• çərşənbə axşamı, 23 aprel, 19:22
  • Baku Bakı 20°C

Liseylər təfəkkür məktəbi kimi

08.06.20 20:56 2160
Liseylər təfəkkür məktəbi kimi
Xamis Seyranov: "Liseylərin təşkil edildiyi ərazidə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün müsabiqə elan ediləcək”

Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb. Belə ki, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub. Sözügedən liseylərdə təhsil dövlət hesabına həyata keçiriləcək. Şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün liseylər zəruri maddi-texniki baza ilə təchiz olunacaq, xüsusi tədris planları tərtib ediləcək. Liseylərdə şagirdlər dövlət hesabına gündə üç dəfə isti yemək və ehtiyac yarandıqda, yataqxana ilə təmin olunacaqlar.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində Gəncə, Şirvan, Şəki şəhərləri və Quba rayonunda nazirliyin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil olunmuşdu. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb. Yeni yaradılan liseylərin fəaliyyəti ilə bağlı
Təhsil Nazirliyinin Təhsiln inkişafı proqramları şöbəsinin layihələrlə iş sektorunun müdiri Xamis Seyranovla söhbətləşdik.

- Xamis müəllim, Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərəcək 5 liseyin yaradılması hansı zərurətdən meydana gəldi?
- Ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların potensialının inkişaf etdirilməsi ölkənin təhsil siyasətinin prioritet istiqamətlərdəndir. Bu istiqamətdə Təhsil Nazirliyi tərəfindən respublika üzrə keçirilən fənn müsabiqələrində xüsusi istedada malik şagirdlər seçilərək nazirliyin birbaşa tabeliyində fəaliyyət göstərən Fizika-riyaziyyat, informatika təmayüllü və Kimya-biologiya təmayüllü respublika liseyində təhsilə cəlb olunurlar. Ölkə üzrə fənn müsabiqələrində iştirak etməmiş, lakin həmin respublika təmayüllü liseylərdə təhsil almaq istəyən şagirdlər də liseyə müraciət edirlər və müsahibə təşkil edilərək onların liseyə qəbulu həyata keçirilirdi. Qeyd etdiyim iki liseyin özünəməxsus fəaliyyət planı, strategiyası və təhsil səviyyəsi respublika fənn olimpiadalarında, habelə 9-cu siniflərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etməyə imkan yaradır. Bu iki liseyin hər ikisi Bakı şəhərində yerləşir. Ümumilikdə, qeyd edə bilərik ki, ölkə üzrə xüsusi istedadlı uşaqların hamısının Bakı şəhərində fəaliyyət göstərən bu liseylərə qəbul edilməsi mümkün olmadığı üçün respublikanın bölgələrində də istedadlı uşaqların və gənclərin potensial imkanlarının aşkar edilməsi və inkişaf etdirilməsi, səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasına ehtiyacı vardı. Bu məqsədlə Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərəcək 5 lisey yaradıldı.
- Bu təhsil müəssisələrinə şagirdlərin seçimi hansı şərtlərlə aparılacaq?
- Yeni yaradılan liseylərdə təhsil tamamilə ödənişsiz həyata keçiriləcək. Qəbul isə müsabiqə əsasında baş tutacaq. İlk dəfə qəbul 2020-2021-ci tədris ilindən başlanacaq. Hər tədris ili üçün liseylərə şagird qəbulu müsabiqə əsasında həmin rayon (şəhər) və ətraf rayonların (şəhərlərin) ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər sırasından VI, VII, VIII və IX siniflərdə aparılacaq. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər VII, VIII və IX siniflərə müsabiqədənkənar qəbul ediləcəklər.Bu baxımdan da ibtidai sinif və 5-ci siniflərdə təhsil alan şagirdlərin bu liseylərdə oxuması nəzərdə tutulmayıb. Şagird qəbulu tədris ilindən əvvəlki son iki ildə nazirlik tərəfindən keçirilən respublika fənn olimpiadalarında yaxşı və yüksək nəticə göstərən şagirdlər isə müsabiqədənkənar qəbul ediləcəklər.
- Maraq doğuran suallardan biri liseylərə müəllimlərin necə cəlb edilməsi ilə bağlıdır. Müəllimlərin işə qəbul imtahanlarından (MİQ) keçən müəllimlər liseylərdə dərs deyəcəklər?
- Bu liseylərdə xüsusi istedadlı uşaqların təhsil alması nəzərdə tutulduğundan, liseyin təşkil edildiyi ərazidə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər üçün müsabiqə elan ediləcək. MİQ-dən keçmiş və müvafiq balı toplamış müəllimlər müsabiqə əsasında liseylərə qəbul üçün müraciət edə biləcəklər. Təbii ki, həmin müəllimlərin xüsusi istedadlı uşaqlara dərs demək bacarıqları, dünya görüşləri nazirliyin təşkil etdiyi komissiya tərəfindən yoxlanılacaq və ondan sonra işə qəbul ediləcəklər. Həmin liseylərə müəllimlərin qəbulu, bir növ, onların topladıqları bal, yəni diaqnostik qiymətləndirmə, eyni zamanda, müəllimlərin işə qəbulundan topladıqları bal əsasında həyata keçiriləcək.
- Sovet dövründə təmayül məktəblərini daha çox "təfəkkür məktəbi” adlandırırdılar. Bu gün yanaşmaya hansı fikirlər əlavə olunub?
- Ümumiyyətlə, təhsildə təmayülləşmə kifayət qədər aktual məsələdir. Hər bir uşağın meyl və marağına uyğun olaraq, onun müəyyən fənləri daha yaxşı qavraması və həmin fənlər üzrə onun xüsusi qabiliyyətinin inkişaf etdirilməsi müşahidə edilir. Bu da qeyd etdiyim kimi, şagirdlərin bilik və marağından asılıdır. Bu baxımdan həmin şagirdlərin özlərinin də formalaşdırdıqları meyil və maraqlarına uyğun olaraq daha ixtisaslaşmış şəkildə tədris edildikdə, onların nəticələri daha yaxşı olar. Bu, sonradan həmin insanın gələcəkdə özünün maraq göstərdiyi sahədə təhsil almasına və həmin çalışmasına səbəb olur. Bu baxımdan, şagird öz maraq və meyillərinə uyğun olaraq fənlərlə daha artıq məşğul olduqda, onun göstəriciləri digər şagirdlərə nisbətdə daha yaxşı olur. Nəticədə gələcəkdə ölkə iqtisadiyyatı daha yaxşı kadrlarla təmin olunur. Çünki insanlar öz meyil və maraqlarına, həvəslərinə uyğun olaraq təhsil aldıqda, onların əmək fəaliyyətində faydalılıq əmsalları digərlərinə münasibətdə daha yüksək olur. Bu baxımdan, təmayülləşməyə "təfəkkür məktəbləri” yanaşması doğrudur. İndi də bu məsələ kifayət qədər aktualdır. Həm bizim ölkəmizdə, həm inkişaf etmiş ölkələrin təcrübələrini müşahidə etdikdə, bu nəticələrə rast gələ bilirik.
- Özünüz də qeyd etdiniz ki, hazırda Bakıda Fizika-riyaziyyat-informatika, və Kimya-biologiya təmayüllü liseylər fəaliyyət göstərir. Fənlər üzrə təmayül siniflərinin yaranmasına necə qərar verilir?
- Ümumilikdə, humanitar təmayüllü və təbiət və texniki elmlər üzrə fənlər mövcuddur. Texniki-təbiət elmləri sırasından bir-birinə daha yaxın olan fənlər qruplaşdırılır. Məsələn, riyaziyyat, fizika və informatika, o cümlədən kimya və biologiya fənləri qruplaşdırılır və daha dərinləşdirilmiş, xüsusi istedadı olan uşaqlar üçün nəzərdə tutulan proqramlar əsasında tədris həyata keçirilir. Liseylərdə, əlbəttə, humanitar fənlər də, ümumtəhsil məktəbləri üçün nəzərdə tutulan digər proqramlar da tədris edilir. Amma qeyd etdiyiniz istiqamətdə daha dərindən ixtisaslaşmaqla təmayülləşmə əsasında həmin fənlər tədris edilir.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər