• cümə, 29 Mart, 04:06
  • Baku Bakı 7°C

Kremldən Paşinyana daha bir sillə

18.06.19 17:23 722
Kremldən Paşinyana daha bir sillə
Rusiyanın forpost Ermənistana olan münasibətinin bir qədər yumşaldığı barədə proqnoz verənlər deyəsən tələskənliyə yol veriblər. Eks-prezident Robert Koçaryanın həbsindən sonrakı proseslər Kremlin Ermənistana olan münasibətini bütün çılpaqlığı ilə üzə çıxarıb. Həbsdən azad edildikdən sonra Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinin Koçaryana baş çəkməsi Paşinyan hakimiyyətini əməllicə özündən çıxarıb. Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan özünün "facebook” səhifəsində yazıb ki, Rusiyanın Ermənistandakı səfiri iyunun 15-də Xarici İşlər Nazirliyinə çağırılıb və onunla "Ermənistanın daxili işlərinə qarışılmaması kontekstində söhbət aparılıb”. Rubinyan qeyd edib ki, Rusiya səfiri ilə xarici işlər naziri Zohrab Mnatsakanyan söhbət edib və onlar səfirin keçmiş prezident Robert Koçaryanla görüşünü müzakirə ediblər. Rubinyanın sözlərinə görə, komissiyanın iyunun 17-də keçirilmiş iclasında xarici işlər nazirinin müavini Qrigor Hovannisyanın bu barədə məlumat verməməsinə səbəb ona bu informasiyanın açılmasına icazəsinin verilməməsi olub. Rusiya səfirinin Koçaryanla görüşü bir çox millət vəkillərini hiddətləndirib və onlar Kopırkinə xəbərdarlıq edilməməsi ilə bağlı XİN-i tənqid edibilər. Məsələ o qədər böyüyüb ki, baş nazir Nikol Paşinyan da üstüörtülü şəkildə Kremlin ünvanına fikirlər səsləndirib. Ad çəkmədən "xarici qüvvələrin Ermənistanın daxili işlərinə qarışmasına imkan verməyəcəyik, inqilabın uğuru, milli ləyaqət də elə bundadır” deyib. Hakim partiyanın 5-ci qurultayında çıxış edən baş nazir 2018-ci ilin "məxməri” inqilabından danışıb. Qeyd edib ki, bu inqilaba heç bir xarici siyasi qüvvə cəlb olunmadığına görə baş tutub.
"Ölkəmizin inqilabı böyük toqquşmalar və silkələnmələr olmadan reallaşdıra bilməsinin bir səbəbini göstərmək istəyirəm. Əsas səbəblərdən biri odur ki, biz prinsipial olaraq heç bir xarici qüvvəyə, siyasi, yaxud ictimai qüvvəyə bizim daxili siyasi proseslərimizdə iştirak etməyə icazə vermədik”,– deyə Paşinyan vurğulayıb. Onun sözlərinə görə, siyasi komandası və şəxsən özü üçün bu, milli və şəxsi ləyaqət məsələsi olub.
"Biz indi də bu prinsipə sadiq qalmalı, heç bir siyasi qüvvəyə daxili işlərimizə, siyasi, iqtisadi və məhkəmə işlərimizə müdaxilə etməyə icazə verməməliyik”,– baş nazir vurğulayıb.
Bu arada parlamentin sədriArarat MirzoyanRusiyanın Ermənistandakı səfirinin ölkənin ikinci prezidentiRobert Koçaryanla görüşünü alqışlamadığını söyləyib. "Sonucda istənilən ölkənin səfiri siyasi cəbhənin bütün spektrlərinin təmsilçiləri ilə görüşə bilər. Burda başqa məqam var: bu şəxsə irəli sürülmüş ittihamlar onu təmiz siyasi cəbhədən kənara çıxarır. Burda söhbət bir çox başqa keyfiyyətlərdən, maraqlardan gedir, buna görə də görüşü alqışlamıram. Yəni, mən Robert Koçaryanın siyasi xadim kimi görmürəm, əks halda, onun Rusiyanın, yaxud başqa bir ölkənin səfiri ilə ünsiyyətini alqışlayardım”,– Mirzoyan vurğulayıb.
Rusiya-Ermənistan münasibətlərindən söz düşmüşkən, erməni milyarder Samvel Karapetyan Paşinyana Kremldən xüsusi mesaj gətirib. Bu məlumatı "İrates” qəzeti yayıb. "Nikol Paşinyan-Samvel Karapetyan görüşü bəzi dairələrdə ikincinin Ermənistana yeni iqtisadi proqramlar haqqında danışmaq üçün gəldiyi barədə təəssürat yaradıb. Əslində isə Karapetyan Paşinyana Kremldən xəbər gətirib. O, Ermənistana səfir kimi gəlib və Paşinyana hesablaşması gərəkdiyi rus elitasının mesajlarını çatdırıb. Bu mesajlar iqtisadi və siyasi mahiyyət daşıyır. Xüsusi qeyd olunmalıdır ki, Karapetyan Paşinyanla Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən bir neçə gün öncə görüşüb. Yəqin ki, Rusiyada yaşayan erməni oliqarxın Paşinyana xəbəri bununla bağlıdır”, – deyə məlumatda bildirilib.
Erməni mediası isə bütün bunların fonunda Rusiyaya qarşı əks hücuma keçib. "1in.am” saytı yazır ki, Kreml açıq şəkildə Koçaryanı müdafiə etməklə Ermənistanda öz problemlərinin sayını artırır. Ekspert qeyd edib ki, erməni siyasi dairələrində belə bir fikir var ki, Moskva açıq şəkildə Robert Koçaryanı dəstəkləyir. Erməni ekspert Stepan Səfəryan da bu fikri təsdiq edir: "Lakin bu siyasət Rusiyanın özü üçün həddən artıq təhlükəlidir. Yəqin ki, sizlər hamınız Koçaryanın son məktubunu xatırlayırsınız. Koçaryana orada, faktiki olaraq Avropa strukturlarına onu Nikol Paşinyan hakimiyyətinə qarşı alət kimi istifadə etməyə çağırıb. Belə görünür, onun bir güc mərkəzi ilə razılaşması var. Bu da Rusiyadır. Xoşbəxtlikdən heç bir Avropa strukturu buna getmədi. İndi biz görürük ki, Moskva ilə müvafiq razılaşma əldə olunub. Bununla da o, faktiki olaraq qanunsuz yolla əldə etdiyi var-dövləti və azadlığını qoruyub saxlamaq üçün dövlətinə qarşı alətə çevrilib. Sadəcə, Rusiya bir şeyi başa düşməlidir ki, bu cür addımlarla bütün cəmiyyəti istəmədiyi halda anti-Rusiya ovqatına kökləyir. Erməni cəmiyyəti 11 ildir ki, mart vəhşiliyi ilə bağlı ədalət tələb edir. Koçaryan anti-Rusiya əhval-ruhiyyənin generatoruna çevrilir. Ədalət tələb edən xalq tək Koçaryanın ədalət məhkəməsinə cəlb edilməsinə qarşı deyil, həm də onun himayəçilərindən yaxa qurtarmağa çalışır. Rusiyanın ağıllı başları anlamalıdırlar ki, atdıqları addımlar məntiqsizdir. Bu, erməni-Rusiya münasibətlərinə Rusiyanın tərəfindən ciddi zərbə vurur”.
Rusiya tərəfindən Paşinyana başqa bir zərbə də daşnaklar və "Çiçəklənən Ermənistan” tərəfindən hazırlanır. Hər iki qurum Paşinyana qarşı daha bir cəbhə formalaşdırır. Erməni saytları xəbər yayıb ki, "Daşnaksütyun” Partiyasının təşəbbüsü ilə "Çiçəklənən Ermənistan” Partiyası ilə görüş keçirilib. Bu məlumatı "Verelq.am” saytı yayıb. Sayt görüşdə ölkə daxilindəki vəziyyət, eləcə də Qarabağ məsələsinin müzakirə edildiyini bildirib. Daşnaksütyun Partiyası tərəfindən görüşə İşxan Saqatelyan, Arsen Ambartsumyan, Arçvik Minasyan, "Çiçəklənən Ermənistan” Partiyası tərəfindən isə Qagik Çarukyan, Vahe Enfiacyan və Gevork Petrosyan qatılıb. Qeyd edək ki, "Çiçəklənən Ermənistan” hazırda Ermənistanın ana müxalifəti sayılır. Partiya parlamentdə ikinci ən böyük mandat sayına malik siyasi qüvvədir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər