Kranın “ölüm xortumu” altında yaşamaq - PROBLEM
Yasamal rayonu ərazisində həyata
keçirilən tikinti işləri zamanı təhlükəsizlik
qaydalarına riayət olunmur. Vətəndaşların narazılığına isə rəsmi qurumlar biganə
yanaşırlar.
Bakı şəhərinin "Alatava” adlanan ərazisində -
Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsindəki mənzillərdə yaşayan bir qrup sakin
redaksiyamıza müraciət edib. Onlar yaşadıqları ərazidə tikinti işi aparan şirkətin
təhlükəsizlik qaydalarına riayət etməməsindən şikayətləniblər. Qeyd ediblər ki, tikinti şirkəti həyət evlərinin tən ortasında müəyyən bir ərazini alıb və
orada "SkyHome” layihəsi adı altında hündürmərtəbəli binalar inşa edir.
Qaldırıcı kranın aşma təhlükəsi
Sakinlərin narazılığına və narahatlığına səbəb olan
məsələ inşaat üçün quraşdırılan qaldırıcı kranın onlara məxsus evlərin üzəri ilə
hərəkət etməsidir. Vətəndaşlar iddia edir ki, müxtəlif tikinti materialları,
digər ağır yükləri bir ərazidən digər istiqamətə daşıyan kran ətrafdakı evlər,
burada yaşayan insanlar üçün ciddi təhlükədir. Belə ki, həmin yüklər baş verə
biləcək hər hansı xoşagəlməz hadisə nəticəsində evlərin, insanların üzərinə düşə
bilər. Bundan başqa, sakinlər qaldırıcı kranın aşa bilməsindən də narahatlıq
keçirirlər. Onlar Bakının küləklər şəhəri olduğunu əsas gətirərək qeyd ediblər
ki, güclü külək əsəndə iş dayandırılsa da, kranın yellənməsi, aşa biləcəyi barədə
düşüncələr sakinləri vahimələndirir, böyük narahatlıq yaşadır. Vətəndaşlar
hesab edir ki, tikinti aparılan əraziyə yaxın evlər köçürülmədən, təhlükəsizlik
tədbirləri görülmədən qaldırıcı kranın işləməsi olduqca təhlükəlidir.
Vətəndaşların şikayətinə biganəlik
Bu iddiaların əsaslı olub-olmadığını araşdırmaq üçün
öncə əraziyə baş çəkdik. Sakinlərin iştirakı ilə tikinti sahəsinin, qaldırıcı
kranın "xortum”unun hərəkətdə olarkən üzərindən keçdiyi evlərin şəklini çəkdik.
Vətəndaşların narahatlığı üçün ciddi faktların olduğunu gördük. Öncə tikinti
şirkətinin və hündürmərtəbəli binaların tikintisinə nəzarət edən müvafiq dövlət
qurumunun - Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin mövqeyini öyrənmək istədik. Çox təəssüf ki, nazirliyin mətbuat
xidmətindən bununla bağlı hər hansı münasibət bildirilmədi. Dövlət qurumu hadisəyə,
xüsusən də vətəndaşların narazılığına biganəlik nümayiş etdirdi.
Məsuliyyətdən yayınan tikinti şirkəti
Ərazidə tikinti işi aparan şirkətə gəlincə, öz
saytlarında qeyd edilən (050) 448-00-00 telefon nömrəsi ilə əlaqə saxlayıb vətəndaşların
şikayətini, iddialarını qarşı tərəfin diqqətinə çatdırdıq. Sualımızı dinləyən
operator xanım məsul şəxslərlə əlaqələndirmək üçün bir neçə dəqiqə bizi xəttə
gözlətdi. Ardınca isə təmsil etdiyimiz media qurumunun adını və mobil telefon
nömrəmizi təkrar soruşaraq qısa zamanda bizimlə əlaqə yaradılacağını,
suallarımızın cavablandırılacağını bildirdi. Ötən günlər ərzində onlardan da səs
çıxmadı.
Təhlükəsizlik tələblərinə əməl edilməlidir
Sakinlərin şikayətinə hüquqşünasın mövqeyini öyrəndik.Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirdi ki, Şəhərsalma və Tikinti
Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, texniki avadanlıq və cihazlar insan
sağlamlığının, ətraf mühitin qorunması və təhlükəsizlik tələblərinə əməl edilmək
şərti ilə quraşdırılmalı və istismar edilməlidir. Onun sözlərinə görə, şəhərsalma
və tikinti fəaliyyəti çərçivəsində ekoloji təhlükəsizlik və ətraf mühitin
mühafizəsi mütləq təmin edilməlidir: "Tikinti fəaliyyəti, onun ətraf mühitə təsiri
baxımından qanunla müəyyən edilmiş qaydada qiymətləndirilməlidir. Qiymətləndirmənin
nəticələri tikinti fəaliyyəti zamanı ekoloji təhlükəsizliyin və ətraf mühitin
mühafizəsinin təmin edilməsinə dair tədbirlər müəyyən edilərkən nəzərə
alınmalıdır. Tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və
tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun
aparılmasını təmin etmək üçün tikinti aparılacaq ərazidə tikinti meydançası təşkil
edilməlidir”.
Dövlət nəzarətini həyata keçirən orqan
Hüquqşünas deyib ki, tikinti meydançasının sərhədləri
tikinti layihələri əsasında müəyyənləşdirilir: "Tikinti zamanı üçüncü şəxslərə
ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə
başlamazdan əvvəl hasara alınmalı və müvafiq xəbərdarlıq nişanları
quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti
materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin
qarşısını ala bilməlidir. Həmçinin tikinti işlərinə başlamazdan əvvəl
meydançadaxili və meydançadankənar əlavə təhlükəsizlik tədbirləri yerinə
yetirilməlidir. Azərbaycan Prezidentinin 26 dekabr 2006-cı il tarixli Fərmanı
ilə təsdiq edilmiş "Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”yə
əsasən, ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri
daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri
ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata
keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən orqan
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyidir”.
2 ildən 10 ilə qədər həbs cəzası
Rəşad Əliyev vurğuladı ki, tikinti işləri aparılarkən
təhlükəsizlik qaydalarını pozmaq cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət
Məcəlləsinə əsasən, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə
tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması
zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi
qaydalarının pozulmasına görə, situasiyadan asılı olaraq 2 ildən 10 ilə qədər müddətə
azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Rufik İSMAYILOV