Kremli əsəbiləşdirən Ermənistan - TƏHLİL
Rusiya
mediası İrəvanı hədələyir: "Oradan problem gözləyin - çünki halqa nazik olan
yerdən qırılır. Səhv dalınca səhvə yol verən Nikol Paşinyan yadda saxlamalıdır
ki...”
Ukraynada
hücuma görə təklənən, sanksiyalarla üz-üzə qalan Rusiya gərgin günlərini
yaşayır. Əməliyyatlar artıq paytaxt Kiyev ətrafında aparılır və proseslərin necə
sonuclanacağı hər kəsi düşündürür. Müharibə Rusiyanın ənənəvi müttəfiqləri ilə
münasibətlərini də ortaya qoyub və bununla bağlı ciddi narahatlıq hökm sürür.
Söhbət Rusiyanın himayəsi ilə qurulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
(KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə müttəfiqlərin lazımı dəstək
verməməsindən gedir. Müharibə Moskvanın ənənəvi dostları üçün diplomatik stress
sınağına çevrilib. Belarus istisna olmaqla, Rusiyanın KTMT və Aİİ-dəki bütün
digər müttəfiqləri tamamilə neytral mövqe tutublar, yəni səssizcə Rusiyadan
uzaqlaşıblar. Uzaq Kuba, Venesuela və Suriyadan fərqli olaraq dünənə qədər
"qardaş respublikalar” hesab edilən dövlətlər də lazımı dəstək göstərmədilər.
Rusiya mediasında, ekspert dairələrində işğalçı müharibə ilə bağlı dərc olunan
məqalə və qiymətləndirmələrdə əsas fikir
budur ki, "varlıqlarına görə" Kremlə minnətdarlıq etməli olan
dövlətlər belə mövqe göstərməli deyillər. Hətta ehtiyat edilir ki, bu ölkələr
son anda neytrallığı da bir kənara qoyub, Rusiyaya arxa çevirə bilərlər. Bu məsələdə
isə öncə Ermənistan misal çəkilir.
"İkiüzlü
Ermənistan"
Qanlı
iğtişaşlar yaşayan Qazaxıstan, sərhəd münaqişəsi yaşayan Qırğızıstan və
Tacikistan neytrallıqlarını saxlayıb. Özbəkistan və Türkmənistan da neytral
qalıb. Və Rusiyanın onlar sarıdan narahatlığı yoxdur. Rusiya mediası və ekspert
dairələri diqqəti daha çox Ermənistana yönəldir, onu ikiüzlülükdə ittiham edirlər.
Qeyd edirlər ki, indiyədək İrəvan
Rusiyanın hərəkətlərini dəstəkləmək üçün heç bir bəyanat verməyib və BMT-də
Rusiya əleyhinə qətnamələrin səsverməsi zamanı bitərəf mövqe tutub. "Bu cür
davranış hansısa uzaq Sakit okean dövləti üçün normal olardı, lakin Ermənistanda
nonsensdir. Sanki, Ermənistanı 2020-ci ildə Qarabağ müharibəsində dağılmaqdan xilas
edən Rusiya deyil. Hələ də erməni əhalisinin yaşadığı regionda sabitliyin Rusiya
sülhməramlıları tərəfindən dəstəkləndiyini unudublar. Ermənistanın hazırkı
mövqeyini başqa cür izah etmək mümkün deyil”, - deyə "Vestnik Kafkaza”da dərc
olunan analitik materialın müəllifi vurğulayır.
"Paşinyan
Putinə xəyanət edir”
Əlavə
edilir ki, baş nazir Nikol Paşinyan Vladimir Putinə dəstək ifadə etmək əvəzinə,
daha "təcili” işlərlə məşğuldur: "Məsələn, o, prezident Emmanuel Makronla
görüşmək üçün martın 9-da Fransaya uçub və Avropa Şurasının rəhbəri Çarlz
Mişellə "qeyri-rəsmi danışıqlar” aparıb. Qeyd edək ki, Paris Rusiyaya qarşı ən
sərt sanksiyaların tərəfdarıdır, Moskva üçün belə həssas geosiyasi vəziyyətdə
Fransa prezidenti və Avropa Şurasının rəhbəri ilə görüşlər açıq-aşkar xəyanətdən
xəbər verir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın NATO-dakı danışıqların gündəliyi hələ ki, məlum deyil,
lakin vaxt öz sözünü deyir”.
Nəşr
sonda Ermənistanı açıq şəkildə hədələyir və qeyd edilir ki, Rusiyanın müttəfiqləri
arasında bu ölkə Moskvaya dəstək məsələsində mövqesizliyini nümayiş etdirən "ən
zəif halqa”ya çevrilib: "Oradan problem gözləyin - çünki halqa nazik olan yerdən
qırılır. Səhv dalınca səhvə yol verən Nikol Paşinyan yadda saxlamalıdır ki,
ruslar xəyanəti, xüsusən də çətin məqamda, bağışlamır. Rusiya çoxlu böhranlar yaşayıb
və bu böhrandan da çıxacaq. Amma Moskva dünənki "qardaşların” tövbə göz
yaşlarına inanmayacaq”.
Lukaşenkonun
təşəbbüsünün yaratdığı həyəcan
Hərbi əməliyyatların
ağır getməsi Rusiyanı daha qəti addımlar atmağa vadar edə bilərmi? Hər halda
Belarus prezidenti Lukaşenkonun son bəyanatı müəyyən narahatlıq doğurur. O,
Putinlə görüşdə bəyan edib ki, KTMT və Aİİ sammit keçirməlidir. Ermənistanın
"1in.am” nəşri yazır ki, Belarus prezidentinin təşəbbüsü Ermənistan üçün risklər
ehtiva edir və bu zaman qondarma "iştirak” məsələləri gündəmə gələ bilər: "Bu
risklərin praktik olduğunu söyləmək hələ tezdir və hər halda yalnız
Lukaşenkonun bəyanatı bu praktikanın sübutu kimi qəbul edilməməlidir. Lakin İrəvan,
xüsusilə KTMT-yə sədrlik edən ölkə kimi mümkün suallara və cəhdlərə hazır
olmağa borcludur. Rusiyaya qarşı sanksiyalar Ermənistan üçün də risklər yaradır
və Aİİ-nin bu riskləri ən azı müəyyən qədər azaltmaq potensialı varsa, o zaman
İrəvan, şübhəsiz ki, onlardan istifadə etməkdə maraqlıdır”.
Kremlin
təbliğat ruporu da ittiham edir
Öz növbəsində
Rusiyanın "Nezavisimaya qazeta” nəşri də yazır ki, Rusiya ard-arda
sanksiyalarla üz-üzə qaldığı bir vaxtda onun "ənənəvi müttəfiqi" Ermənistan
Qərblə sıx münasibətlər qurur. "Yada salaq ki, Ermənistan KTMT üzvüdür və bu
strukturun aparıcı güclərindən biri olan Rusiya Ukrayna ilə döyüşdüyü günlərdə,
onun lideri Parisə gedib. Paşinyanın Rusiyaya münasibəti əvvəldən Kremldə
narahatlıq yaradıb - o, geosiyasi nəticələrdən ehtiyat edərək Rusiya ilə
münasibətləri saxlamağa məcbur olan qərbyönlü siyasətçi hesab olunur” yazan qəzet
əlavə edir ki, Paşinyan 2013-cü ildə deputat kimi Ermənistanın Avrasiya
İqtisadi İttifaqına (Aİİ) üzvlüyünün əleyhinə səs verib. Sonda qeyd etmək yerinə
düşər ki, bütün bunların fonunda Ermənistanın özündə isə anti-Rusiya əhval-ruhiyyə
durmadan artır. Məsələn, ictimai xadim, rejissor Hrant Vardanyanın qənaətincə,
Ermənistanın rus imperiyasından qurtulmasının vaxtıdır: "İmperiyadan qurtulmaq
lazımdır. Yorulmuş və parçalanmış vəziyyətdəyik. Dünya bizi başa düşür, biz
özümüzü istiqamətləndirməliyik”.
Azər
NURİYEV