• çərşənbə, 24 Aprel, 18:40
  • Baku Bakı 23°C

Ölkəmizin turizm reytinqlərində ilk sıralarda olması təsadüfi deyil

07.05.19 11:00 1246
Ölkəmizin turizm reytinqlərində ilk sıralarda olması təsadüfi deyil
Bu günlərdə "TurStat" analitik agentliyi 2019-cu ilin may bayramlarında turistlərin sayahəti üçün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı şəhərlərinin reytinqini hazırlayıb. Trend-in məlumatına görə, MDB şəhərlərinin reytinqi may ayında turist səyahətlərinin təhlilinin nəticələri əsasında hazırlanıb. Reytinq cədvəlinə əsasən, Bakı birinci yerdədir. Siyahı üzrə ilk onluqda Minsk, Nur-Sultan (Astana), Yerevan, Alma-Ata, Daşkənd, Bişkek, Kişinyov, Düşənbə, Aşqabad şəhərləri qərarlaşıb. Analitik agentliyin məlumatına görə, turistlər may ayında MDB ölkələrinə 3-5 günlük gəlirlər və gün ərazində 60-120 dollar pul xərcləyirlər. Şopinq və alış-veriş səfərləri üçün turistlər daha çox Azərbaycanın paytaxtı Bakını seçirlər.
Bəs görəsən agentliklər reytinq siyahısı hazırlayarkən ən çox hansı kriteriyalara diqqət edirlər? Həmçinin bu cədvəllər turistlərin səyahət edəcəyi ölkə seçiminə təsir edirmi?
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirdi ki,belə reytinq cədvəlləri hazırlanarkən bir sıra məqamlar nəzərə alınır: "Bunlardan ən başlıcası, ölkələrin turizm potensialıdır. Həmçinin mədəniyyət və incəsənət abidələri, turizm istiqamətlərinin çoxluğu, ölkədə siyasi sabitlik diqqətə alınır. Bütün bu məqamlar reytinq amillərinə ciddi təsir göstərir. Aydın məsələdir ki, istənilən turist gedəcəyi ölkəni seçməzdən əvvəl müəyyən araşdırmalar edir. Bəziləri bu zaman reytinq agentliklərinin statistik göstəricilərinə nəzər yetirir. Yəni, reytinq cədvəllərində ön sıralarda olmaq ölkəyə gələn turist sayına müəyyən qədər təsir göstərir. Reytinqi yüksək olan ölkələr seçimlər arasında üstünlük təşkil edir”.
"Millenium TurizmKonqres DMC” şirkətinin rəhbəriRuslan Quliyev deyir ki, son beş il ərzində müxtəlif məşhur reytinq agentlikləri tərəfindən verilən açıqlamalarda ölkəmiz ön sıralarda yer alır: "Turizmin bütün istiqamətləri üzrə Azərbaycan ilk üç sırada yer alır. Reytinq cədvəlləri tərtib edilərkən aidiyyəti qurumlar adətən təhlükəsizlik məsələlərinə diqqət edir. Viza məsələsi, qida təhlükəsizliyi, turizm potensialının genişliyi, infrastruktur məsələləri və digər məqamlar mühüm əhəmiyyət kəsb edir. Bütün bu faktlar son nəticədə özünü reytinq cədvəlində əks etdirir. Bəziləri bunun əhəmiyyətsiz olduğunu düşünsə də, əslində heç də belə deyil. Çünki turistlərin böyük əksəriyyəti agentliklərin açıqladığı rəsmi statistikaya etibar edir və öz seçimlərini bu nəticələrə görə edirlər. Getməzdən əvvəl turist gedəcəyi ölkə haqqında araşdırma edir. Düşünürəm ki, rəsmi açıqlamalarda Azərbaycanın turizmin müxtəlif sahələri üzrə ilk sıralarda olması ölkəyə gələn turist sayına təsir edir. Ona görə də öz mövqeyimizi daha da yaxşılaşdırmağa çalışmalıyıq. Bu sahədə müxtəlif işlər görülə bilər. Əslində, bu, uzunmüddətli marketinq işi tələb edir”.
"SKAL İnternational Baku” klubunun (Səyahət vəTurizmPeşəkarları Beynəlxalq Assosiasiyası) sədri,turizmüzrə ekspertCeyhun Aşurov qeyd etdi ki, adətən agentliklər bu reytinq cədvəllərini hazırlayarkən piar kampaniyalarını əsas götürürlər: "Bəzənsə, turistlər arasında obyektiv sorğu təşkil olunur. Son illər ərzində Bakının MDB məkanında turistlər tərəfindən daha çox tanındığı və sevildiyi aydın məsələdir. Çünki ölkəmizin turizm potensialı kifayət qədər genişdir və son illər ərzində sözügedən sahədə böyük nailiyyətlər əldə olunub. Hər il ölkəmizə gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Onların əksəriyyəti ölkəmizdən razı qaldığını bildirir. Bəzi turistlər hətta etiraf edir ki, gözləniləndən də daha yaxşı xidmət və keyfiyyət var. Bakı müasir və tarixi şəhərdir. Burada Şərqlə Avropa mədəniyyətinin nümunələrinə rast gəlmək olur. Bu da paytaxtımızı turistlər üçün maraqlı edir. Son illər ərzində aparılan reklam kampaniyaları Bakını bir qədər də populyarlaşıb. Məhz bu məqamlar özünü reytinq cədvəllərində əks etdirir. Xəbər saytlarında, bloqlarda Bakının adının hallanması turistlərin bu şəhərə olan marağını bir qədər də artırır. Bu mənada, reytinq cədvəlləri bizim üçün əhəmiyyət kəsb edir və ölkənin turizm sənayesinin inkişafına müsbət təsir göstərir. May ayının ilk günləri keçmiş MDB ölkələrində bayram günləri kimi qeyd edilir. Turistlər öz tətilini səmərəli keçirmək üçün müxtəlif yaxın şəhərlərə getməyi üstün tuturlar. Turizm şirkətləri həmin turistlər üçün müxtəlif tur-paketlər hazırlaya bilər. Ölkəyə gələn hər bir turist burada olduğu müddətdə təkcə Bakıda olmur, müxtəlif yaxın ərazilərə də getməyi üstün tuturlar. Onlar bizim mədəniyyətimizi, milli mətbəximizi yaxından tanıyırlar. Biz çalışmalıyıq ki, turistlərə öz ölkəmizi, mədəniyyətimizi düzgün şəkildə təbliğ edə bilək. Əslində, bu bizim üçün yaradılan bir imkandır. Çünki hər bir turist canlı reklam rolunu oynayır və önəmlidir. Onların paylaşdığı şəkillər, haqqımızda yazdığı yazılar yüzlərlə, minlərlə insana təsir edə, fikir formalaşdıra bilir. Ona görə də reytinq cədvəllərində öz mövqeyimizi daha da yaxşılaşdırmağa çalışmalıyıq”.
Şəbnəm
banner

Oxşar Xəbərlər