• çərşənbə axşamı, 23 aprel, 20:21
  • Baku Bakı 20°C

"Lenta.ru": Tam döyüş hazırlığında

06.09.20 19:57 858
"Lenta.ru": Tam döyüş hazırlığında
Ermənistan rəhbərliyi əhalini iqtisadi problemlərdən necə yayındırır
Sentyabrın 5-də Rusiyanın "Lenta.ru” portalı "Tam döyüş hazırlığında” adlı məqalə yayımlayıb.AZƏRTACməqaləni təqdim edir.
X X X
Ermənistan-Azərbaycan sərhədində artıq bir aydan çoxdur ki, hərbi toqquşmalar və atışmalar davam edir. Bakı mütəmadi olaraq onun ərazisinə erməni silahlı qüvvələrinin təxribat-kəşfiyyat qruplarının atıldığını bildirir. Ermənistanın hərbi müdafiəsi altında olan qondarma Dağlıq Qarabağ respublikasında isə ümumiyyətlə bu günlərdə əsl müharibəyə hazırlaşmağa çağırıblar. "Lenta.ru” bu cür təcavüzkar bəyanatlara əsasın olub-olmadığını anlamağa çalışıb.
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan 2020-ci il avqustun 29-da qondarma Dağlıq Qarabağ respublikasının (DQR) paytaxtı Stepanakertə gələrək, yerli hərbi rəhbərliklə görüş keçirib. "Bu gün Qarabağ Müdafiə Ordusunun qərargahında keçirilən müşavirə zamanı biz hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin düşmənin qarşısını almaq mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik”, - deyə Paşinyan "Facebook” səhifəsində bildirib.
Ermənistan hökumətinin başçısı DQR-in prezidenti Araik Arutyunyan ilə də görüşüb və regionda mövcud vəziyyəti, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafı üzrə birgə layihələri müzakirə edib.
Paşinyanın Qarabağa səfəri yayın son günündə qeyd olunan Azərbaycanın Qubadlı rayonunun ermənilər tərəfindən işğalının 27-ci ildönümü ərəfəsində baş tutub. Bakıdan verilən rəsmi məlumatlara görə, 1993-cü ilin avqustunda hərbi əməliyyatlar zamanı erməni qüvvələri tərəfindən 6988 yaşayış evi, 1080 kənd təsərrüfatı obyekti, 32 rabitə müəssisəsi, 86 - səhiyyə, 180 - mədəniyyət, 6 sənaye müəssisəsi dağıdılıb.
Bundan başqa, beş il ərzində Qubadlıda 238 nəfər həlak olub, 146 nəfər isə əlilə çevrilib. Bu gün baş verənlər demək olar ki, otuz il əvvəl baş vermiş hadisələri xatırladır. Xüsusilə, Azərbaycanın Müdafiə Nazirliyi təkcə sentyabrın 1-də Ermənistan tərəfdən 32 dəfə atəş qeydə alıb. "Azərbaycan ordusunun Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərindəki mövqeləri atəşə tutulub”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin saytında bildirilir.
Ermənistan-Azərbaycan hərbi qarşıdurmasının başlanğıcı 1992-ci ilə təsadüf edir. O zaman Dağlıq Qarabağ bölgəsinə görə münaqişə Ermənistanla Azərbaycan arasında tammiqyaslı müharibə xarakteri aldı. 1994-cü ilin may ayında Rusiyanın vasitəçiliyi ilə Yerevan və Bakı atəşkəs haqqında saziş imzaladılar. Sonrakı onilliklərdə vəziyyət vaxtaşırı müxtəlif insidentlərin baş verdiyi, 2016-cı ildə az qala tammiqyaslı qarşıdurmaya çevrilə bilən "dondurulmuş münaqişə” mərhələsinə keçdi.
Yenidən gərginləşmə 2020-ci il iyulun 12-də başladı. O vaxt Azərbaycan Ermənistanla sərhəddə hərbi əməliyyatların bərpa olunduğunu, ilk atəşin Ermənistan tərəfindən açıldığını bəyan etdi. Ermənistan silahlı qüvvələri tərəfinin təqdim etdiyi atəşə tutulma səbəbinin izahı kifayət qədər qəribə görünürdü. O, hətta Nikol Paşinyanın özündə də təəccüb doğurdu. O, hökumətin iyulun 14-də keçirilən iclasında guya Ermənistan ərazisinə keçərək və bununla da erməni hərbçilərini təhrik etmiş Azərbaycan Silahlı Qüvvələrinin UAZ markalı maşınını atəşə tutmalarının məqsədəuyğunluğunu şübhə altına aldı və müdafiə nazirini tənqid etdi.
Hər halda, təkcə iyulun 12-dən 27-dək Ermənistan tərəfindən altı hərbçi həlak olub, 38 nəfər yaralanıb: 35 hərbçi, iki polis və bir dinc sakin. Azərbaycan hakimiyyəti 13 nəfərin öldürüldüyünü (onlardan 12-si hərbçi və biri dinc sakin) və dörd nəfərin yaralandığını bəyan edib.
Qeyd olunan dövrdə davam edən şiddətli döyüşlər başa çatdıqdan sonra da iki respublika arasındakı sərhəddə vəziyyət gərgin olaraq qalır. Məsələn, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 23-də Ermənistan silahlı qüvvələrinin təxribat-kəşfiyyat qrupu Goranboy rayonu istiqamətində təxribata cəhd göstərib.
Azərbaycan ordusu ilə döyüş qarşıdurması nəticəsində erməni hərbçiləri geri çəkilməyə məcbur olub, qrupun komandiri, baş leytenant Qurgen Alaverdyan isə əsir götürülüb. "Biz bir daha bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyi daşıyır”, - deyə bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi qeyd edib.
Diqqətəlayiq haldır ki, iyul ayında qarşıdurma tərəflər arasında "çəkişmə nöqtəsi” olan və dəfələrlə döyüş əməliyyatları yerinə çevrilən Dağlıq Qarabağda deyil, birbaşa Ermənistan və Azərbaycan sərhədində, dinc kənd sakinlərinin yaşadığı ərazidə baş verib. Bu, bəzi ekspertlərin fikrincə, Ermənistanın münaqişəni KTMT-nin səlahiyyətinə vermək və Rusiyanı bu əraziyə cəlb etmək niyyətini göstərə bilər.
Hələ 2015-ci ildə hərbi müşahidəçi Pavel Felgenhauer deyirdi: "Hər dəfə sərhəddə atəş səsləri eşidiləndə və son vaxtlar, həmçinin raket hücumları edildiyi zaman, əsgərlər və mülki vətəndaşlar öldürüldükdə, Yerevan susaraq hərbi müttəfiqi - Ermənistanın təhlükəsizlik zəmanətini öz üzərinə götürən Moskvanın reaksiyasını gözləyir. Adətən - ən azı son illərdə - bu reaksiya olmur”.
Ekspertin fikrincə, bu dəfə Ermənistan Rusiyanı Azərbaycana qarşı hər hansı hərbi əməliyyatlara təhrik edə bilməyəcək. "Əlbəttə ki, Ermənistan Rusiya da daxil olmaqla KTMT-dəki müttəfiqlərdən kömək istəyəcək, çünki onun ərazisində - Gümrüdə Rusiyanın hərbi bazası var. Amma Rusiya müharibə etmək istəmirsə, Ermənistan Rusiyanı müharibə etməyə məcbur edə bilməz", - deyə Pavel Felgenhauer vurğulayıb.
Əslində, "Lenta.ru”nun yazdığı kimi, Ermənistan özü dərhal göstərilən ssenarinin yolu ilə getdi, bu da Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın 14 iyul tarixli bəyanatı ilə təsdiqlənir. Diplomatın sözlərinə görə, Rusiyanın Ermənistan-Azərbaycan sərhədində baş verənləri dayandırmaq üçün vasitəçilik səylərini göstərə biləcəyinə Yerevanda çox ümid bəslədilər. "KTMT-dən olan həmkarlarımızın reaksiyasına da ümid bəsləyirik, çünki söhbət Ermənistanın KTMT iştirakçıları da daxil olmaqla tanınmış sərhədinin sahəsindən gedir", - deyə Toqanyan o vaxt bildirib.
Lakin Rusiya Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən təkcə "ciddi narahatlığını” dilə gətirdi. "Regionun təhlükəsizliyinə təhdid edən gələcək eskalasiyanın qəbuledilməz olduğunu hesab edirik. Qarşı tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırırıq”, - deyə qurumun rəsmi bəyanatında bildirilib.
Nazir Sergey Lavrov faktiki olaraq vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Ermənistan tərəfinin üzərinə qoyub. "Coğrafi amil də bir növ təkan rolunu oynayıb: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhəd-keçid məntəqəsini bərpa etmək qərarı birilərində yüksək narahatlıq doğurdu, digərlərində isə əsassız əks reaksiyaya səbəb oldu və yekunda ən gözlənilməz nəticələrlə qarşıdurma çarxını işə saldı”, - deyə nazir "Trud” qəzetinə müsahibəsində vurğulayıb.
Sonradan, sentyabrın 1-də Sergey Lavrov bəyan edib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin normallaşmasında maraqlıdırlar. O, həmçinin bu ərəfədə Ermənistanın və Azərbaycanın Xarici İşlər nazirləri Zöhrab Mnatsakanyan və Ceyhun Bayramov ilə ünsiyyət qurduğunu xəbər verib. "Bizdə elə hiss edirik ki, hər iki tərəf vəziyyətin sakitləşməsində, həmsədrlərin (ATƏT-in Minsk qrupunun – "Lenta.ru”) təmsilçilərinin regionda təşkil etdikləri görüşlərin bərpa olunmasında maraqlıdırlar”, - deyə nazir bildirib.
Lakin Rusiyanın mövqeyi münaqişənin əvvəlindən danışıqlar prosesinin formatını dəyişməyə can atan Ermənistanın yəqin ki, xoşuna gəlmir. Xüsusilə Nikol Paşinyan "ərazilərin sülhə dəyişdirilməsi” formulunun müzakirəsindən paralel olaraq imtina edərək, danışıqlara qondarma Dağlıq Qarabağ respublikasının daxil edilməsində israrlıdır. Öz növbəsində, qondarma Dağlıq Qarabağ respublikasının prezidenti Araik Arutyunyan sentyabrın 2-də mətbuat konfransında bəyan edib ki, danışıqların müzakirəsi əvəzinə müharibəyə hazırlaşmaq lazımdır.
"Gəlin, realist olaq və müharibəyə hazırlaşaq, danışıqlar mövzusunu müzakirə etməyək. Danışıqlar olmayacaq, mən bunu görmürəm. Azərbaycan danışıqlara köklənməyib. (...) Burada nə barədə danışmaq olar?”, - deyə Arutyunyan hesab edir. Onun sözlərinə görə, qondarma respublika üçün Ermənistan və Azərbaycan arasında olan məlum paket və müqavilələrdən heç biri belə qəbuledilməzdir. Belə olan halda Bakının Yerevanla nə barədə razılığa gəlməsi tamamilə anlaşılmazdır.
Ermənistan bir tərəfdən öz ordusunun döyüş gücünün artmasını, həmçinin silahlanmaya büdcə xərclərinin 2010-cu ildə 395 milyon dollardan 2020-ci ildə 625 milyon dollaradək artmasını bəyan edir. Digər tərəfdən isə erməni hərbi qulluqçularının hazırlıq keyfiyyəti xeyli sual ortaya çıxarır. Ən azından götürək elə sonuncu hadisəni – kəşfiyyat-təxribat qrupu komandirinin əsir götürülməsini: qrup rəhbəri yerin təyin edilməsinin öhdəsindən gəlməyərək yolu azıb və əsir düşüb.
Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da erməni kəşfiyyatının zəif olmasını etiraf edir. Belə ki, müharibənin başlanmasına həsr edilmiş mətbuat konfransında o bəyan etmişdi ki, Yerevan Azərbaycan silahlı qüvvələrinin 2016-cı ilin aprelində hücuma hazırlaşması barədə bilmirdi. "Bəli, bu, bizim kəşfiyyatımızın qüsurudur”, - deyə Sarkisyan bəyan etmişdi.
"Əminəm ki, guya bizim hücum barədə dəqiq məlumata sahib olmağımız haqqında bütün bəyanatlar sadəcə olaraq o insanlar tərəfindən edilib ki, onlar bu dövrdə və bundan əvvəl, həmçinin kəşfiyyat tərəfindən təqdim olunan məlumatlarla tam tanış olmaq imkanı əldə etməyiblər”, - deyə Sarkisyan əlavə edib.
Öz növbəsində, ekspertlər Ermənistan rəhbərliyinin aqressiv davranışını ölkənin daxili problemləri ilə əlaqələndirirlər. Xüsusilə də bunu koronavirus pandemiyasının fəsadları və baş nazirin reytinqinin aşağı düşməsi ilə bağlayırlar. Döyüşkən ritorikanın əsas məqsədini isə respublika sakinlərini daxili siyasi və iqtisadi vəziyyətdən yayındırmaq niyyəti adlandırırlar.
Vəziyyət isə çox acınacaqlıdır. Məsələn, bu günlərdə Ermənistanın ikinci prezidenti Robert Koçaryan Ermənistanın hakimiyyət orqanlarını koronavirusun fəsadlarının aradan qaldırılması üzrə planın olmamasında günahlandırıb. "Artıq bu gün iqtisadiyyatın bərpası üçün hansı addımları atacağımız haqqında proqram olmalıdır. İlk növbədə, söhbət mövcud olanların xilasından getməlidir”, - deyə siyasətçi bildirib.
Burada qeyd etmək lazımdır ki, 2020-ci il martın 16-da koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Ermənistanda fövqəladə vəziyyət rejimi elan edilib. Müddəti beş dəfə uzadılan rejim hələ də qüvvədədir və sentyabrın 11-də başa çatmalıdır. Sözsüz ki, bu, ölkə iqtisadiyyatına öz təsirini göstərməyə bilməz. Məsələn, Ermənistanın 2020-ci il üçün büdcəsi iqtisadiyyatın illik 5,3 faiz artımını nəzərdə tutur. Mart ayında birinci rüb üçün hesabatda Mərkəzi Bank bu göstəriciyə yenidən baxaraq onu 0,7 faiz aşağı salıb. İkinci rübün yekunlarına görə Mərkəzi Bank ehtimal edilən iqtisadi artım əvəzinə ÜDM-in 4 faiz azalmasını proqnozlaşdırıb.
Bununla yanaşı, respublikanın özündə heç də hamı, o cümlədən parlamentarilər rəsmi məlumatlara inanmır, onları saxtalaşdırılmış hesab edirlər. "Ermənistan Statistika Komitəsinin dərc etdiyi 2020-ci ilin birinci yarımilliyinin sosial-iqtisadi vəziyyəti barədə ümumi məlumata əsasən iqtisadi azalma 4,7 faiz təşkil edib, sənaye istehsalının həcmi 1,5 faiz artıb, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 1,7 faiz artıb, tikinti sahəsində azalma 23,4 faiz təşkil edib, əmtəə dövriyyəsi 11,1 faiz azalıb, xidmət həcmi (ticarət istisna olmaqla) 6,4 faiz aşağı düşüb, ixracat 6,5 faiz azalıb, idxal isə 12,9 faiz aşağı düşüb. Bu, dərc edilmiş rəsmi göstəricilərdir. Əgər qısa izah etsək, mən bu rəqəmlərə inanmıram. Çünki ölkə dərin iqtisadi böhran vəziyyətindədir və biz görürük ki, böhranın fəsadları bu rəqəmlərdə öz əksini tapmayıb”, - deyə parlamentin "Maarifləndirilən Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan özünün "Facebook” səhifəsində yazıb.
Münaqişəyə şərait yaradan ikinci səbəb Nikol Paşinyanın siyasi problemləridir. Məsələn, ölkənin Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetsyan kimi onun güclü siyasi rəqibləri əmələ gəlməyə başlayıb. "Vətən” partiyasının rəhbəri hələ bu ilin yanvarında öz sıralarından yeni baş nazirin seçilməsi təklifi ilə çıxış edib. Artıq sentyabrda isə bəyan edib ki, Ermənistanı "siyasi mənada isti payız gözləyir” və "Nikol Paşinyanın hakimiyyətdə olduğu və hökumətə rəhbərlik etdiyi hər yeni gün Ermənistan Respublikası üçün öldürücüdür”.
Paşinyan Rusiyanın da dəstəyinə ümid edə bilməz. Bu ifadəni təsdiqləmək üçün kiçik bir illüstrasiya kifayətdir - Rusiya Prezidenti Vladimir Putin telefonla Paşinyanın avqustun 31-də 66 yaşı tamam olan qatı siyasi rəqibi, keçmiş Ermənistan prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik edib. Kremlin saytında Putinin Koçaryanı müasir Ermənistanın inkişafı üçün çox işlər görmüş görkəmli dövlət xadimi adlandırdığı təbrik teleqramı dərc edilib. Rusiya lideri tərəfindən heç vaxt Paşinyan haqqında bu qədər xoş sözlər səsləndirilməyib və Putinin Paşinyana təbrik teleqramı heç ümumiyyətlə Kremlin saytında dərc olunmayıb.
Təəccüblü deyil ki, indiki erməni administrasiyasına Rusiyanın münasibətini Azərbaycanda da görürlər. Məsələn, Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov hələ iyul ayında belə bir açıqlama vermişdi: "Rusiyadan Paşinyan administrasiyasının ünvanına səsləndirilən tənqidlər, eləcə də Ermənistan müxalifətinin dəstəklənməsi ölkələr arasındakı münasibətlərin artıq əvvəlki səviyyədə olmadığını göstərir. Rusiya faktiki olaraq Ermənistanı tərəfdaş kimi artıq qəbul etmir. Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşır. Fikrimcə, bunun siyasi, iqtisadi və daxili səbəbləri mövcuddur”.
Paşinyan özü də bunu dolayı yolla BBC-nin "HARDtalk” verilişində ritorikası ilə təsdiqləyir. Jurnalist Stiven Sakurun Ermənistanın Qərblə, yoxsa Rusiya ilə bir olması barədə sualını cavablandıran Ermənistanın baş naziri dərhal Yerevanın Qərbə sadiqliyini nümayiş etdirərək, Rusiyanın Ermənistan üçün "təhlükəsizlik sahəsində strateji tərəfdaş olduğunu” qeyd edib. "Yeri gəlmişkən, Avropa Birliyi indi islahat proqramının həyata keçirilməsində əsas tərəfdaşımızdır. NATO ilə səmərəli əməkdaşlığımız var və bu arada Əfqanıstan, Kosovo, Livan, Malidəki missiyalarda [NATO] iştirak edirik. ABŞ ilə kifayət qədər səmərəli hərbi əməkdaşlığımız var”, - deyə Paşinyan BBC jurnalistini inandırmağa tələsib.
Erməni siyasəti indiki kimi davam edərsə, iki ölkə arasındakı məsafə yalnız genişlənəcək, bu isə o deməkdir ki, Ermənistan xarici problemlərini təkbaşına həll etməli olacaq.

banner

Oxşar Xəbərlər