• çərşənbə, 24 Aprel, 11:45
  • Baku Bakı 13°C

“KÖZƏRƏN OCAQLAR” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM

29.11.18 09:52 1636
“KÖZƏRƏN OCAQLAR” ROMANI HAQQINDA DÜŞÜNCƏLƏRİM
"Közərən ocaqlar” roman oxucular tərəfindən sevilir və təqdir olunur. 2017-ci il-də "Elm və təhsil” nəşriyyatında çap olunub. Romanın adı haqqında heç bir fikir söyləmədən mətləbə keçirəm.
İqbal Babanın lirik şeirlər müəllifi kimi tanıyırdım. Onun nəsr yaradıcılığını bu romanı oxuduqdan sonra öyrəndim.
Əsər çox maraqlıdı… Əgər qoşma, gəraylı və s. süslənmiş olsaydı, onu dastan adlandırardım.
Bəzi məqamlar var ki, sevgi, ya da qəhrəmanlıq dastanları kimi birbaşa oxunur. Elə yerləri də var ki, son dərəcə ciddi nəsr kimi yazılıb.
Sözüm ondadır ki, bu roman bir şəcərənin, bir nəslin taleyi haqqında istəklə, ürəklə yazılmış əsərdir.
Əsərdə Gədəbəyin – elimizin, obamızın zəngin təbiəti, mərd insanları, dağları, dərələri, bağları, yayı, qışı haqqında zəngin bilgilərlə dolu məlumatlar qələmə alınıb.
Əsərdə İ.Baba dostluğu, yoldaşlığı, insanpərvərliyi bədii dillə əks etdirir, əsas qəhrəman Arğalıdır. O, çoxlu mal-mülkü olan sayılıb-seçilən insandır. Sözünün ağası, dosta-dost, düşmənə düşmən, yaxşılığı itirməyən, hörmət-izzət sahibi olan bu insanın xarakteri açıldıqca sevilir, təqdir olunur. Onun süfrəsi açıq və boldur. Gəncəli Ələkbər bəyin başının dəstəsiylə Arğalıya qonaq gəlməsi yazıçı tərəfindən gözəl, bədii dillə ifadə olunub. Həmin səhnədə bütün hazırlıqlar, qulluqlar rəssam işi kimi göz önündə canlanır, yadda qalır…
«Közərən ocaqlar»ın əsas sürətlərindən bir Arğalı, o biri isə onun düşməni Cəlil bəydir.
Cəlil bəy Arğalının torpaqlarında, mal-mülkündə gözü olan nanəcib, namərd, dələduz bir insandır. Əsər boyu onun iç üzü açılır, oxucu tərəfindən nifrətlə qarşılanır.
Arğalı ailəsini ürəkdən sevən, həyat yoldaşına sadiq bir adamdır. Yazıçı onun məhəbbətini xüsusi dillə təsvir edir. Balaxanım da əri Arğalını cani-dildən sevir, ona sadiqdir, ağıllıdır, yol göstərəndir, rəhmdildir.
Arğalı ilə qadınının görüşü əsərdə belə incə məqamlarla unudulmazdır…
«Arğalı qapını açıb içəri girəndə evdə yanan çırağın zərif işığı onun iri, ala gözlərinin didəsində əks olundu. Bunu Balaxanım da hiss etdi. Ona elə gəldi ki, Arğalının gözlərində əks olunan bu işıq şüası qəlbinin lap dərinliyini işıqlandırdı».
İqbal müəllimin romanında yadda qalan, maraqlı obrazlar bir-birlərini əvəzləyir, tamamlayır, hadisələrin daha rəngarəng olmasına xidmət edir.
Bu da yazıçıdan əvvəla istedad, yazmaq bacarığı, sonra da oxucunu cəlb etmək üçün biri-birindən fərqli, biri-birindən əsrarəngiz tapıntılar, fikirlər söyləməyi, oxucuya çatdırmağı tələb edir. Əsərin maraqlı obrazlarından biri də Dana Qasımdı. Dana Qasım Cəlil bəyin, Bəndalı da Arğalının çobanıdı. Cəlil bəy öyrənir ki, Keçi Səhnənin oğlu Bəndalı onun çobanı Dana Qasımın qızı Çiçəyi sevir. Cəlil bəy bundan yararlanmaq, Bəndalıdan Arğalının bütün işlərindən xəbər daşıması üçün istifadə etmək fikrinə düşür. Onun Dana Qasımla söhbətində püxtə bir yazıçının mükəmməl fikirləri aydın görünür…
Romanda Bəsti obrazı da çox sevilir, oxucunun nəzərində tipik Azərbaycan qadını canlanır.
İ.Babanın bu romanında maraqlı, yaddaqalan obrazlar, hadisələr çoxdur. Təbiətin gözəllikləri, el-elat adət-ənənələri, sevgi, məhəbbət hissləri şirin, təsirli, oxunaqlı bir dillə təsvir edilir.
Əsərdə düşmənə nifrət, dostluğa sədaqət ön planda cərəyan edir.
Müəllifin araya, ərsəyə gətirdiyi bu dastanvari romanında məni heyrətə salan Arğalının arvadı Balaxanımdır. O, qeyrətli, ağıllı, uzaqgörən, rəhmdil, fədakar ana, həyat yoldaşı və bir çox qadından fərqli həm gözəl, həm səmimi, həm də dəhşətli surətdir.
Dəhşətli ona görə dedim ki, dünyada qadın qürurundan yüksəkdə duran başqa məfhum tanımıram.
Heç bir qadın öz qürurunu, mənliyini, hikkəsini, sevgisini başqa qadına bağışlamaz, verməz. Düzdür, mən eşitmişəm, uşağı olmayan, ya da xəstə qadınlar ərini öz icazəsi ilə evləndirərmişlər.
Ancaq onlar da mütləq peşman olub, etdiklərindən məmnun qalmayıblar. Romanda Balaxanım ərini, mal-dövlətini, balalarını, həyatını qorumaq üçün arxa-kömək axtarır. Arxa-köməyi Əyriqılınc Məmişdə görür. Fikirləşir ki, onun dul balası Meyirsəni əri Arğalıya alsa, Cəlil bəy onlara ziyan verə bilməz.
Meyirsə gözəldi, ağıllıdı, eyni zamanda Məmişdən qorxub heç bir arzu-diləyini gerçəkləşdirə bilmir. Onun yaşı da ötür. Qardaş qapısında qalıb qarımaq təhlükəsi var. Əsərin ən gözəl yerlərindən olan Arğalı ilə Meyirsənin 20 il qabaqkı görüş məqamıdır. O zamandan Arğalı qəlbindəki sirri heç kimə söyləməmişdi.
Arğalıgilin üçyaşar cöngəsi itmişdi. Cavan oğlan olan Arğalı onu tapıb gənc və gözəl Meyirsənin gözünün qabağındaca başını kəsmişdi. Oğlanın gücü, qüvvəsi qızın qəlbində, qızın da gözəlliyi oğlanın ürəyində yurd-yuva salmışdı.
Lakin müəllif dediyi kimi: - Bu sağalmamış, sadəcə üstü örtülmüş yaranın qövr edib qalxmasını Arğalının sinəsində Balaxanım ananın nəfəsi, istiliyi, bir ali insan qayğısı, ərinə verdiyi, dünyada qadınların verə bilməyəcəyi qadın nəvazişi, qayğısı dondurmuşdu.
Balaxanım Meyirsəni ərinə alır. Bu yerdə deyirəm dəhşətdir. Yazıçının diliylə desək: – Bax, bu ana qədər Meyirsəni Arğalıya almaq üçün ölümə də hazır olan Balaxanım deyəsən mənəviyyatca yavaş-yavaş ölürdü. Onun bu vəziyyətini ölüm ayağında olan heç bir xəstənin vəziyyətinə bənzətmək də olmurdu. Bu çökəkdə Balaxanım qəflətən yuxudan ayıldı. Ancaq yuxudan ayıldığı zaman hansı hisslər keçirdiyini müəllif çox gözəl ifadə edir.
«Balaxanıma elə gəldi ki, durduğu bu çökəkdə hava yoxdu, nəfəs ala bilmir, boğulur. Ona görə də çökəkdən qalxmaq istədi. Bu çökəkdən çıxıb boğulmaqdan canını qurtarmaq istədi. Ancaq bu boğulmaqdan ömrü boyu canını qurtara bilməzdi».
İ.Baba yuxarıda göstərilən hissələrdə istedadlı bir yazıçı qələmiylə hadisələri oxucunun gözündə, beynində, qəlbində canlandıra bilir, özü də ciddi, zövqlə yazı tərziylə.
Əsərdə Balaxanım ərinə balalarına, sərvətinə toxunulmazlıq təminatı versə də özünün məhəbbətini itirdi.
Bu məhəbbətin itiyi ona ölümdən qat-qat ağır idi.
Yazıçının romanı hələlik yarımçıqdı. O biri hissədə nələri oxuyacağıq, kimləri tanıyacağıq məlum deyil.
Aləmzər ƏLİZADƏ
banner

Oxşar Xəbərlər