Maariflənmənin “söyüş yolu” - FOTOLAR
Və
ya qanunun yaratdığı məsuliyyəti, cəriməni vecinə almayıb, söyüşə, təhqirə
uyğun davranmağın səbəbləri
Hər bir sivil
cəmiyyət, dünyəvi, demokratik ölkə qanunlar vasitəsilə idarə olunur. Əgər qanunlar olmasa insanlar çox böyük çətinliklərlə üzləşərlər. Hüququn aliliyi
konsepsiyasına görə, hər kəs qanunun tələblərinə tabe olmalıdır. Əfsus ki,
bəzi halda qanunlar, sadəcə kağız üzərində qalır, yaxud cəmiyyətdə onlara
açıq-aşkar biganəlik, tabesizlik nümayiş etdirilir. Misal üçün, İnzibati
Xətalar Məcəlləsinə görə, məişət tullantılarını zibil qutularından (urnalardan)
kənara atmağa görə 50 manat cərimə nəzərdə tutulub. Zibilin yandırılması və
atmosferə zərərli maddələrin atılmasına görə isə fiziki şəxslər daha böyük
məbləğdə cərimə edilə bilərlər.
Yazılanlara
əhəmiyyət verilmir
Abşeron rayonunun Mehdiabad və Masazır
qəsəbələrində apardığımız müşahidələr onu deməyə əsas verir ki, sakinlər
qanunvericiliyin tələblərinə məhəl qoymur, məişət tullantılarını hara gəldi
atırlar. Bəzi hallarda bu, məişət tullantıları üçün nəzərdə tutulan zibil
qutularının doğru-düzgün yerdə, uyğun məsafədə qoyulmamağı ilə bağlıdırsa,
əksər vaxtlarda vətəndaşın ətraf mühitə biganəliyindən, natəmizliyindən,
pintiliyindən qaynaqlanır. Ən qəribə məqam isə bundan ibarətdir ki, sakinlər
qanundan, cərimədən deyil, söyüşdən, təhqirdən çəkinir, məişət tullantılarının
atılmasında bu amilə görə hərəkət edirlər. Belə ki, adıçəkilən yaşayış
məntəqələrində bələdiyyələr tərəfindən müxtəlif ərazilərə xəbərdarlıq lövhələri
asılıb. Həmin lövhələrdə sakinlərdən xahiş olunur ki, əraziyə zibil atmasınlar.
Əks halda qanunvericiliyin tələbinə uyğun olaraq cəzalanacaqlar. Sakinlər bu
lövhələrə, orada yazılanlara əhəmiyyət vermədən yenə həmin əraziyə zibil
atmaqda davam edirlər.
Söyüşlə
idarə olunmaq
Ancaq bəzi ərazilərdə hasarlara, divarlara
ayrı-ayrı şəxslər tərəfindən zibili hara gəldi atanların ünvanına təhqirlər
yazılıb. "Bura zibil atanın var-yoxu söyüşlüdür”, "Bura zibil atanın ölüsünə
lənət”, "Ay eşşək, bura zibil atma” və sair bu kimi təhqirlərin yazıldığı
ərazilərə sakinlər, əksəriyyət halda zibil atmırlar. Bütün bunlar onu göstərir
ki, bəzi vətəndaşlar qanunun yaratdığı məsuliyyəti, cəriməni veclərinə
almırlar, amma söyüşə, təhqirə dərhal reaksiya verir, geri çəkilirlər.
Maraqlıdır, insanlar nə üçün qanundan deyil, söyüşdən ehtiyat edir, çəkinirlər?
İnsanların söyüşlə idarə olunması, buna meyillilik nədən qaynaqlanır?
Arzuolunmaz
dəyişikliklər baş verib
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən
sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, qeyd olunanlar mənfi haldır və yaxşı
mənzərə deyil. Onun sözlərinə görə, bu göstəricilər onu sübut edir ki, bizim
mənəvi tərbiyə sahəsində ciddi boşluqlarımız var: "Bu sahədə çox böyük işlər
görülməlidir. İnsanlar bilməlidir ki, hansısa dövlət qurumu, yerli
özünüidarəetmə orqanı, ictimai təşkilat hər hansı tələbi irəli sürürsə, bu,
qanunun tələbidir, ictimai maraqlara xidmət edir. Məişət tullantılarının düzgün
idarə olunması barədə tələblər də bu qəbildəndir. İnsanlarımız 50 il bundan
öncə bu kimi məsələlərdə daha həssas idi. İctimai qınaqdan, qanundan çəkinir,
daha böyük məsuliyyət hiss edirdilər. Lakin son illər əhali arasında bu
istiqamətdə arzuolunmaz dəyişikliklər baş verib. Bu da ailədən, cəmiyyətdən,
təlim-tərbiyədən qaynaqlanır”.
Elmi yanaşmalar,
təcrübələr varsa...
Sosioloqun fikrincə, biz uşaqlarımızı 6 yaşa qədər
düzgün tərbiyə etməli, orta məktəbdə şəxsiyyət kimi yetişdirməli, ictimai
davranış qaydalarını öyrətməliyik: "İstənilən davranışa təsir edən 4 mühüm amil
var. Birincisi insanın öz xarakteri, xüsusiyyətləridir. İkincisi ətraf
mühitdir. Üçüncüsü insanların aldığı məlumatlar, informasiyalardır. Ən nəhayət,
dördüncüsü insanların üstünlük verdiyi dəyərlərdir. Son 30-40 il ərzində bu
istiqamətdə lazımi işlər aparılmayıb. Halbuki inkişaf etmiş Avropa ölkələrində
sosial-psixologiya öyrənilib, bu istiqamətdə görüləcək işlərə dair elmi
yanaşmalar, təcrübələr var”.
Hər bələdiyyənin
sosial işçisi
Cəmiyyətin
mürəkkəbləşdikcə həssaslaşdığını diqqətə çatdıran sosioloq deyib ki, onunla
işləmək prinsipləri də dəyişib. Ə.Qəşəmoğlunun fikrincə, 50 il bundan öncə
tətbiq edilən iş prinsipləri müasir dövrdə işləmir: "Əvvəllər insanlara
deyirdin bunu etmək olmaz, etmirdi. İndi isə vəziyyət başqadır. İdarəetmədə
yeni metodologiyaya üstünlük vermək lazımdır. Yerli əhalinin özünü hərəkətə
gətirmək, onlarla işləmək lazımdır. Bu baxımdan məişət tullantılarının düzgün
idarə olunması üçün hər hansı bələdiyyənin əraziyə plakat asması yetərli deyil.
Bununla insanlar davranışlarını dəyişməyəcəklər. Yerli özünüidarəetmə orqanı
vətəndaşlarla sosial iş aparmalıdır. Necə ki, hər məhəllədə sahə müvəkkili var,
eləcə də sosial işçi olmalıdır. Bələdiyyələrin tərkibində də sosial işləri
həyata keçirən şəxs və ya şəxslər olmalıdır”.
Məktəb də üzərinə düşənin öhdəsindən gəlmir
Ekspert
vurğuladı ki, insanların formalaşmasında əvvəllər ailə, məktəb, cəmiyyət, bədii
ədəbiyyat və filmlər mühüm rol oynayırdısa, təəssüf ki, hazırda Azərbaycan
ailəsində, cəmiyyətdə gərginlik maksimum həddədir: "Mənəvi dəyərləri aşılayan
bədii ədəbiyyat və filmlər də yoxdur. Deməli, normal vətəndaşın yetişdirilməsi
üçün bütün yük düşür məktəbin üzərinə. Müasir dövrdə isə məktəb bu tələblərə
uyğun fəaliyyət göstərmir, üzərinə düşən işin öhdəsindən gələ bilmir. Bütün
bunlar cəmiyyətdə arzuolunmaz proseslərin ildən-ilə artması ilə nəticələnir”.
Vətəndaşı
günahkar bilmək çıxış yolu deyil
Sosioloq deyib ki, mürəkkəbləşən Azərbaycan
cəmiyyətində elmin köməyindən istifadə etməklə əhalinin davranışına müsbət
təsir göstərmək istiqamətində hər hansı iş aparılmır. Onun fikrincə, köhnə
"ənənəvi” metodla mentaliteti, ictimai davranış qaydalarını müasir dövrə uyğun
şəkildə dəyişmək qeyri-mümkündür: "Cəmiyyət mürəkkəbləşəndə müsbət istiqamətdə
nə isə addım atmaq üçün texnologiyalardan, elmi nailiyyətlərdən yararlanmaq
lazımdır. Sadəcə əhalini tənqid etməklə də işimizi yekunlaşdıra bilmərik.
Vətəndaşlarla elmin tələb etdiyi qaydada işləmək lazımdır Əks halda gələcək
illərdə bizi daha xoşagəlməz nəticələr gözləyir. Son dövrlər narkotik
vasitələrdən istifadə edənlərin çoxluq təşkil edilməsi, boşanmalar və digər
xoşagəlməz hallar əhali ilə işləməməyimizin nəticəsidir. Günahı yalnız
vətəndaşın üzərinə atmaq çıxış yolu deyil”.
Rufik
İSMAYILOV
Fotolar müəllifindir