• çərşənbə, 24 Aprel, 18:43
  • Baku Bakı 23°C

Korsetlərdən nə vaxt istifadə etmək olar?

04.06.22 22:54 4116
Korsetlərdən nə vaxt istifadə etmək olar?

Gözəl bədən quruluşuna sahib olmaq xanımlar üçün həmişə əhəmiyyətli məsələdir. Bunun üçün güclü iradə, idman və sağlam qidalanma tələb olunur. Lakin bəzi insanlar daha asan yola əl atır və çarəni arıqlamaq üçün korsetlərdə görür. Xanımların qənaətinə əsasən korsetlərdən istifadə belin incəlməsinə kömək edir, əks halda sümük toxumasının dəyişməsi qan dövranının pozulması tənəffüs zamanı çətinlik və daxili orqanların sıxılmasına aparıb çıxara bilər.

AZƏRTAC xəbər verir ki, travmatoloq-ortoped Mirhüseyib Əhmədovun dediyinə görə, korsetlər müalicə üçün olduqca əlverişlidir, amma ondan arıqlamaq üçün istifadə etdikdə ölüm riski də daşıyır: “Arıqlamaq üçün korsetləri həkim nəzarəti olmadan istifadə etmək olmaz. Bədəndə olan dərialtı toxumaları kiçiltmək və ölçüsünü zəiflətmək üçün korset sıxılır. Beldə və qarın nahiyəsində normal əzələ kütləsini azaltmaq aşağı ətraflarda ikincili venoz durğunluqların yaranmasına qədər aparıb çıxara bilər”.

Korsetlər bədəndə sümük tamlığını pozmaqdan savayı qabırğaları da sıxdığından uzunmüddətli bel ağrılarının yaranmasına da səbəb ola bilir. Korsetlərdən ancaq tibbi müdaxilələrdən sonra onurğa sütunu və əzələ dartılması kimi hallarda istifadə etmək olar. Onu 2 saatdan artıq taxmaq isə mənfi təsir göstərir. “Davamlı şəkildə korset gəzdirəndə beldə olan böyük əzələlərdən mərkəzi sinir sisteminə müəyyən siqnallar gedir və əzələlərdə atrofiyalar yaranır. Atrofiya isə əzələlərin zəifləməsi və tonusdan düşməsidir. Bel ağrıları, osteoxondroz, yırtıqlar, protuziyalar və s. zamanı əsas hədəflərdən biri bel əzələlərini möhkəmləndirmək, təbii bel korseti yaratmaqdan ibarətdir”, - deyə travmatoloq-ortoped deyib.

İstifadə olunduğu təqdirdə korset mütləq bədənə uyğun seçilməli və həddən artıq sıxılmamalıdır. Xüsusilə ziyafət üçün seçilən korset hər bir saatdan sonra bir ilmək boşalmalıdır, çünki qidalanma zamanı mədə daha çox sıxılır. Korset çıxarılan zaman bütün ilməklər eyni anda boşalmalıdır. Bu zaman sıxılmış damarlar sürətlə qan qəbul etməyə başlayır. Ani rahatlama əvvəl xoş təsir yaratsa da, sonradan ağrı və nəfəs darlığı ilə nəticələnir.

banner

Oxşar Xəbərlər