AZE | RUS | ENG |

Kurt Kobain

Kurt Kobain
Dörd qanın qarışığı
 
Haqqında söz açacağımız milyonların sevimli rokkeri, Maykl Ceksonun albomunun satış rekordunu geridə qoyan məşhur "Nirvana” qrupunun əfsanəvi solisti Kurt Kobaindir.
Kobainlər nəsli 1875-ci ildə şimali İrlandiya qraflığından Kanadaya, oradan da Vaşinqtona köçmüşdür. Sonralar Kurt Kobain atası Donald Kobain haqda belə demişdi: "Onun damarlarında irland, ingilis, şotland və alman qanı axır”. 
Kurt 20 fevral 1967-ci ildə Vaşinqtonda dünyaya gəlir. Atası Donald avtomexanik, anası Elizabet Vendi isə evdar qadın idi.  Bəxtindən Kurtun bütün qohumları musiqiçi idi. Dayısı Çak Frenddenburq "The Beachcombers” musiqi qrupunda çalışır, Bibisi Meri Erol bir çox yerli ansamblların  heyətində gitara çalırdı. Əmisi Delbert isə cazmen kimi fəaliyyət göstərirdi.
Yaxınlarının xatırladığına görə, kiçik Kurt artıq 2 yaşından "The Beatles”ın mahnılarını zümzümə edirdi. Dörd yaşında isə o, park gəzintisi haqda özünün ilk mahnısını bəstələmişdi. Musiqiyə olan sonsuz marağına və qeyri-adi talantına görə bibisi Meri ona yeddi yaşında zərb alətləri kompleksi hədiyyə etmişdi. Kurtun nənəsi isə öz dövrünün məşhur rəssamı sayılırdı. Buna görə də uşaq yaşlarından Kurt həm də rəssamlığa meyl edir, maraqlı rəsmlər çəkirdi.

Kabus dost – Boda
 
Doqquz yaşında olarkən, Kurtun valideynləri ayrılmalı olur. Bu ayrılıq onun həyatında ağrılı şırımlar açır. Sonralar Kobain həyatının o illərini belə xatırlayırdı:
"Ata-anaları ilə birgə yaşayan sinif yoldaşlarımla ünsiyyətdən qaçır, onlardan utanırdım. Ayrı yaşadıqlarına görə, valideynlərimin hər ikisinə nifrət edirdim”.
Anasının dediyinə görə uşaqlıq travmalarından özünə qapanan balaca Kurt tez-tez gözünə görünən Boda adlandırdığı xəyali dostu ilə söhbət edirdi.
O dövrlərdə Kurt bir müddət anası ilə birlikdə yaşamalı olur. Lakin 22 yaşlı atalığı onu yola vermir. Çox götür-qoy etdikdən sonra Kurt Cenni adlı iki uşaqlı bir qadınla evlənmiş atasının yanına köçür. Bir müddətdən sonra atasının ikinci arvadından Kurtun ögey qardaşı dünyaya gəlir. Bu ailədə də uzun müddət qala bilməyən yeniyetmə, qohumlarının evində yaşamalı olur. Bəzən qohumlarından da bezən Kurt kimsəsiz yaşıdlarına qoşularaq parklarda, körpü altında gecələyir.

Gitaraya keçid
 
On dörd yaşında olarkən, gənc musiqiçi bibisinin bağışladığı barabanların dalından dəyərək, dayısı Çakın hədiyyə etdiyi gitara ilə ilk musiqi karyerasına başlayır. Pank-küçə musiqisinə maraq göstərən Kobain özünün rok qrupunu yaratmaq fikrinə düşür. 1985-ci ildə vokalist gitaraçı Kurt Kobain bass gitaraçı Deyli Krover və barabançı Qrek Hokkansondan ibarət  "Fecal Matter” adlı rok qrupu yaradır. Qrupun taleyi uğurlu olmur və o dağılır.
 
Əfsanəvi "Nirvana”
 
Novoseliç və Deyv Qroullin yaratdığı "Nirvana” qrupu meydana çıxır. Elə həmin ildəcə qrupun "Bleach” adlı albomu işıq üzü görür.
1991-ci ildə isə "Nirvana” onlara gözlənilməz şöhrət gətirən və bütün mahnıları hitə çevrilən ikinci albomu "Nevermind”i dövriyyə buraxır. "Nevermind” satışına görə pop kralı Maykl Ceksonun rekordunu geridə qoyur. Beynəlxalq musiqi tənqidçiləri alternativ və qranj rokun ulduzuna çevrilən Kurtu "müasirlərinin harayı” adlandırır.  Qəfil gələn şöhrət Kurtun ruhi müvazinətini silkələyərək, beynində diskomfort yaradır.
Rok səhnəsinin azad ifaçısı konsertlərində fanatları ilə çox səmimi davranır, onların sevgisindən əmin olduğuna görə səhnədən açıq söyüşlə də danışır.

Əzablar
 
Onsuz da narkotik aludəçisi olan Kurt sonrakı konsertlərində qəbul etdiyi heroinin dozasını getdikcə artırır, qrup dostlarının yüngül iradlarına fikir vermir, səhnədə qeyri-adi vəziyyətlərə düşürdü. Belə vəziyyətlərdə onun aparıcılığı ilə mahnının nəqarəti sonsuz sayda təkrar olunur, bu da rok dünyasında yenilik kimi qəbul olunurdu.
Bəzən canlı ifa zamanı ruhi və fiziki ağrıların təsirindən yersiz bağıran Kurtun səsini tamaşaçılar alqışlarla qarşılayır, ona qoşulub qışqırırdılar. Hətta bir dəfə "siz məni haçan anlayacaqsınız?” – deyə, bağıraraq gitarasını səhnədəki qurğulara vurub qıran rokmenin hərəkətini tamaşaçılar ssenari daxilində olan bir jest kimi qəbul etmişdilər. O, yaxın dostlarına "musiqiləri mənə dostum Boda pıçıldayır” deyirdi. Uşaqlıqdan hallisünasiyalarda olan Kurt Bodanı Buddanın uşaqlığı kimi görürdü. 
Beləcə, anlaşılmazlıqdan əziyyət çəkən dahi musiqiçi həyat yoldaşı ilə də tez-tez ziddiyyətdə olurdu. Ayrıldıqlarına görə öz valideynlərinə nifrət edən Kurt, bu taleyi özünün yaş yarımlıq qızına da yaşatmalı oldu.
 
"Qızımı görmək istəyirəm”

Həyat yoldaşı Kortney Love ilə uzunmüddətli ayrılıq, Kurtu öz doğma qızı ilə tez-tez görüşməkdən məhrum edirdi. Hər dəfə övladını görmək istəyəndə, Kortney onun qarşına narkotikdən müalicə tələbi qoyurdu. Kortneyin özü yüngül narkotik aludəçisi olsa da onun təşəbbüsü ilə dostları yığılıb dozada həddini aşan Kurtu bir neçə dəfə zorla müalicəyə göndərmişdilər. Lakin bunun bir xeyri olmur, 13 yaşından narkotikə qurşanan rokçu hər dəfə yenidən narkotikə qayıdırdı.
Şöhrət və heroinin yaratdığı depressiyadan əziyyət çəkən Kurtun arvadı ilə münasibətləri dözülməz həddə çatmışdı.
Onların arasında təxminən belə mübahisələr gedirdi:
– Qızımı görmək istəyirəm.
– Mən uşağa sənin kimi narkoman ata göstərmək istəmirəm!
– Axı, sən özün də narkotik qəbul edirsən.
– Mən sənin kimi həddini aşmıram.
– Mən səni yox, qızımı görmək istəyirəm!
– Mən də deyirəm ki, sən müalicə olunmalısan!
 
İntihar, yoxsa sui-qəsd?
 
Sietledəki evində olarkən Kurt Kortneylə möhkəm dalaşır və intihar edəcəyini söyləyərək otağına qapanır. Bir azdan Kurt evə çağırılmış polislərə təmkinlə izahat verir. İntihar edəcəyi haqda fikrini təkzib edərək, sadəcə, arvadının üzünü görməmək üçün bu hərəkəti etdiyini bildirir.
1994-cü ilin 8 aprelində Harri Smit adlı elektrik təhlükəsizlik sistemi qurmaq üçün Kurt Kobainin Sietledəki evinə gəlir. Qapının zəngini fasiləsiz bassa da, cavab verən olmur. Vəziyyətdən şübhələnən usta, qaraj tərəfdəki pilləkənlərlə balkona qalxır. Qapının şüşəsindən mənzilin içərisinə baxarkən, sinəsində tüfəng, qan içində yerdə uzanmış Kurtu görür. Dərhal polisə məlumat verir. Başından aldığı güllə yarasından vəfat edən məşhur musiqiçinin meyitinin ekspertizası zamanı onun üç gün əvvəl intihar etdiyi qeyd olunur.
 
Kobainin intihardan öncə yazdığı məktubu da əlavə dəlil kimi götürülür.
Ekspertiza müəyyən edir ki, özünə atəş açmazdan öncə, rokmen yüksək dozada heroin qəbul edib, hər litr qanında 1.52 miqdarda zəhər aşkar olunur. Bu da toplam 225 mq zəhər deməkdi. Həkimlər bu dozada heroin qəbul edən şəxsin bədənini tərpədəcək, özünə silah qaldıracaq vəziyyətdə olmasına inanmır.  Kurtun ölümünü araşdıran beş ekspertdən üçü hadisənin intihar deyil, sui-qəsd olduğu qənaətindədir. Bu versiyanı gücləndirən əsas dəlillərdən biri, Kurt Kobainin intihar məktubundakı yazının əvvəli ilə sonundakı fikirlərin uyğun gəlmədiyi, son cümlələrin isə iri və oxşar olmayan xətlə yazıldığı faktıdı. Üstəlik, tapılan kağız intihara hazırlaşan adamın son sözlərinə bənzəmir. Sonradan aşağısına bir neçə cümlə əlavə olunmuş bu məktub, əslind,ə rokçunun xəyali dostu Bodaya ünvanlanmış gündəliyin vərəqlərindən biridir.
 
Əfsanəvi rokçunun müəmmalı ölümü  hələ də Amerika mətbuatının müzakirə mövzusudur. Hadisənin qətl olduğunu iddia edənlərin sayı daha çoxdur. Əsas şübhələr isə rokçunu muzdlu detektiv vasitəsilə qarabaqara izləyən arvadı Kortney Lovenin üzərində dayanır.
 
Murad Köhnəqala

 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896