• şənbə, 20 Aprel, 12:52
  • Baku Bakı 23°C

Kukla Teatrı Lənkəranda

29.07.21 15:17 299
Kukla Teatrı Lənkəranda
Bu il 90 illik yubileyini qeyd edən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti növbəti humanitar aksiyasını başa çatdırıb. Belə ki, teatr mövsümünün başa çatmasına baxmayaraq, Lənkəran şəhərinə səfər edərək Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş növbəti düşərgədə tamaşa ilə çıxış ediblər.

Kuklaçılar "YAŞAT” Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi iştirakçıları üçün teatrın repertuarındakı səhnə nümunələrindən olan "Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.

Məşhur Azərbaycan xalq nağılı "Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında hazırlanan tamaşaya teatrın rejissoru Anar Məmmədovun quruluş verib. Mono kukla tamaşasının quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artist Elza Seyidcahandır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı «Şəngülüm, Şüngülüm və Məngülüm» mənzum nağılından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda - Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar – çıxış edir. Tamaşanın ifaçısı sevilən aktrisa Ülviyyə Əliyevadır.

Silsilə xeyriyyə aksiyalarını, sosial-mədəni layihələrini daim gündəmdə saxlayan, Vətən Müharibəsi dövründə, ondan sonra da ölkə miqyasında müxtəlif layihələrə qatılan Dövlət Kukla Teatrının kollektivi bunu özünün ən ümdə vəzifəsi və müqəddəs borcu hesab etdiklərini bildirirlər




banner

Oxşar Xəbərlər