Ölən sənətlər: Ərdoğanın saatını təmir etdirmək istədiyi usta
Saatsaz
Əkbər Qasımov: "Yanıma gələn bir qoca saatını qorumaq üçün mənə əmanət etdi”
Tik tak,
Tik tak... Uzun müddətdir ki, saatın səsini belə dəqiqliklə eşitmirdim. İçəridə
dərin sükut var. Yalnız saat əqrəblərinin hərəkəti eşidilir. 130-170 yaşlı
saatlar ömürdən gedən vaxtı ölçürlər. Ömür bitir, amma saat dövr etməyə davam
edir. Hər saatın tamamında gələn zəng səsi ilə o dərin sükut pozulur... Otaqda
bir neçə əsrlik əntiq saatlar var. Sanki darısqal otağa "əsrlər” yerləşib.
Burada əsrlərdən bəri gələn saatları bərpa edən, ona həyat verən, zamanla
çarpışa-çarpışa müasir dövrə sürükləyən saatsaz işləyir. Onun peşəsi artıq
nadir peşələrdən sayılır, yox olur, amma zəruridir. Axı texnologiyanın
inkişafına və smartfonların ekranlarında vaxtı izləmək vərdişinə baxmayaraq,
yenə də saatın tanış çırpınmasını eşidib, ömrümüzdən keçən saniyələri hiss
etmək istəyirik…
Əsrlik
saatlara həyat verən, köhnə ilə yeniliyin vəhdətində yaşayan saatsaz Əkbər Qasımovla
söhbətləşirik. Ömrünün 44 ilini bu peşəyə həsr edib.
- Hərbi
xidmətdə olarkən bizi digər əsgərlərlə birgə Orlov şəhərində yerləşən saat
zavoduna aparırdılar. Hər həftənin 2-3 günü zavodun işçilərinə kömək edərdik.
Mən həm kömək edir, həm də öyrənirdim. Ustanın yanında şagird kimi sənətin
bütün incəliklərini tezliklə bilmək istəyirdim. Uzun müddət işim yalnız seyr
etmək idi. Nə qədər can atsam da, əlimə saat verilməzdi. Bunun səbəbi isə səbir
etməyə öyrənmək idi. Çünki saat ustası olmaq səbir ustası olmaq deməkdir.
Azərbaycana qayıtdıqdan sonra Memarlıq və İnşaat
İnstitutuna qəbul olunub. Amma yenə də peşəsindən ayrıla bilməyib.
- Harada
saat görürdümsə, evə gətirib düzəldirdim. Dayanmış bir saatı təmir etmək, onu
canlandırmaq xoşbəxtlikdir. Bu, artıq məndə tələbata çevrilmişdi. Bir müddət
mühəndislik də etdim, amma saatın verdiyi zövqü heç bir işdən ala bilmədim.
Mühəndislik qabiliyyətimi saatsazlıqda tətbiq etdim. Rusiyadakı saat ustaları
ilə əlaqələr qurub, bir müddət orada işlədim.
- Sənətinizin incəliklərini necə ifadə edərdiniz?
- Saat -
vaxtı bərabər hissələrə bölərək hiss etməyimizə imkan verən bir vasitədir.
Saatsazlıq isə alətlərin həm istehsalı, həm də təmiridir. Bu peşə göründüyündən
daha dərindir. Bəzi saatların, məsələn, qol saatlarının gözlə çətin görünən
hissələri var. Divar saatları bunun əksinə, çox iri hissələrə malik böyük
mexanizmlərdən ibarət ola bilir. Hətta qüllə saatları var ki, bir otaq
ölçüsündə mexanizmləri var. Buna görə bu sənətdə çeviklik və texniki bilik
tələb olunur. Saat ustası həm mühəndis, həm da sənətkar olmalıdır. Həm praktik,
həm də yaradıcı davranmalıdır. Bəzən işləmək üçün bir mühəndis kimi, itirilmiş
bir hissəni yenidən dizayn edib istehsal etməliyik. Bəzi saatların istehsalı
dayandığından, hissələri tapmaq mümkün olmaya bilər. Bir əntiq saatın xarici
dekorasiyalarında yenidən işləmək və bir rəssam kimi yenidən rəngləməyimiz
lazım ola bilər.
- Əkbər usta, çətinliyə baxmayaraq, qədim saatlarla
işləməyə üstünlük verir.
- Köhnə
saatları çox sevirəm. Çünki onlarda həqiqətən iş olur. Təzə saatlarda isə ya
kəməri qırılır, ya batareyası dəyişir - bunlar maraqlı deyil. Amma qədim
saatların mexanizmi çox maraqlıdır. Hər biri individual olur. Məsələn, 10
mexanizmin hamısı bir-birinə oxşayır. Amma bir hissəsi sınırsa, bir-birinə
uyğun gəlmir. Çox qəribədir.
- Adətən insanlar asana qaçır. Köhnə saatların sizə
verdiyi zövqü necə izah edərdiniz?
- Düzdür,
köhnə saata çox vaxt sərf edirəm. Məni bunun üçün çəkdiyim zəhmət qorxutmur.
İşlədikcə o aləmə daxil olursan. Məsələn, düşünürsən ki, bu saatı 100-150 ilə öncə
hansısa usta düzəldib. Sanki onun ruhu gəlib sənə köməklik göstərir ki, bu işi
bitirəsən. Buna görə də iş mürəkkəb olsa da, ondan aldığım zövq fərqlidir.
Məndə saatlar var ki, 1600-1700-cü illərin istehsalıdır. Həmin saatları bərpa
etmişəm, hazırda da işləyirlər. Mən bu tarixi əhəmiyyətə malik olan saatları
kiməsə, hətta muzeyə vermək istəmirəm. Axı mən illərlə onunla yaşayıram. Hər
gün onun səsini eşitməsəm, yaşaya bilmərəm.
- Sizin üzərində 150 il bundan öncəki insanın
ruhunu hiss etdiyiniz saatlara cavan nəslin çox az hissəsi maraq göstərir... Bu,
sizi qorxudurmu?
- Bəli.
İndiki nəsil elektronikanı sevir. Onlar üçün mexanika maraqlı deyil. Amma az da
olsa, qədimi saatlara meyilli olanlar var. O az hissəni görəndə o qədər
təbliğat aparıram ki... Onları həvəsləndirmək üçün təmənnasız kömək edirəm.
Təki bu maraqları sönməsin. Unutmaqlarını istəmirik, unudulmaq bizi incidir.
Köhnə nəsil qədim saatların dəyərini bilir. Gənclər maraqlananda çox sevinirəm.
Məsələn, bu, (stoldakı əntiq saatı göstərir) dəniz saatıdır. Çox güclüdür.
Bunun balacasını bir müştəri haradansa tapıb, təmir üçün gətirmişdi. Belə saatı
düzəltmək çox çətindir və vaxt tələb edir. Onun həvəsini alovlandırmaq üçün saatını
düzəldirəm. Mən də yox desəm, marağı öləcək. Axı mən bunu yaşatmaq istəyirəm...
- Təəssüf ki,
bu sənət də "ölən sənətlər” qrupuna daxil olur.
- Təəssüf
ki, zaman öz sözünü deyir. Getdikcə saatsazların sayı azalır. Hətta bəzi
ustalar artıq dükanlarını bağlayıb evlərindən işləyirlər. Mənim şagirdim var
idi, elektron saatları çox gözəl bilirdi. Amma qədimi saatlarla işləməkdə
çətinlik çəkirdi. Mən ona yanaşmanı öyrətdim. İplə işləyən köhnə dəzgahlar var.
Məsələn, bu dəzgah (stolun üzərindəki alətə işarə edir) 18-ci əsrə aiddir.
Bundan biri də var idi məhz həvəsinin ölməməsi üçün kolleksiyamdan birini ona
bağışladım. Hazırda Sankt Peterburqdadır. Sənətimizi davam etdirir. Gənc nəsil
birdəfəlik saatlar alır. Deyirlər hər dəfə təmir etməkdənsə, yenisini alaram.
Məhz buna görə də bizim kimi ustaların sayı azalır. Çünki iş azalır. Saatsaz
olmaq istəyənlər də görür ki, iş yoxdur, sənətdən uzaqlaşırlar. İnsanlar saatı xarab
olanda dükana verir, dükan da servisə göndərir. Artıq onlara sənətkar lazım olmur.
Birbaşa dükanla əlaqə saxlayırlar. Bu, əlbəttə ki, bizim kimi sənət fədailərini
təəssüfləndirir.
- Əkbər usta, düşünürsünüzmü ki, sanki insanlar
əvvəllər zamanın qədrini daha çox bilirdilər. Evdə hər saatın tamamımda səs
salan saatlar var idi. Zamanın keçdiyini insanlara xatırladan saatlar...
- Bəli...
Tələsirik... Səhər işə, axşam evə... Daim qaçaqaçdayıq. Saatın, ən əsası, keçən
ömrün fərqinə varmırıq. Zaman tez-gedir. Biz də ardınca qaçırıq. Keçmişdə hər
evdə saat olurdu, indi azalıb. Qol saatları da aksesuar kimi istifadə olunur.
Gənc nəsil artıq saata baxmaq ehtiyacı duymur.
- Əvvəllər yuxudan zəngli saatla oyanardıq. Yerini
smartfonlar alıb... Həqiqətən də zaman öz sözünü deyir...
- Təəssüf
ki... Hazırda evdə zınqırovlu saatdan istifadə edirəm. Məni o oyadır. Onun
yerini telefon tuta bilməz axı... Məndən kimsə maraqlananda da deyirəm bundan
istifadə edin, xarab olanda tam təmənnasız düzəldəcəyəm.
- Zamanla ən çox işləyən usta kimi zaman anlayışını
necə ifadə edərdiniz?
- Mən
zamana bağlı insanam. Hər saniyənin qədrini bilməyə çalışıram. Heyfsilənirəm
keçən vaxta... Saatın hər dövrəsi ömürdən gedir. Gözümün qabağında vaxt uçur.
Çalışıram o vaxtdan səmərəli istifadə edim. Başqa işlə məşğul olanlar zamanı
hiss etmir. Mən hər saniyəni hiss edir, zamanın necə getdiyini görə bilirəm.
- Usta, təmir etdiyiniz ən bahalı saat hansı olub?
- Təmir
etdiyim bahalı saatların sırasında "Patek Filp", "Vaşiron
Konstantin", "Krtiyer" və "Biriqeyd" markalı brendlər
və turbion mexanizminə malik saatları olub. Hansı ki, onlar mürəkkəb sistemə
malikdir. Onların da qiyməti hardasa 100 min manatdan artıq olur. Bizim
işlətdiyimiz saatlar gündə 1-2 saniyə geri fərqlə işləyirlərsə, o saatlar
ildə 1-2 saniyə geri fərqlə işləyirlər.Turbion
saatlar əl işidir, usta işidir. Mürəkkəb sistemə malikdir. Onun açılıb-sökülməsi
incəlik, ustalıq, təcrübə tələb edir.
- Yəqin ki, məmurların da saatını düzəltmisiniz...
- Tez-tez
təmir edirəm. Məmurlar özləri bura gəlmirlər. Saatlarını sürücüləri ilə
göndərirlər. Bahalı saatları görəndə hiss edirik ki, məmur saatıdır. Amma kimin
saatı olduğu ilə heç vaxt maraqlanmamışam.
- Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da
saatını sizə təmir etdirmək istəyib...
- İllər
öncə Ərdoğan Bakıya gələndə bizim dükana da baş çəkdi. Mənim işimə baxdı və
dedi ki, mənim də evdə işləməyən qədim saatım var. Bilsəydim gətirərdim siz
baxardınız. Dedim xoş olar, gəlin. Çox səmimi insandır.
- Usta, hər kəs saatsaz ola bilərmi?
- Qocaman
müəllimim mənə deyirdi ki, saatsazın əlindən hər bir iş gəlməlidir ki, saatı
hiss edib təmir edə bilsin. Saat işləyəndə sən gərək onu hiss edəsən. Həkim
ürək əməliyyatını necə diqqətlə edirsə, biz də saatı elə hiss edirik. Həkim
insan üzərində işləyir, biz də detallarla işləyirik.
- Peşənizlə bağlı sizi ən çox təsirləndirən hansı
hadisə olub?
- Mən bu
saatlarla yaşayıram. Onların səsi ilə nəfəs alıram. Bir gün bu saatlara kiminsə
baxmayacağını, onlara diqqət göstərilməyəcəyini təsəvvür edə bilmirəm. Bir dəfə
qocaman bir kişi əlində əntiq saatla dükana daxil oldu. Saatını mənə bağışladı.
Səbəbini soruşanda dedi ki, "bu, mənim üçün çox dəyərlidir. Əminəm ki, məndən
sonra heç kim bu saata sizin verdiyiniz kimi dəyər verməyəcək, ona qulluq
etməyəcək. Cavanlar bunun qədrini bilməyəcəklər, onu atacaqlar. Əminəm ki, məni
ancaq sən anlayarsan”. Necə təsirli cümlə idi... Onu o qədər gözəl başa düşdüm
ki... Qoca saatını, keçmişini qorumaq üçün mənə gətirmişdi. Bu saatlar ildə bir
dəfə yağlanmalıdır, tənzimlənməlidir. Cavan nəsil bunlara vaxt sərf etmir.
Yaşlı nəsil isə bunlara kövrək yanaşır.
Rus
yazıçısı Dostoyevski deyib ki, həyata yenidən başlasaydım, saniyələrin nəbzini
tutardım. Əkbər usta da saniyələrin nəbzini tutanlardandır. Belə görünür ki, sənəti
ölsə də, onun sənət sevgisi heç vaxt ölməyəcək.
Aygün ƏZİZ