Koronavirusla bağlı yeni sistem
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı
mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında "Qaydalar hamı
üçün eynidir” sistemi yaradılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən
məlumata görə, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq
edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti
gücləndirməkdir.
Vətəndaşlar qida məshullarının ticarəti,
ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların
qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin
fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə
məlumatları portaldakı Votsap nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər.
Məlumatlara eyni zamanda qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə
olunmalıdır.
Bununla vətəndaşlar karantin rejimi dövründə
müvafiq qurumları zamanında məlumatlandıraraq, ölkədə koronavirus (COVID-19)
infeksiyasının yayılmasının qarşısının alınmasına ictimai dəstək göstərmiş
olacaqlar.
Qayda pozuntuları barədə məlumatlar, məlumat verən
şəxsin anonimliyi qorunmaqla, portalda, eləcə də kütləvi informasiya vasitələrində
yayımlanaraq ictimai qınaq təmin ediləcək. Eyni zamanda qayda pozuntusu törətmiş
şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb
oluna bilərlər.
Koronavirus (COVID-19) infeksiyasının profilaktikası
və yayılmasının qarşısının alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyinin (TƏBİB) müxtəlif fəaliyyət sahələrini tənzimləyən metodiki göstərişləri
ilə www.koronavirusinfo.az saytında tanış olmaq mümkündür.