Liftlərin yenilənməsində ayrı-seçkilik - PROBLEM
SSRİ dövründə tikilən kooperativ binaların varislik
hüququ müvafiq qaydada rayon icra hakimiyyətlərinə, onların tabeliyindəki mənzil-istismar
sahələrinə aiddir. Bu baxımdan sovetlər dönəmində paytaxtda inşa edilən
kooperativ binaların varislik hüququ da bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinə,
onun tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı departamentinə ötürülüb.
Prezident İlham Əliyevin "Çoxmənzilli binaların
lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər
haqqında” imzaladığı sərəncama uyğun olaraq Bakı şəhərində istismar müddəti
başa çatmış liftlər yenisi ilə əvəzlənir. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin
tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyi tərəfindən Almaniyanın "Wittur
Holding GMBH” şirkəti ilə müqavilə imzalanıb, yüzlərlə müasir lift alınaraq ölkəmizə
gətirilib. Həmin liftlər 2019-cu ildən başlayaraq paytaxtın müxtəlif
rayonlarında istismar müddəti başa çatmış köhnə liftlərin yerinə quraşdırılıb.
Dövlət və ictimai mənzil fondu
Təəssüf doğuran hal bundan ibarətdir ki, çoxmənzilli
binalarda liftlərin yenilənməsi zamanı ayrı-seçkiliyə yol verilib. Yalnız Bakı
Şəhər İcra Hakimiyyətinin xidmət dairəsində olan dövlət yaşayış fonduna aid
binalardakı köhnə liftlər yenisi ilə əvəzlənib. Həmin liftlərin texniki
istismarı bu binaların balans sahibi olan mənzil-kommunal təsərrüfatı təşkilatlarına,
liftlərin texniki xidməti və təmiri isə müqavilə şərtləri əsasında "Lifttəmir”
İstehsalat Birliyinə həvalə olunub. Lakin sovetlər dönəmində tikilən,
kooperativ binalar kimi tanınan çoxmənzilli yaşayış evlərinin liftlərində hər
hansı yenilənmə aparılmayıb. Bu barədə narazılığını ifadə edən vətəndaşlara
açıq şəkildə bildirilib ki, dövlət balansında və ictimai mənzil fondunda olan
evlərdən fərqli olaraq yüksək mərtəbəli kooperativ binalarda quraşdırılmış
liftlər mənzil-tikinti kooperativlərinin (MTK) ümumi mülkiyyətində olduğundan,
onların texniki xidmətinin təşkili və təmiri bilavasitə kooperativ üzvlərinin
hesabına təmin edilir.
Vətəndaşların şikayətinə biganəlik
Halbuki o MTK-lardan indi əsər-əlamət yoxdur və
sözügedən binalarda yaşayan sakinlər digər vətəndaşlar kimi aybaay lift pulu, həmçinin
digər kommunal ödənişləri vaxtlı-vaxtında ödəyir, dövlət qarşısında öhdəliklərini
yerinə yetirirlər. Buna rəğmən onların lift probleminə laqeyd yanaşılır.
Problemi araşdırmaq, kooperativ binalarda yaşayan sakinlərin şikayətini aidiyyəti
üzrə çatdırmaq üçün öncə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə yaratdıq.Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov mövzu ilə tanış olduqdan
sonra vaxtilə vətəndaşlara bildirilən fikirləri şifahi şəkildə yenidən təkrarladı.
Ardınca isə araşdırma aparmaq və yazılı məlumat vermək üçün bizdən bir neçə gün
vaxt istədi. Onunla razılaşsaq da, ötən həftələr ərzində Bakı Şəhər İcra
Hakimiyyətindən bu problemlə əlaqədar hər hansı məlumat əldə edə bilmədik.
Varislik hüququnu danmaq
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli mövzu
ilə bağlı qəzetimizə açıqlamasında deyib ki, çoxmənzilli binaların, xüsusən də
kooperativ binaların lift probleminin həll edilməsi sahəsində bərbad vəziyyət
hökm sürür: "Varislik deyilən hüquq mexanizmi var. Tutaq ki, SSRİ dövründə bir
çox kooperativ binalar inşa olunub. Amma həmin o kooperativlər hələ sovetlər
birliyi dağılmamışdan əvvəl öz varlığını başa vurub. Bir çox kooperativlər
sonradan ləğv olunub. Müstəqilliyin yenidən bərpası nəticəsində tamamilə yeni
iqtisadi sistemə - özəl sektora keçid etmişik. Bunun ardınca Bakı şəhərində,
ümumilikdə regionlarda, əsasən, özəl sektora aid yeni binalar inşa edilib.
Onların hər birinin kommunal texniki xidmətləri komendantlıq sistemi vasitəsilə
tənzimlənir. Bu sıraya həm də liftlərin yenisi ilə əvəzlənməsi, onlara texniki
xidmətin göstərilməsi aiddir. Həmin mənzil-tikinti kooperativləri vətəndaşlar
qarşısında bu öhdəliyini yerinə yetirir. Lakin SSRİ dövründə tikilən kooperativ
binaların varislik hüququ müvafiq qaydada rayon icra hakimiyyətlərinə, onların
tabeliyindəki mənzil-istismar sahələrinə aiddir. Bu baxımdan sovetlər dönəmində
paytaxtda inşa edilən kooperativ binaların varislik hüququ da bilavasitə Bakı Şəhər
İcra Hakimiyyətinə, onun tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı
departamentinə ötürülüb”.
Problemdən yaxa qurtarmaq
Ekspertin sözlərinə görə, sovet dövründə mövcud
olan bir çox kooperativlərin varislik hüququ müvafiq dövlət qurumlarına keçsə də,
həmin qurumlar bunu danaraq vətəndaşlara xidmət göstərmirlər: "Bakı Şəhər İcra
Hakimiyyəti deyə bilməz ki, SSRİ dövründəki kooperativ binalar bizim
balansımızda deyil və onların lift təsərrüfatının yenilənməsi dövlət tərəfindən
həyata keçirilə bilməz. Bu, sadəcə problemdən yaxa qurtarmaq, vətəndaşlarımızın
yaşayışına, kommunal-sosial hüquqlarına hörmətsizlikdir, sözügedən hüquqların
pozulmasıdır. Dövlət bilavasitə öz vətəndaşının xidmətlərini yerinə yetirən ali
qurumdur. Vaxtilə dövlətin hansısa qurumu ləğv olunubsa, iyerarxik olaraq onun
funksiyası, səlahiyyətləri müvafiq bir quruma, hansısa digər dövlət
strukturlarına ötürülür. Bunun üçün ayrıca qanuna, Konstitusiya normasına
ehtiyac yoxdur”.
Rufik İSMAYILOV