Maarif seli yayan şəxs
"Yaxşı-pisi bir-birindən seçmək kifayət deyil. Gərək yaxşını xalqa sevdirəsən
və pisdən nifrətləndirəsən”.
Rəşid bəy Əfəndiyev
Onun haqqında ilk dəfə hələ orta məktəbdə oxuyarkən rəhmətlik atam
eşitmişdim. "Rəşid bəy təkcə Şəkidə yox, Qutqaşendə də (indiki Qəbələdə) böyük
hörmət, izzət sahibi idi. Biz ziyalıların əksəriyyəti ilk təhsilimizi ondan
aldıq. Rəşid müəllim tələbkar olduğu qədər də mehriban və həssas idi. Biz yazı
lövhəsinin qabağında dərs danışarkən çarıqlarımıza baxardı. Kimin çarığı köhnə
idisə, səhər dərsə gələndə ona təzə çarıq alardı və dərsdən sonra onu kənara
çəkib təzə çarıqları ayağına geyindirərdi. Heç üstümüzə qışqırmazdı. Amma dərsə
hazır olmayanda, nəyi isə səhv edəndə gözlərini qıyaraq, əsəbi halda üzümüzə
baxardı. Bundan sonra çalışardıq ki, birdə bu hal təkrarlanmasın. Mən bu
həyatda əldə etdiyim bütün uğurlarım üçün valideynlərimlə yanaşı ona da borcluyam.
Ruhu şad olsun”.
Bu söhbətdən otuz ildən çox vaxt keçdi. Atamın, hər an (əslində əksər
qəbələlilərin) ruhunu böyük hörmətlə yad
etdiyi müəllimi, nurlu şəxsiyyət Rəşid bəy Əfəndizadə haqqında oxuduqlarımı və
eşitdiklərimi sevimli oxucularımla bölüşmək istədim.
Rəşid bəy İsmayıl oğlu Əfəndizadə 1863-cü ildə Şəkidə anadan olub.
Atası İsmayıl bəy ruhani təhsili almasına baxmayaraq elmi, yeniliyi çox
rahatlıqla qəbul edib. Oğlu Rəşidi kiçik yaşında Şəkidəki cümə məscidindəki
mollaxanaya aparır. O, burada ərəb, fars dilləri ilə yanaşı, Quranı oxumağı da
öyrənir. 1876-cı ildə Rəşid Şəkidə dördsinifli şəhər məktəbinə qəbul olur və
1879-cu ildə təhsilini başa vurur. 1882-ci ildə Qori Müəllimlər Seminariyasını
əla qiymətlərlə qurtaran gənc pedaqoq Qutqaşendə yeni açılmış ikisinifli
məktəbə müəllim və müdir göndərdilir.
Nə az, nə çox düz on il Rəşid bəy bu məktəbdə yalnız müəllimlik
etməklə kifayətlənmir, millətin görən gözü, düşünən beyni olur. Xalqına "maarif
nuru” paylamaq istəyən Rəşid dəy professor Şamil Qurbanovun təbirincə desək o
zamanlar "maarif selini yaradanlardan oldu”. Qutqaşendə (Qəbələdə), Şəkidə və
Xaçmazda pedaqoji fəaliyyətlə məşğul olan Rəşid bəyi millət müəllimi kimi
fərqləndirən cəhətlər, nəsildən-nəslə keçən yadigarlar çoxdur. O, həm də yazıçı-dramaturq,
tarixçi-etnoqraf və şair-tərcüməçi idi.
Təbiətən həssas olan
Rəşid bəyi təkcə bir pedaqoq kimi yox, həm də bir ziyalı kimi narahat edən məqam
xalqdakı maarifə biganəlik, laqeydlik idi. O, ilk olaraq yeni üsullu
dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına nail oldu. A.Çernyayevskinin ən
istəkli tələbələrindən olan Rəşid bəy, müəllimindən sonra ikinci addımı özü
atır və kiçik yaşlı məktəblilər üçün "Uşaq bağçası” (1898), bir az böyüklər
üçün isə "Bəsirətül-ətfal” (1901) dərsliyini çap etdirir. Tədqiqatçıların
fikrincə Oktyabr inqilabına qədər Azərbaycan məktəblərində ən çox Rəşid bəyin
dərslikləri əsasında təlim keçirilib. Rəşid bəy bu vəsaitlərdə bəzən kənara
çıxsa da, hər üsuldan istifadə edərək, uşaqlarda elmə həvəs, maraq oyatmaqla
yanaşı, həyatın obyektiv inkişaf qanunlarının mənimsənilməsinə xidmət
edib.
1900-cü ildə Tiflisdəki
Aleksandrovski Müəllimlər İnstitutunu bitirən Rəşid bəyi, həmin il Qori
Müəllimlər Seminariyasına ana dili və şəriət müəllimi təyin edirlər. 1916-cı
ilə qədər burada dərs deyən Rəşid bəy, həm də 1892-ci ildən Qafqaz Müsəlmanları
Ruhani İdarəsində katib müavini də işləyir. İki il İrəvan quberniyası xalq
məktəblərinin müfəttişi işləyən Rəşid bəy, 1918-ci ilin mayında Azərbaycan Xalq
Cümhuriyyətinin qələbəsini eşidir və Bakıya gəlir.
1918-20-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin maarif sahəsində gördüyü bütün işlərdə
təcrübəli bir pedaqoq kimi hökumətə yardımçı olur. O, məktəblərin milli zəmində
hazırlanması üçün yeni dərsliklərin yazılması, tədbirlərin keçirilməsi və.s.
işlərdə əlindən gələni əsirgəmir. Bakı Kişi Seminariyasına direktor təyin
edilən Rəşid bəy, yenidən pedaqoji fəaliyyətə başlayır.
R.Əfəndizadə pedaqoji
fəaliyyətlə yanaşı, yaradıcılıqla da məşğul olub. Bəzi tədqiqatçılar onu
M.F.Axundzadən sonra ilk dramaturqlardan hesab edirlər. Görkəmli pedaqoq Qori Müəllimlər
Seminariyasında işləyərkən "Qan ocağı” adlı pyesini yazır və seminariyanın
müəllimlərinə oxuyur. Pyes Aleksandr Çernyayevskinin xoşuna gəlir və təklif
edir ki, seminariyanın tələbələri ilə birlikdə pyesi tamaşaya qoysunlar. Belə
də edirlər. Tamaşa uğurlu keçir.
Bundan sonra Rəşid bəy bir-birinin arxasınca "Qonşu qonşu olsa, kor
qız ərə gedər”, "Saqqalın kəraməti”, "Pul dəlisi”, "Bir saç telinin qiyməti”,
"Tiflis səfərləri”, "Qızılgül” əsərlərini nəşr etdirdi. Qadınların təhsilə cəlb
edilməsi məsələsini əksər əsərlərində təbliğ edən Rəşid bəy, "Arvad məsələsi”
əsərini bütövlüklə bu mövzuya həsr edib. Rus dilini mükəmməl bilən Rəşid bəy
mütəmadi olaraq rus klassiklərinin əsərlərinin ana dilimizə tərcüməsi ilə də
məşğul olub və İ.A.Krılovun, A.S.Puşkinin, M.Y.Lermontovun yaradıcılığına daha
çox yer verib.
R.Əfəndizadə
adətlərimiz, xalq sənətkarlığı və təbabətimiz haqqında da maraqlı məqalələr,
əsərlər yazıb. Görkəmli maarifçi, istedadlı pedaqoq və yazar Sovet dövründə də
Azərbaycanda maarifin, mədəniyyətin təbliğinə yardımçı olub. Azərbaycan
xalqının milli oyanışında mühüm rol oynayan Rəşid bəy, 1924-cü ildə Azərbaycanın
1-ci ölkəşünaslıq qurultayının nümayəndəsi kimi
etnoqrafiya cəmiyyətinin Şəki şöbəsinə elmi katib seçilir. Uzun illərdən
sonra yenidən Şəkidə pedaqoji fəaliyyətə başlayan Rəşid bəy, Şəki pedaqoji
texnikumunda müəllim işləyib və ömrünü də 1942-ci ildə doğmalarının əhatəsində
başa vurub.
Mən bu məqaləmdə Rəşid
bəyin bədii yaradıcılığından geniş şəkildə bəhs etmədim. Buna heç lüzum da
görmədim. Çünki bu haqda tanınmış ədəbiyyatşünaslarımızdan sonra söz demək
çətin və məsuliyyətlidir. Mən yalnız atamın hər zaman ruhuna dualar etdiyi və
həyatda qazandığı nailiyyətlər üçün özünü borclu sandığı sevimli müəllimi Rəşid
bəyin pedaqoji fəaliyyəti haqqında oxuduqlarımı, eşitdiklərimi oxucularımla
bölüşmək istədim.
Qərənfil Dünyaminqızı,
Əməkdar
jurnalist