AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ölkədə həyata keçirilən hüquqi islahatlar çərçivəsində saxlanılan şəxslərin hüquqları genişləndirilir

Ölkədə həyata keçirilən hüquqi islahatlar çərçivəsində saxlanılan şəxslərin hüquqları genişləndirilir

Təfsilat
10 Aprel 2020, 14:52 172
Ölkədə həyata keçirilən hüquqi islahatlar çərçivəsində saxlanılan şəxslərin hüquqları genişləndirilir.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyət istiqamətlərindən biri də şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsindən ibarətdir.
Ombudsmanın Milli Preventiv Mexanizm funksiyalarının icrası çərçivəsində il ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon-şəhər polis idarə və şöbələrinin müvəqqəti saxlama yerlərinə, İnzibati həbs olunanların saxlama mərkəzinə, Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə planlı və plandankənar olmaqla başçəkmələr həyata keçirilir.
Ombudsmanın iştirakı və tapşırığı ilə keçirilmiş başçəkmələr çərçivəsində saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qida təminatı, tibbi xidmətin və asudə vaxtın təşkili, görüş, telefon danışığı və digər hüquqların təmini vəziyyəti, habelə daxil olmuş müraciətlər araşdırılaraq təmin edilib. Bu qəbildən olan müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması məqsədilə Ombudsman tərəfindən səlahiyyətli dövlət qurumlarına təklif və tövsiyələrə əsaslanan çoxsaylı müraciətlər də edilib.
Ombudsman müraciətlərində hüquqi islahatlar çərçivəsində həbs yerlərində, o cümlədən penitensiar müəssisələrdə və müvəqqəti saxlama yerlərində müasir, effektiv psixoloji xidmətlərin təşkil edilməsini də təklif edib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən başçəkmələrin nəticələrinin, daxil olmuş ərizə və müraciətlərin hüquqi təhlili əsasında müvafiq dövlət qurumlarına təqdim edilmiş, illik məruzələrdə öz əksini tapmış təkliflər normativ hüquqi aktların qəbulu prosesində, eləcə də dövlət qurumlarının gündəlik fəaliyyətində nəzərə alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2020-ci il, 130 nömrəli Qərarı əsasında həbs yerlərində və qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan şəxslərin də psixoloji yardım almaq hüquqlarının təkmilləşdirilməsi və genişləndirilməsi təqdirəlayiqdir.
Müvafiq qərarla "Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq” hüququnun istintaq təcridxanalarının, müvəqqəti saxlama yerlərinin və qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam qaydalarına da daxil edilməsi təmin edilib.
Ombudsman Səbinə Əliyeva pandemiyanın miqyasının genişləndiyi şəraitdə psixoloji vəziyyətləri də nəzərə alınmaqla şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan şəxslərin də hüquqlarının təmini məsələlərini diqqətdə saxlayır və səlahiyyətli qurumlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə, COVID-19-la bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Təlimatına, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitənin (SPT) tövsiyəsinə və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) qəbul etdiyi prinsiplərə əsaslanmaqla onların hüquqlarının effektiv təmini məsələlərinin nəzarətdə saxlanılmasını tövsiyə edir.