• çərşənbə, 24 Aprel, 04:58
  • Baku Bakı 14°C

KTMT üçün problemə çevrilən Ermənistan

15.11.18 19:50 624
KTMT üçün problemə çevrilən Ermənistan
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammitində baş katib məsələsində Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında yaranmış gərginlik diqqətdən kənarda qalmadı. Bunun ardınca Lukaşenkonun Azərbaycanın Belarusdakı səfiri ilə görüşü baş tutdu. Hər iki hadisədən sonra Ermənistan rəsmiləri Belarusu, xüsusilə prezident Lukaşenkonu hədəfə aldılar. Eləcə də erməni mətbuatı həm Belarus, həm də Qazaxıstan prezidentləri Lukaşenko və Nazarbayevi Azərbaycanın tərəfini tutmaqda ittiham etməyə başladılar.
Azərbaycan tərəfinin isə Ermənistana cavabı gecikmədi. Prezident İlham Əliyev noyabrın 14-də Belarusun Azərbaycandakı səfiri ilə görüşü zamanı Ermənistandan Belarusa edilən iradların acizlik kompleksinin təzahürü olduğunu diqqətə çatdırıb: "Bildiyiniz kimi, Ermənistan tərəfi bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının problemləri mövcuddur. Yəqin ki, burada onlar haqlıdırlar. Bu problem, ilk növbədə, elə Ermənistanın özüdür və Ermənistanın törətdiyi problemlərdir”.
KTMT-nin yarandığı gündən indiyədək olan dövrə nəzər salsaq, görərik ki, həqiqətən Ermənistanın bu təşkilata yamaq olması heç kimə sirr deyil. Əslində, dövlət başçısının Ermənistanla bağlı bu fikirləri KTMT üzvü olan digər ölkələrə bir mesajdırmı?


Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, prezident İlham Əliyev reallığı deyir və bunu KTMT-yə üzv ölkələrin rəhbərləri də bilir: "Belarusun, eləcə də Qazaxıstanın prezidentləri müxtəlif zamanlarda Ermənistanın təşkilatın üzvü olaraq oynadığı destruktiv rol ilə bağlı öz fikirlərini bildiriblər. Təbii ki, cənab prezidentin bu məsələni qabartması elə-belə deyil. Burada Azərbaycanın nə üçün həmin KTMT-ni tərk etməsinin səbəbi də bir növ açıqlanmış olur. Çünki işğalçılıq siyasətində əl çəkməyən bir dövlətlə biz eyni hərbi qurumda ola bilmərik. Bu daha çox nonsens təsiri bağışlayırdı”.
S.Alıyev vurğuladı ki, Ermənistanın həqiqətən də KTMT üçün mənəvi, həm də maddi yükə çevrildiyi heç kimə sirr deyil: "O da heç kimə, xüsusilə KTMT-nin əsas aparıcı ölkəsi olan Rusiyaya sirr deyil ki, Ermənistan əlinə fürsət düşən anda bu təşkilata üzv olan ölkələrə qarşı təxribatçı addımlar atmağa hazırdır və bunu edə də bilər. Eyni zamanda prezident İlham Əliyevin bu fikri indi səsləndirməsini də təsadüf hesab etmirəm. Fikirləşirəm ki, dövlət başçısının bu fikrinin arxasında KTMT-yə üzv olan dövlətlərin rəhbərlərinin diqqətə alacaqları bir mesaj var”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırlatdı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil: "Amma bu təşkilatda baş verən prosesləri diqqətdə saxlayırıq. Prezident İlham Əliyev də doğru qeyd etdi ki, KTMT-də işğalçı dövlət yer alıb və belə bir dövlətin təmsilçisi baş katib vəzifəsini icra edirdi. Digər tərəfdən, Ermənistanın işğalçı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan KTMT-nin fəaliyyətini diqqətlə izləyir. Ermənistan bu təşkilat çərçivəsində təxribatla da məşğul ola bilər. Sadəcə, Azərbaycana qarşı hər hansı addımlar atmağı bacarmır. Çünki bu təşkilatın digər üzv ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda təşkilat daxilində nə baş verdiyindən xəbərdarıq. Bununla biz Belarusa dəstək ifadə etdik və dövlət başçısı səfiri elə-belə çağırmamışdı. Çünki bu hadisədən bir gün qabaq Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan səfiri ilə görüşdü və bu görüşdə KTMT-nin son iclası barədə məlumat verdi. Bundan isə Ermənistan hakimiyyəti çox narahat oldu, əsəbiləşdi və Lukaşenko əleyhinə bəyanatlar verdilər. Onun cəzalandırılmasını istədilər. Guya ki, Lukaşenko KTMT-də baş verən hadisələr haqda üzv olmayan dövlətə məlumat verib. Amma bilirik ki, burada ciddi bir hadisə baş verməyib. Sadəcə olaraq, Ermənistan çox narahatdır ki, Belarus, Qazaxıstan KTMT-də Azərbaycanla əməkdaşlığa can atırlar. Azərbaycan prezidenti də Belarusa dəstək və Ermənistanı yerinə otuzdurmaq məqsədilə Belarus səfirini qəbul etdi. Görüş zamanı da bildirdi ki, Ermənistan bu proseslərə burnunu soxmamalıdır və Belarusla Azərbaycan necə istəyir, elə də əməkdaşlıq edir, burada kriminal bir şey yoxdur. Prezident İlham Əliyevin bu addımı Belarusa dəstək məqsədi daşıyırdı. Onu da qeyd edim ki, Azərbaycan prezidentinin Belarusa səfəri nəzərdə tutulub. Ermənistanın iddialarına, maneçiliklərinə baxmayaraq, Azərbaycan Belarusla əməkdaşlıq edir və eyni zamanda silah da alır”.
E.Şahinoğlu Ermənistanın KTMT daxilində belə sıxışdırılmasından sonra onun qərbə meyl edəcəyinə inanmadığını əlavə etdi: "Çünki Ermənistan Rusiyadan elə asılı vəziyyətdədir ki, əgər Moskva ilə ipləri qoparsa, bu onun sonu olar. Əgər Ermənistanda rus hərbi bazaları olmasaydı, sərhədlərini özü qorusaydı, fabrik və zavodlar Rusiyanın əlində olmasaydı və bu ölkədən ucuz qaz almasaydı, bəlkə də biz deyə bilərdik ki, qərbə meyllənsə, rəsmi Moskva tərəfindən elə də böyük təzyiqlə üzləşə bilməz. Amma qeyd etdiyim kimi, Rusiyanın əlində çox güclü alətlər var və bunlar olduğu təqdirdə, Paşinyan Rusiya ilə nə qədər soyuq olsa da, bu ölkədən qopa bilməz. Ermənistanın indiki vəziyyəti də buna imkan vermir. Ermənistan KTMT-dəki durumundan narazı ola bilər, hansı ki, Paşinyan baş katibin dəyişdirilməsinə hələ də bir il vaxt olduğunu qeyd etdi. Buna görə Ermənistanın KTMT-ni tərk edəcəyi və üzünü qərbə tutacağını düşünmürəm. Ermənilər bütün narazılıqlara və narahatlıqlara rəğmən, bu təşkilatda fəaliyyətlərini davam etdirəcəklər”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər