkəmizdə magistr təhsili alan minlərlə tələbədən biridir. Belə nümunələr əslində həddən artıq çoxdur. Yazını hazırlayarkən sosial mediada tələbələr arasında kiçik sorğu keçirdik. Sorğunun nəticələrinə əsasən, əksər tələbələr magistr dərəcəsi almağın onlara xüsusi üstünlük qazandırmadığını söylədi. Bir qisim isə elmi dərəcə xatirinə magistraturanı oxuduğunu söylədi. Sorğuda iştirak edənlər arasında təhsilini yarımçıq qoyanlar da var idi.
Təəssüf ki, son dövrlər gənclərin əksəriyyəti düşünür ki, Azərbaycanda magistr təhsili vaxt itkisindən başqa bir şey deyil. Görəsən həqiqətən də belədirmi? Ümumiyyətlə magistr təhsili gənclərin karyera qurmasında hansı rol oynayır?
Gənclərə elə bir şərait yaradılmalıdır ki...
Əsas səbəblərdən birinin təhsilin keyfiyyəti ilə bağlı olduğunu söyləyən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, ali təhsil ocaqlarımızda təhsilin keyfiyyətinin artırılmasına ciddi ehtiyac var: "Bu mənada gəncləri qınamaq da olmur. Magistr təhsilinin inkişafı ilə bağlı müəyyən qərarlar qəbul olunur. Əsas hədəf magistr təhsilinin keyfiyyətini artırmaqdır. Təəssüflər olsun ki, dünya və Avropa universitetləri ilə müqayisədə biz çox geridə qalmışıq. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, gənclər elmlə məşğul olmaqdansa, pul qazanmaq, iş həyatına atılmaq istəyir. Hər kəs bakalavrı bitirib işlə təmin olunmaq istəyir. Çünki əmək bazarının tələbləri arasında təcrübə əsas şərtdir. Ona görə də magistratura və doktorantura təhsili almaq istəyənlərin sayı azalır. Bütün hallarda düşünürəm ki, dövlət bu məsələdə müəyyən addımlar atmalıdır. Tədris proqramları dünya ölkələri ilə müqayisədə xeyli geridədir. Buna görə də gənclərimizin Avropa universitetlərinə marağı günü-gündən artır. Əlbəttə, bu sevindirici haldır. Amma bu, çıxış yolu demək deyil. Gənclərə elə bir şərait yaradılmalıdır ki, onlar öz ölkəmizdə elmin inkişafına yeni töhfələr verə bilsin”.
Tələbələr heç nə öyrənmir
Təhsilin idarə edilməsi üzrə ekspert Qoşqar Məhərrəmovunsözlərinə görə, gənclər öz şikayətlərində müəyyən qədər haqlıdırlar: "Magistr pilləsində təhsil alan tələbələrlə söhbət etdiyim zaman görürəm ki, onların əksəriyyəti dərsə getmir. Bir çox tələbə deyir ki, dərs yoxdur, yaxud dərsə getməsək də, heç bir problem olmur. Dərslərdə iştirak edən tələbələr isə deyir ki, müəllimlərin əksəriyyəti də buna etiraz etmir. Ona görə də tələbələrin magistr təhsilinə marağı olmur. Ölkədə bir neçə ali təhsil ocağı var ki, magistraturada oxuyan tələbələr dərslərdə iştirak edir. Bir çoxları isə sırf dərəcə almaq üçün magistr təhsili alır. Gənclər tədris müddətində heç bir yeni praktiki bacarıq qazanmırlar. Bəzi universitetlərdə tələbə dərsdə iştirak etmədən dissertasiya işini yazmaqla diplom alır. Dünya təcrübəsində tələbələr dərs kreditlərini başa vurduqdan sonra elmi iş yazır. Bəzi universitetlərdə isə elmi iş əvəzinə layihə hazırlanır. Azərbaycanda universitetlərdə tədris olunan magistratura proqramlarında tələbələr heç nə öyrənmir. Ona görə də bir qisim tələbə təhsilini yarıda saxlayır. Düşünürəm ki, bu yanaşma dəyişməlidir. Bakalavr təhsilində alınan biliklərin yoxlanılmasına ciddi ehtiyac var. Hazırda magistr pilləsinə qəbul şərtlərinə müəyyən dəyişikliklər təklif olunur. Magistr təhsilinə daha ciddi yanaşma tətbiq olunmalıdır. Pedaqoji heyət ənənəvi yanaşmasını ləğv etməlidir. Sistem xarici universitetlərin sistemi ilə eyni olsa da, müəllimlərin dərsə yanaşması fərqlidir. Bu kimi səbəblər magistr təhsilinə olan marağı azaldır”.
Dərəcə əldə etmək xatirinə oxumaq lazım deyil
Təhsil məsələləri üzrə mütəxəssis Hümeyir Əhmədovbildirir ki, dərəcə almaq xatirinə magistr təhsili almaq lazım deyil: "Magistr təhsili tam ali təhsil deməkdir. Düzdür, elə ixtisaslar var ki, magistr təhsilinə böyük ehtiyac yoxdur. Həmin ixtisasları bitirən bakalavrlar təyinatı üzrə çalışa bilər. Amma elmlə məşğul olmaq istəyən şəxslər üçün magistr dərəcəsi önəmlidir. Gənclər arasında magistr təhsilinə marağın olmamasının əsas səbəbi əksər universitetlərdə bakalavrda keçirilən tədris proqramının təkrar olmasıdır. Bu məqamda gənclərlə razılaşmaq olar. Ümid edirəm ki, bu sahə üzrə aparılan islahatlar öz nəticəsini verəcək. Hər bir gənc əvvəlcədən öz istiqamətini müəyyən etməlidir. Elm sahəsi ilə məşğul olmaq istəyən şəxslər təhsilini davam etdirə bilər. Hər kəs öz qarşısına məqsəd qoymalıdır. Qiymət almaq, yaxud dərəcə əldə etmək xatirinə oxumaq lazım deyil. Hər bir tələbə öyrənmək xatirinə oxumalıdır. Əgər təhsili bitirəndə, "mən nə öyrəndim” sualına cavab verə bilmirsənsə, deməli sən universitetdə vaxtını boşa keçirmisən”.
Magistr təhsilinin yenilənməsinə ehtiyac var
Təhsil eksperti Kamran Əsədov bildirir ki, tələbələr magistraturada heç bir yeni mənzərənin şahidi olmur: "Magistratura pilləsinə qəbul 2006-cı ildən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. O vaxta qədər qəbul ali təhsil müəssisələri tərəfindən aparılırdı. Magistr təhsilin yüksək pilləsidir və bu dərəcəni alan şəxslər ixtisaslaşmış kadr olur. Təəssüflər olsun ki, son illərdə magistratura təhsili alanların işə qəbul faizi olduqca aşağı səviyyədədir. Müvəffəqiyyət göstəricisi yüksək olanların böyük əksəriyyətini bakalavr pilləsini bitirən şəxslər təşkil edir. Çünki ali təhsil müəssisələrində magistratura təhsili istənilən səviyyədə deyil. Magistraturada tədris edilən fənlərin tədris proqramı və ədəbiyyat siyahısı bakalavrla eyniyyət təşkil edir. Yəni, tələbələr magistraturada heç bir yeni mənzərənin şahidi olmur. Eyni ədəbiyyat, eyni müəllimlər, eyni fənlər tədris olunur. Ona görə də magistraturaya qəbul olunanların sayında azalma müşahidə olunur. 2015-ci ildə magistraturaya qəbul olmaq istəyənlərin sayı 23 min nəfər idisə, bu il bu rəqəm 10 minə qədər azalıb. Çünki əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirilmir. Digər tərəfdən, təhsil haqları kifayət qədər yüksəkdir. Gənclərin əksəriyyəti bütün bunları nəzərə alaraq magistr təhsilini xarici ölkələrdə alır. Bu gün xaricdə magistr təhsili almağa gedənlərin sayı səkkiz min nəfərdən çoxdur. Bu göstəricinin üç min nəfəri qardaş ölkə Türkiyənin payına düşür. Çünki əksər xarici universitetlərdə təhsil haqları aşağı, təhsilin keyfiyyəti isə yuxarıdır”.
Ekspert düşünür ki, ölkəmizdə magistr təhsilinin yenilənməsinə ehtiyac var: "Bilik və bacarıqların qiymətləndirilməsində yeni baxışa ehtiyac var. Universitetlərimiz plan yeri doldurmağa və təhsil haqqının ödənilməsinə çalışır. Dünya təcrübəsində bu pillədə təhsil alanlar ixtira, kəşf, yeni layihələr icra edir. Bizdə isə tədris olunan ədəbiyyatların əksəriyyəti köhnə kitablardır. Bu kitabların çoxu müasir əmək bazarının tələblərinə cavab vermir. Tələbələrin beynəlxalq indeksli jurnallarda məqalələri çap olunmur. Bu kimi məsələlər zəruri tələb kimi ortaya qoyulmalıdır”.
Universitetlər bazarın tələbinə uyğun iş qurmayıb
Magistr təhsilini elmi-tədqiqat işinə ilkin addım kimi qiymətləndirən ekspert, dosent İsa Qasımov söylədi ki, bu yolu seçənlər tədrisin tədqiqat növünə əhəmiyyət verməlidir: "Təhsilin bu pilləsində tədqiqat işi apararaq öyrənmək lazımdır. Beynəlxalq təcrübədə magistraturaya iki istiqamətdə müraciət olunur. Gənclərin bir qismi özlərini akademik sektorda inkişaf etdirmək istəyir, digər bir qismi isə əmək bazarının tələblərinə uyğunlaşmaq məqsədi ilə magistr təhsili alır. Çünki beynəlxalq təcrübədə bu məsələyə önəm verilir. Magistratura oxuyan şəxslər əmək bazarında özünə daha tez yer tapa bilir. Ona görə də bazarın tələbinə uyğun ixtisaslar seçilir. Şəxsi müşahidələrimə əsasən, bizdə vəziyyət bir qədər fərqlidir. Belə ki, bakalavrda təhsil alan gənclər buranı bitirdiyi zaman iş tapa bilmədiyinə görə magistr oxuyur. Yəni, akademik göstəriciləri yaxşı olsa da, əmək bazarında özlərinə yer tapa bilmir və buna görə də magistr oxumaq istəyirlər. Axı bu nəyi dəyişə bilər? Digər tərəfdən, universitetlər bazarın tələbinə uyğun iş qurmayıb. Magistr pilləsi təkcə kadr hazırlığı demək deyil. Tədrisin bu pilləsində tələbələr elmi-tədqiqat işi ilə məşğul olur. Amma elmi-tədqiqat işlərində də bazarın tələbinə uyğunlaşmaq lazımdır. Aparılan tədqiqat işinin elmə hansı fayda verəcəyi əvvəlcədən müəyyən edilməlidir. Bizim universitetlərimizdə elmi-tədqiqat işi zəif inkişaf edib. Bu sahəyə ayrılan büdcə də çox kiçikdir. Bütün bu faktlar isə magistr pilləsinə marağın aşağı düşməsinə səbəb olur. Ona görə də ali təhsil ocaqları əmək bazarı ilə əlaqədə olmalıdır. Digər tərəfdən, dövlət elmi-tədqiqatın inkişafına ciddi diqqət ayırmalıdır”.
Şəbnəm Mehdizadə
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir
banner

Oxşar Xəbərlər