• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

Lao Madan hekayə

19.10.15 12:09 1732
Lao Madan hekayə
Zaman
Kimsə qapını döyür, mən deyirəm:
- İçəri girin!
Qoca bir-iki, qısa addımlarla, əlindəki çəliyin köməyilə içəri girir. Çox güman ki, o bu yaxınlarda insultdan sağalıb.
- Qoca Niu... Mən sənin... dərəcə almağını eşitdim. Ona görə də gəldim ki... səni təə..briiik edim.
Qoca kişi üçün fikrini ifadə etmək asan deyil. Sözlərin çoxunu anlaşılmaz şəklidə tələffüz edirdi.
- Ah, minnətdaram, çox sağ olun, buyurun, əyləşin, - belə deyirəm və həmin anda onun kim olmasını müəyyənləşdirməyə çalışıram.
- Sənin ofisin necə də böyükdür, - o divanda oturub ətrafına baxarkən deyir.
Mən ona bir fincan çay təklif edəndə o mənə işarə edir ki, çayı stolun üstünə qoyum. Bunun səbəbini dərhal başa düşdüm. O qorxurdu ki, titrəyən əlləri ilə fincandakı çayı dağıda bilər.
- Necəsən? – ona sual verib ümid edirəm ki, onun verəcəyi cavabdan ən azı onun kimliyini öyrənəcəm.
- Necə olmağım... aşkar görünmür? Tezliklə. öləcəm, - sanki sözlər onun ağzından sıxılmış vəziyyətdə çıxır, üzündə cüzi təbəssüm yaranır.
- Nə cəfəngiyat danışırsan? Hələ neçə il yaşayacaqsan! – deyirəm və içimdə şübhə yaranır ki, o mənim yaxşı tanıdığım bir nəfərə çox oxşayır.
- Yamei... tez-tez məndən xahiş edirdi ki, səni görüm, - qonağım belə deyib başıyla mənə işarə etdi.
Yamei-ah, aman Allahım, birdən tam anlayıram ki, mənimlə üzbəüz oturan bu qoca kişi tələbəlik dostum Jiangqiangın atasıdır. Jiangiangın arvadı Yamei də universitetdə bizimlə oxuyurdu. O vaxtlarda Jiangqiangın atası işiylə əlaqədar şəhərə gələndə tez-tez yaşadığımız tələbə yataqxanasına baş çəkməyə imkan tapardı.
Jiangqiangla zarafat edib ona deyərdik ki. o eynilə atasının cavanlıq şəklidir. Zaman necə də sürətlə uçarmış, zaman necə də qəddar imiş! Jiangqiangın atası indi qocalıb! Mən çox kədərləndim
- Yamei necədir? – soruşuram.
- Yaxşıdır...Yaxşı...Ona çox ağırdır. Yazıq mənim halıma, yazıq onun halına, - o özünü gülümsəməyə məcbur edir, ancaq bu çox dəhşətli görünür.
Bəli, bədbəxt Yamei, mən fikirləşdim. Ancaq sonra düşündüm ki, qayınatasına qulluq etmək, ona qayğı göstərmək, evin gəlini kimi onun vəzifəsinin bir hissəsidir. Biz universitetdə oxuyanda Yamei ən gözəl qız idi. Onun ucbatından neçə-neçə cavan oğlanlar gecə yatmırdılar, mən də o cavanlardan biri idim. Elə ki o Jangqiangı özünə ər seçdi, o hamımızın paxıllıq, qibtə obyekti oldu. Onun evdə qocaya və cavana qulluq etməsi haqda heç bir xəbər eşitməmişdim, heç qayınatasının sağlamlığında belə problem olmasını da bilmirdim.
- Nə vaxtdan bu vəziyyətdəsiniz? – mən narahatlıqla soruşuram.
- Oy... oy... iki il bundan əvvəl... Mən professor almaq üçün... gecə-gündüz yazdım... axmaq kimi.., - o elə həyəcanla deyirdi ki, sözləri qırıq-qırıq olurdu.
Professor elmi adı... İnsan nə qədər axmaq olar ki, bu yaşda ad almaq istəsin.
Xoşbəxtlikdən mən aşağıda deyəcəyim cümləni çox da bərkdən demirəm:
- Bəs Jiangqiang necədir? Onun sağlamlığı həmişə yaxşı olub. Mən onu son dəfə, dörd il bundan əvvəl görəndə o yenə də cavan pələng kimi güclü idi.
- Necə... necə bir xuliqan olmusan sən. Sən hətta məni də tanımırsan? Rütbə almısan deyə indi məni də tanımırsan? Şeytan!
O ayağa durur, qapıya tərəf yönəlmək istəyir. Hələ də əl-ayağı titrəyir.
Onu tanıyanda az qala zərbə alıram.
- Jiangqianq... Bu sənsən? – belə deyib onu bağrıma basıram.
Şair
Başlanğıcda heç kim onun yeriməyinə dözə bilmirdi.
- Bu onun anadangəlmə adətidir, yoxsa o kenquru ya qurbağa kimi yeriyib başqalarının fikrini cəlb etmək istəmir.
Mən onunla bağlı məsələləri ört-basdır etməyə çalışırdım, yoxsa qapıçılar çoxdan onun qıçlarını vurub sındırmışdılar, ya da elə edərdilər ki, ayaqları girişdəki dəmir zəncirə ilişərdi, bu da onun axırıncı yerişi olardı.
Sonra o biri əməkdaşlar da onun münasibətindən əsəbiləşdilər. O hamıya yuxarıdan aşağı baxırdı. O danışanda həmişə həyəcanlı olurdu. Başqalarını təsvir etmək üçün müəyyən neqativ sözlər işlədirdi, hətta özlərini onun dostu hesab edənləri də.
Mən deyirdim:
- Faktiki olaraq, o pis adam deyil, bu onun danışıq tərzidir. Zaman keçdikcə öyrəşəcəksiniz.
Ancaq getdikcə şirkətdə heç kim onun hərəkətinə dözə bilmirdi. O çox sadə bir işi də yerinə yetirə bilmirdi. Ən pisi də o idi ki, o özünü çox bəyənirdi, özündənrazı idi, həmişə başqalarına yuxarıdan aşağı baxırdı, həmkarlarının tövsiyələrini, məsləhətçilərin göstərişlərini qulaqardına vururdu. Kimsə onun səhvini deyəndə o istehza ilə yanaşar, mübahisə edirdi.
- Bu onların bütün nəsildə ümumi bir çatışmazlıqdır, - mən onu qorumaq üçün əlimdən gələni edirdim, amma o biri əməkdaşlar mənim onu müdafiə etməyimlə razılaşmırdılar. Axır ki, mənim ən böyük narahatlığıma son qoyuldu.
Bir gün iş saatları demək olar ki, qurtarmışdı, işçilərin otağından möhkəm səs eşidildi. Bir qrup adam onun ətrafına toplaşmışdı, hamısı da onu ya yumruqlayır, ya da təpikləyirdi. Mən cəld irəli cumdum, əlindəki stulu onun başına çırpmaq üçün qaldıran gənci güclə dayandırdım.
Xoşbəxtlikdən, mən elə vaxtında özümü çatdırmışdım, ətrafdakı adamların üstünə bağırıb dedim ki, onu döyməyin.
Qulağıma “pozğun, “psix” kimi pis-pis sözlər dəyirdi. O bir küncə qısılmış, qorxudan gözləri kəlləsinə çıxmışdı.
Demək olar ki, o şirkətdə işləyən bütün qadınları gözaltı edir, sonra onların dalına düşüb tualetə qədər gedib qucaqlamaq istəyirmiş. Bu gün başqa əməkdaşlar görüb ki, o bossun katibəsini zorla qucaqlamaq istəyir, bu da səs-küyə səbəb oldu.
- Dayanın! Onunla dalaşıb özünüzə problem yaratmayın! O, şairdir, - belə deyib onun əsl kimliyini ört-badır etdim.
-Nə? Şair? Bunu bizə gərək çoxdan deyərdin! Biz isə elə bilirdik ki, o əclafın biridir! Onun şair olduğunu bilsəydik onun hərəkətlərinə heç əhəmiyyət verməzdik!
Əməkdaşlar gülə-gülə, ona lağ edə-edə onu bağışladılar.
Fəlsəfə
- Yalnız axmaqlar və kəmağıllar fəlsəfəni öyrənirlər, çünki fəlsəfə insanları ağıllı edən elmdir. Ağıllı adamlar kifayət qədər ağıllı olduğuna görə artıq öyrənməyə ehtiyac duymurlar. Ancaq axmaqlar ağıllı olmaq istəyir, ona görə də fəlsəfəni öyrənməyə ehtiyacları var. Sabah mən təqaüdə çıxıram, bu gün son dəfə sizə fəlsəfə dərsi keçəcəm, - professor dedi.
Professorun həyəcanlı, sakit ya qəmgin, ya nostalji hal yaşaması məlum deyildi.
Hər halda onun səsi titrəyirdi və o əl yaylığını ( bəlkə də yaylıq yox, corab idi) çıxartdı ki, gözlərini silsin. Spesifik görünmək üçün o bir əli ilə eynəyini çıxardı, o birisi ilə isə əlindəki yaylıq, ya da corabla gözlərinin yaşını sildi.
Biz bu müəllimin nə adını, nə də soyadın bilirdik. Heç bu bizi maraqlandırmırdı da. Adətən, tələbə yoldaşlarım onu Cənab Du deyə çağırırdılar. Halbuki onun familiyası Du deyildi. O bizə uzun müddət idi ki, Engelsin “Anti-Dürinq” əsərini keçirdi. Ona görə də çox tələbə onun adının ya Du, ya da Duhring olmasını güman edirdi.
Bundan başqa, onun familiyası fəlsəfi baxımdan elə də vacib deyldi.
Professoru professor edən onun soyadı deyil. Sadəcə hamı ona “professor” deyib çağır, vəssalam! Həqiqətən də onu Cənab Du çağırmaq lazımsız bir şey idi. Düzünü desəm, bizim fəlsəfə dərslərimiz dərindən keçirilmirdi, biz onu ya cənab Du, ya da professor çağırırdıq. Bəzi adamlar bizim kimi axmaq ya sadəlövh ola bilməz. Onlar hər kəsi bircə söz deməklə. “ Hey” deyib çağırırlar. “ Hey” daha yersizdir və hamı elə çağrıla bilər.
Professor balaca olanda onun mal-qara sürüsü var imiş. Kommunist partiyası və hökumət onu tövlədən xilas edib fəlsəfənin müqəddəs zallarına gətirdi.
O ilk dəfə olaraq fəlsəfə sözünü eşidəndə onun on yeddi yaşı varmış. O sonralar xatırlayır ki, ilk dəfə fəlsəfə dərsində iştirak etməklə “ məhv olub”. Sadəcə bir sitat:
“Dünya materiyadır” fikri onun ağlını başından alıb.
O gecə-gündüz oyaq qalıb və materiya olmasına inandığı şeylərin siyahısını yazıb. O neçə qovluğu kağızlarla doldurub. Məsələn: yer materiyadır, ev materiyadır, yaba, it sidiyi, çarhovuz, küknar ağacları, at tövlələri, yemək üçün çubuqlar, stollar, kanq (qızmış isti çarpayı) göz almaları... O başa düşüb ki, bütün bu şeylərin hamısı materiyadır, ancaq o heç vaxt başa düşə bilmirdi ki, hava necə materiya ola bilər. Görünməz olanların necə maddi olduğunu düşünəndə çaşıb qalırdı. Hələ də o inanırdı ki, əgər o yuxarıda adı çəkilənlərin maddi olduğunu bilməsəydi “dünya maddidir” sitatının düz olduğunu deməzdi. Bunu sübut etmək üçün o ən azı on beş kilo çəki itirdi. Sonra onun müəllimi belə sitat çəkib: “Ağ at, at deyil”.
İndi isə ən pis şey baş verdi. Sinifdə dörd tələbə müxtəlif dərəcələrdə dəli olmuşdu. Cənab Du da onlardan biri olub. Düzdür, o at otarmasa da atın da görünən olduğunu bilirdi. Həm də o əvvəllər nə qədər ağ at görüb onları saymışdı.
Necə ola bilər ki, ağ at, at olmasın? Müəllim onunla ayrıca məşğul olmaq istəyib, ancaq o müəllimə deyib ki, ağzını yumsun:
- Siz ağ atın at olmasıyla razılaşmağınız məni öldürəcək.
Beləliklə, professor Du və onunla oxuyan o biri tələbələr bir ili davamlı müalicə almaq üçün dəlixanada yatıblar. Bir il müddətində professor Dunun ağlı başına gəldi, hər şeyi elə bircə ilin içində başa düşdü, o vaxtdan bəri fəlsəfəyə vurulur. O biri üç tələbə isə heç nəyi anlamırlar, nəticədə universitetdən qovulurlar.
Həmin üç tələbə kəndlərinə qayıdıb fermada işləyirlər.Cənab Du isə yenidən sinif otaqlarına qayıdıb, dərs öyrəndi, sonra da universitetdə müəllim işləməyə başladı.
Cənab Du heç də pis müəllim deyildi. Problem o idi ki, tələbələr onun dediklərini yaxşı anlamırdılar.
Bir tərəfdən də, hal-hazırda heç kim moizələrə qulaq asmağı xoşlamır, onlar aşpazlıq, mühasibat kimi fənləri öyrənirlər ki, yaşaya bilsinlər. Buna görə də fəlsəfə müəllimlər üçün də çətin fənn olmuşdu. Hazır-qayıb edəndən sonra sinif otağında tələbələr yoxa çıxır, yalnız stol və stullar qalırdı. Əgər qapı arxasında kiminsə olduğunu bilsələr, tələbələr yenidən otağa qayıdardı. Ancaq buna baxmayaraq bəzi tələbələr risk edib pəncərələrdən tullanıb qaçırdılar, bu vaxt bəziləri zədələnib şikəst olurdu.
Hətta sinif otağında məcburi oturmuş tələbələr ona qulaq asmırdılar.
Professor tribunadan mühazirə oxuyanda tələbələr onun yan-yörəsində qaçışır, sinif otağı bazara dönürdü. Yalnız bəzi tələbələr səs-küy salmırdı, onlar ya gülməli kitablar oxuyur, ya da dərin yuxuya gedib müəllimə mane olmurdular.
Professor Du bütün beynini işlədib yol tapmaq istəyirdi ki, tələbələri mühazirə zalına necə çəkib gətirsin. O tələbələrin diqqətini cəlb etmək üçün bütün vasitələrdən istifadə etdi, təlim metodlarını dəyişdi. Hətta o sinfə dəmir zəng də gətirmişdi, tez-tez onu dınqıldadırdı. O təbildən də istifadə etməyə cəhd etmişdi.
Boş vaxtlarında o fəlsəfə prinsiplərini zümzümə etməyi öyrənmişdi, dərs vaxtı tələbələrə oxuyurdu.
O bunları müxtəlif janrlarda oxuyurdu. Gah da opera janrlarında oxuyurdu.
Bundan başqa, Shaaxi operasını da oxuyurdu. Bəzən o diqqəti çəkmək üçün it kimi hürür, üzünü qəribə hallara salırdı.
Mənim üçün çətin idi, baş açmırdım ki, fəlsəfəyə nə olub, yoxsa müasir insan qəflətən dəli olub fəlsəfəni anlamır. Professor öz varislərini yetirmək üçün hər şeydən, hətta həyatından da keçməyə hazır idi. Ancaq onun cəhdləri bir fayda vermirdi. Yenə də onun ətrafındakılar fəlsəfəyə laqeyd oldular.
İndi professor Du təqaüdə çıxıb. Onun həyatı fəlsəfə vasitəsilə sübut edilib və “boşaldılıb”.
O evdə it saxlayır. Axşamlar, bayquşlar ulayanda o iti ilə birlikdə küçədə görünür. İt çox eybəcərdir. Hər yeri qoturdur, bir ayağı da axsayır. İt heç vaxt sahibinin əmrinə tabe olmur, istənilən yerə qaçır.
Professor Du itə heç nə edə bilmir, yalnız itin boğazındakı xaltanı dartır, adını çağırır və onu lənətləyir.
Professor Dunun çox yaxşı yumor hissi var. O itinin adını “Fəlsəfə” qoyub.
Tərcüməçi: Sevil Gültən
banner

Oxşar Xəbərlər