• cümə, 19 Aprel, 10:18
  • Baku Bakı 13°C

Liftin tavanı, döşəməsi, divarı, qapısı...

04.07.19 09:30 4108
Liftin tavanı, döşəməsi, divarı, qapısı...
Bazarda məhsul, xidmət çeşidləri artdıqca, rəqabətə davam gətirmək də heç də asan olmur. Rəqabətə davam gətirmək, öz sektorunun öndə gedənlərindən olmaq üçün önəmli məqamlardan biri də reklamdır. Yazıçı Duqlas Kouplend demişkən: "Reklam seçim imkanını öldürür”.
Reklamın effektli olması, bütün hədəf auditoriyasına çatmaq üçün gərək hər yerdə olasan, sənin təqdim etdiyin xidmət və məhsulu hər kəs görsün. Bunun üçün də reklamın fərqli növləri var və onlardan biri də bizdə nadir hallarda rast gəlinən liftdə reklamdır. Bəzən böyük otellərin və ya ticarət mərkəzlərinin liftlərində reklamlara rast gəlirik, ancaq bu, bizdə elə də geniş yayılmayıb.
Dünya təcrübəsi
Marketinq mütəxəssisi Fərid Hacıyev deyir ki, bu reklam növü dünya təcrübəsində çox geniş yayılıb: "Liftlərin tavanı, döşəməsi, qapısı, divarlarından reklamlar üçün istifadə olunur. Liftlərdə həm monitorlar yerləşdirilir, orda video şəklində reklamlar nümayiş etdirilir, həm də liftin içərisinə posterlər yapışdırılır. Avropa, Amerikada bu reklamlar geniş yayılıb, elə Türkiyədə də biz bu cür reklamları çox görürük”.
Marketinq mütəxəssisi Seymur Quliyevin sözlərinə görə, dünya təcrübəsində bu reklam növünün effektli olmasının səbəbi işin peşəkar şəkildə qurulmasıdır: "Dünya təcrübəsində bu reklam növündən gözəl şəkildə yararlanırlar. Çünki seqmentə uyğun reklamlar verirlər”.
Bizdə yeni-yeni istifadə olunur
F.Hacıyev bildirdi ki, bizdə bu reklam növünə maraq yavaş-yavaş artır: "Azərbaycanda hazırda daha çox biznes-plazaların liftlərində biz reklamı görə bilərik. Lakin son zamanlar yeni tikilən yaşayış binalarında da lift reklamlarını görmək olur. Məsələn, lifti gözlədiyimiz yerlərdə monitorlar quraşdırılır, orda reklamlar göstərilir. Liftlərin içərisində posterlər bir neçə dəfə qarşıma çıxıb”.
Seqmenti düz seçmək lazımdır
F.Hacıyev deyir ki, burda diqqət edilməli məsələ o liftdən hansı seqmentdən olan insanların istifadə etməsidir, əks halda nəticə effektli olmaz: "Reklam edilən məhsulu hansı liftə yerləşdirəcəyinə də baxmalısan. Biznes-plazadakı liftə verilən reklamla Bakının mərkəzindən bir az kənardakı binada veriləcək reklam fərqli olmalıdır. Çünki hədəf auditoriyası fərqlidir, mesajlar da fərqli olmalıdır”.
S.Quliyev qeyd edir ki, Azərbaycanda biznes-plazalarda bu reklam növündən istifadə olunsa da, seqmentə uyğun reklamlar göstərilmir: "Liftdə reklam bu gün bizdə o qədər də aktual deyil. Əsasən böyük plazalarda qarşımıza çıxır, ancaq orda da seqmentə uyğun reklamlar göstərilmir. Plazalarda işləyənlər iş adamlardır, orta və yuxarı təbəqənin insanlarıdır, amma onlara uyğun məhsulların reklamı getmir. Bu iş araşdırma tələb edir. Liftlərin quraşdırıldığı obyektləri, ordakı insanların kimlər olduğunu bilərək bu işi görmək lazımdır. Biznes-plazalarda reklam verilirsə, burda seqmentə uyğun reklam getməlidir. Yaşayış binalarındakı liftlərdə reklama xarici ölkələrdə də rast gəlməmişəm. Yaşayış binasında reklam vermək reklam verənə sərf etmir. Binanın liftindən ancaq o blokda qalanlar istifadə edir, bu da elə də geniş hədəf auditoriyası deyil.
Ticarət mərkəzlərinin liftləri adətən şəffaf şüşədən olduğu üçün orda da reklam effektli deyil. Bizim ticarət mərkəzlərində reklam yoxdur, varsa da qarşıma çıxmayıb. Ticarət mərkəzlərində bütün seqmentdən olan insanlar olur, amma reklam verəndə, o liftdən kimlərin istifadə etdiyini bilməlisən. Ticarət mərkəzlərində adətən, uşaqlı ailələr və xanımlar liftdən istifadə edir. Ona görə də onlara çatdırmaq istədiyiniz məhsulların reklamları orda daha effektli olar”.
Liftin necə olması da önəmlidir
S.Quliyev deyir ki, liftlər komfortlu olmadığı halda, orda reklam effektli nəticə verməz: "Liftdə reklam getməsi üçün insanların liftdə rahatlığı təmin edilməlidir. Havalandırma sistemi yaxşı olmalıdır ki, insanlar liftə minəndə, ancaq düşməyi fikirləşməsin. Bizdə liftlərdə havalandırma sistemi yaxşı olmadığı üçün insanlar minən kimi fikirləşirlər ki, tez düşək. Ona görə liftdə monitorda göstərilən reklama çox da fikir vermirlər. Eyni zamanda bizdə olan liftlərin əksəriyyəti güzgü ilə təchiz olunduğu üçün liftə minən insanların hamısı güzgüdə özünə baxır, monitora fikir vermir. Bir də güzgüdə selfi çəkirlər” (Gülür).
Cəlbedicilik vacibdir
F.Hacıyevin sözlərinə görə, lift reklamı bir az fərqli olmalıdır: "Dünya təcrübəsi belədir ki, liftlərdəki reklamlar müxtəlif dizaynda hazırlanır. Yumoristik, bir az fərqli tərzdə reklam məhsulu olur. Bu, kifayət qədər maraqlı alınır. Markanı yaddaşlara həkk etmək, mesajı daha yaxşı çatdırmaq üçün faydalı ola bilir. Liftə daxil olan insan ətraf aləmdən bir neçə saniyəlik təcrid olunur, ona görə reklam mesajı ilə istehlakçı arasında kommuniyasiya daha yaxşı gedə bilir. Yaxşı mesaj, fərqli dizayn və özünəməxsus tərzlə uğurlu iş ortaya qoymaq olar”.
Qısa, amma maraqlı
Lift reklamları maraqlı və qısa olmalıdır. F.Hacıyev deyir ki, liftlərdəki monitorlarda reklamlar kifayət qədər maraqlı olarsa, insanların diqqətini cəlb edə bilər: "Liftdə göstərilən reklamın vaxtı da fərqli olmalıdır. Çünki liftdə çox qısa müddət oluruq. Ona görə də qısa müddətlik reklamla mesajımızı çatdırmalıyıq. İnsanda hər hansı maraq oyatmaq lazımdır ki, liftdən çıxanda reklam yadında qalsın, o məhsulla bağlı araşdırma aparsın”.
S.Quliyevin sözlərinə görə, lift reklamı uzun olursa, ondan yaxşı nəticə gözləməyə dəyməz: "Lift bir mərtəbəni təxminən 2-3 saniyəyə çıxmalıdır, lakin bizim liftlərin sürəti o qədər azdır ki, 10 mərtəbəni 35-40 saniyə və daha çox müddətə gedir. İnsanlar da monitorda bir reklama bir neçə dəfə uzun müddət baxmağı xoşlamırlar. Reklamlar nə qədər lakonik olarsa, o qədər effektlidir. Bizdə liftlərdə reklamlar uzun olur”.
Ənənəvi reklamların nəticəsizliyi
Bu reklam növünə bizdə marağın olmamasına gəlincə, F.Hacıyev bildirdi ki, Azərbaycanda indiyə qədər daha çox ənənəvi reklam üsulları istifadə olunub: "Reklam verənlər artıq ənənəvi reklam üsullarından, plaftormalarından daha yaxşı nəticə ala bilmədikləri üçün yeni reklam növləri axtarırlar. Buna görə də lift reklamları da gündəmə gəlməyə başlayır. Bir neçə il öncə bir taksi şirkəti maşınların üstünə reklam yerləşdirmişdi. O da yeni və maraqlı təcrübə idi. Düşünürəm ki, bir müddət sonra reklam verənlər liftdə reklam məsələsinə daha kreativ yanaşa biləcəklər. Daha maraqlı təcrübələr görəcəyik”.
Sonda qiymət məsələsinə gələk. F.Hacıyev qeyd etdi ki, bu, ucuz reklam növlərindən hesab edilir: "Liftdə olan reklamlar əslində TV reklamlarından, bilbordlardan qat-qat ucuzdur. Çünki bu reklamlar TV qədər geniş auditoriyaya çatdırılmır. Yaşayış binasında 100 ailə yaşayırsa, hər ailəni 3 nəfərdən götürsək, 300 nəfər edir. Binaya qonaq gələnləri də nəzərə alsaq, təxminən 600 nəfərə çatmış olur. TV-ni isə minlərlə adam izləyir. Ona görə həm biznes, həm də yaşayış mərkəzlərində lift reklamları digər reklam növlərindən çox ucuz olur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər