• cümə, 29 Mart, 04:00
  • Baku Bakı 7°C

Macarıstanda lahmacunun tapılmamağından narazı qalan gənc - Xaricdə təhsil

05.01.19 10:00 2447
Macarıstanda lahmacunun tapılmamağından narazı qalan gənc - Xaricdə təhsil
"Bir dəfə dostum mənə öz evlərindən gətirdiyi ənənəvi macar içkisi olan palinka hədiyyə etdi. Həmçinin, məni milli mətbəxlərindən kolbasaya qonaq etdi. Onun bu hərəkəti mənim üçün macarlar haqda çox şeyi ifadə edirdi. Mən özüm də tez-tez onları milli mətbəximizə qonaq edirəm. Onlar da bizim kimi qonaqpərvər xalqdır” - bu sözləri bizimlə söhbətində Macarıstanın Eötvös Lorand (ELTE) ELTE universitetində kompüter elmləri üzrə təhsil alan həmyerlimiz Elmir Quliyev söylədi.

Müsahibim deyir ki, Macarıstanda ən çox darıxdığı şey Azərbaycan çayıdır: "2014-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul oldum. Bir il sonra isə SABAH qruplarına qəbul alaraq, təhsilimi Azərbaycan Texniki Universitetində davam etdirməyə başladım. Bakalavr təhsilini bitirdikdən sonra isə Macarıstanın top universitetlərindən biri olan ELTE-də kompüter elmləri üzrə magistr təhsili almaq şansı qazandım”.
- Necə düşünürsünüz, sizcə, təhsil insana nə qazandırır?
- Həmişə düşünmüşəm ki, universitet təhsili insana elm qazandırmaqdan daha çox, nəyi necə öyrənməyi öyrədir. Biz hər hansı bir sahəni dərindən mənimsəmək üçün yalnız universitetin verdiyi biliklə kifayətlənə bilmərik. Biz universitetdə axtarış və öyrənmək bacarığımızı inkişaf etdiririk. Digər tərəfdən, təhsilin bizə qazandırdığı əsas məqamlardan biri də düşüncə tərzi, dünyaya baxışdır. Düşünürəm ki, yaxşı təhsil bizə yaxşı da düşüncə tərzi bəxş edir.


- Bəs xaricdə təhsil almaq qərarına necə gəldiniz və seçiminiz nə üçün Macarıstan oldu?
- Daim yeniliklər axtarışında olmağım, məni xaricdə təhsil almağa sövq elədi. Düzü, magistr təhsili almaq istəyirdim, lakin eyni yerdə, ölkədə qalmaq istəmirdim. Buna görə, xaricdə təhsil almaq qərarı verdim. Bir neçə ölkədən tam, yaxud partial təqaüd qazansam da, seçimim Macarıstan oldu. Macarıstanı seçmək üçün səbəblərim çox idi. İlk növbədə bu ölkə, təhsilimdən sonrakı məqsədlərim üçün mənə daha uyğun görünür.
- Adətən, xaricdə təhsil alanlar həm də səyyahlıq edir. Sizin başqa ölkələri gəzmək fürsətiniz olubmu?
- Mən Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkətlərindən biri olan "EDDE Global” şirkəti ilə əməkdaşlıq edirəm. Bəzən yeni Avropa universitetləri ilə danışıqlar aparmaq üçün müəyyən ölkələrə səfər edirəm. Səyahət həm də insanı formalaşdırır. Necə deyərlər, çox oxuyan deyil, çox gəzən daha bilər. Qeyd etdiyim kimi, bir neçə, o cümlədən, qeyri-şengen ölkələrindən də təqaüd qazanmışdım. Şengen ölkəsini seçmək səbəblərimdən biri də Avropanı gəzmək istəyim oldu. Amma səmimi desəm, əsas səbəb bu deyildi. Təhsil aldığım müddət ərzində Almaniya, Polşa, Çexiya, İtaliya və Slovakiyanı görmək imkanım olub. Polşada isə bir neçə dəfə olmuşam.

- Sizcə, hər kəs xaricdə təhsil ala bilər, yoxsa çətinlikləri çoxdur?
- Savadlı və o cümlədən, müəyyən qədər ingilis dili bilikləri olan hər kəs xaricdə təhsil ala bilər. Əslində, sual çox ümumidir, bu, sizin harada təhsil almağınızdan asılıdır. Məsələn, mənim təhsil aldığım universitetdə tələbələrin bəzisi çətinlik çəkdiyinə görə, universiteti dəyişmək qərarı alır. Burda tez-tez rast gəlinən hal olduğu üçün normal yanaşırıq. Məncə, xaricdə təhsil almaq bir çox məqamlara görə çətindir. Lakin mümkünsüz də deyil.
- Macarıstanda təhsil sistemi necədir? Bizimlə hansı oxşar və fərqli məqamları müşahidə edibsiniz?
- Burada universitetlər üçün ölkənin vahid idarəetmə sistemi var. Bu, mənim çox xoşuma gəlir. Heç kim məcburiyyətdən auditoriyada oturmur, yəni burada hamı sərbəstdir. Bu sərbəstliyi isə tələbələrə müəllimlər özü verir. Hətta ev heyvanı ilə dərs deyən müəllimlərimiz olub. Yaxud da, siz burada universitetə it, pişik, donuz kimi ev heyvanları gətirən tələbələri görə bilərsiniz. Bu, tamamilə təbii hal kimi qəbul edilir.

- Dərsləriniz necədir, imtahanları vermək çətindirmi?
- Əslində, çox çətindir. Hərdən bu çətinliklər o həddə çatır ki, 24 saatın mənə kifayət etmədiyini düşünürəm. Burada tədris ediləni iki üsulla bizdən tələb edirlər. Seçimdən asılı olaraq ya ixtisasla bağlı layihə işləyib hazırlamalı və təhvil verməliyik, ya da adət etdiyimiz yazılı imtahanları seçə bilərik.
- Tez-tez təqaüd proqramları haqda paylaşımlar da edirsiniz.
- Qeyd etdiyim kimi, mən Azərbaycanda fəaliyyət göstərən xaricdə təhsil şirkəti ilə əməkdaşlıq edirəm. Amma bu paylaşımları sırf şirkət üçün deyil, daha çox, insanlara yararlı olmaq üçün edirəm. Məsələn, keçən il bir neçə şəxsə tam ödənişsiz təqaüd qazandırdıq, onlarla şəxs üçün tam ödənişsiz universitetlərdən qəbul aldıq. Yeri gəlmişkən, Yeni il üçün bir şəxsə Türkiyədə qış məktəbi də hədiyyə edəcəyəm.
- Başqa ölkənin mədəniyyətinə adaptasiya heç də asan deyil. Sizi orada təəccübləndirən hansısa məqam olubmu?
- Mədəni şoklar hər zaman mümkündür və qaçılmazdır. Bu yaxınlarda təmizləyici qadın masamızın üzərinə Yeni il hədiyyəsi qoyub getmişdi. Elə həmin ərəfədə gecənin bir zamanı qapı döyüldü və tanımadığımız kimsə əlində şokolad dolu torba ilə Milad bayramımızı təbrik etdi.

- Ümumiyyətlə, macarları necə xarakterizə edərdiniz?
- Burda əslində, bir neçə fərqli faktorlar var. Mənim təsəvvürümdə macarlar əllərindən gəldiyi qədər yardım etməyə çalışan insanlardır. Hətta ingilis dilini bilməyənlərdən də nəsə soruşanda qırıq-qırıq, əl-qol hərəkətləri ilə izah etməyə çalışırlar. Bəlkə də mənim qarşıma çıxanlar belə olub. Amma mənə görə, macarlar çox qonaqpərvər xalqdır. Bir dəfə macar dostum mənə öz evlərindən gətirdiyi ənənəvi macar içkisi olan palinka hədiyyə etdi. Həmçinin, o məni öz milli mətbəxlərindən kolbaszaya qonaq etdi. Onun bu hərəkəti mənim üçün macarlar haqda çox şeyi ifadə edirdi.
- Yaşadığınız ölkədə nədən razı, nələrdən narazısınız?
- Əslində, burada qiymətlər Avropaya görə xeyli münasibdir. Etiraf edim ki, razı qaldığım məqamlar arasında bu, üstünlük təşkil edir. Amma burada lahmacunun olmamağından narazıyam. Bəlkə də var, amma hələ ki mən tapa bilməmişəm.
- Bəs təhsil və yaşayış xərclərinizi necə ödəyirsiniz?
- Təqaüd proqramı universitetin ödənişi, qaldığım yer və aylıq təqaüdlə təmin edir. Lakin təqaüdün miqdarı çox deyil, buna görə də aylıq yaşam xərclərimin bir hissəsini özüm qarşılayıram.

- Tələbələrin ən çətinlik çəkdiyi məsələlərdən biri də yeməkdir.
- Buraya təzə gələndə adi yumurtanı belə bişirməkdə çətinlik çəkirdim. Amma qısa bir zamanda adaptasiya olmağı bacardım, milli mətbəximizdən çox yeməkləri bişirə bilirəm. Hətta plov da dəmləmişəm. Tez və asan başa gəldiyinə görə, ən çox bişirdiyim yemək göbələkdir.
- Azərbaycanın nəyi üçün darıxırsınız?
- Dediyim kimi mən həmişə qısa müddətdə olduğum yerə uyğunlaşmağı bacaran insanam. Amma hərdən bəzi şeylər üçün darıxıram. Bunların içərisində ən çox darıxdıqlarım isə lahmacun və Azərbaycan çayıdır.
- Bəs ölkəmizi Macarıstanda tanıyırlarmı?
- Hələ ki tanımayana rast gəlməmişəm. Mənim burada birgə qaldığım otaq yoldaşlarım xaricidirlər. Tez-tez onlara milli dəyərlərimizdən, musiqilərimiz haqda danışıram. Onlar bizim yeməkləri çox sevirlər. Ona görə, bişirdikdən sonra onları da dəvət edirəm.

- Macarıstanda qalmaq istəyərdinizmi, yoxsa təhsili bitirib vətənə qayıdacaqsınız?
- Bir müddətlik də olsa, Avropanın iş mühiti ilə yaxından tanış olmaq istərdim. İT sahəsi üzrə iş tapmaq elə də çətin olmur. Amma mən burada yeniyəm və düşünürəm ki, bunun üçün hələ tezdir. Özümü daha da inkişaf etdirmək niyyətim var.
- Gələcək planlarınızı da soruşmaq istərdik.
- Gələcəkdə İT sahəsində akademiya açmaq istərdim. Mən daxilən, daha çox özüm nəyisə idarə etməyə meylli biriyəm. Söz yox, özünü inkişaf etdirmək tərəfdarıyam. Təbii ki, prestijli şirkətlərin birində işləmək şansım olarsa, mütləq onu da dəyərləndirərəm. Məqsədlərimdən biri də Azərbaycanda fəaliyyət göstərən şirkətimizi xaricdə təhsil sahəsində lider etməkdir.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər