AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kremlin rus dilini məcbur öyrətmək siyasəti iflasa uğrayır

Kremlin rus dilini məcbur öyrətmək siyasəti iflasa uğrayır

Siyasət
20 Dekabr 2012, 10:22 1918
Bəlli olduğu kimi, bu ayın əvvəlindən Rusiyada miqrantlarla bağlı yeni qanun qüvvəyə minib. Söhbət miqrantların rus dilini bildiklərini əks etdirən sertifikatın alınmasından gedir. Hələ ki, bu qaydalar əhaliyə xidmət, ticarət və mənzil-kommunal xidməti sahəsində çalışan işçilər üçün nəzərdə tutulur. Lakin üstündən bu qədər müddət keçməsinə baxmayaraq bununla bağlı müraciət edənlərin sayı kəskin şəkildə aşağıdır. Ekspertlər də qeyd edir ki, əcnəbi miqrantlar üçün tətbiq edilən «testlənmə» siyasəti özünü doğrultmur. «Kommersant» qəzeti yazır ki, qanun qüvvəyə mindikdən indiyə qədər yaxın xaric ölkələrindən yalnız 200 miqrant testdən keçmək üçün müraciət edib. Milli diaspora nümayəndələri də qəzetə bildiriblər ki, onların həmvətənləri rus dilindən imtahan vermək istəmirlər. Buna səbəb kimi sistemin çox baha olması göstərilir.

Lakin Rusiya Federal Miqrasiya Xidməti narahatçılığa əsas görmür. Onların qənaətincə, miqrantların əsas axını Yeni ildən sonra başlayacaq. Məlumat üçün bildirək ki, Rusiya hökumətinin tətbiq etdiyi məcburi testdən keçməkdən yalnız Belarus və Cənubi Osetiyadan (hər iki qurumda rus dili dövlət dili elan edilib) gələnlər, eləcə də orta məktəbdə rus dilində təhsil almaları barədə sənəd göstərənlər azaddır. Qaydalara görə, bundan sonra işəgötürən rus dilini bilməyən miqrantı işə götürə bilməyəcək. Metodik «testlənmə»nin təmin olunmasını dörd ali məktəb həyata keçirir: Puşkin adına Rus Dili İnstitutu, Moskva Dövlət Universiteti, Sankt-Peterburq Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti. Testlərlə tanış olan qəzet əməkdaşı burada miqrantların sözlərin qrammatik cəhətdən düz yerləşdirilməsinə diqqət yetirməli olduqlarını müəyyənlədirib. Lakin milli diaspora nümayəndələri «testləşmə» barədə qanunu sərt tənqid ediblər. «Hələ ki, belə bir təsəvvür yaranır ki, bu qanun ölkə ərazisinə gələnlərdən əlavə pul qoparılmasına xidmət edir» - deyə «Tacik əmək miqrantları» assosiasiyasının rəhbəri Karomat Şaripov bildirib. «Bizə müraciət edən soydaşlarımızdan heç kim rus dilindən imtahan vermək istəmir. Onlar hesab edirlər ki, imtahanın verilməsi üçün qoyulan məbləğ - 3 min rubl çox yüksək məbləğdir» deyə o bildirib. Rusiya Miqrantları Federasiyasının rəhbəri Məhəmməd Əmin Mədcumer bildirir ki, bir çox miqrantlar rus dilini o qədər də yaxşı bilmir. Lakin onlar ümid edir ki, yerli hakimiyyət orqanları onlara rus dilini öyrənməyə şərait yaradacaqlar.

Özbək cəmiyyətinin sədri Usman Baratov isə bildirir ki, miqrantlar müəyyən dövr üçün bura gəlib işləyirlər və onların təhsil və sertifikata pul vermələrinin, eləcə də buna vaxt ayırmalarının mənası yoxdur. Böyük əksəriyyət işdə əlavə xərc olmasın deyə heç qeydiyyata da düşmür. Özbək təmsilçinin sözlərinə görə, testləşmədən imtina Rusiyada qeyri-leqal əməyin artmasına səbəb ola bilər. Bu günlərdə Rusiya Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski bildirib ki, hər il Rusiyaya 20 mln. insan işləmək üçün gəlir. Lakin onun rəhbərlik etdiyi qurumda qeydiyyatdan 260 insan keçib. Maraqlısı odur ki, Miqrasiya Xidməti rus dili ilə yanaşı, 2015-ci ildən miqrantların Rusiya tarixi və qanunvericiliyi ilə bağlı testdən keçirilməsini də nəzərdə tutur. Artıq bununla bağlı qanun layihəsi Dövlət Dumasına göndərilib. Rusiya mediasında etiraf edilir ki, cari ildə ölkəni xeyli sayda miqrant tərk etməli olacaq. Cənubi Qafqazdan, xüsusən də Azərbaycan və Ermənistandan gələnlər üçün isə rus dili ilə bağlı ciddi problem ortaya çıxmır. Qəzet yazır ki, bu ölkələrdə rus dilini bilməyən insanların sayı azdır. Artıq indidən belə bir fikir formalaşır ki, miqrantların qarşısının alınması, problemlərin yaradılması Rusiya üçün çox ciddi fəsadlara gətirib çıxara bilər.

Düzdür, Rusiya baş naziri Dmitri Medvedyev deyib ki, ölkəsi miqrantların əməyindən imtina edə bilməz və xaricdən ölkəyə işçilərin gəlməsinin qarşısını almaq fikrində deyil. Lakin əlavə edib ki, miqrantlar Rusiya adət-ənənələrinə riayət etməlidirlər: “Onlar ənənələrimizə əməl etməlidirlər”. Medvedyevin sözlərinə görə, əhalinin sıxlığını artırmağa çalışan Rusiyada miqrantların gəlişi alqışlanmalıdır. Rusiya baş nazirinin sözlərinə görə, geniş əraziləri olan Rusiya öz torpaqlarına iddiaların qarşısını almaq üçün yalnız Qafqaz və Moskva deyil, ölkə boyu əhalinin yüksək sıxlığına malik olmalıdır. Ekspertlər öz növbəsində hesab edirlər ki, miqrantlar olmadan Rusiya yaşaya bilməz. Məsələn, Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri Hacımet Səfərəliyevin fikrincə, Rusiya ərazisinin 80 faizində az məskunlaşma olduğunu nəzərə alsaq, əmək miqrasiyası olmadan ölkədə əmək resursları sadəcə kifayət etməyə bilər. O, normal fəaliyyət göstərmək üçün Rusiyaya azı 50-70 milyon əhalinin çatmadığını, bununla belə, ölkənin keyfiyyətli miqrasiyaya ehtiyac duyduğunu vurğulayıb. Ekspertlər qeyd edir ki, Moskvanın yeni addımları bu ölkəni çoxsaylı miqrantların tərk etməsi ilə müşayiət olunacaq. Bu sıraya Rusiyada çalışan soydaşlarımız da aiddir.

Yeri gəlmişkən, rus dilini məcburi bilmə ilə yanaşı, Dövlət Duması qeyri-leqal şəkildə Rusiya ərazisinə gələnlərə qarşı cəzaların sərtləşdirilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsinə görə, Rusiya ərazisinə qanunsuz gələn əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qalanlar və yaxud Rusiya ərazisindən qanunsuz olaraq tranzit kimi istifadə edənlərlə bağlı cərimələr 200 min rubldan 300 min rubla kimi qaldırılır. Eləcə də qanuni pozanlar üçün islah işlərinin 360 saatdan 420 saata kimi qaldırılması nəzərdə tutulub. Azadlıqdan məhrum etmənin isə 2 ildən 5 ilə kimi qaldırılması da layihədə göstərilib. Deputatların qənaətincə, bu dəyişikliklər miqrasiya sahəsində çatışmazlıqlara aradan qaldıracaq. Onlar Federal Miqrasiya Xidmətinin statistik rəqəmlərini də ortaya qoyublar. Orada göstərilir ki, 2006-cı ildə miqrantlarla bağlı 228, 2011-ci ildə 385 cinayət işi açılıb. Bundan əvvəl isə ölkə prezidenti Vladimir Putin qanunsuz miqrasiya, miqrasiya sahəsində pozuntuların sərtləşdirilməsinin vacibliyini bildirib. O bildirib ki, müvafiq düzəlişlər və əlavələr artıq Dövlət Dumasına göndərilib.

Azər NURİYEV