Kriminal faktların siyasi şou mövzusuna çevrilməsi radikalların ənənəvi uğursuz taktikalarından biridir

Kriminal faktların siyasi şou mövzusuna çevrilməsi radikalların ənənəvi uğursuz taktikalarından biridir

Təfsilat
10 Yanvar 2020, 15:21 281
Radikal müxalifətin bir hissəsinin seçkiyə qatılması və digər hissəsinin seçkidən imtina etməsi fakt olsa da, bu düşərgə seçki proseslərinə münasibətdə mahiyyət etibarilə eyni məqsədlər güdür.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, radikallar seçkiqabağı mühitin standartlara cavab vermədiyini iddia edərək buna müxtəlif qondarma əsaslar tapır, cəmiyyətin diqqətini əsas məsələdən yayındırmağa cəhd edirlər: "Müxtəlif təxribatçı ideyaların radikalların pərdəarxası məqsədlərinə xidmət etdiyi şübhəsizdir. Radikal təşkilat təmsilçiləri xalqın diqqətini özlərinin sosial bazasının olmamasından yayındırmaq istəyir, labüd seçki məğlubiyyətinin əsl səbəblərini gizlətməyə çalışır və beynəlxalq ikili standartlara söykənən dairələrin diqqətini neqativ meyarlarla Azərbaycana kökləmək istəyirlər.
Bu kontekstdə adi kriminal faktların siyasiləşdirilməsi və siyasi şou mövzusuna çevrilməsi radikalların ənənəvi uğursuz taktikalarından biridir. Ölkədə baş verən hər hansı bir kriminal fakt üzərindən cəmiyyətin hisləri ilə oynamaq uğursuz siyasi taktika olmaqla bərabər, eyni zamanda yolverilməz qeyri-etik üsul kimi nəzərdən keçirilməlidir. Bütün ölkələrdə kriminal hadisələr baş verdiyi halda, radikalların bunu Azərbaycanın siyasi prosesləri ilə əlaqələndirməsi xalqın gözündən yayınmır və heç bir effekt vermədən iflasa uğrayır. Ümumiyyətlə, kriminal faktların siyasiləşdirilməsi bir neçə məqsədə xidmət edən köhnəlmiş və uğur gətirməyən mübarizə üsuludur. Xüsusilə, onu demək lazımdır ki, radikal kəsim bu yolla xalqı radikallaşdırmaq və özlərinin tam itirilmiş sosial bazasının heç olmasa kiçik bir hissəsini bərpa etmək məqsədi güdür. İllərlə aparılan uğursuz radikal mübarizə taktikasının artıq düzəlməz nəticələrə gətirib çıxardığını başa düşməmək radikalların növbəti iflas təzahürü kimi başa düşülməlidir".
Baş redaktor əlavə edib ki, radikal partiyalar öz sosial dayaqlarını hakimiyyəti idarə etmək bacarığının olmaması və illərlə qisasçılıq siyasəti aparmaqla itiriblər:
"Hazırda qeyri-siyasi üsulların seçilməsi və ictimai rəyə təsirsiz keçən təxribatçı ideyalar radikalların iflasının qarşısıalınmaz olduğunu bir daha təsdiq edir".