AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ölkələrimiz arasında dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsi

Ölkələrimiz arasında dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsi

Təfsilat
22 İyul 2021, 19:30 96
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və bu səfər əsnasında səslənən fikirlər iki ölkə arasındakı dostluğun möhkəmliyinin, sarsılmazlığının nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü, eyni zamanda, iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərdi. Dövlətimizin başçısı İlham Əliyevin Rusiya səfəri bütün aspektlərdən mühüm əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan ilə Rusiya arasında iqtisadi-siyasi əməkdaşlığın inkişafına töhfə verəcək. Hazırda da iki ölkə arasında həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər göstərdi ki, Azərbaycan və Rusiya dövlətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafında maraqlıdırlar.
Respublika Veteranları Təşkilatının sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin Vladimir Putinlə görüşü iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin də yüksək səviyyədə olduğunu əks etdirdi. Bu görüş göstərdi ki, dövlətlərimiz kimi, prezidentlərimiz arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Dünya praktikası sübut edib ki, liderlər arasındakı şəxsi münasibətlərin dövlətlərarası münasibətlərə təsiri hər zaman böyük olur. Bu baxımdan Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlərin də dövlətlərarası münasibətlərə fayda verəcəyi birmənalıdır.
"Dövlət başçılarının görüşü həm də 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirmək istəməyən, bu yolda süni maneələr yaratmağa çalışan Ermənistana da ciddi mesajdır. Artıq bir neçə aydır ki, Ermənistan 10 noyabr Bəyanatının icrasını süni şəkildə əngəlləməyə, müxtəlif təxribatlar törətməyə çalışır. Ancaq bu təxribatların qarşısı Azərbaycan tərəfindən qətiyyətlə alınmaqdadır. Sevindirici haldır ki, Prezident İlham Əliyevin Rusiya səfərində biz hər iki dövlət başçısının 10 noyabr Bəyanatına münasibətdə eyni mövqe sərgilədiyinin şahid olduq. Hər iki dövlət başçısı əminliklə vurğuladı ki, üçtərəfli Bəyanat icra edilməli, orada nəzərdə tutulan bütün məqamlar praktiki baxımdan əksini tapmalıdır. Bu baxımdan, Prezidentimizin Rusiya səfərini həm də Ermənistana, onun təxribatçı hərəkətlərinə verilən cavab, ciddi bir mesaj kimi də dəyərləndirmək mümkündür. Bu mesajın anlamı isə ondan ibarətdir ki, Ermənistan 10 noyabr Bəyanatını icra etməli, orada əksini tapan bütün nüansların, o cümlədən Zəngəzur dəhlizinin yaradılması, nəqliyyat infrastrukturunun formalaşması ilə bağlı məqamların icrasına süni əngəl yaratmamalıdır. Əks-təqdirdə, bu siyasət Ermənistanın özü üçün ağır nəticələrə, o cümlədən böyük iqtisadi itkilərə, sosial fəlakətə səbəb olacaq”, - deyə hərbi ekspert əlavə edib.