“Kral”ın taxtına oturan azərbaycanlı - Portret
Futbol
dünya idmanının "kral”ı sayılırsa, yüngül atletika da "kraliça”sıdır. Lakin
yüngül atletika heç də bütün ölkələrdə eyni səviyyədə inkişaf etməyib. İlk
baxışdan çox sadə görünən bu idman növünün inkişafı böyük əziyyət, yüksək peşəkarlıq
bahasına başa gəlir. Atletika bunlarla
yanaşı, doğuşdan gələn istedad da tələb edir. Məhz bu doğuşdan gələn istedad isə
daha çox qaradərili idmançılarda olur. Təsadüfi deyil ki, yüngül atletikanın
tarixində iz qoymuş idmançıların bir çoxu məhz bu irqin nümayəndələri olub.
Lakin arada bu idmanın əsl ustası olan, qaradərili idmançılarla bərabər mübarizə
aparan, hətta onları geridə qoymağı bacaran ağdərililər də olur.
Londonda
keçirilmiş son dünya çempionatı da bu cəhətdən istisna olmadı. Yüngül atletika
həvəskarlarının diqqətinin cəmləşdiyi Britaniyanın paytaxtında bir avropalı
idmançı bütün rəqiblərini geridə qoyaraq, bütün dünyanı heyrətləndirdi. Nə qədər
qəribə olsa da, dünyanı heyrətə gətirən bu ağdərili idmançı azərbaycanlı idi.
Bu yazıda sizə Londonda tarix yazan həmyerlimiz Ramil Quliyevdən bəhs edəcəyik.
Atletlər ailəsinin nümayəndəsi
Ramil
Eldar oğlu Quliyev 1990-cı il, mayın 29-da Bakıda dünyaya gəlib. Əslində,
Ramilin idmana necə gəlməsi barədə uzun-uzadı söhbət açmağa da ehtiyac yoxdur.
İdmançı ailəsində doğulan gələcək çempionun atası Eldar Quliyev atletika məşqçisi
idi. Ümumiyyətlə, onun həm atası, həm də anası atletika ilə məşğul olublar.
Uşaq
vaxtında bir neçə başqa idman növləri ilə də məşğul olmuş Ramil, 2002-ci ildən
yüngül atletikaya yazılıb. Onun ilk məşqçisi Tofiq Əliyev olub. Lakin ata
Quliyev də bir məşqçi kimi tez-tez oğlunun məşqləri ilə yaxından maraqlanırdı. Böyük potensial vəd edən
Ramil hələ kiçik yaşlarından idmanda uğurlar qazanır. Özü idmana gəlişini belə
xatırlayır:
"Özüm
idmançı ailəsində doğulmuşam. Uşaq olduğum zaman bir neçə başqa idman növündə
özümü sınadım. Amma atletika ilə məşğul olduğum gün tam başqa idi. Məni bir
yarışa buraxdılar və qalib oldum. Bundan sonra gənclərin yarışlarında medallar
qazandım. Bununla da, bu yolda irəliləməyə davam etdim”.
İlk uğurlar
Ramilin
dediyi kimi, uğurlar özünü çox gözlətmədi. İlk ciddi uğur isə 2007-ci ildə əldə
edilir. Çexiyanın Ostrava şəhərində keçirilən gənclər arasında Avropa
çempionatında, 200 metr məsafəyə yarışda gümüş medal qazanan Ramil, həm də növbəti
il Pekində keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanır. Gənc atlet həmin
ildə daha iki medal qazanır. O, Serbiyanın paytaxtı Belqradda keçirilən gənclərin
olimpiya festivalında, 200 metr məsafəyə yarışda qızıl, 100 metr məsafəyə
yarışda isə gümüş medala yiyələnir.
2008-ci
ildə isə o, həmin vaxta kimi karyerasının ən vacib yarışına qatılır. Pekin
olimpiadasının iştirakçısı olan idmançı, 200 metr məsafəyə yarışda ilk mərhələni
keçsə də, 1/4 finalda 5-ci olaraq mübarizəni dayandırır. Növbəti il isə Ramil
üçün məhsuldar alınır. Belə ki, atlet Belqradda keçirilən universiadada 200
metr məsafəyə yarışda qızıl, Novisadda keçirilən gənclərin Avropa çempionatında
isə qızıl (200 m) və gümüş (100) medala layiq görülür. 200 metr məsafəyə
yarışda 20.33 saniyə nəticə göstərən təmsilçimiz, gənclərin yarışında əfsanəvi
Useyn Boltdan (19.93) sonra ən yüksək nəticəyə imza atır. Ancaq təəssüf ki, bu,
Ramilin Azərbaycan adına qazandığı son medallar olur.
Vətəni qardaş ölkəyə dəyişdi
2010-cu
ildə Ramilin ailəsində ciddi itki üz verir. Onun həm də məşqçisi olan atası
dünyasını dəyişir. Ramil bir müddət də Azərbaycan adından yarışır. Ancaq artıq
o, uşaq deyildi. 21 yaşa çatmış Quliyev burda istədiyi səviyyəyə çata bilməyəcəyini
dərk edirdi. Azərbaycan hər nə qədər idman ölkəsi olsa da, yüngül atletika
bizim ixtisaslaşdığımız idman növü deyil. Məhz buna görə o, 2011-ci ildə ölkə
xaricinə üz tutmağa qərar verir. Ancaq onun bu qərarı ölkədə birmənalı
qarşılanmır. Hətta atletika federasiya ilə aralarında mübahisə də yaranır. Azərbaycan
Yüngül Atletika Federasiyası bu cür istedadı əldən buraxmaq istəmirdi. Lakin hər
şey Ramilin istədiyi kimi alınır. O, 2011-ci ildə təmsil etdiyi ölkəni dəyişir.
Lakin uzağa getmir. Doğma vətəni Azərbaycanı qardaş Türkiyəyə dəyişir. Amma
federasiya ilə idmançı arasında olan mübahisə onu iki il yarışlardan kənarda
qoyur. Nəhayət, 2013-cü ildən etibarən o, Türkiyə adından yarışlara qatılmağa
başlayır. Quliyev milli ilə yanaşı, yüngül atletika sahəsində böyük imkanları
olan "Fənərbaxça” idman klubunun da üzvü olur.
Qardaş ölkədə davam edən uğurlar
Ramil öz
uğurlarını qardaş ölkədə də davam etdirir. Müxtəlif yarışlarda uğurlar qazanan
Quliyev, Türkiyədə ilk ən böyük uğurunu ötən il qazanır. O, Amsterdamda keçirilən
böyüklər arasında Avropa çempionatında 200 metr məsafəyə yarışı ikinci pillədə
başa vurur. Onun növbəti uğuru isə doğma vətənində qeydə alınır. Belə ki,
Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında Türkiyə millisinin üzvü kimi
iştirak edən Ramil həm 100, həm də ki 200 metr məsafəyə yarışları qızıl medalla
başa vurur.
Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaq arzusu
Ötən ay
isə 27 yaşlı atlet nəinki Türkiyə və Azərbaycanda, ümumiyyətlə, bütün dünya
yüngül atletika azarkeşlərinin diqqət mərkəzinə düşdü. Belə ki, Ramil
Britaniyanın paytaxtı Londonda təşkil edilmiş dünya çempionatında 200 metr məsafəyə
yarışı 20.03 saniyə göstərici ilə qızıl medalla başa vurdu. Ancaq ölkəmizdə
onun bu möhtəşəm uğurundan daha çox, yarışdan sonra etdiyi jest diqqət çəkdi.
Belə ki, Ramil "qızıl”ı qazandıqdan sonra Türkiyə və Azərbaycan bayraqları ilə stadionda
dövrə vurur. Onun bütün dünya idmansevərlərinin diqqət mərkəzində olan arenada
doğma vətəninin bayrağını dalğalandırması ölkəmizdə böyük rəğbətlə qarşılandı.
Hamı onun Türkiyə üçün qazandığı bu uğura öz uğurumuz kimi sevindi. O, yarışdan
sonra Türkiyə mətbuatına açıqlamasında "Azərbaycan və Türkiyə bayraqları ilə dövrə
vurmaq mənim arzum idi və bunu etdim” deyir.
İki ölkənin prezidentinin təbrik etdiyi çempion
Ramilin
uğurlarına hətta Azərbaycan və Türkiyə prezidentləri də biganə qalmadı.Türkiyə
prezidenti Rəcəb Tayyip Ərdoğan rəsmi "tvitter” səhifəsində azərbaycanlı
idmançını təbrik edib:"Atletika
üzrə dünya çempionatında kişilər arasında 200 metr məsafəyə yarışda qızıl medal
qazanaraq hamımızı qürurlandıran Ramil Quliyevi könüldən təbrik edirəm”.
Daim
idmanın və idmançılarımızın yanında olan Azərbaycan prezidenti İlham Əliyev də
Quliyevi təbrik edib. Prezident dünya çempionuna ünvanladığı məktubda onun bu
uğurunun Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürü olduğunu bildirib:"Əziz
Ramil. İlk növbədə səni yüngül atletika üzrə dünya çempionu adını qazanmağın
münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qeyd etmək istərdim ki, tarixdə ilk dəfə olaraq azərbaycanlı idmançı
yüngül atletika üzrə dünya çempionu olub. Xüsusilə sevindirici haldır ki, sən qələbədən
sonra Azərbaycan və Türkiyə bayraqlarını qaldırdın. Bu, onu göstərir ki, sən öz
xalqına bağlı, vətənpərvər insansan. Sən
bu gün Türkiyəni təmsil edirsən. Ancaq idmanda ilk addımlarını Azərbaycanda
atmısan. Bu qələbə münasibətilə Türkiyəni
də təbrik edirəm. Sənin qələbən, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğu və
qardaşlığının növbəti təzahürüdür. Biz Azərbaycanda səninlə fəxr edirik. Sənə
idmanda yeni qələbələr arzulayıram".
Türkiyədə tarix yazan Ramil
Quliyev
Londonda qazandığı uğurla Türkiyə atletikasının tarixinə düşdü. Belə ki, o,
qardaş ölkəyə bu cür yarışda qızıl medal qazandıran ilk atlet kimi bu ölkənin
tarixində iz qoydu. Ramil həm də, avropalıların dünya çempionatlarında 2001-ci
ildən bəri davam edən sindromuna da son qoydu. Belə ki, ondan öncə Avropadan
sonuncu dəfə 16 il öncə, Yunanıstan təmsilçisi Kostas Kenteris dünya çempionu
olmuşdu.
Ramilin
Londondakı uğurdan başı gicəllənmədi. Belə ki, 27 yaşlı atlet Böyük Britaniya
paytaxtındakı uğurdan bir neçə gün sonra bu ölkənin Birmingem şəhərində keçirilən
nüfuzlu "Brilyant Liqa” turnirinin 200 metr məsafəyə yarışında qızıl medala yiyələnir.
Onun bu uğurları Avropa Atletika Birliyinin (EAA) diqqətindən yayınmır. Həmyerlimiz
EAA tərəfindən Avropada avqust ayının ən yaxşı atleti seçilir.
Həyatını bədəninə köçürən atlet
Ramil
hazırda bütün diqqətini yarışlara yönəldib. Yəni onun bütün həyatı ancaq yüngül
atletikadan ibarətdir. Elə məhz buna görə, onun əlavə məşğuliyyəti, hobbiləri,
demək olar yoxdur.
Ramilin
bədənində bir çox tatular var. O, bədənindəki döymələrin niyə belə çox olmasını
bu cür izah edir:"Hər
tatu həyatımın bir parçasıdır, yaşadığım zamanın bir hissəsidir. Həyatda fərqli
bir şey yaşayanda bunu tatu olaraq bədənimə həkk etdirirəm. O tatuya baxanda,
yaşadığım həmin xatirəni xatırlayıram”.
"Bolt yox, Ramiləm!”
Ramil
Quliyev Londonda dünya çempionu olmaqla, həm də, yüngül atletikanın "kral”ı
sayılan Useyn Boltun "taxt”ına oturdu. Belə ki, 200 metr məsafədə son 4 dünya
çempionluğunu məhz yamaykalı əfsanə qazanmışdı. Lakin Ramilə Londonda 200 metr
məsafədə Boltla yarışmaq qismət olmadı. Belə ki, karyerasının son yarışında
iştirak edən yamaykalı atlet 200 metr məsafəyə yarışlara qatılmadı.
Ramilin
möhtəşəm qələbəsindən sonra isə ona "Yeni Bolt” ləqəbi verildi. Lakin Quliyev
heç də bu cür çağırılmağı xoşlamır. O, "yeni Bolt” yox, Ramiləm” deyir. Ramil
olaraq yeni-yeni uğurlar qazanacağına inanan həmyerlimiz Boltla müqayisə
olunmaqdan çəkinmədiyini də əlavə edir:"Burda
ancaq Ramil var. Belə də davam edəcək. Boltla müqayisə olunmaq məni qorxutmur.
Çünki eyni tempdə çalışacağım halda, yeni uğurların gələcəyini bilirəm”.
Portret
Onun hər
uğuru həm də Azərbaycanın uğurudur. Türkiyə adından yarışsa da, dünya çempionu
olduğu zaman dünya mətbuatı onun azərbaycanlı olduğunu dönə-dönə vurğulayırdı.
Çünki o özü doğma vətənindən heç vaxt imtina etməyib. Yarışlarda qardaş ölkə
Türkiyə adından çıxış etsə də, vətəni həmişə onun ürəyində yaşayır. Heç kim
onun səmimiyyətinə şübhə etmir. Çünki "Azərbaycanda qalsaydım, bu səviyyəyə
çatmazdım” sözlərinin müəllifi də odu. Sadiq, səmimi olmaqla yanaşı, həm də,
ambisiyalıdır. O qədər ambisiyalıdır ki, hətta "yeni Bolt” ləqəbini də qəbul
emir, "Mən Ramiləm” deyir. Elə Ramil kimi də yeni uğurlar qazanacağına inanır.
Onu necə çətin yarışlar gözlədiyini bilə-bilə. Deməli, həm də əzmkardır. Və bu əzmkarlıqla
da yeni-yeni uğurlara doğru inamla, həm də sürətlə irəliləyir. Yolun açıq
olsun, ən sürətli azərbaycanlı!
Elnur