• cümə, 29 Mart, 04:37
  • Baku Bakı 7°C

“Ölü ordunun generalı”

22.04.19 14:15 1336
“Ölü ordunun generalı”
Balkan ədəbiyyatının sevilən imzalarından İsmail Kadarenin yaradıcılıq yolu da, bədii üslubu da elə həyatı kimi başdan-sona mübarizə üstündə qurulub. Bu üslub zaman-zaman onun öz həyatı ilə birgə biz oxucuların da daxili dünyasını sarsır. Yazdıqları öz həyatını, ideyalarını əks etdirsə də, oxucunun dünyasını da tamamlayır, durğun duyğular arasında zəlzələ effekti yaradır. Bugün haqqında danışacağımız "Ölü ordunun generalı” ("The general of the dead army”) romanını isə yazarın ədəbi mübarizəsinin zirvəsi və ya meydanı adlandırsaq, qınanmarıq. Amma adını çəkdiyimiz roman ona görə daha çox sevilib ki, yazıçı bizi qonaq etdiyi dünyada həm yaşayır, həm yazır, həm də necə bir dünya qurmalı olduğumuzun yollarını göstərir.
Müasir ədəbi tənqidçilər düşünür ki, hər janrın öz tənqidçiləri olmalıdır. Məsələn, avtobioqrafiya tənqidçiləri dram, şeir haqqında danışmamalıdırlar. Alban müəllif isə "Ölü ordunun generalı”-nda dram, tarixi, bioqrafiya və s. kimi bir neçə qolu birləşdirərək, böyük riski gözə alıb. Romanı hamının sərbəst tənqidinə təqdim edib. Amerikalı tənqidçilər digər romanlarla müqayisədə burada Kadarenin yuxulu müəllif təsiri bağışladığını iddia edirlər. Sujetin ləng inkişafını bir qrup tənqidçilər hadisələrin geniş maştabda qələmə alınması ilə əlaqələndirir, digər qrup isə Kadarenin müharibə mövzusunu uğursuz araşdırması ilə. Romanı dünya ədəbiyyatının klassikləri ilə müqayisə edənlər isə daha sərt tənqid olunur – çünki hekayənin ana xətti, ideyası güclü, təsirli olsa da, Kadarenin qələmindən Ceyn Ostenin kənd zadəganlarının həyatı, Mart Tvenin palçıqlı Missisipi təsvirləri, Servantesin Mançası çıxmayıb.
Romanda ən uğurlu təsvirlər elə yazarın doğulub-böyüdüyü Albaniya ilə bağlıdır. Məkan təsvirləri ilə tanış olduqca əksərən Kadareni "müharibə mövzusunu araşdırmamaqda” qınayan tənqidçilərin iddialarını təsdiqləməkdən başqa yol qalmır. Çünki İtaliya, müharibə, almanlarla bağlı hissələrdə tələskən və təsirsiz təsvirlər olduğu halda, müəllif öz vətəni haqqında danışarkən uğurla çıxış edir. Bunun əksini düşünənlər isə romanın İkinci Dünya müharibəsinə yox, həmin illərdə Şərq və Qərb arasındakı amansız savaşların meydanı, yad orduların, müharibədən sonra isə torpaq tacirlərinin tapdağına çevrilmiş Albaniyaya həsr olunduğu üçün bu təsvirlərin lazımlılığı qənaətindədir. Lakin romandakı Albaniyaya turistik obyekt kimi baxmaq mümkün deyil. Kadarenin Albaniyası keçmişin izlərini doğma bir yara kimi qoruyub saxlayan, insanları artıq aydın gələcək naminə belə olsa, dünəni unutmayan, itkiləri də itirdikləri bir çox şey kimi qibtə ilə yad edənlərin vətənidir. Bəzən romanda araşdırmaçı generalın qarşılaşdıqları ilə təəccüblənsək də, bir zamanların düşməni olmuş hərbçi ilə belə çörəyini bölüşməyə hazır olan insanların Albaniyası oxucunu hər nüansda qərib diyardaymış kimi hiss etdirir.
"Ölü ordunun generalı” Kadarenin əvvəlki və sonrakı romanlarından kəskin fərqlənir. Əsərin bir başqa üstünlüyü isə məkanların obrazlaşdırılmasıdır. Burada Qərbin diqqətini dincliyindən başqa heç nəyi ilə çəkə bilməyəcək bir ölkənin post-müharibə dövründən danışılır. Avropa Albaniyaya soxulur və özü ilə birgə bəlalar gətirir. Avropanın müharibənin başlaması ilə sürətlənən eroziyaya uğramış mədəniyyəti də ayağının tozu ilə Albaniyanın milyon illik inancını, baxışlarını, əxlaq və azadlıq anlayışını dəyişmək məqsədi güdür. Hekayədə baş verən bəzi əhvalatların fonunda bu xırda, lakin vacib nüanslar özü haqqında danışır.
İkinci Dünya müharibəsindən 20 il sonra baş qəhrəman General Ariosto Mussolinin fəlakət, qan və ölüm yayan istilaları zamanı Albaniya torpaqlarında can vermiş soydaşlarının nəşlərini tapıb, İtaliyaya gətirilməsini təşkil etmək əmri alaraq macəraya başlayır. Baş qəhrəmanın axtardıqları həm onun soydaşları, həm də silahdaşlarıdır. Müharibə illərində ölən qeyri-albanlar qarışıq şəkildə ölkənin yaşayış olmayan dağlıq bölgələrində böyük bir ərazidə basdırılıblar. Yəni, generalın işi dözülməz dərəcədə ağır və mənəvi iztirab yüklüdür. Odur ki, bu macərada ona bir keşiş də yoldaşlıq edir.
Məhz bu çətinliyə görə, İtaliya hökuməti generala tapşırılmış bu vəzifəni "beynəlxalq şərəf” ünvanı ilə mükafatlandıracağını açıqlayır. Generala tapşırılan ilk iş öz təhlükəsizliyinin qayğısına qalmaq olsa da, onun öz şəxsi məqsədi vəzifəsinin öhdəsindən layiqincə gəlmək və gözləntiləri doğrultmaqdır. Axtarışın sonrakı hissələrində general ilk günlərdə keçirdiyi sıxıntılardan tamamilə arınır. Generalın macərasına qazma və neylon torbalarla sümükləri toplama işlərində köməkçi kəndli, iki dünyanın arasında gedən işlərdə yer almağa və lazım gələrsə yerli əhali ilə "dil tapmağa” həvəsli italyan keşiş, bir nəfər alban ekspert və texniki ləvazimat çantası "şahidlik edir”.
Macəranın əsas xətti generalın azalmayan özgüvəni üzərində inşa edilib. Baş qəhrəman əvvəllər də bir neçə dəfə nəş axtarışına göndərilmiş və əliboş qayıtmış alban ekspertin lazımsız məsləhətlərinə qüsursuz tərtib edilmiş xəritələri, ölənlərin ətraflı təsvirlərindən ibarət siyahıları, naməlum sümüklərin təyinatı aləti ilə meydan oxuyur. Lakin təbii ki, müəllif bu özündənmüştəbeh qəhrəmanın dizini yerə vurur. Onun əminliyi hekayə irəlilədikcə zəifləyir. Əraziyə yaxşı bələd olan keşiş ona tez-tez əhalinin riayət etdiyi tabuları pozduğunu xatırladır. Çünki 20 ildən sonra Albaniyada əhalinin bəlkə də müharibədən ən ağır itki ilə çıxan, hələ də özünə gələ bilməyən hissəsinin məskunlaşdığı bu yerlərdə ilk dəfə düşmən ordunun hərbçisi peyda olub. Bu onsuz da yerli camaatın məcburi qəbul etdiyi haldır. Rəsmilər də, keşiş də bilir ki, albanlar bu vəziyyəti qəbul etmiş kimi görünə bilərlər, amma generalın həyatı hər an təhlükə ilə üzləşə bilər. Keşişin albanların ruhu haqqındakı sözləri müəllifin öz xalqını nə qədər dərindən tanıdığının sübutudur: "Albanlar üçün qan haqqı bir faciənin ağlına gətirə biləcəyin bütün şərtlərinə əməl edir. Faciə deyəndə ağlına nə gəlirsə, qan haqqı qalan şəxsi bunun hamısı gözləyir. Bu gördüyün adamlar dünyaya savaşmaq, haqq almaq üçün gəliblər. Əgər sülh şəraiti hökm sürürsə, məsələn, indiki kimi, albanlar sadəcə qışda sadəcə yem axtaran yarıölü bir ilan kimidirlər. Onları yalnız müharibə, meydan canlandırır”.
Kadare bu sözlərlə sadəcə başqa xalqlara mesaj vermir, baş verəcək faciənin qarşısını almaq üçün ziyalı kimi üzərinə düşəni edir. Generala kömək edən kəndlinin üz ifadələrinin təsvirində belə Kadare səbəb nə olursa olsun, albanların o torpaqlarda can almış bütün xalqları düşmən kimi gördüyünü diqqətə çatdırır. Ölmüş belə olsalar, albanların nəzərində əsgər əsgərdir.
Tədricən ərazinin havası generalı da ağuşuna alır. Kurtzun "Qaranlığın qəlbi” romanında olduğu kimi qəhrəman üçüncü bir fövqəlqüvvənin təsiri altına düşür. Sümükləri axtararkən, ayırarkən tabeçiliyində işləyən sadə kəndlinin iş mexanizmini, keşişin canlandırdığı albanların ruhunu mənimsəyir. Özünü bu ordunun generalı hesab etməyə başlayır. Ağ cizgili neylon torbalardakı sümüklərin böyük bir ordu kimi toplandığının, bu ordunu necə idarə etdiyinin, Normandiya, Korea, Vyetnamın fatehi olduğunun xəyalını qurur.
Onun bu işğalçı ölü əsgərləri albanların ruhuna bürünmüşcəsinə generalı qisasa səsləyir. 20 il sonra sanki bu sümüklər yenidən savaş istəyir. Hekayənin bu hissəsində Kadare bircə hiylə ilə istedadını ortaya qoyur və hekayənin ana xəttinə yeni həyat verir. General onu daxilən ələ alan duyğularla başa çıxmamış xarici bir qüvvə ilə də sarsılır. Araşdırma zamanı bir alman generalın da alman əsgərlərinin qalıqlarını axtardığı məlum olur. Generalın keşişlə müharibənin mənasızlığı haqqındakı söhbətləri, mülahizələri Ariostonun daxili dünyasını daha da qarışdırır. Qüruruna və yenilməzliyinə xələl gəlmiş kimi hiss edən general kimliyini göstərmək üçün keşişə dəvət olunmadığı yerli toy mərasimində iştirak edəcəyini deyir. Burada da Kadare keşişin dili ilə albanlar, ölüm və etnik fərqlər haqqında danışır: "Ölüm mütləq mənada hörmət tələb edir”. Bu, "Ölü ordunun generalı”nda bəlkə də bütün dünya xalqlarını bir nöqtədə cəmləşdirən unudulmaz şüarlardan sadəcə biridir. Bütün ölənləri, yaraları və intiqam hissini heçə sayaraq, məclisdə iştirak edən general buradan da gəldiyi kimi ayrılmır. Soydaşlarının nəşlərini yığıb, burada yaşananları eşitdikcə intiqam hissinə bürünən, keşişin yerli camaatı müdafiə edən mülahizələrinə müxalif çıxdıqca öz-özlüyündə daha da alovlanan kəşfiyyatçı general toy mərasimində daha böyük, daha dərin, daha alovlu duyğularla toqquşur. O, anbaan üzünə zillənən baxışlarda səbəbi olmadığı qırğınların intiqamını almağa hazır insanların nəfəsini qaynadan keçmişin soyumayan küllərini hiss edir. Romanın sonunda isə Kadare vəzifəsini tamamlamış və kolleqası ilə axtarışları haqqında danışan içkili generalın dili ilə danışır. Onun Albaniyada təkcə missiyası yox, eyni zamanda protaqonist kimliyi də bitib.
Roman təbii ki, başdan-sona generalın meyit axtarışlarından ibarət deyil. Müəllifi dünya ədəbiyyatına tanıtdıran romanın əsas cəhəti onun bəşəri olmasıdır. Ölüm, müharibə, faciə, xəyanət və təbii ki, bütün həyati hadisələrin fonunda yaşanan məhəbbət macəraları haqqında bəşəriyyətin yekdil arzuları bu romanda ayrı-ayrı qəhrəmanların dili ilə səsləndirilib. Ölümdən xilas olmaq üçün gizləndiyi dəyirmançının qızına vurulan italyan əsgərin həyatı, generalı narahat edən keşiş və ölmüş italyan hərbçinin dul arvadı arasındakı intim münasibət, alban kəndlinin yerli əhalinin adətləri haqqında danışdıqları romanın əsas xəttini rəngləndirən köməkçi hekayələrdir.
Hazırlayan və ingilis dilindən tərcümə edən: Elcan Salmanqızı
Əsas mətnin müəllifi: Riçard Eder, "Simon&Schuster” nəşriyyatının redaktoru
Mənbələr: "nytimes.com”, "dannyreviews”, "enotes.com”, "jstor.org”.

banner

Oxşar Xəbərlər