• şənbə, 20 Aprel, 20:12
  • Baku Bakı 24°C

LEV NİKOLAYEVİÇ TOLSTOYUN DƏFNİNDƏ

08.02.16 10:41 3539
LEV NİKOLAYEVİÇ TOLSTOYUN DƏFNİNDƏ
I
Biz "Serpuxovskaya zastava" ("Serpuxov zastavası") meydanından yola düşəndə axşam saat yeddi idi. Moskva ədəbi-bədii dərnəyinin nümayəndələri kimi İvan İvanoviç Popov və mən avtomobildə gedirdik. Popovun tələbə oğlu da bizimlə idi.
Zastavanı keçəndən sonra alçaq damlı evlər görünməyə başladı. Sonra qaranlıq gecədə üfüq boyu uzanan şahmat taxtasına bənzər fabriklərin kvadrat siluetləri göründü.
Əlbəttə ki, biz yol boyu elə Tolstoydan danışırdıq...
İvan İvanoviç Tolstoyla şəxsi münasibətlərindən danışır. Sibirdə yaşayarkən Tolstoyun qeydinə qaldığı bir neçə sürgün olunmuş adama şəxsən özü qulluq göstərib. Sonra o, Yasnaya Polyanada qonaq olub, Tolstoyla gəzib-dolanıb, at çapıb.
Tolstoyla tanış olmaq mənə qismət olmadığından, mən də İvan İvanoviçə bu cür söhbətlər edə bilmədim.
Bir moskvalı kimi yaxşı bilirdim ki, Arbatda (Moskvanın mərkəzi küçələrindən biri – X.A.) camaat arasında onun dahiyanə şəxsini tez-tez görmək mümkün idi. Yerişi aram idi. Lakin ara-bura vurnuxan camaatın arasından Tolstoy, sanki tez keçib getməyə çalışır, hamı ona çevrilib baxırdı.
Dahi qocanın gözləri sallanmış qaşlarının arasından iti baxırdı. Hər kəsə elə gəlirdi ki, Tolstoy məhz onu bəsirətli baxışlarıyla gözdən keçirir.
Tələbə olanda bəzi yoldaşlarım Tolstoyun yanına gedərək, ona "necə yaşamaq" haqqında suallar verirdilər. Amma əslində, sadəcə onu görmək istəyirdilər. Bu cür, bəlkə də, bağışlanması mümkün olan ikiüzlülük məndən ötrü yolverilməz idi. Əgər Tolstoyun məsləhət gördüyü kimi yaşamağa hazır olsaydım, mən də onun yanına gedərdim. Lakin öz marağımı bu cür bəhanələr altında gizlətmək istəmirdim.
Sonralar Tolstoyun evinin həndəvərindəki adamlardan onun haqqında bir çox şeylər eşitdim. Yoldaşlarımdan biri Tolstoyun kiçik uşaqlarının mürəbbisi kimi iki il evində yaşamışdı. Afanasi Afanasyeviç Fetin bioqrafiyasıyla məşğul olan bir başqa yoldaşımısa Tolstoy Yasnaya Polyanaya dəvət etmişdi. O, Tolstoyun arxivi ilə tanış olub. Daha sonra mən bir çox başqa şəxslərdən də, həmçinin Aleksandr Mixayloviç Dobrolyubov (rus simvolist şairi – X.A.) və Dmitriy Sergeyeviç Merejovskidən (rus şairi, yazıçı, ədəbi tənqidçi, dini filosof, ictimai xadim – X.A.) gizli olan söhbətləri eşitmişdim...
Bütün bu söhbətləri mən yol yoldaşımla bölüşürəm.
Gələcək nəsillər Tolstoy haqqında biz bilməyən çox şeyləri biləcəklər. Lakin onlar Tolstoyu görənlərə, onunla həmsöhbət olanlara, bu dahi şəxsiyyətə heç olmasa yaxınlaşa bilənlərə, hətta Tolstoyu yaxından tanıyanlardan onun haqqında məlumat toplayan mənim kimi adama belə həsəd aparacaqlar! İndi, Tolstoy həyatda daha olmayan bir vaxtda onun çağdaşı olmağımızın necə böyük bir əhəmiyyət kəsb etdiyini anlayırıq.
Podolsku ötüb keçirik.
Qəza şəhərciyinin küçələrində işıqlar sayrışır. Yenə də çöllüklər, qaranlıq uzaqlar, ulduzlu səma görünməyə başlayır. Karetin künclərinə söykənərək mürgüləyirik. Birdən gözlərimizi açanda gördüm ki, biz tam sürətlə aşağı salınmış şlaqbauma yaxınalışırıq. Özümü önə atıb qışqırıram. İndiyə kimi oxuduğum avtomobil qəzaları xəbərlərinin hamısı bir anlıq gözümdə canlandı. Mənə elə gəldi ki, ölümlə bir addımlıqdayıq. Sürücüsə son anda əyləci sıxa bildi. Avtomobilsə “qeyri-ixtiyari olaraq” uçub dirəyə çırpıldı. Biz bir-birimizin üstünə yıxıldıq... Qalxanda halsız-halsız baxışdıq. Müxtəlif kiçik əzikləri nəzərə almadan sağ-salamat olduğumuzu gördük. Ətrafa boylandıq. Buralar elə məyus və hüznlü görünür. Dəmir yol relsləri. Lüm-lüt ağaclar. Ucsuz-bucaqsız boşluğa uzanan bomboş yol...
Sürücülər avtomobili təmir etməyə çalışırlar. Çox güman ki, o yararsız vəziyyətə düşüb və bizi mənzil başına çatdıra bilməyəcək.
Sonralar mən eşitdim ki, universitetdən Tolstoyun dəfninə gedənlər olan deleqasiya qatarında ona yer tapılmadığı üçün tələbə qızlardan biri möhkəm ağlayıbmış. Elə biz də indicə gözümüzün suyunu axıtmağa hazır idik. Qatarla yox avtomobillə getməyi seçdiyimizə görə özümüzü lənətləyirdik. Əlacımız tamam kəsilmişdi. Bir-birimizin üzünə baxıb sual verirdik ki, doğurdanmı Tolstoyun dəfn günündə bizə hansısa uzaq yerdə, yad bir kənddə olmaq qismət imiş?! Bunun heç bir əhəmiyyəti olmadığını bilsək də, sürücüləri möhkəm tənbeh edirik. Onlar bizə Moskvaya təcili teleqram yazıb, başqa maşın tələb etməyi məsləhət görürlər. Lakin bu gecənin yarısı teleqramı bizdən qəbul edəcək teleqrafı hardan tapasan? Məsləhət-məşvərət edib arabayla yaxınlıqdakı kəndə - Lopasnaya getməyi qərarlaşdırdıq. Avtomobil də arxamızca sürünür. Sürücülərin ümidi var ki, onu dəmirçi düzəldə biləcək. Lopasnoda bizim gəlişimiz diqqət cəlb edir. Gecə saatları olmasına, çox yerlərdə artıq işıqların sönməsinə baxmayaraq, bayram günü - Mixail-arxangel günü olduğuna görə hələ də küçələrdə gəzişən adamlar görünürdü. Avtomobilin yanında kartuz (qabağı günlüklü furajka, papaq – X.A) və şlayapalı adamlar toplaşmağa başladı. Dəmirçi özünü çatdırdı. O da bir qədər kefli idi. Yerli keşiş və arvadı da gəlib çıxır. Keşiş yaxınlıqdakı telefon olan poçta getməyi məsləhət görür. Gedirik. Poçtu mühafizəçilər qoruyur. Bizə onların poçta çox yaxınlaşanlara güllə atmaq ixtiyarları olduğu barədə xəbərdarlıq edirlər. Hərbi danışıqlar aparmağa başlayrıq.
- Yaxşı! Bir nəfər diribaş olanınız içəri keçsin!
Aramızda diribaş olan sürücünü içəriyə ötürürük. Bir neçə dəqiqən sonra o, xoş xəbərlə yanımıza qayıdır ki, bəs saat 3-də yeni avtomobil gələcək.
Gecə, yuxuda olan kənd, hürüşən itlər, arada yoldan ötən sərxoşların söyüşləri eşidilir. Gərək yeni avtomobil gələnə qədər hardasa 3-4 saat gözləməyə yer tapaq. Yenidən keşişə müraciət edirik. Ya hara getdiyimizi bilmişdi, ya da ki hər hansısa bir başqa səbəbdən sualımızı çox soyuq cavablandırdı. Kənd mehmanxanasına gedirik. İçəri buraxmırlar.
- Niyə? Pasportlarımız üstümüzdədi.
- Olmaz.
Başqa əlacımız qalmır. Dəmirçinin hisli-paslı daxmasına gedirik. Gecənin qalan hissəsini orda keçirməyə çalışırıq... Səhər saat 3-də İvan İvanoviçin sevincli səsi məni yuxudan oyadır: "Gəlir!"
Həqiqətən də, avtomobil gəlir. Özü də bir dənə yox, bir neçəsi. Öndə bizim, sonra tanışlarımız olan, arxada da üçüncü... Kimsə deyir ki, lap axırıncı avtomobildə şəhər başçısı N.İ.Quçkov gəlir. Sonradan bu məlumatın yanlış olduğunu bildik. N.İ.Quçkovun Moskvada daha vacib işləri varmış.
Dəmirçi bizimlə sağollaşdı:
- Yolunuz açıq olsun, cənablar! Mənim kasıblığıma baxmayın. Mən də qraf Tolstoyun davamçısıyam: mülküm yoxdur.
Dan yeri artıq ağarmağa başlayır. Hər tərəf qarla örtülüb. Soyuqdur.
Tula istiqamətində yola çıxırıq. Gecikməməkdən ötrü Zasekaya girməmək qərarına gəldik. Əl-üzümüzü yuyub, özümüzü qaydaya salıb Yasnaya Polyanaya yol aldıq.
II
Avtomobili şossenin kənarında saxlayıb Yasnoye Polyanaya piyada gedirik. İvan İvanoviç mənə yerli topoqrafiyanı izah edir. Bu, Tolstoyun becərdiyi meyvə bağıdır. Bu da dincəlməkçün əyləşdiyi köşkdür. Orada - uzaqdasa Afonina meşəliyidir. Məzarı onun yaxınlığında olacaq. Bu da çoxuna şəxsi xatirələrdən və ya saysız fotoqrafiyalardan tanış olan Yasnaya Polyana girişi sayılan məşhur iki sütundur.
Gözəl dərə-təpəli yerlərdir. Buraların əsl rus görünüşü var. Ancaq kasıb daxmalarından ibarət olan kənd dağın yamacındadır. Palçıqlı-gilli yolla üzü yuxarı qalxırıq. İkimərtəbəli, sadə, eyvanlı, quş və heyvan fiqurları ilə bəzədilmiş sürahı görünməyə başladı. Tipik mülkədar malikanəsidir. Artırmanın qabağında da "kasıblar ağacı" ucalırdı. Hər şey elə tanış idi ki, sanki özüm burda çox qonaq olmuşam. Yan tərəfdə köhnə məktəb binası, ibadət yeri, at tövləsi var. Gələnlər - tələbələr, fotoqraflar, kurs müdavimləri artıq kifayət qədər idi. Hər yerdə - parkda, darvazanın ağzında atlı mühafizəçilər və kazaklar dayanmışdı. İvan İvanoviç canfəşanlıq edir, tələbələri nizam-imtizama nəzarət etməyə çağırır. Mən kənara çəkilirəm. Eşidirəm. Eynən Moskvadakı kimi burada da qrafdan heyrətlə danışılır, qrafinyanı mühakimə edirlər...
Tədricən yeni-yeni simalar gəlir. İçəri buraxmaq istəmədikləri hansısa fransız jurnalistinə ora gəlməyə köməklik edirəm. Tanışları qarşılayıram. Peterburqdan verilən əmrə əsasən Moskvadan Kursk vağzalından yola düşənlərə törədilən əngəllər barədə eşidirəm...
Uzaqdan musiqi səsləri gəlir.
- Gətirirlər!
Hamı yerində donuxub gözləyir.
Təntənəylə gələn alay yaxışlaşmaq üzrədir. Öndə əllərində "Lev Nikolayeviç, sənin xeyrixahlığın barəsindəki xatirələr bizim - yetim qalmış Yasno Polyana kəndlilərinin qəlbində hər zaman yaşayacaq!" şüarı ilə kəndlilər gedirdi. Onların arxasınca balaca əklil gətirilirdi. Daha sonra əllərində sadə sarı şabalıd ağacından, üstü açıq tabut gətirirdilər. Lap arxada qara lentləri palçığa bulaşan əklillərlə dolu üç araba gəlirdi. İzdiham darvazadan daxil olur. Hamı dinməzcə gəlir və heç kim danışmaq istəmirdi. Bir zirək gənc oğlan önə qaçaraq kodakını (fotoaparatını – X.A) quraşdırdı və əl-qolunu tərpədərək gələnələrə qışqırdı:
- Bir dəqiqə! Bir dəqiqə! Gözləyin!
Cəzani gətirənlər istər-istəməz dayandılar.
- Sizinçün bir dəqiqə də çoxdur! - onlardan biri dilləndi.
Lakin hər tərəfdə - ağacların dalından, budaqlarda gələn izdihama tərəf fotoaparatlar çəkirdi.
Evin yanı basırıq idi. Hər kəs nəyin bahasına olursa olsun, tabuta yaxınlaşmağa cəhd göstərirdi. Tolstoyun oğlu eyvandan camaata səslənərək sakitləşməyi və onlara mərhumla təklidə vidalaşmağa yarım saat vaxt verməyi xahiş edir.
Hamı susur. Evin eyvanından parka doğru uzun canlı lent kimi növbə düzülür. Ümumiyyətlə, bu tarixi gün uzunu "cənablar" və "mujiklər" bu lent uzunu bir-birinə qarışmışdılar. Növbədə dayanmaq istəmirəm, parkda gəzirəm, müxtəlif simaları gözdən keçirir və düşünürəm. Burada necə də az adam toplaşıb! Cəmi üç-dörd min adam! Bütün Rusiya üçün bu rəqəm çox azdır. Amma Tolstoyun dəfnin ümumrusiya səviyyəsində olmamasından ötrü əllərindən gələni etmişdilər. Hər şeydən əvvəl Tolstoyun ölümündən üç gün keçsəydi belə buralara gəlib çıxmaq çox müşkül bir iş idi. Düzü Tolstoy da tez dəfn olunmağı vəsiyyət etmişdi. Amma o həm də tabutunun üstünə əklil qoymamağı da istəmişdi axı. Buna baxmayaraq onu sonuncu arzusuna hörmət qoymadılar və hamıya "hərəkət azadlığı" verdilər. Görəsən, onu dəfn etmək üçün niyə belə tələsdilər?
Sonra Moskvadan təcili qatarların çıxışına qadağa qoydular. Və bu haqda məlumatı nədənsə axşam verdilər. Minlərlə bura gəlmək istəyən insan vağzalda qaldı. Camaat başqa yollarla - Ryazan, Brestk yolları ilə də olsa gələ bilmədi... Belə baxanda ancaq ətraf kəndlərin, Tulanın sakinləri və çox az sayda moskvalılar gəlmişdi. Bir köhnə moskvalı kimi mənimçün gələnlərin çoxu tanış idi. Hər dəqiqə kiminsə əlini sıxmalı olurdum...
Hamı təbii ki, Tolstoydan danışır... Bu qorxu və narahatlıq içində hamıyla söhbətləşirsən. Lakin bu abu-havanı hər hansı bir yersiz deyilən sözdən pozulmasından narahat olursan. Lakin, çox güman ki, bugünkü gündə hamı eyni səpkili sözləri eşitmək istəyir. Və təbii ki, eşitdiklərim düşündüklərimlə üst-üstə düşür.
Nikolay Yefimoviç Efros Astapov stansiyasında keçirdikləri o beş gün haqqında danışır. Öz kiçik dünyasında yaşayan Tolstoy vəfat etdiyi evində bütün hisslərinin gərginliyi altında yaşayırdı. Hamıya bəlli idi ki, o stansiyada döyünən nəbz bütün dünyaya səs salırdı. Hardan yayıldığı məlum olmayan pis şayiələr qorxunc idi. Yataqda olan xəstənin yanında iki partiyanın ağır çəkişməsi olayı daha da ağırlaşdırırdı.
Tələbə sanitar dəstəsiylə İvan İvanoviç məsləhətləşməkçün mənə yaxınlaşır. Onlar səhərdən öz vəzifələrini yerinə yetirir, ac və yorğundular. Kiçik bir qrupu orada qoyub dincəlməyə getməyi məsləhət görürük. Nizam-intizam nümunəvidir, əlavə heç nəyə ehtiyac yoxdur.
Həmçinin polis rəisləri və kazak qrupları ilə danışıqlar aparırıq ki, mühafizəçiləri insan izdihamına tərəf yönəltsinlər. Nizam heç nəylə pozulmayanacan çəkilib qıraqda durmaqlarına razılıq alırıq. Aleksandr İvanoviç Sumbatov - Yujin (aktyor, dramaturq, teatr xadimi– X.A) ayağını çəkə-çəkə gələrək Tolstoyun tabutu üstünə İmperator teatrları adından əklil qoyur...
III
Saat 3-ün yarısı.
Tolstoyla vidalaşmaq istəyirəmsə, tələsməliyəm.
İvan İvanoviçlə növbənin demək olar ki, ən sonunda dayanırıq. Yavaş-yavaş önə keçirik. Bu da L.N.Tolstoyun qardaşı Nikolayın büstündən başqa hər şeyin çıxarıldığı otaq. Tolstoy üstü açıq tabutdadır. O, çox arıq və balaca görünür. Üzündəsə bu dünyadan köçənlərin çoxuna xas mülayimlik və sakitlik var. Deyirlər ki, Tolstoy çox dəyişilib. Bu otaqda bir dəqiqə də olsun yubanmaq olmaz... Amma dayanmaq, baxmaq, düşünmək istəyir adam. Bu, sözünün sehrli qüvvəsi, fikirləri, iradəsi ilə yaşadığı əsrin qəlbinə hakim kəsilən Tolstoy idi. Bu, bir nəslin, bir ölkənin, hətta bir mədəniyyətin deyil, hətta bütün bəşəriyyətin fikir və şübhələrini ifadə edən bir insandır. Bu, öz qəhrəmanlığını sona yetirərək, adamlara dediyi sözlərin yüzilliklər boyu dərinliyinə varmağı, sirli mənalarını açmağı vəsiyyət edən Tolstoydur...
- Cənablar, buyurun, keçin! Yubanmayın!
Biz bağa gəldik. Tolstoyla keçirdiyimiz bu anlardan sonra, sanki ürəyimizdə nəsə bir dəyişiklik oldu. İki dəqiqə bundan qabaq olan xırdalıqlar haqqında düşünmək istəmədim. Kənd qadını önlüyünün ətəyinə göz yaşlarını silərək ağlayır. O, indicə bizimlə birgə növbədə idi.
- Siz yerlisiz?
- Bəli, yerliyik, yasnopolyanalıyıq.
- Mərhum dəyişilmişdi?
- O, ömrünün son illərində bu cür idi. Arıq və balaca idi sanki. Əsas qəlbi idi. Bədənini burada - yerdə gəzdirirdi. Oradasa lazım olmayacaq ona...
Evin qapıları örtülür. Mərhumu evdən çıxartmağa hazırlaşırlar. İnsanlar yenidən eyvanın yanına toplaşır.
İzdihamın başı üstündən sinematoqraflıların aparatları görünür. Evin qapıları yenidən açılır və tabutu aramla çıxardırlar. Onu Tolstoyun oğlanları daşıyır.
Kimsə başlayır:
- Ruhu şad olsun...
Hamı bu səsə qoşulur. İstər istəməz səsini ümumi səslərə qatmaq istəyirsən. Və bu an inanırsan ki, bu səs bütün Rusiyadır.
- Diz üstə!
Hər kəs Tolstoyun cənazəsi önündə diz çökür.
Və ancaq kodakların çıqqıltısı və sinematoqrafların aparatlarının sakitcə dəstəyi fırlanır. Bundan şikayətmi edilsin? - Sabah minlərlə şəkillərdə gecikən adamların gözündə bu an canlanacaq. Sonralar dedilər ki, mən şəkillərdə xüsusilə dəqiq və aydın düşmüşəm. Bilmirəm, mən özüm canlı şahidi olduğum hadisənin mexaniki təkrarını görmək istəmirdim. Düzünü desəm, dəfnin təntənəli anlarında sinematoqrafların işi məni qıcıqlandırırdı.
Yeni bir yürüş başlayır - məzara doğru.
Tələbələr və kurs müdavimlərinin yaratdığı sıra zəncirindən arala addımlayırıq.
Cənazənin arxasında mərhumun ailə üzvləri gedir. Dərd içində boğulan qrafinya Sofya Andreyevnanın əynində sadə, boz yaxalıqlı kürkü, başında qara yaylıq vardı. Onun qoluna girib aparırdılar.
İzdihamın içində bir nəfər diqqətimi cəlb edir. Bu, Astapovo stansiyasının rəisi, öz evini xəstə Tolstoya verən Ozolindir. O sadə bənizli, keçəl, qara saqqallı bir adamdır.
Lev Tolstoy faciəsinin son səhnəsi məhz burada - Rusiya dəmiryolunun başqa stansiyalarından heç nəylə fərqlənməyən kiçik bir stansiyasında oynanıldı! Gör necə təsadüflər nəticəsində bu sadə, mehriban insanı, dəmiryol stansiyasının rəisi Ozolin tarixi insana çevrildi. Biz onu heç vaxt unutmarıq! Onun adı bütün dünyanın heç olmasa Yuliy Sezarın nə vaxtsa Adriatik dənizini üzüb keçməkçün mindiyi qayığın sahibi olan kasıb balıqçı kimi yaddaşında qalacaq!
Adamlar dualar edə-edə gedirdi. Getdikcə qalxmaq çətinləşirdi. Amma yenə də gözümüzü sadə, sarı tabutdan çəkmək istəmirdik. Onu öz yaddaşımızda saxlamaq istəyirdik. Sanki bununla bir az da olsa o insana yaxınlaşa bilirdik.
Afonina meşəliyinin yanında keçib Tolstoyun son mənzil üçün vəsiyyət etdiyi yerə yaxınlaşırıq. Yeddi-səkkiz ədəd palıd ağacının göyərdiyi balaca bir təpə. Sol tərəfdən yol və meşəliyin cığırı, sağ tərəfdənsə yarğan və yamac vardı. Buradan uzaqlarda boy atmış kollar, ağaclar görünürdü. Genişlik və sakitlik...
Bu cür gözəlliyin qədrini əsl rus bilir. Bu gözəllik doğmadır, bizimdir. Bu gözəlik haqqında şairin diliylə demək istəyirəm:
Yadellinin məğrur baxışı
Anlamaz, sezə bilməz...
Tolstoy bütün dünyaya mənsub idi. Onun sözləri həm ingilis, həm fransız, həm yapon, həm buryatlar üçün səslənirdi... Bütün bəşəriyyət ona yaxın idi. Amma o, var gücüylə Rusiyanı sevirdi. Onun ruhunu duyurdu, təbiətinin gözəlliyini çox mükəmməl təsvir edirdi. Nə yaxşı ki, onun məzarı rus meşəliyində, ona doğma ağacların altındadır. Və nə yaxşı ki, bu yamac ona doğma və əziz olan mənzərə ilə qovuşurdu...
Təşkilatçılar əllərini yelləyirlər. Tələbələr kütləni saxlamaqdan ötrü bütün qüvvələrini sərf edirlər. Bəzi adamlar ağaclara dırmanaq, budaqlardan sallanıb seyr edirdilər.
- Yeri behişt olsun!
Sərin payız havasına gənclərin bu duaları qarışırdı.
Yenidən hamı diz çökür.
Ancaq bir neçə polis əməkdaşı dayanıb.
Meşədə, ağacların dalında əli tüfəngli bir dəstə kazak dayanmışdı. Tabutu yerli kəndlilərin don vurmuş torpaqda qazdığı məzara endirirlər.
Heç kəsin nitq söyləməyəcəyi barədə öncədən şərt kəsilmişdi. Nə danışmaq olardı axı? Hər bir kəs Tolstoyun qarşısında öz cılızlığını açıq-aydın hiss edirdi. Mən və İvan İvanoviç Popov kənara çəkildik. Mühüm hadisə artıq bitmişdi. Dəfnə yetişə bilən hər bir kəs özünü bütün Rusiyanın təmsilçisi kimi görür və bu günün necə keçməsi məsuliyyətinin onların da üzərində olduğunu anlayırdı. Bu susqun dərketmə sirli şəkildə bütün kütləni birləşdirir, həm "ziyalıların", həm də "sadə adamların" baş verən hadisəyə böyük bir ehtiramla yanaşmasına səbəb olurdu.
Hər şey çox sadə oldu. Lakin bu sadələyin özündə başqa dəfn mərasimlərindəki minlərlə adamın səs-küy və həyəcanından daha güclü nəsə vardı. Sanki kimsə bütün burda olanlara özlərini necə aparmaqları barədə təlimat vermişdi. Və Tolstoyun meşədə, "Qraf sifarişi" guşəsində, üç min-üç min beş yüz adam əhatəsində keçən dəfni Tolstoya layiq şəkildə, daha doğrusu Rusiyaya layiq şəkildə başa çatdı.
Saat 3-dür. Tələsmək lazımdır.
Biz gedən ərəfədə kimsə məzarın qarşısında durub danışmağa başladı. Şərt pozulduğu üçün nəsə narahat oldum. Sonra diqqət etdim ki, bu, Leopold Antonoviç Sulerjiskidir (teatr rejissoru, rəssam, pedoqoq, ictimai xadim – X.A). Tolstoyun niyə məhz burada dəfn olunduğunu soruşur. Sulerjiskidən sonra iştirakçılardan kimsə bir neçə kəlmə danışdı. O, pis heç nə deməsə də, danışdıqları artıq idi... Bir neçə dəqiqədən sonra biz artıq avtomobildəydik. Geri qayıtmaqçün yola çıxdıq. Hava tez qaralırdı.
Tuladan sonra yol boyu avtomobillərdə dəfnə gecikən adamlar görünməyə başladı. Serpuxov tərəfdə Moskva universitetinin rektoru A.A.Manuylovun avtomobili ilə qarşılaşdıq. Gördüklərimizi qaranlıqda bir-iki kəlməylə ona çatdırdıq. Yenə də zəmilər, kəndlər və şahmat taxtasına bənzər kvadrat fabriklər görünməyə başladı. Əhəmiyyətli və tarixi gün bitdi...
VALERİ YAKOVLEVİÇ BRYUSOV
Rus dilindən tərcümə edən: Xanım AYDIN
banner

Oxşar Xəbərlər