AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Luçeskudan iddialı açıqlamalar

Luçeskudan iddialı açıqlamalar

İdman
18 Dekabr 2012, 17:17 1794
Mirça Luçesku çox ambisiyalı məşqçi olduğunu bir daha göstərib. Rumın mütəxəssis hələ də "Şaxtyor"un ÇL-də qələbəyə qadir olduğunu düşünür. Amma...

Luçesku hələ bu turnirin qrup mərhələsi start götürməzdən əvvəl komandasının potensialının çox böyük olduğunu dəfələrlə dilə gətirmişdi. Belə desək, dilinə görə dilçəyi də varmış. Hər halda, donetsklilər qrup mərhələsində turnirin son qalibi "Çelsi"ni mübarizəni erkən dayandırmağa vadar edərək 1/8 finalda oynamaq hüququ qazanıb. İndi isə onun jurnalistlərə sensasion açıqlamalarını diqqətinizə çatdırırıq:

"Bizə bu turnirdə böyük qələbə qazanmağa imkan verməyəcəklər. Ona görə ki, Şərqi Avropa komandaları qərblilərlə eyni cərgəyə qoyulur. Məsələn, "Real" büdcəsinə görə iki Şərqi Avropa klubunu saxlaya bilər. Şərqi Avropada isə belə böyük büdcəyə malik klub tapmaq çox çətindir. Onu da deyim ki, Qərblə Şərq arasındakı fərq təkcə maliyyə sahəsində uçuruma bərabər deyil. İngilislərdə "respect" sözü var. Mənası "hörmət" deməkdi. Bizim "Çelsi" ilə oyunlarda hakimlər rəqibin xeyrinə bir çox səhvlərə yol vermişdi. Eyni halla "Yuventus"la matçlarda da üzləşmişdik. Başqa sözlə, ifadə etsəm, zəngin ənənələri bu klubların dadına çatmışdı. Bu ənənələri maliyyə planında böyük sərmayələrlə əvəz edə bilməzsiniz. Bütün komandalara eyni gözlə baxılsa, "Şaxtyor" azı ÇL-in yarımfinalına qədər irəliləyə bilər. Bəxtimiz bir az gətirsə, bu turnirdə çempion da ola bilərik. Onu da deyim ki, ÇL-də böyük qələbəyə iddia etmək üçün hələ "Yuventus", "Real" və "Barselona" kimi böyük klublarla 3-4 dəfə də üz-üzə gəlməliyik".