• cümə, 29 Mart, 17:30
  • Baku Bakı 14°C

Kreml forpostunu niyə təbrik etməyə tələsmir?

14.12.18 18:56 831
Kreml forpostunu niyə təbrik etməyə tələsmir?
Hakimiyyətinə qanunu don geyindirən Nikol Paşinyanı çoxsaylı problemlərin həlli gözləyir. Daxili problemlər bəllidir və onun bunların öhdəsindən gələcəyi mümkünsüz görünür. Bunun üçün nə maliyyə resursu, nə də potensial var. O ki qaldı xarici siyasət məsələlərinə - burada da problemlər kifayət qədərdir. Ən əsas problem Rusiya ilə münasibətlərin hansı prinsiplər üzərində qurulacağıdır. Yeni Ermənistan "forpost” ölkə damğasını qoruyub saxlayacaqmı, yoxsa bu damğanı üzərindən atmağa çalışacaq? Paşinyanın son açıqlamaları və addımları onu deməyə əsas verir ki, onun bu damğanı üstündən atmağa cürəti çatmayacaq. Yeri gəlmişkən, seçkilər başa çatsa da, Kreml Paşinyanı hələ də təbrik etməyə tələsmir. "Jamanak” qəzeti yazır ki, hakimiyyət tərəfi bəyan edir ki, Putun parlament seçkiləri ilə bağlı təbrik göndərməməlidir: "Lakin o, 2017-ci il seçkilərinin səhəri günü Ermənistan Respublika Partiyası və Serj Sarkisyanı təbrik etmişdi”. Nəşr yazır ki, "günbəgün iki ölkə arasında münasibətlər gərginləşməkdədir. 8 aydır ki, hakimiyyətdə olan Paşinyanı bir dəfə də olsun Rusiyaya rəsmi səfərə dəvət etməyiblər. Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatında yaşanan qarışıqlıq və qazın tarifinin artırılması barədə söhbətlər də duruma xüsusi rəng qatıb”. Görünür, Rusiya hələ gözləmə mövqeyində duracaq və Moskvanın bu ölkə ilə bağlı çox ciddi tərəddüdləri var. Bu tərəddüdlər hələ ki, formalaşıb qəti bir nəticəyə gəlib çıxmayıb. Bu baş versə də, gecikmiş, protokol qaydalarına, nəzakət xatirinə edilmiş olacaq, yəni əsaslı mahiyyət daşımayacaq.
"Panarmenian” da Putinin Paşinyanı təbrik etməməsinə toxunub. Sayt da ötən seçkilərdə ilk olaraq Putinin Sarkisyanı təbrik etməsini önə çəkib. Rusiya ilk dəfədir ki, seçkilərə belə aşağı səviyyədə reaksiya verir. "168 Jam” qəzetinə açıqlamasında erməniyönlü rusiyalı politoloq Modest Kolerov bildirib ki, Putin Paşinyanı təbrik etməməlidir: "Bu işə görə əsas məsuliyyət Rusiya baş naziri Dmitri Medvedyevin və Rusiya Dumasının rəhbəri Vyaçeslav Volodinin üzərinə düşür. Reaksiyanı onlar verməlidirlər. Əgər bu pauza uzun müddət davam etsə, o zaman bunun səbəbləri barədə daha geniş danışmaq mümkün olacaq. Reaksiyanın gecikməsinin fərqli səbəbləri ola bilər. Səbəblərdən biri də Robert Koçaryanın həbsi ola bilər”, – deyə o bildirib. Qəzetə açıqlama verən almaniyalı politoloq Aleksandr Rar isə Rusiya hökumətindən Paşinyana təbrikin gecikməsini münasibətlərdə problemlərin olduğunu göstərən əlamət sayıb: "Bu, problemin olmasıyla bağlı mesajdır. Əgər hətta təbrik olsa belə, Rusiya tərəfi öz mesajını artıq çatdırmış oldu. Ermənistan hökuməti məsələnin nə olduğunu yəqin ki, çox yaxşı bilir”. "Aysor.am”a açıqlamasında politoloq Aleksandr Rar bunu iki ölkə arasındakı münasibətlərdə istisna hal kimi qiymətləndirib. "Müddət onu deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlərdə problem, inamsızlıq mövcuddur”, - deyə o bildirib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da məsələyə unikal formada aydınlıq gətirib. O, erməni mediasının bu yöndə sualına cavab olaraq deyib: "Mənə elə gəlir ki, bu, sənə dəfələrlə etiraf etməyini bilə-bilə, kişidən onu sevib-sevmədiyini soruşmağa bənzəyir”.
"Tert.am” saytının əməkdaşının "Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına Zaxarova deyib: "Mən artıq bu suala cavab verdim”. Qeyd edək ki, N.Paşinyanı V.Putinlə bərabər KTMT-dəki müttəfiqlərinin heç biri təbrik etməyib. Maraqlıdır ki, N.Paşinyanın artıq Qərbdən təbriklər aldığı haqda məlumat yayılıb. Almaniya kansleri, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Mayn Kosyaniç, Aİ-nin genişlənmə üzrə komissarı Yohannes Han, Aİ ali nümayəndəsi Federika Mogerini, ABŞ Dövlət Departamenti, Gürcüstan prezidenti və Livan baş naziri artıq təbriklərini çatdırıblar.
Yeri gəlmişkən, iki ölkə arasında münasibətlərdə gərginlik mövzusu olan hərbi baza yenidən gündəmə gətirilib. Ermənistanda 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusunun Gümrünün mərkəzi meydanında kommunal xidmətin işçisi olan 57 yaşlı Cülyetta Qazaryanı döyüb öldürdüyü təsdiqlənib. Dekabrın əvvəllərində baş vermiş bu insidentin üstü əvvəlcə ört-basdır edilmişdi və Rusiya səfirliyi 102-ci bazanın hərbçisinin süpürgəçini döyüb öldürməsi barədə KİV-lərdə yer alan xəbərlərə görə qəzəbli bəyanat vermişdi. Bildirilirdi ki, bu yoxlanılmamış, yalan məlumatın yayılması təxribatdır, Rusiya-Ermənistan münasibətlərini korlamağa hesablanıb. Lakin dekabrın 11-də Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, Gümrüdə süpürgəçi qadını döyüb öldürən Rusiya hərbçisi həbs olunub.Cinayət işinə videomüşahidə kameralarından götürülmüş görüntülər də əlavə edilib və kadrlardan görünür ki, qadın sakitcə küçə ilə getdiyi yerdə ona gənc adam yaxınlaşır. Və heç bir səbəb olmadan qadının sifətinə yumruq zərbələri endirir və çıxıb gedir. Qadın aldığı zərbələrdən yerə yıxılıb və daha sonra xəstəxanaya aparılarkən keçinib. Qızı deyib ki, anasını görəndə sifəti tanınmaz halda idi. Gözü az qala yerindən çıxmışdı və başı yerə dəyib partlamışdı. Bu, 102-ci bazanın əsgəri Valeri Permyakovun Gümrüdə erməni ailəsini qətlə yetirməsindən sonra baş vermiş və Ermənistanda Rusiya hərbi bazasına qarşı hiddətə səbəb olan ikinci belə hadisədir.Xəbərlərə görə, süpürgəçi qadını öldürən Rusiya hərbçisinin barəsində həbs qətimkan tədbiri seçilsə də, o, hazırda 102-ci bazanın ərazisində saxlanılır və Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməyib. Bu haqda "İnformasiyalı vətəndaşlar ittifaqı” adlı vətəndaş platforması məlumat yayıb.
Təşkilat bildirir ki, 102-ci hərbi bazaya dair razılaşmaya əsasən, hərbi bazanın tərkibinə daxil olan şəxslərin Ermənistan ərazisində törətdiyi cinayətlərə Ermənistan qanunvericiliyi əsasında bu ölkənin müvafiq orqanları tərəfindən baxılmalıdır. Lakin Rusiya tərəfi əsgər Permyakovun məsələsində olduğu kimi süpürgəçi qadını öldürən hərbçini erməni tərəfinə təhvil vermək istəmir.Belə görünür ki, Moskva Rusiya Konstitusiyasının 61-ci maddəsinə əsaslanır. Həmin maddəyə əsasən, Rusiya vətəndaşlarının mühakimə olunmaq üçün başqa ölkəyə təhvil verilməsi mümkün deyil. Təşkilat isə bildirir ki, 1995-ci ildə və sonradan imzalanmış razılaşmalaraəsasən, 102-ci baza Ermənistan ərazisində dislokasiya olunsa da, orada hərbi bazanın Rusiya ərazisi olduğu haqda heç bir qeyd yoxdur. Yəni süpürgəçini öldürən şəxs Rusiyanın deyil, Ermənistanın ərazisindədir və deməli, həmin maddə ona şamil oluna bilməz. Amma Rusiya tərəfi günahsız qadını öldürmüş həmin şəxsi faktiki məsuliyyətdən yayındırır və erməni tərəfinə təhvil vermir. Hələlik baş nazir N.Paşinyan bu hadisəyə münasibət bildirməyib. Amma sosial şəbəkələrdə onun tərəfdarları və Qərbdən maliyyələşən QHT-lər tərəfindən süpürgəçi qadının rus hərbçisi tərəfindən öldürülməsinə görə qəzəbli reaksiyalar yer alır. 102-ci bazanın məsələsinə baxmağın vaxtının çatdığı bildirilir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər