• cümə, 13 Iyun, 06:30
  • Baku Bakı 21°C

Kreml kimi Bişkekdə prezident görmək istəyir?

05.07.17 10:00 859
Kreml kimi Bişkekdə prezident görmək istəyir?
Qırğızıstan prezident seçkilərinin qızğın mərhələsinə daxil olub. Əksəriyyət hesab edir ki, bu seçkilərdə də qalibin müəyyən olunmasında Rusiyanın mövqeyi əsas götürüləcək. Təsadüfi deyil ki, səlahiyyət müddəti başa çatan prezident Almazbek Atambayevin də ötən ay Moskvaya səfəri elə bu məsələnin həllinə yönəlmişdi. Namizədliyini irəli sürməyən Atambayev Kremldən tərəfdarı olan şəxsin seçilməsinə dəstək almaq istəyib. Moskva isə hələ ki namizədlər arasında seçim üzərində baş sındırır. Lakin buna baxmayaraq, bir-birinin ardınca Bişkekə nümayəndə heyətləri göndərməkdədir.
Ötən gün Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko, bundan əvvəl isə spiker Vyaçeslav Volodin Bişkekdə olub. Hər iki rəsmi prezident və spikerlə görüşüblər. Ekspertlər hesab edirlər ki, rusiyalı siyasilərin belə aktivliyi qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ərəfəsində birdən-birə iki yüksək rütbəli rus rəsminin səfəri qırğız ekspertlərində suallar doğurub. "Vyaçeslav Volodin Cənubi Koreyadan qayıdarkən Bişkekdə olub. Onun ardınca dərhal Matvienko gəlir. İnanmaq istəmirəm ki, Moskva konkret hansısa bir fiquru lobbiləşdirir. Aydın olan odur ki, Kremlin favoriti hələ ki müəyyən edilməyib və o, mövcud şəraitdə uduşlu vəziyyətdədir. Lakin şəxsi səfərlər və görüşlərin formatları hamını müəyyən ehtimallar üzərində baş sındırmağa məcbur edir. Hər iki səfər zamanı qırğız parlamentinin spikeri Çınıbek Tursunbekovla görüş olub. Maraqlı olan odur ki, Volodin spikerlə icra strukturunun səlahiyyətində olan məsələləri müzakirə edib. Əslində belə baxanda burada qeyri-adi məsələ də yoxdur. Spiker spikerlə görüşür. Lakin Asiya cəmiyyətində bu faktora dərhal başqa bir don geyindirilir və izah edilir - Putinə yaxın fiqurlar Tursunbekovla görüşürlər. Belə çıxır ki, Qırğızıstanın növbəti prezidenti qismində məhz onu görürlər. Yəni Sosial-Demokrat Partiyasından təsdiq olunan namizəd, baş nazir Soornbay Jeenbekovdan çox ona diqqət ayrılır”, - deyə qırğız eksperti Mars Sariyev bildirib. Baş nazirlə isə Rusiya Dövlət Dumasının spikeri görüşməyib. Ən maraqlısı da odur ki, məhz Volodinlə görüşün səhəri Joqorku Keneşin (parlament) spikeri Tursunbekov qəfil mətbuat konfransı keçirib və prezidentliyə namizəd olmaq istədiyini bildirib.
Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov Karnegi Moskva Mərkəzində özünün müəllifliyi ilə çıxan məqaləsində yazır ki, hazırda Bişkekdəki hökumət iqamətgahında aləm bir-birinə dəyib. Ən əsası, sosial-demokratların qarşıdan gələn qurultayında ciddi qarşıdurma yarana bilər. Hətta ola bilsin ki, hakim partiyanın sıralarında parçalanma da yaşansın. "Bu, bir tərəfdən öz postunu tərk etməyə hazırlaşan prezidentə, onun nüfuzuna ciddi bir zərbədir. Digər tərəfdən də, istisna deyil ki, prezident ciddi və gözlənilməz bir addım atsın - partiyaya özünün aparat rəhbəri Sapar İsakovun namizədliyini dəstəkləməyi təklif etsin”, - deyə Dubnov bildirib. Öz növbəsində Mars Sariyev bu ehtimalla razı deyil. Onun qənaətincə, sosial-demokratların sıralarında bu cür ideoloji parçalanma baş verməyə bilər. "Çınıbek Tursunbekov prezident Atambayevin iradəsinə qarşı çıxa biləcək elə də ciddi siyasi fiqur deyil. Hesab edilir ki, Jeenbekov Rusiyanın adamı deyil. Onun və Səudiyyə Ərəbistanında səfir olan qardaşı Jusulbek Şaripovun arxasında kimin durduğu bəlli deyil”, - deyə ekspert vurğulayıb.
Bir sıra analitiklər hesab edirlər ki, Qırğızıstana ərəb investisiyalarının ardınca vəhabilik də yol aça bilər. Ekspertin sözlərinə görə, çox təhlükəli bir vəziyyət yarana bilər – Tursunbekov və Jeenbekov bir siyasi kateqoriyada və çəkidə olan siyasətçilərdir. Bu səbəbdən də onlardan birinin qələbəsi regional faktordan asılı olacaq. Tursunbekov Qırğızıstanın şimal əyaləti Narındandır. Jeenbekov isə cənubdakı Kara-Kulci klanını təmsil edir. "Beləliklə, o qədər də təhlükəsiz olmayan, regional traybalizmi əks etdirən vəziyyət yaranır. Bu elə də yaxşı deyil. Yaxşı bir məsəl var - iki qoçun başı bir qazanda qaynamaz. Belə bir vəziyyətdə yeni bir fiqur ortaya çıxa bilər. Bu həm də böyük bir qisim seçicini də əhatə edə bilər”, - deyə Mars Sariyev bildirib. Daha şanslı keçmiş baş nazirlər – Omurbek Babanov və Temir Sariyev də görünürlər. Lakin məsələ ondadır ki, Babanov Atambayevi qane etmir. O, prezident seçilərsə, indiki prezidenti toxunulmazlıq səlahiyyətindən məhrum edə bilər. Sariyev Qırğızıstanı Avrasiya İqtisadi İttifaqına üzv qəbul etdirsə də, insanların vəziyyəti yaxşılığa doğru dəyişməyib. "Qırğızıstana ölkəni mövcud durumdan çıxara biləcək yeni nəsil siyasətçilər gərəkdir”, - deyə qırğız eksperti bildirib. Mars Sariyevin qənaətincə, yeni nəsil siyasətçilər sırasında regional təhlükəsizlik üzrə ekspert Taalatbek Masadıkovun adını çəkirlər. Partiya sədri olan bu şəxs Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, London İqtisadiyyat məktəbini bitirib. Rusiya hərbi dairələrində güclü dəstəyi var. Lakin qırğız Ağ evində hansı mövqeyə malik olduğu bəlli deyil. "İntellektual və hər hansı bir klana bağlı deyil. Bu o deməkdir ki, yerliçilik prinsiplərindən uzaq olacaq”, - deyə Sariyev bildirib. O, istisna etmir ki, Masadıkovun qələbəsi nəticəsində bir sıra rus generallarının qırğızların Suriyadakı döyüşlərə cəlb edilməsi ideyası reallaşa bilər.
Beləliklə, "X” namizəd hələ ki bəlli deyil və bu səbəbdən də intriqa davam edəcək. Ola bilsin, namizədlərin sayı hələ çox olacaq. Onların irəli sürülməsi isə avqusta kimi davam edəcək, bundan sonra qeydiyyat başlayacaq. Bu vaxta qədər isə namizədlərə 30 min imza, qırğız dilindən imtahan və 15 min dollar girov qoymaq gərək olacaq.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər