• cümə axşamı, 28 mart, 18:33
  • Baku Bakı 13°C

Maarif seli yayan şəxs

10.04.19 10:30 1013
Maarif seli yayan şəxs
"Yaxşı-pisi bir-birindən seçmək kifayət deyil. Gərək yaxşını xalqa sevdirəsən və pisdən nifrətləndirəsən”.
Rəşid bəy Əfəndiyev
Onun haqqında ilk dəfə hələ orta məktəbdə oxuyarkən rəhmətlik atam eşitmişdim. "Rəşid bəy təkcə Şəkidə yox, Qutqaşendə də (indiki Qəbələdə) böyük hörmət, izzət sahibi idi. Biz ziyalıların əksəriyyəti ilk təhsilimizi ondan aldıq. Rəşid müəllim tələbkar olduğu qədər də mehriban və həssas idi. Biz yazı lövhəsinin qabağında dərs danışarkən çarıqlarımıza baxardı. Kimin çarığı köhnə idisə, səhər dərsə gələndə ona təzə çarıq alardı və dərsdən sonra onu kənara çəkib təzə çarıqları ayağına geyindirərdi. Heç üstümüzə qışqırmazdı. Amma dərsə hazır olmayanda, nəyi isə səhv edəndə gözlərini qıyaraq, əsəbi halda üzümüzə baxardı. Bundan sonra çalışardıq ki, birdə bu hal təkrarlanmasın. Mən bu həyatda əldə etdiyim bütün uğurlarım üçün valideynlərimlə yanaşı ona da borcluyam. Ruhu şad olsun”.
Bu söhbətdən otuz ildən çox vaxt keçdi. Atamın, hər an (əslində əksər qəbələlilərin) ruhunu böyük hörmətlə yad etdiyi müəllimi, nurlu şəxsiyyət Rəşid bəy Əfəndizadə haqqında oxuduqlarımı və eşitdiklərimi sevimli oxucularımla bölüşmək istədim.
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə 1863-cü ildə Şəkidə anadan olub. Atası İsmayıl bəy ruhani təhsili almasına baxmayaraq elmi, yeniliyi çox rahatlıqla qəbul edib. Oğlu Rəşidi kiçik yaşında Şəkidəki cümə məscidindəki mollaxanaya aparır. O, burada ərəb, fars dilləri ilə yanaşı, Quranı oxumağı da öyrənir. 1876-cı ildə Rəşid Şəkidə dördsinifli şəhər məktəbinə qəbul olur və 1879-cu ildə təhsilini başa vurur. 1882-ci ildə Qori Müəllimlər Seminariyasını əla qiymətlərlə qurtaran gənc pedaqoq Qutqaşendə yeni açılmış ikisinifli məktəbə müəllim və müdir göndərdilir.
Nə az, nə çox düz on il Rəşid bəy bu məktəbdə yalnız müəllimlik etməklə kifayətlənmir, millətin görən gözü, düşünən beyni olur. Xalqına "maarif nuru” paylamaq istəyən Rəşid dəy professor Şamil Qurbanovun təbirincə desək o zamanlar "maarif selini yaradanlardan oldu”. Qutqaşendə (Qəbələdə), Şəkidə və Xaçmazda pedaqoji fəaliyyətlə məşğul olan Rəşid bəyi millət müəllimi kimi fərqləndirən cəhətlər, nəsildən-nəslə keçən yadigarlar çoxdur. O, həm də yazıçı-dramaturq, tarixçi-etnoqraf və şair-tərcüməçi idi.
Təbiətən həssas olan Rəşid bəyi təkcə bir pedaqoq kimi yox, həm də bir ziyalı kimi narahat edən məqam xalqdakı maarifə biganəlik, laqeydlik idi. O, ilk olaraq yeni üsullu dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına nail oldu. A.Çernyayevskinin ən istəkli tələbələrindən olan Rəşid bəy, müəllimindən sonra ikinci addımı özü atır və kiçik yaşlı məktəblilər üçün "Uşaq bağçası” (1898), bir az böyüklər üçün isə "Bəsirətül-ətfal” (1901) dərsliyini çap etdirir. Tədqiqatçıların fikrincə Oktyabr inqilabına qədər Azərbaycan məktəblərində ən çox Rəşid bəyin dərslikləri əsasında təlim keçirilib. Rəşid bəy bu vəsaitlərdə bəzən kənara çıxsa da, hər üsuldan istifadə edərək, uşaqlarda elmə həvəs, maraq oyatmaqla yanaşı, həyatın obyektiv inkişaf qanunlarının mənimsənilməsinə xidmət edib.
1900-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirən Rəşid bəyi, həmin il Qori Müəllimlər Seminariyasına ana dili və şəriət müəllimi təyin edirlər. 1916-cı ilə qədər burada dərs deyən Rəşid bəy, həm də 1892-ci ildən Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini də işləyir. İki il İrəvan quberniyası xalq məktəblərinin müfəttişi işləyən Rəşid bəy, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsini eşidir və Bakıya gəlir.
1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində gördüyü bütün işlərdə təcrübəli bir pedaqoq kimi hökumətə yardımçı olur. O, məktəblərin milli zəmində hazırlanması üçün yeni dərsliklərin yazılması, tədbirlərin keçirilməsi və.s. işlərdə əlindən gələni əsirgəmir. Bakı Kişi Seminariyasına direktor təyin edilən Rəşid bəy, yenidən pedaqoji fəaliyyətə başlayır.
R.Əfəndizadə pedaqoji fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul olub. Bəzi tədqiqatçılar onu M.F.Axundzadən sonra ilk dramaturqlardan hesab edirlər. Görkəmli pedaqoq Qori Müəllimlər Seminariyasında işləyərkən "Qan ocağı” adlı pyesini yazır və seminariyanın müəllimlərinə oxuyur. Pyes Aleksandr Çernyayevskinin xoşuna gəlir və təklif edir ki, seminariyanın tələbələri ilə birlikdə pyesi tamaşaya qoysunlar. Belə də edirlər. Tamaşa uğurlu keçir.
Bundan sonra Rəşid bəy bir-birinin arxasınca "Qonşu qonşu olsa, kor qız ərə gedər”, "Saqqalın kəraməti”, "Pul dəlisi”, "Bir saç telinin qiyməti”, "Tiflis səfərləri”, "Qızılgül” əsərlərini nəşr etdirdi. Qadınların təhsilə cəlb edilməsi məsələsini əksər əsərlərində təbliğ edən Rəşid bəy, "Arvad məsələsi” əsərini bütövlüklə bu mövzuya həsr edib. Rus dilini mükəmməl bilən Rəşid bəy mütəmadi olaraq rus klassiklərinin əsərlərinin ana dilimizə tərcüməsi ilə də məşğul olub və İ.A.Krılovun, A.S.Puşkinin, M.Y.Lermontovun yaradıcılığına daha çox yer verib.
R.Əfəndizadə adətlərimiz, xalq sənətkarlığı və təbabətimiz haqqında da maraqlı məqalələr, əsərlər yazıb. Görkəmli maarifçi, istedadlı pedaqoq və yazar Sovet dövründə də Azərbaycanda maarifin, mədəniyyətin təbliğinə yardımçı olub. Azərbaycan xalqının milli oyanışında mühüm rol oynayan Rəşid bəy, 1924-cü ildə Azərbaycanın 1-ci ölkəşünaslıq qurultayının nümayəndəsi kimi etnoqrafiya cəmiyyətinin Şəki şöbəsinə elmi katib seçilir. Uzun illərdən sonra yenidən Şəkidə pedaqoji fəaliyyətə başlayan Rəşid bəy, Şəki pedaqoji texnikumunda müəllim işləyib və ömrünü də 1942-ci ildə doğmalarının əhatəsində başa vurub.
Mən bu məqaləmdə Rəşid bəyin bədii yaradıcılığından geniş şəkildə bəhs etmədim. Buna heç lüzum da görmədim. Çünki bu haqda tanınmış ədəbiyyatşünaslarımızdan sonra söz demək çətin və məsuliyyətlidir. Mən yalnız atamın hər zaman ruhuna dualar etdiyi və həyatda qazandığı nailiyyətlər üçün özünü borclu sandığı sevimli müəllimi Rəşid bəyin pedaqoji fəaliyyəti haqqında oxuduqlarımı, eşitdiklərimi oxucularımla bölüşmək istədim.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər