• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

Kurortlar muzeyi

28.03.18 18:53 4271
Kurortlar muzeyi
"Keçən il mart ayında Truskavetsdə bütün ağaclar çiçək açmışdı. İndi isə hər tərəf qarla örtülüb. Uzun illərdir ki, şəhər belə soyuq və şaxtalı hava görməmişdi...” Yerli sakinlər Qərbi Ukraynanın Lvov vilayətinin çox da böyük olmayan bu balaca şəhərində mart ayının soyuq və qarlı havası ilə üzləşən qonaqlara təbiətin şıltaqlığından gülə-gülə danışırlar.
Lvovdan Truskavetsə qədər yolda küçələrin kənarlarını, evlərin damını, həyət-bacaları örtən qarın bəyazlığı insana qəribə bir nostalji gətirir. Şaxtalı havanın sakinlərini evlərə qovduğu kiçik kəndlər, az qala meşəni xatırladan hündür ağaclar, balaca taxta evlər, uzun-uzadı boş torpaq sahələri bir -birini əvəzlədikcə Truskavets – kurortlar muzeyi görünür...
Karpatyanı ölkələrin "mirvari”si
Truskavets şəhərini Karpatyanı ölkələrin "mirvari”si adlandırırlar. Sakit, rahat və balaca şəhər istirahət və müalicə olunmaq istəyən insanlar üçün əsl tapıntı hesab olunur. Truskavets bütün dünyada təbii mineral su ehtiyatları və təbii karbohidrogenlərlə məşhurdur. Karpat dağlarının ətəklərində yerləşən unikal balneoloji və kurort şəhərini əhatə edən sıx Karpat meşələri – təbiətin ecazkar tablosunu xatırladır. Şəhər 19-cu əsrdən özünün müalicəvi mineral su mənbələri və reabilitasiya mərkəzləri ilə məşhurdur. Burada hər il minlərlə insanın üz tutduğu sanatoriyalar, poliklinikalar, müalicəvi su ocaqları, çoxlu sayda özəl pansionatlar var. Truskavetsə qaraciyər, böyrək, ürək, mədə, osteoxondroz və s. problemləri olan insanlar gəlir. Şəhərin bütün infrastrukturu, demək olar ki, insanların sağlam və rahat istirahətləri və müalicəsi üçün qurulub. Bu şəhərə gələn insanların yaş həddi isə "pansionatlar və sanatoriyalar qocalar üçündür” deyimini çoxdan alt-üst edib. Məsələn, məşhur "Karpatı” sanatoriya-otelində uşaqdan tutmuş böyüyə qədər bütün yaşlarda insanlara rast gəlmək mümkündür. Yüksək və keyfiyyətli xidməti, personalın və həkim kollektivinin peşəkarlığı demək olar ki, bu sanatoriyanı dünyada tanıdıb. "Karpatı”da dincələnlər və müalicə olunanlar təkcə bu xidmətin şahidi olmurlar, həmçinin sanatoriyada keçirilən mədəni tədbirlərdən zövq alırlar.
Dağ, meşə, göl...

Truskavetsin tədqiqatçısı İvan Skibak təkcə şəhərin tarixi haqqında məlumat vermir, həmçinin Truskavetsin tarixi tikiləri ilə tanışlığa həvəslə bələdçilik edir. "Truskavetsin coğrafi ərazisi gözəldir - dəniz səviyyəsindən 350-400 m hündürlükdə yerləşir” - deyə tədqiqatçı söyləyir: "Dağlarla və meşələrlə əhatələnib, yaxınlıqda göl var – bu da təmiz dağ havası deməkdir. Gözəl təbiət, rütubətli olsa da, yumşaq iqlim, müasir Avropa səviyyəli kurortların olması, müasir tibbi avadanlıqlar, uyğun otellər insanların müalicəsi və istirahəti üçün əla imkan yaradır”. İ.Skibakın araşdırmasına görə, şəhərin ilk yazılı mənbəsi 1427-ci ilə aiddir. Arxeoloji qazıntılar ilk tapıntıların eramızdan əvvəl 4-5-ci əsrlərə aid olduğunu göstərir: "Şəhərdəki qalalar, kilsələr hamısı Truskavetsin qədimliyindən xəbər verir”. Tədqiqatçı şəhərin adını dünyaya tanıdan kurortun tarixindən də danışır: "1828-ci ildə Truskavets kurortunun əsası qoyulub. Keçən il kurortun 190 illiyi qeyd edilib. Qəzetlərdə bu mənbələr haqqında məlumat yayılandan sonra isə Truskavetsin şöhrəti dünyaya yayılmağa başlayıb. Ancaq Truskavetsin kurort kimi inkişafı asan olmayıb. Gah dövlətin nəzarətində olub, gah sahibkarların nəzarətinə keçib”.

Truskavetsdə yerləşən ən qədim Byüvetin əsası 19-cu əsrdə qoyulub. Baxmayaraq ki, Truskavetsin müalicəvi suları çoxdan məlumdur, bu mənbələr haqqında ilk dəfə olaraq 1578-ci ildə tanınmış həkim Voyçex Oçke yazıb. 1721-ci ildə isə droqobıçlılar neft və ozokerit tapıblar və bu yolla əldə etdikləri kerosin küçələrin işıqlandırılması üçün istifadə olunub. Daha sonra isə içməli su məqsədi ilə bir neçə su mənbələri tapılıb. 1833-cü ildə "Mariya”, 1835-ci ildə "Naftusiya”, 1842-ci ildə xlorid və sulfatlı "Sofiya”, 1858-ci ildə «İmanuel və Anna» və s. su mənbələri aşkarlanıb. 1892-ci ildə şəhərdə Vaşmutun inqalyasiya (maddələrlə nəfəs alma vasitəsilə müalicə) sistemi ilə bağlı mərkəzin tikilməsi Truskavetsi Avropa sağlamlıq səviyyəsinə qaldırıb. Burada otellər, villalar, pansionatlar tikilib. "1911-ci ildə Truskavets Raymund Yaroşın rəhbəri olduğu kommersiya aksioner cəmiyyətinin əlinə keçib. Yaroş qarşısına kurortu avropalaşdırmaq məqsədini qoyur. Yeni sahib küçələrin və park ərazilərinin işıqlandırılmasını həyata keçirib. 1909-cu ildə çox da böyük olmayan dəmir yolu stansiyası qurulub. Truskavets dəmir yolu vasitəsilə Lvov, Vyana, Varşava, Praqa, Krakov, Berlinlə əlaqəli olub. 1913-cü ildə kurortun inkişafında qazandığı uğurlara görə şəhər böyük qızıl medalla təltif olunub. Dəmiryolu çəkiləndən sonra isə insanlar kurorta axınla gəlməyə başlayırlar. Daha sonra burada da Sovet hakimiyyəti qurulub və bütün villalar onların əlinə keçib”. Tədqiqatçının sözlərinə görə, Truskavetsin aktiv inkişafı sovet dövründə – 50-60-cı illərdə başlayıb. Şəhərin baş planı da məhz o dövrdə qurulub.
Sonrakı illərdə də şəhərdə istirahət edənlərin sayı artıb. Müharibədən əvvəlki illərdə şəhərdə bir neçə sanatoriya fəaliyyət göstərib. Truskavets zaman-zaman ümumittifaq sağlamlıq mərkəzi statusunu alıb, bura hər il on minlərlə insan üz tutub.
Truskavets, həmçinin kilsələri, qalaları, muzeyləri və digər tarixi abidələri ilə zəngindir. Müqəddəs Nikolay kilsəsi, Müqəddəs Pokrov kilsəsi, arqan musiqi konsertlərinin keçirildiyi Polşa katolik kilsəsi, muzeylər, restavrasiya olunmuş digər tarixi tikililər şəhərin simasını bəzəyir. Şəhərə üz tutan insanlar, həmçinin onun tarixi siması ilə tanış olur, böyük, yaşıl parklarında istirahət edir, Karpat meşələrinə səyahət edirlər. İnsanlarının mehriban olması da gələn qonaqlara xoş təsir edir. Bazarda, küçə kənarında satılan yerli məhsulların dadına baxıb alıcısı olmaqla, satıcıların üzündə sevinci görməyin ayrıca ləzzəti var. Həmçinin şəhərdə türk, hind, çin, özbək, gürcü və s. xalqların mətbəxlərinə də rast gəlmək olur. Şəhərin mağazalarında "Azəriçay”a rast gəlmək isə ayrıca qürur hissı doğurur.

Maqomayevin mahnıları
Truskavets şəhərində vaxtilə məşhur insanlar qonaq olub. Bu şəhərin qulaqlarında hələ də Müslüm Maqomayevin nəğmələri səslənir. Mədəniyyət sarayında məşhur müğənni dəfələrlə çıxış edib. 1975-ci ildə tikilən «Truskavets» qonaq evini "Maqomayev bu oteldə qalırdı” deyə xüsusi rəğbətlə göstərirlər. "Həmçinin Polad Bülbüloğlu, İosif Kobzon, Sofiya Rotaru və b. ulduzlar həmin mehmanxanada qalırdılar. O zaman artıq Truskavets Sovet İttifaqının beynəlxalq səviyyədə olan ən nüfuzlu kurortu sayılırdı. Sonra otellərin sayı artmağa başladı”. İndi "Truskavets” oteli "Truskavets 365 hotel” adı ilə fəaliyyət göstərir. Uyğun qiymətləri və xidmətləri turistləri uzun illərin bu məşhur otelinə cəlb edir.

Keçən il bu şəhərdə dünyanın 67 ölkəsindən insanlar istirahət edib. Bu da Truskavets sanatoriyalarının dünyada tanınmasından xəbər verir. Həkimlərin dediyinə görə, Kanada, ABŞ, Avropa ölkələri, keçmiş Sovet İttifaqının bütün ölkələrindən bura müalicə və istirahətə gəliblər. Bu şəhər azərbaycanlıların da sevimli istirahət yeridir. Həmçinin azərbaycanlı iş adamlarının bu şəhərdə restoranları, ticarət mərkəzləri fəaliyyət göstərir. O cümlədən azərbaycanlı iş adamları bu şəhərdə müalicəvi otelin tikintisini də nəzərdə tutublar: "Yeni investisiyalar gələndə, təzə otellər tikiləndə, bu xidmətin keyfiyyətinə, rəqabətə yaxşı təsir edir. İnsanlar daha çox gəlir. Şəhər rəhbərliyi turizmin inkişafı, turistlərin daha çox cəlbi üçün əlindən gələni edir”. «Karpatı», «Mirotel», «Green Park», «Rixos hotel”, "Lisova Pisnya”, "Truskavets 365 hotel” və s. otellər yüksək xidməti ilə seçilən otellər sırasına daxildir. Şəhər turizmin inkişafı üçün bütün potensialından istifadə edir. Əlbəttə, hələ xidmətin tam ideal olduğunu da demək olmaz. Ancaq turist cəlbi, xidmət səviyyəsini yüksəltmək, infrastrukturu yaxşılaşdırmaq üçün şəhər demək olar ki, dəridən-qabıqdan çıxır. Şəhər təkcə müalicəvi turizmi ilə deyil, həmçinin turizmin digər növləri üzrə də xidmətlərini nəinki təklif edir, hətta onları günü-gündən yaxşılaşdırır. Şəhərdəki turizm şirkətləri ilə yanaşı, otellərin özləri də Ukraynanın yaxın şəhərlərinə, hətta xarici ölkələrə ekskursiyalar təklif edirlər. Ona görə də şəhərin adının təkcə insanların müalicəsi ilə bağlı olmasını istəmirlər: "Truskavetsdə müalicəvi və istirahət turizmi ilk yerdədir. Bununla yanaşı, piyada, piknik, dağ-xizək, tibbi, təbiət və s. turizm növləri də əla inkişaf edib”.

Bir sözlə, Truskavetsdə turizm adına hər şey var. Əsas odur ki, insanlar gərgin həyat ritmindən uzaqlaşıb arada öz istirahət və müalicələri haqqında düşünsünlər.
Təranə Məhərrəmova
Truskavets
















banner

Oxşar Xəbərlər