• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

Lukaşenko Rusiya ilə birləşməkdən imtina etdi

11.01.19 18:52 524
Lukaşenko Rusiya ilə birləşməkdən imtina etdi
Belarus prezident Aleksandr Lukaşenko ölkəsinin Rusiyaya birləşəcəyi barədə hər iki ölkənin media və siyasi dairələrində gedən müzakirələrə son qoyub. Daha dəqiq desək, birləşmənin perspektivlərinin olması üstündən xətt çəkmiş olub. Prezident hökumət qarşısında qısa zaman kəsiyində Rusiya neftinə alternativ olaraq Baltik ölkələri vasitəsilə neft alınması məsələlərini işləyib hazırlamağı tapşırıb. Belarus nəşrləri yazır ki, prezident həmçinin Baltikyanı ölkələrə Belarusda neft emalı müəssisələri inşa etmək istiqamətində birgə layihələr təklif etməyə hazır olduğunu dilə gətirib. "Mən artıq çoxdan bu məsələni irəli sürmüşəm və biz onu həll etməliyik: Baltikyanı ölkələrin limanları vasitəsilə alternativ neft daşınmasını təmin etməliyik. Əgər litvalılar razı deyillərsə, latışlarla neftin alınması barədə razılıq əldə etməliyik. Novopolotsk neft emalı zavodunda neftin emalı təşkil etmək və bununla da Baltik ölkələrini təmin edə bilərik”, - deyə prezident ölkənin 2019-cu il üçün sosial-iqtisadi inkişafı və gələcək inteqrasiya istiqamətlərinə həsr edilən hökumət iclasında bildirib. O dəqiqləşdirib ki, bu il Belarusun iki neft emalı zavodunun modernləşdirilməsi nəzərdə tutulur. Bu da onlara tək Rusiya neftini emal etməyə imkan verməyəcək. Aleksandr Lukaşenkonun qənaətincə, Baltik ölkələri ilə əməkdaşlıq daha sıx ola bilər.
Belarus Rusiyadan alınan neftə alternativ aramağa qonşu ölkənin vergi manevrləri səbəbindən qayıtmağa məcbur olub. Bu manevr ona Rusiyadan neft alınmasını əlverişsiz edir. Lukaşenkonun sözlərinə görə, ölkə 2015-ci ildən bəri bu yenilikdən 3,6 milyard dollar itirib və 2024-cü ilə bu rəqəm 10,6 dollar təşkil edə bilər. Bu il üçün itkilər 400 mln. dollar təşkil edə bilər. "Bu, fəlakət deyil”, - deyə Lukaşenko əminliyini bildirib. Belə ki, o, bu məbləği Rusiya ilə ticarət aparılan digər sahələrdən əldə olunan gəlirlərlə kompensasiya etmək tapşırığını verib. Artıq problemləri həll etmək üçün müvafiq işçi qrup da yaradılıb. Rusiya tərəfini iqtisadi inkişaf naziri Maksim Oreşkin, Belarusu iqtisadiyyat naziri Dmitri Krutoy təmsil edir. İşçi qrupunun vəzifəsi tərəfləri ikitərəfli inteqrasiyanın necə həyata keçirə biləcəyini müəyyən etməkdir.
Belarus prezidenti ənənəvi olaraq yenə də Rusiyanın ünvanına tənqidlər səsləndirməyi yaddan çıxarmayıb. Bildirib ki, Rusiya tərəfinin addımları əvvəllər əldə olunan razılaşmaların ruhuna, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində imzalanan sənədlərə ziddir: "Rusiyanın daxili qanunvericilik korrektələri inteqrasiya proseslərinin iştirakçıları olan dövlətlərdə vəziyyəti pisləşdirməməlidir. Nədir, belə çıxır ki biz bu sənədləri imzalamaqla (söhbət Rusiya ilə Belarus arasında imzalanan Birlik Dövləti və Avrasiya İqtisadi İttifaqından gedir-müəl) Rusiya ilə münasibətlərin daimi pisləşməsini nəzərdə tuturduq? Xeyr, biz daha yaxşısına ümid edirdik”, - deyə prezident bəyan edib. Belarus prezidentinin qənaətincə, inteqrasiya sırf iqtisadi xarakter daşımalıdır. Heç bir halda iki ölkənin siyasi birliyindən, yəni bir dövlətdə birləşməyindən söhbət gedə bilməz. Onun sözlərinə görə, bu gün hər iki ölkədə iki dövlətin birləşməsi barədə söz-söhbətlər dolaşır. "Mən bütün bunları axmaq və cəmiyyəti çaşdırmağa yönəlik məsələlər adlandırıram. Rusiya prezidenti ilə qəti müəyyən etdik ki, birləşmə barədə məsələlər yoxdur. Belarus və Rusiyanın ittifaqı yalnız bərabərhüquqlu əsaslarla inkişaf edə bilər. Çünki, bu, istənilən ittifaqın qurulmasının fundamental prinsipləridir. Bərabərhüquqlu əsas yoxdursa, ittifaq, birlik də yoxdur”, - deyə Lukaşenko bildirib. Bundan əlavə, o xatırladıb ki, Moskva ilə Minsk arasında qarşılıqlı fikir anlaşmasının olmaması bütövlükdə inteqrasiya münasibətlərini təhlükə altına alır. Əgər Rusiya belə bir yolu seçərsə və qərb istiqamətində yeganə müttəfiqini itirmək istəyirsə, bu, onun seçimidir. Biz onları məcbur edə bilmərik”, - deyə prezident o bildirib.
Nüfuzlu müəlliflər Rusiya-Belarus birliyi daxilindəki artan gərginliyə diqqət çəkirlər. Məsələn, "Adekvat” bildirir ki, Lukaşenko şərtlərini birinci dəfə deyil ki, açıqlayır. Dəfələrlə bunu təkrarlayıb. Bəlli olur ki, yaxşı şərtlər artıq olmayacaq. Bu səbəbdən də münasibətlər hazırda qəzəb mərhələsindədir”, - deyə "Adekvat” yazır. Əlavə edilir ki, Rusiyanı artıq hadisələrin istənilən inkişaf ssenarisi qane edir. "2019-cu ildə Birlik Dövləti artıq xəbərlərin əsas mövzularından biri olacaq”, - deyə Meyster kanalının müəllifləri bildirilər. Onların qənaətincə, hazırda Rusiya-Belarus münasibətlərini institusuonal milliləşdirmək əhəmiyyətlidir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər