• cümə axşamı, 18 aprel, 17:15
  • Baku Bakı 22°C

“Kubinka”da əlavə tikililərin yaratdığı narahatlıq - Reportaj - Fotolar

10.10.20 13:18 3916
“Kubinka”da əlavə tikililərin yaratdığı narahatlıq - Reportaj - Fotolar
Ekspert deyir ki, söküntü işləri aparılarkən sakinlərə müəyyən güzəştlər ediləcək
Nəsimi rayonunda "Kubinka” kimi tanınan məhəllənin bir qrup sakini bu günlərdə redaksiyamıza müraciət edərək özlərinə məxsus daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması, bununla bağlı aidiyyəti qurumların sakinləri get-gələ salmasına dair şikayətlərini çatdırdılar. Xahiş etdilər ki, məsələnin araşdırılıb ictimailəşdirilməsinə yardımçı olaq. Həmin vətəndaşların yaşadıqları ünvanda olduq, fikirlərini dinlədik. Sakinlər iddia edirlər ki, Nəsimi rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə (təəssüf ki, konkret ad çəkmədilər) bir-iki il bundan öncə sövdələşməyə girərək, özlərinə məxsus birmərtəbəli evlərin üstündə əlavə ikinci mərtəbə tikib, yaşayış şəraitini bir qədər genişləndiriblər. İddialara görə, tikilən hər bir kvadratmetr üçün həmin məmurlara 100 manat ödənilib, şərti razılıq əldə olunub. Bunun qarşılığında vətəndaşlara hansısa sənəd verilməyib. Məhz buna görə də sakinlər əlavə tikililərə qanunla sahibi ola bilmir, daşınmaz əmlaklarını dövlət qeydiyyatına aldırmaqda çətinlik çəkirlər.


Vətəndaşların sözlərinə görə, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Xidmətlər Məkanına bir neçə dəfə müraciət olunub. Oradan sakinlərə bildiriblər ki, sözügedən tikililərin dövlət qeydiyyatına alınması üçün ərazinin, yəni torpağın həmin vətəndaşın mülkiyyətinə aid olmasına dair çıxarış, aparılan tikintinin icra hakimiyyəti ilə razılaşdırılması haqda sənəd və layihə olmalıdır. Yalnız bu sənədlər təqdim edildikdən sonra qanunla nəzərdə tutulmuş rüsum ödənilir və vətəndaşın əmlakı dövlət qeydiyyatına alınır. Sakinlərlə söhbət zamanı aydın oldu ki, vətəndaşların əlində belə bir sənədlər yoxdur. Bəzisində yalnız birinci mərtəbədəki evin ona aid olmasına dair sənəd var ki, bu da kifayət etmir.

Əmlak sahiblərindən nə üçün qanuni sənədləşmə işi aparmadan tikinti işləri həyata keçirdiklərinin səbəbini də soruşduq? Bildirdilər ki, bununla bağlı onları maarifləndirən olmayıb. Şəraitsizlikdən, darısqallıqdan, ailə tərkibində yeni ailə yarandığından əlavə tikililər aparmaq məcburiyyətində qalıblar. Cüzi ödəmələr etməklə, sövdələşmə aparmaqla, şifahi razılıqla yaşayış şəraitlərini yaxşılaşdırıblar. Çünki yeni tikililərdən, yaxud hansısa başqa yerdən mənzil almağa maddi imkanları çatmayıb. Necə deyərlər, şəraitə görə hərəkət edib mənzillərinin sahəsini genişləndiriblər. Həm də ümid ediblər ki, nə vaxtsa bu ərazilər söküləndə mənzilin kvadratmetrinə görə ödənilən təzminat müqabilində yaşadıqları əraziyə yaxın ünvanda özlərinə yeni mənzil ala biləcəklər. Sakinlərlə apardığımız söhbətlərdən belə məlum oldu ki, onlar arasında məhz bu ümidlə tələm-tələsik evinin ikinci mərtəbəsini tikənlər də var. Amma indi xəbər tutublar ki, vətəndaşlara maddi təzminat əmlakın ona məxsusluğunu hüquqi baxımdan təsdiq edən sənədə, orada əksini tapan sahəyə - kvadratmetrə görə veriləcək. Bu da həmin vətəndaşlarda ciddi narahatlıq yaradıb. Necə deyərlər, təzminata, əlavə qazanca ümid edib xərcə düşüblər, tikiblər, buna görə hər kvadratmetr üçün əlavə 100 manat ödəyiblər, indi isə məlum olub ki, gördükləri iş qanunsuzdur, heç bir hüquqa əsaslanmır.

Sakinlərin şikayəti ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin məsul şəxsi bizimlə danışıb suallarımızı cavablandırsa da, adının çəkilməməyini xahiş etdi. O bildirdi ki, vətəndaşlar qeyd edilən problemlə əlaqədar, iş günləri istənilən vaxt icra hakimiyyətinə müraciət edə, şikayətlərini şəxsən çatdıra bilərlər. Bunun üçün hər hansı maneə, çətinlik yoxdur. Məsələ ətraflı araşdırıldıqdan sonra sakinlərə qanun çərçivəsində lazımi köməklik ediləcək. Aparılan tikintilərə gəlincə, icra hakimiyyətindən bildirdilər ki, Nəsimi rayonunun sözügedən ərazisində pilot layihə həyata keçirilir, köhnə evlər sökülərək yerində yeni hündürmərtəbəli binalar tikilir. Bu zaman tikinti aparan şirkət vətəndaşla qanuni müqavilə bağlayır, söküntüyə görə ya təzminat ödənilir, ya da yeni tikilən binada daha geniş sahəsi olan mənzil verilir. Bunun isə icra hakimiyyətinə aidiyyəti yoxdur.

İcra hakimiyyətinin məsul şəxsi ötən bir-iki il ərazində ərazidə hər hansı tikinti işinin aparılması barədə deyilənlərə də aydınlıq gətirdi. Qeyd elədi ki, Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, Bakı şəhərində şəhərsalma proseslərinin planlı, sistemli və şəhərsalma qanunvericiliyinin tələblərinə uyğun təşkil edilməsi, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi işini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Yəni Nəsimi Rayon İcra Hakimiyyətinin ötən iki il ərzində sözügedən ərazidə hansısa vətəndaşa tikinti aparmasına görə razılıq verməsi, icra hakimiyyətinin hansısa məmurunun kimdənsə buna görə müəyyən məbləğdə pul alması və sair bu kimi ittihamlar əsassızdır. Şikayətçilər bununla əlaqədar icra hakimiyyətinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.


Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin də mövqeyini öyrəndik. O qeyd etdi ki, məsələyə hüquqi baxımdan yanaşılarsa, vətəndaşların etdiyi hərəkət, yəni sözügedən ərazidə tikinti işi aparmaları qeyri-qanunidir. Çünki "Kubinka”dakı mənzillərin əksəriyyətinin qanuni sənədi - çıxarışı olsa da, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi vətəndaşın mülkiyyətinə aid deyil: "Vətəndaşın mülkiyyətinə aid olmayan torpaq sahəsi üzərində onun hər hansı tikinti işi aparması hüquqi baxımdan qeyri-mümkündür. Şəhərsalma və Tikinti Məcəlləsinə son illərdə edilən bir sıra dəyişiklikdən sonra vətəndaşların tikinti işi aparmasına dair norma və prinsiplər xeyli yumşaldılıb. Orada tikinti aparmaq üçün tələblər açıq şəkildə göstərilib. İlk növbədə tikintinin aparıldığı torpaq sahəsi vətəndaşın mülkiyyətinə aid olmalıdır. Bu torpaq sahəsində qanunla nəzərdə tutulmuş norma və prinsiplərə uyğun tikinti aparmaq üçün vətəndaş əvvəlcə layihə-plan hazırlamalıdır. Bunu lisenziyası olan istənilən hüquqi şəxs edə bilər. Təbii ki, qanunla müəyyən edilmiş, o qədər də böyük olmayan rüsum qarşılığında. Əgər bunlar varsa, vətəndaş torpağın çıxarışının, şəxsiyyət vəsiqəsinin, tikinti layihəsinin surətlərini, tikinti aparmaq istədiyinə dair ərizə-müraciətini şəxsən və ya poçt vasitəsilə müvafiq icra hakimiyyətinə təqdim etməlidir. Bu, xəbərdarlıq məqsədi daşıyır. Məcəllədə göstərilən vaxt ərzində vətəndaşa bununla əlaqədar hər hansı irad, yaxud tövsiyə bildirilməsə, o, sərbəst şəkildə tikinti işini həyata keçirə bilər. Yetər ki, onun tikinti layihəsi qaydasında olsun, layihədə göstərilənlərdən, plandan kənara çıxmasın”.


"Kubinka”da əlavə tikinti işi aparan vətəndaşların narahatlıqları ilə bağlı ekspert onu da əlavə etdi ki, söküntü işləri aparılarkən sakinlərə müəyyən güzəştlər ediləcək: "Bütün hallarda sakinləri razı salmaq üçün işlər görüləcək. Əgər vətəndaşın ikimərtəbəli evinin birinci mərtəbəsinin qanuni sənədi – çıxarışı varsa, ikinci mərtəbədə tikdiyi sahənin hüquqi baxımdan heç bir sənədi yoxdursa, o zaman ikinci mərtəbədəki sahəyə nisbətən aşağı məbləğdə təzminat ödəniləcək. Məsələn, birinci mərtəbədəki sahəyə görə təzminatın məbləği 1500 manat təşkil edəcəksə, ikinci mərtəbəyə görə, 400-500 manat, yaxud fərqli məbləğ ola bilər. Bütün hallarda vətəndaşlarla razılığa gəlinəcək. Çalışacaqlar ki, onun mənzil şəraiti daha da yaxşılaşsın, ortada halallıq olsun. Bu baxımdan sakinlərin narahatlığına heç bir əsas yoxdur”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər