• şənbə, 20 Aprel, 15:27
  • Baku Bakı 23°C

Ölü qadının sirri

14.01.16 11:44 1405
Ölü qadının sirri
O ağrısız, sakitcə öldü. Bütün həyatını eyibsiz, günahsız yaşayan bir qadın kimi. İndi isə o arxası üstə çarpayıda uzanmışdı: gözləri yumulu, canı sakit. Onun ağ uzun saçları elə yığılmışdı ki, elə bil ölümündən on dəqiqə əvvəl bəzənmişdi. Solğun bədəni elə gözəl idi ki, onu görən hər kəs hiss edərdi ki, bu bədəndə gözəl bir ruh yaşayıbmış, bu sakit qadın əzabsız bir ömür sürübmüş, həyatı boyu sartsıntı keçirməmiş, peşman olmayıbmış.
Qadının çarpayısı yanında onun məmur, hakim oğlu və qızı, rahibə Marqarita diz çöküb hönkür-hönkür ağlayırdılar. Qadın uşaqlarını mənəviyyat kodeksinə uyğun tərbiyə etmiş, onlara dini sevdirmişdi. Onun oğlu məhkəmədə hakim idi. O, cinayət törədənlərə yazığı gəlmədən qanun adlı silahdan istifadə edirdi. Qadının qızı isə kişilərə nifrət etdiyi üçün kilsədə rahibə idi. Ataları haqda onların az məlumatı vardı. Bildikləri bu idi ki, ataları analarını xoşbəxt edə bilməmişdi, başqa detallar haqda heç nə bilmirdilər. Rahibə ölü anasının sallana qalmış, fil sümüyü kimi ağappaq əlinin birini öpdü. Qadının o biri əli sanki əzik-üzük mələfəni qamarlamışdı. Qapı yüngülcə döyüləndə qadının hönkürən oğlu və qızı başlarını qaldırdılar. Yenicə nahar etmiş keşiş otağa daxil oldu. Keşişin üzü qızarmışdı, azca fısıldayırdı, tələsik yediyi yeməyi hələ həzm etməmişdi. O ötən axşamın yorğunluğunu unutmaq üçün brend kofe içmişdi. Üzündə qəmgin ifadə vardı. Halbuki onun üçün kiminsə ölümü yaşamaq üçün bir vasitə idi. İçəri girəndə o xaç vurdu, sonra professional keşiş kimi jest edib dedi:
- Hə, uşaqlar, bu ağrılı saatları sizinlə birlikdə keçirmək istəyirəm.
Bunu eşidən qız tez ayağa durdu:
- Minnətdaram, keşiş ata, ancaq qardaşımla mən istəyirik ki, bu saatlarda onunla tək qalaq. Biz onu son dəfə görürük. Ona görə də istəyirik ki, son dəfə üçümüz bir yerdə olaq, həmişəki kimi, neçə il olduğu kimi. Biz... onun uşaqları... və yazıq anamız. Yazıq anamız...
Qız sözünü tamamlaya bilmədi, çünki göz yaşları leysan kimi yanaqlarına axdı. Göz yaşları onu boğurdu.
Keşiş ona baş əydi, indi onun üzünün ifadəsi daha sakit idi. Çünki o gecəni öz evində keçirəcəyindən məmnun qalmışdı.
- Necə istəyirsinizsə elə də olsun, mənim balalarım!
Keşiş çarpayının yanında diz üstə çökdü, xaç vurdu, dua etdi, sonra ayağa qalxdı, qapıdan çıxanda mızıldandı:
- O mömin qadın idi.
İndi qadının uşaqları otaqda tək idi. Ölü qadın və onun uşaqları. Hardasa gizlətdikləri saatın tıqqıltısı eşidilirdi, açıq pəncərədən quru otun və ağacların iyi, ayın zəif şölələri içəri girirdi. Bayırdan başqa heç bir səs eşidilmirdi, yalnız hərdənbir qurbağaların qurultusu, özünü divara çırpan hansısa həşəratın vızıltısı gəlirdi.
Bu ölü qadını sonsuz, ilahi bir sakitlik bürümüşdü. Sanki ondan ayrılan bu sakitlik buxarlanır və təbiəti sakitləşdirirdi. Sonra hələ də diz üstə olan hakim, qadının oğlu başını qadının çarpayısına sıxdı, ürək parçalayan səslə dedi:
- Ana! Ana! Ana!
Onun yanında döşəmədə oturan bacısı isə başını döşəməyə vurur, epilepsiyalı adamlar kimi yerində qıvrılır, zarıyırdı:
- İsa! İsa! Ana! İsa!
Hər ikisi boğazlarına qəhər tıxandığından təngnəfəs idi.
Onlar bir az sakitləşmişdilər. İndi onlar tufandan sonra fəryad qoparan dəniz kimi idi. Bir az sonra onlar ayağa qalxdı, baxışlarını meyitə zillədilər. Xatirələr, keçmişdə şirin, bu gün isə əzablı xatirələr yada düşdü. Hətta bəzən unutduqları ən xırda detallar da yada düşürdü. Onlara doğma olan xatirələr. Onlar analarının sözlərini, təbəssümünü, səsinin tonunu xatırladılar. İndi onlar bu səsi bir daha eşitmək istəyirdilər. Onlar analarını yenə də xoşbəxt görürdülər. Onlar hətta vacib söz deməzdən qabaq onun əlinin hərəkətini də yada saldılar. Onlar indi analarını həmişəkindən daha çox sevir, dərk edirdilər ki, analarına nə qədər bağlanıblarmış, onsuz həyatın boş olduğunu fikirləşirdilər. Qadın onların dayağı, həyatda onlara bələdçi olmuşdu, onların gəncliyinin ən yaddaqalan hissəsi olmuşdu, indi onların həyatının bu gözəl hissəsi yox olurdu. Anaları onları bu həyata, əcdadlarına bağlamışdı. İndi onlar bunların hamısından təcrid ediləcəkdi.
Rahibə qardaşına dedi:
- Sən yaxşı bilirsən ki, anamız köhnə məktubları təkrar-təkrar necə oxuyardı. O məktubların hamısı orda, onun siyirməsindədir. Gəl o məktubları növbə ilə biz də oxuyaq, onun bütün həyatını çarpayısı önündə yenidən canlandıraq. Bu da bir növ dini ayindır, anamızla tanışlıq ayini. Heç vaxt üzünü görmədiymiz nənə-babalarımızla tanışlıq. Onların da məktubları ordadır. O nənə-babalarımızdan bizə tez-tez danışardı. Xatırlayırsanmı?
Onlar siyirmədən bir topa saralmış kağız bağlamasını çıxardılar, ehtiyatla açdılar, çarpayının qırağına düzdülər. Üstünə “Ata” yazılmış zərflərdən birini açdılar, içində yazılanları oxudular. Belə məktublar hər ailədə yazı stollarının siyirməsində olur. Bəzi məktublar “Mənim əzizim,” bəziləri “sevdiyim gözəl qız” , bəziləri isə “ Mənim əziz balam”, “mənim əziz qızım” sözləri ilə başlayır. Birdən rahibə ölü anasına onun öz keçmişini bərkdən oxumağa başladı, onun incə yadigarlarını. Hakim oğul da çarpayıya söykənib, gözlərini anasının üzünə dikib bacısının oxuduqlarına qulaq asırdı. Hərəkətsiz meyit xoşbəxt görünürdü. Birdən rahibə oxumağına ara verib dedi:
- Gərək biz bu məktubları onun qəbrinə qoyaq. Məktublardan ona kəfən edək. Onu bu məktublarla birgə basdıraq.
Sonra rahibə üstündə ad yazılmamış başqa bir məktub bağlamasını götürdü, məktublardan birini yüksək səslə oxumağa başladı:
- “Sevdiyim mənim, pərəstiş etdiyim! Mən səni dəli kimi sevirəm. Dünəndən bəri sənin xatirələrin məni yandırıb-yaxır. Dodaqlarını dodaqlarımda, gözlərini gözlərimdə, bədənini bədənim altında hiss edirəm. Mən səni sevirəm! Mən səni sevirəm! Sən məni dəli etmisən. Səni qucaqlamaq istəyirəm! Sənə bir daha sahib olmaq üçün ağlım başımdan çıxır. Təngnəfəsəm. Bütün bədənim səni istəyir. Səni haraylayır. Öpüşlərinin dadı hələ də dodaqlarımdadır”.
Hakim oğul ayağa durdu, rahibə isə oxumağı dayandırdı. O məktubu bacısının əlindən dartıb aldı, məktubun sonundakı imzanı axtardı. Heç bir imza yox idi. Yalnız “Səni sevən Henri” yazılmışdı. Onların atasının adı Rene idi. Deməli, məktubu yazan ataları deyildi. Sonra hakim oğul məktubların arasından başqa birini götürdü.
“Mən artıq sənsiz dözə bilmirəm” , – sözlərini oxudu.
O hökm verən bir hakim ciddiliyi ilə ayağa durdu, ölü qadının hərəkətsiz üzünə baxdı. Heykəl kimi dübbədüz dayanmış, gözlərinin qıraqlarında yaş damcıları olan rahibə qardaşına baxdı, indi onun nə edəcəyini gözləməyə başladı. Hakim oğul çarpayıdan aralandı, pəncərənin yanına getdi, fikirli halda gözlərini gecənin qaranlığına zillədi. O üzünü geri çevirəndə bacısı hələ də anasının çarpayısı yanındaydı. Məyus halda. Hakim oğul siyirməyə yaxınlaşdı, döşəmədən məktub bağlamasını götürüb ora tulladı. Qadının çarpayısının qabağına pərdə çəkdi.
Dan yeri söküləndə stolun üstündəki şamlar solğun görünürdü. Oğul kreslodan durdu, pərdə ilə özlərindən ayırdığı, ittiham edilmiş anasına tərəf gözucu baxmadan yavaşca dedi:
- İndi isə, mənim bacım, gəl bu otağı tərk edək.
İngiliscədən tərcümə etdi: Sevil Gültən
banner

Oxşar Xəbərlər