Kriminal avtoritetlərə pərəstiş edən gələcəyimiz

Uşaqları
qəhrəmanlıq ruhunda, sağlam düşüncəli vətəndaş kimi böyütmək hər bir cəmiyyət üçün önəmli məsələlərdəndir.
Amma qəhrəmanın kim olmasının da uşaqların doğru-düzgün tərbiyəsində əhəmiyyəti
böyükdür. Son vaxtlar uşaqların, yeniyetmə və gənclərin özlərinə ideal seçdikləri
"qəhrəmanlar”ın kriminal avtoritetlər olması cəmiyyət üçün SOS siqnalı
sayılmalıdır. Bu gün kriminal avtoritetlər mətbuatda əlahiddə səlahiyyətlərə
malik güc sahibləri kimi təqdim olunurlar. Hətta onların gücü o qədər
şişirdilir ki, sanki belə şəxslərin dövlətdən də qüdrətli olduqları mənzərəsi
yaranır. Reallıqdır, indi orta məktəb şagirdlərinin məhəllələrdə, elə tədris
ocaqlarında özləri üçün "polajeniya”ya baxan qruplar yaratması barədə də xəbərlər
kimisə təəccübləndirmir. Uşaqlar var ki, cinayət törədib, həbsxanaya düşmək,
"vor zakon” olmaq arzusu ilə yaşayır. Hələ həyatı anlamaqda çətinlik çəkən
uşaqlarda, yeniyetmələrdə bu istək necə formalaşır? Onlar bunu hansı mühitin təsiri
altında arzulayırlar? Gələcək nəslimizin kriminal avtoritetləri qəhrəman kimi
seçməsinin səbəbləri nədir? Onların bu yanlış istiqamətə meyl etmələrinin
günahkarı kimlərdir? Valideynlər, mətbuat,
təhsil ocaqları, yoxsa bütövlükdə cəmiyyətin özü? Gələcəyimizi sağlam düşüncəli görmək üçün hansı
işlər görülməlidir?
"Cəmiyyət
buna qarşı birgə mübarizə aparmalıdır”
Millət vəkili Tahir Kərimli "Kaspi”yə açıqlamasında bildirdi ki, qanunlarla
idarə olunan ölkədə avtoritetlərə ehtiyac yoxdur: "Bütün böyük dövlətlərdə -
ABŞ-da həbsxanaları dövlət nəzarətində saxlamaq, idarə etmək üçün müəyyən şəbəkələr
yaradılır. Azərbaycanda da SSRİ-nin tərkibində olanda belə bir şey var idi.
Sovet İttifaqı təzə yaradılanda Azərbaycan həbsxanalarını, cinayətkarları,
onların davranışlarını nəzarətdə saxlamaq üçün belə bir oğru sistemi
yaradılmışdı. Bu işə əsasən o vaxt Rusiyanın həbsxanasında yatan adamlar rəhbərlik
edirdilər. Onlar həbsxanalara nəzarət edirdilər. Sözdə bu sistem guya sovet
dövlətinin müəyyən ədalətsiz prinsiplərini aradan qaldırmaq, cinayətkarlar
arasında, o cümlədən həbsxanalarda haqqı
qorumaq üçün idi. Həqiqətən də bu sistem
vasitəsilə müəyyən qədər ədalətli yanaşma göstərilirdi, kimlərsə müdafiə
olunurdu. Amma Azərbaycan müstəqil dövlət olandan sonra bu sistemə demək olar
ki, ehtiyac yoxdur. Dövlət daxilində də kriminal sistem öz mahiyyətini itirib. Bu
aləmdə olan azərbaycanlılar da başqa ölkələrdəki fəaliyyətləri ilə məşhurlaşırlar.
Ümumilli liderin dövründə bu istiqamətdə ciddi mübarizə getdi. Belə şəbəkənin
dövlətdə olmasına imkan verilmədi. Buna baxmayaraq, etiraf etmək lazımdır ki,
bizdə bu kimi məqamlar hələ də var. Rusiyada isə bu sistemdən indi də istifadə
edirlər”.
T.Kərimli
deyir ki, bu kimi məqamın təbliğ olunması qanuna zidd hal olmaqla yanaşı, mənəvi
cəhətdən gənclərimizi səhv istiqamətə yönəldir: "Təəssüf ki, sosial şəbəkələrdə,
mətbuatda, hər yerdə bu sistem təbliğ olunur, müsbət məqam kimi qiymətləndirilir.
Belə hal qanuna zidd olmaqla yanaşı, mənəvi cəhətdən gəncləri səhv istiqamətə
yönəltməkdir. Təbliğatlar vasitəsilə bu cür avtoritetlər ilahiləşdirilir,
onlara pərəstiş yaradılır. Sosial durumu yaxşı olmayan, özünü həyatda tapa bilməyən
insanlarda meyl yaranır ki, onların yolu ilə getsinlər, o sistemə düşsünlər. Hətta
kriminal olmayan mühitdəkilərdə belə o sistemə bir istək, bağlılıq yaranır. Ona
görə də bundan qəti çəkinmək lazımdır”.
Millət vəkilinin
sözlərinə görə, cəmiyyət buna qarşı birgə mübarizə aparmalıdır: "Cəmiyyət belə
halların həm qanuna, həm mənəviyyata uyğun olmadığını ortaya qoymalıdır. Cinayəti
yaradan səbəb və şəraitin aradan qaldırılması üçün mübarizə aparmalıyıq”.
"Bunun
mənfi təzahürü zamanla olacaq, davam edəcək”
Hüquqşünas, media ekspertiƏləsgər Məmmədli deyir
ki, avtoritetlərin güc sahibi, xeyirxah bir sima kimi təbliğ olunması gənclərimizi
dilemma qarşısında qoyur: "Təəssüf ki, hətta bəzi siyasətçilər də kriminal avtoritetləri qəhrəman
kimi təqdim edirlər. Bu da yeniyetmə və gənclər üçün pis bir nümunədir. Onlar çox
ciddi dilemma qarşısında qalırlar. Bəzən həmin şəxsin cinayətkar, yoxsa qəhrəman
olması ilə bağlı konkret qərar verə bilmirlər. Çox halda isə bir az daha sərt
davranmağa, aqressivliyə meylli olan təbəqə onları qəhrəmanlıq nümunəsi kimi təqdim
edir, ideallaşdırırlar. Burada medianın böyük rolu var. Çünki media bu tipli xəbərləri
ictimailəşdirir.
İstanbulda
öldürülən, axtarışda olan şəxsin Azərbaycana gətirilməsi, hava limanında
qarşılanması, dəfn mərasimi böyük hadisə kimi, eyni zamanda qəhrəmanın dəfni kimi
təqdim olundu. Sözsüz ki, bunun mənfi təzahürü zamanla olacaq və davam edəcək.
Haqlı olaraq yeniyetmələr, gənclər də dilemma qarşısında qalırlar: dövlət bu
adamı axtarırdısa, o, necə qəhrəman ola bilər? Qəhrəmandırsa, niyə axtarışa
verilmişdi? Gənclər konkret olaraq, dəqiq xəttin haradan keçdiyini müəyyənləşdirə
bilmirlər. Təbliğat yanlış istiqamətdə aparıldıqda gənclər də düşünürlər ki,
onlar həqiqətən qəhrəmandırlar. Elə hesab edirlər ki, zaman-zaman dövlətin
qanunlarına qarşı gedərək, qəhrəman olmaq mümkündür və belə həyat yolunu seçmək
olar”.
"Mətbuat xəbəri
verməlidir, amma...”
Ə.Məmmədli
bildirdi ki, cəmiyyətdə söz sahibi olan hər kəs bu haqda fikir bildirərkən diqqətli
olmalıdır: "Siyasətçilər, ictimai xadimlər, mətbuat sahəsində çalışanlar bu məsələlərin
təqdim edilməsindəki həssaslığı dərk etməlidirlər və uşaqların gələcəkdə tərbiyəsinə
mənfi təsir göstərəcək davranış və sözlərə yer verməməlidirlər. Bir nömrəli məsələ
maariflənmədir. Kim olursa-olsun, harada fikir bildirirsə, fikirləri dövlətin təməlinə,
siyasi baxışlarına, qanunlarına hörmət prinsipləri çərçivəsində olmalıdır.
Ayrı-ayrı şəxsləri ideallaşdırmaq lazımdırsa, onda ölkəmizin bütövlüyü uğrunda
şəhid olmuş insanlardan başlamaq, onları cəmiyyətə qəhrəman kimi təqdim etmək
lazımdır. Ancaq biz kriminal ünsürü qəhrəman kimi təbliğ edirik və buna geniş
yer veririk. Bu, gələcəyə yönəlmiş mənfi bir mesajdır”.
Amma mətbuat
işçiləri hansısa hadisə baş veribsə, onu yazmalıdırlar. Ə.Məmmədli deyir ki, burada da xəbəri yazma üsulu böyük önəm daşıyır: "Mətbuat
xəbəri verməlidir. Amma həmin məsələyə rəğbət göstərməməli, simpatiya
yaratmamalıdır. Öz rəngini qatmamalıdır.
Hadisə baş veribsə, o haqda informasiyanı soyuq, mücərrəd verə bilərsən. Amma
ona rəng, emosiya qatırsansa, bu, artıq jurnalistikanın prinsipindən çıxmaqdır.
Təbliğat aparmaqdansa, kriminal avtoritetlərlə bağlı mənfi tərəfləri ortaya
qoymaq lazımdır. Məsələn, əgər kimsə kriminal avtoritet olubsa, kriminal prosesə
qarışıbsa, bu prosesin ölümə apardığını, onun yaxınlarının nə cür əziyyət çəkdiyini
önə çəkmək olar. Yoxsa, "avtoritet qəhrəman idi”, "filankəslərə kömək edirdi”, "soydaşlarımız
başsız qaldı” kimi düşüncəni aşılayan cümlələr olacaqsa, təbii ki, kimsə həmin
kriminal şəxsin yerini tutmaq arzusu ilə yaşayacaq”.
"Gerçəkliklə virtuallıq arasındakı reallıq ortadan
götürülüb”
Tənqidçi Əsəd Cahangir bizimlə söhbətində bildirdi ki, bu gün dünyada
romantik düşüncənin süqutu dövrüdür. Klassik gözəllik, qəhrəmanlıq, sevgi
anlayışı hamısı başı üstə çevrilərək öz neqativ forması ilə əvəzlənir: "Vaxtilə
yaradıcı, ilahi başlanğıc daha önəmli faktor idi. Bu gün dünyada dağıdıcı
başlanğıca meyl var. Həm beynəlxalq səviyyədə, həm sosial sferada, ailə
daxilində, eyni zamanda insanın daxilində bir aqressiya var. Həmin aqressiya isə
qətllərdə, kriminal hadisələrdə özünü göstərir. İnsanların içində dağıdıcı
instinktlər oyanıb”. Ə.Cahangir hesab edir ki, bu cür ah-havanı yaradan müxtəlif
səbəblər var: "Hollivudda qorxulu, kriminal xarakterli filmlər çəkilir.
Kriminal aləmi göstərən əsərlər də yazılır. Bütün bu kimi şeylər məktəblilərin
şüuruna təsirsiz ötüşmür. Bu yaxınlarda oxudum ki, bir məktəbli dərsə girib
sinif yoldaşlarını güllələyib. Bu hamını təəccübləndirdi, amma məni yox. Çünki
kriminal filmləri izləyən, telefonda bu cür oyunlar oynayan uşaq üçün güllə ilə
atəş açmaq adi bir şeydir. Sanki bir oyundur. O yenə də oyun oynadığını zənn
edir. Bəşəriyyət kriminal hadisələrə belə münasibət sərgiləməklə, öz ölümü ilə
oynayır. Artıq gerçəkliklə virtuallıq arasındakı reallıq ortadan götürülüb.
İnsan ağılının dəqiqliyinə bir xələl gəlib”.
Ə.Cahangir bildirdi ki, bu cür meylin azalmağa doğru
getməsi üçün cəmiyyətdə fikir sahibi olan hər kəsin, hər bir qurumun üzərinə
böyük yük düşür: "Ədəbiyyat, sənət nəyin bahasına olursa-olsun humanist
ideallarına sadiq qalmalıdır. Televiziyaların burada rolu böyükdür. Orta məktəb
müəllimlərinin üzərinə yük düşür. Humanitar sahənin adamlarının, təhsil
sisteminin, dövlətin humanitar siyasət məsələləri ilə bağlı səlahiyyətli şəxslərin,
ailədə valideynin, cəmiyyətdə hər bir insanın bu işdə öz məsuliyyəti var”.
"Uşaqlara kimləri qəhrəman kimi təqdim etdiyimizə
fikir verməliyik”
Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, hər zaman məsələnin kölgəli tərəfləri
olur. Bu isə təqdimat formasının arxasında gizli qalır: "Bir var baş verən
hadisəni xəbər kimi təqdim edəsən, bir də var onu şişirdəsən. Bu cəhətdən təqdimat
çox önəmlidir. Mətbuatla yanaşı, valideynlər uşaqlarına qəhrəman kimi kimləri təqdim
etdiklərinə diqqət etməlidirlər. Ailədə bir oğlan uşağı böyüyürsə, onun valideyni avtoritetləri mifləşdiribsə, uşaq
da onlara meyl edəcək, özü üçün nümunə onları götürəcək. Ona görə kimi mifləşdirəcəyimizə
diqqət etməliyik. Adam var Babəki nümunə götürür, adam da var hansısa
avtoriteti”.
Psixoloq
deyir ki, kriminal aləmə meyl edən insanlar psixoloji cəhətdən zəif xarakterə
malik olanlardır: "Stressə davamsız, şiddətə meylli, inamsız olurlar. Onların
psixoloji narahatlıqları çox olur. Bu illərlə, əsrlərlə belə olub. Onlar özləri
haqqında bir mif yaradıblar. Avtoritet deyirlər, amma onun cəmiyyətə nə
verdiyini görmürük axı. Nümunə kimi götürəcəyimiz insanlar cəmiyyətimiz üçün
xeyir verəcək şəxslərdir”.
V.Rəşidova
bildirdi ki, bu məsələyə kütlə psixologiyası ilə yanaşma da qabarıq hiss olunur:
"Sosial şəbəkələrdən çoxumuz uzaq qala bilmirik. Sərbəst bir mühitdir, hər kəs
öz fikrini yazır. Amma bəzən yanlış istiqamətdə olan fikirlər kütlə
psixologiyası ilə gedənlərin də kriminal sahəni özləri üçün mifləşdirməsinə gətirib
çıxarır. Sosial şəbəkədə kimsə öz fikrini ortaya qoyub, avtoritetlərlə bağlı
simpatik bir fikir bildirsə, ona baxıb, o yanaşa tərzini özü üçün məqbul edənlər
çox olur. Bir neçə nəfər avtoritetləri tərifləyirsə, digərləri də onu təlqin
edir. Amma öz düşüncəsindən qaynaqlanan fikri ortaya qoymaq lazımdır. Kriminal
aləmin insanlarını mifləşdirən dostlarımız ola bilər. Amma insanın öz düşüncəsi
olmalıdır”.
Aygün Asimqızı
