“Made in Azerbaijan” brendini təşviq edəcək missiya
Cari ildə
ilk dəfə olaraq Azərbaycana alıcı missiyalarının təşkilinə başlanılacaq. Bu
barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)
fəaliyyəti, "Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər
və nəzərdə tutulan tədbirlərə dair keçirilən mətbuat konfransında danışılıb.
AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dövlət başçısının
sosial-iqtisadi inkişaf kursuna uyğun olaraq, qeyri-neft məhsullarının
ixracının inkişafı istiqamətində həyata keçirilən islahatlar, ixracatçılara
yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, "Made in Azerbaijan”
brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi
istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, bu
ilin əvvəlindən Azərbaycan məhsulları xarici ölkələrdə keçirilən 8 beynəlxalq
sərgidə nümayiş olunub. Belə ki, Azərbaycan şirkətləri Berlində "Beynəlxalq
Yaşıl Həftə 2019”,
"Fruit Logistica 2019”,
"Prowein 2019”,
Moskvada "Prodexpo 2019”,
"Mosbuild 2019”,
"Worldfood Moscow 2019”,
Birləşmiş Ərəb Əmirliklərində "Gulfood 2019” və Çində təşkil edilmiş "Sial China 2019” beynəlxalq sərgilərində
"Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirak ediblər. Qeyd olunub ki,
Azərbaycan məhsulları indiyədək 25 beynəlxalq sərgidə vahid ölkə stendi ilə
təqdim edilib. Həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan məhsulları
bu ilin sonunadək Almaniyada "Anuga 2019” və Çində təşkil olunacaq "Food and Hotel
China” beynəlxalq sərgilərində nümayiş olunacaq.
Diqqətə
çatdırılıb ki, bu il ilk dəfə olaraq Azərbaycan ərazisinə alıcı missiyalarının
təşkilinə başlanılacaq. Bu mexanizmin tətbiqi "Made in Azerbaijan” brendi ilə
istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların
ixracının genişləndirilməsi, eləcə də, qeyri-neft istehsalının
stimullaşdırılmasında mühüm rol oynayacaq. İlk alıcı missiyasının təşkili bu
ilin oktyabrında şərab və digər spirtli içki məhsullarının istehsalı sahəsində
həyata keçiriləcək. Belə ki, alıcı missiyada iştirak məqsədilə Rusiyadan 8
şirkət seçilib. Cari ilin sonunadək qeyri-neft sektorunun müxtəlif sahələrində
Gürcüstan, Özbəkistan, Polşa, Xorvatiya və digər ölkələrdən sahibkarlardan
ibarət alıcı missiyalarının Azərbaycana səfəri nəzərdə tutulur. Bu missiyalar
Azərbaycan mallarının ixracına hansı töhfəni verə bilər?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir
ki, alıcı missiyaları qeyri-neft sektoru məhsullarının birbaşa alıcılara təqdim
edilməsi ilə bağlı imkanların artırılmasına hədəflənib: "Alıcı missiyalarının
təşkili zamanı istehsalçılarla beynəlxalq bazarın iştirakçısı olan
istehlakçıların görüşdürülməsi əsas məqamlardan biridir. Bu, əslində, bir növ,
platforma rolunu oynayır və Azərbaycan məhsullarının "Made in Azerbaijan” brendi
altında dünya bazarlarında təbliği və təşviqi ilə bağlıdır. Məsələ burasındadır
ki, son 3-4 il ərzində qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi və ixracın
genişləndirilməsi ilə bağlı müxtəlif mexanizmlər hazırlanır. Amma buna
baxmayaraq, artımlar hələ də qənaətbəxş deyil. Ölkə neft məhsullarının
ixracından əhəmiyyətli səviyyədə asılıdır. Bu isə Azərbaycan iqtisadiyyatının
xarici punktuasiyaların davamlılığını zəiflədən faktordur. İndiki halda
müxtəlif metod və mexanizmlərdən istifadə edilərək, Azərbaycan məhsullarının
dünya bazarında təbliği və təşviqi istiqamətində dövlət dəstəyinə ciddi ehtiyac
var. Çünki yerli sahibkarların və istehsalçıların böyük əksəriyyətinin dünya
bazarlarında öz məhsullarını təqdimetmə imkanları məhduddur. Həmçinin, onların
bu sahədə təcrübələri azdır və xarici bazar iştirakçıları ilə əlaqələr qurma
imkanları məhduddur. Çünki istehsal daha çox yerli tələbata hədəflənib. Ona
görə də, dövlət dəstəyinə ehtiyac yaranıb. Missiyaların təşkil edilməsində əsas
məqsəd bu boşluqları aradan qaldırmaqdır. Bu tədbirlər eyni zamanda, kompleks
xarakter daşımalıdır. Həm istehsalın gücləndirilməsi, həm rəqabətin artırılması
qarşıya qoyulan məqsədlərdir. Xarici istehlakçılarla münasibətlərin
formalaşması bizim üçün çox önəmlidir. Bu addım Azərbaycan iqtisadiyyatının
gələcək dövrlərdə dayanıqlı inkişafı baxımından əhəmiyyət kəsb edir. Çünki neft
hasilatı son 7-8 ildə əhəmiyyətli səviyyədə aşağı düşüb. Ona görə də,
qeyri-neft sahələri bu boşluqları kompensasiya etməlidir. Bu istiqamətdə təşviq
mexanizmlərinə və dəstəyə də ehtiyac var. Alıcı missiyalarının yaradılması,
əslində, Azərbaycanda istehsal olunan məhsulların istehsalçıları ilə istehlakçıları
görüşdürmək üçün platformanın yaradılmasıdır. Bu, münasibətlərin formalaşması,
məhsulların təqdim edilməsi və imkanların göstərilməsi platformasına çevrilə
bilər. Bu mexanizm üzərində işləyənlər öz məsuliyyətini dərk etməlidir. Eyni
zamanda, yerli istehsalçılar da bu prosesdə aktiv iştirak edə bilər. Çünki bu,
onlar üçün yaradılan bir fürsətdir. Onlar bu fürsətdən yararlanaraq öz
məhsullarını xarici alıcılara təqdim edə bilər. Belə alğı-satqı münasibətləri
son nəticədə Azərbaycan brendinin dünya bazarlarında daha geniş şəkildə özünə
yer etməsinə imkan yarada bilər”.
İqtisadçı-alim Vüqar Bayramov söylədi
ki, alıcı missiyaları sərgi daxilində reallaşacaq: "Bu platformada nümayiş
etdirilən məhsullara maraq göstərən ölkələr var. Bununla bağlı çoxsaylı müraciətlər
var. Alıcı missiyalarının təşkil edilməsində əsas məqsəd, qeyri-neft sektorunda
istehsal edilən məhsullara potensial alıcılar tapmaqdır. Həmçinin, bu platformanın
əsas məqsədi alıcı ilə satıcını bir araya gətirməkdir. Qeyri-neft sektorunda
istehsal edilən məhsulların həcmində artım müşahidə edilir. Ona görə də, bu
məhsulların təqdim edilməsinə və alıcıların cəlb edilməsinə ehtiyac yaranıb.
Alıcı missiyaları Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının təqdim
edilməsi baxımından da vacibdir. Beləliklə,
həm də qeyri-neft məhsullarının ixrac imkanlarının genişləndirilməsinə imkan
yaranacaq. Həmçinin, öz məhsullarımızı fərqli ölkələrdən olan iş adamlarına
təqdim etmə imkanı yaradılır. Düşünürəm ki, "Made in Azerbaijan” brendinin
tanıdılması fonunda alıcı missiyalarının təşkili, daha çox qeyri-neft
məhsullarının dünya bazarlarına çıxışını təmin edəcək”.
Şəbnəm Mehdizadə