AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Koronavirusdan sağalanlar minalanmayıblar”

“Koronavirusdan sağalanlar minalanmayıblar”

Cəmiyyət
07 İyul 2020, 20:16 1752
"Xəstəlik keçirmiş insanları diskriminasiya etmək cəmiyyəti tam başqa istiqamətə apara bilər”
 
"Xəstəxanadan çıxandan sonra insanlardan neqativ mənada fərqli münasibət gördüm. Sanki sağalandan sonra qarşılaşdıqları adam minalanmış, kamikadzedir. Koronavirus xəstəliyindən sağalanlar da hamı kimi insandır, partlamağa hazır bomba deyil”.
Bu sözləri İrəvan Dövlət Teatrının baş rejissoru Sərvər Əliyev deyir. Həmsöhbətimiz bir müddət öncə virusa yoluxub və xəstəxanada müalicə alaraq koronavirusa qalib gəlib. Lakin bu qalibiyyət onu, əvvəlki normal həyatına qaytara bilməyib. Hətta insanların qınağından, rəftarından qaçmaq üçün bir müddət Bakını tərk edib: "Sözün düzü, bu mənə çox pis təsir etdi. Düşünməyə başladım ki, insanlar niyə belə edir. Hər kəs xəstələnə, bu virusa yoluxa bilər. Mən müalicə alıb, sağalmışam. Müalicə aldığım üçün virusa yoluxmayan insanlardan daha təhlükəsizəm. Hətta, yaxınlarım belə məndən qaçmaq istəyirdi.  Bu da mənə çox pis təsir edirdi və Bakıdan qaçıb, Balakənə gəldim. İnsanlar arasında xəstəxanada olandan təbliğat aparıram. "Yalandır” deyənlərə deyirəm ki, baxın, mən müalicə alıb çıxmışam, bu, yalan deyil, çox təhlükəlidir. Vaxtında həkimlərə deməsəniz, qorunmasanız, ölümlə nəticələnə bilər. Təəssüf ki, insanları ölüm sayının çoxalması inandıra bildi”.
Bu gün bir çox insan, xəstəliyə yoluxmuşları görəndə onlardan uzaq durmağa çalışır. Hətta, xəstəlik yalnız cinsi əlaqə, qanla keçsə belə, insanlar bu xəstəliyin daşıyıcılarını görəndə diskriminasiya edirlər. QİÇS, hepatit kimi xəstəlikləri buna aiddir. Təəssüf ki, son vaxtlar bəzi insanlar tərəfindən bu sıraya koronovirusdan sağalanları da aid edirlər. "Koronavirus xəstələri” cümləsi onlara stiqma və ya damğa kimi vurulur. Bu, təkcə bizdə deyil. Qardaş ölkə Türkiyədə də Covid-19 xəstəliyinə tutulan, müalicə alan və sağalanların epidemiya ilə əlaqəli bir çox travma yaşadığını diqqətə çatdıran mütəxəssislər, xəstəliyi olanların cəmiyyət tərəfindən ləkələnməsi təhlükəsi ilə üz-üzə qalıblar. Cəmiyyətin bu davranışının səhv olduğunu diqqətə çatdıran mütəxəssislər, xəstəlikdən sağalanın cinayətkar olmadığını bildirib, onların psixoloji toxunulmazlığının yüksək səviyyədə saxlanmasını təklif edirlər.
 
"Cəmiyyət üçün ən təhlükəli insanlar...”
 
Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, məhz buna görə, bu gün əsl korona xəstələri xəstəliyini gizlədir, həkimə getməkdən çəkinirlər: "Bu, çox pis haldır. Əslində bəzi xəstələrin xəstəliyini gizlətməsi də məhz bununla bağlıdır. Koronavirusdan sağalan xəstələr damğalanır, cəmiyyətdə diskriminasiya olunurlar. İnsanlar da bunu bilir və cəmiyyətdən kənarlaşdırılmamaq üçün xəstəliklərini gizlədirlər. Bu durum vərəm xəstələrinə də aiddir. Məsələ burasındadır ki, əgər xəstə sağalıbsa, test də neqativdirsə, onun ətraf aləm üçün heç bir təhlükəsi yoxdur. Cəmiyyət üçün ən təhlükəli insanlar, virusu simptomsuz keçirib, xəstə olduğunu bilməyənlərdir. Çünki virusu da məhz onlar yayırlar”.
Həkim vurğuladı ki, xəstəliklə mübarizə aparmaq üçün koronavirusa yoluxub sağalan insanlardan qorxmaq, onları təcrid etmək lazım deyil. Sosial məsafəyə əməl etmək və maskadan istifadə etmək lazımdır. Bu, bütün cəmiyyətə aiddir.
 
"Koronavirusdan sağalanlar digər insanlardan daha təhlükəsizdir”
 
Amerikada yaşayan həmyerlimiz, professor, həkim Nərgiz Muğanlinskaya deyir ki, əgər testin nəticəsi neqativdirsə, bunun digər insanlar üçün qorxusu yoxdur: "Xəstə sağalandan sonra test edilir. Əgər test neqativdirsə, o, sağlam hesab olunur və onun digər insanlar üçün təhlükəsi olmur. Test pozitivdirsə, xəstə 10-15 gün də təcrid olunur və yenidən test edilir. Bəzi xəstəliklər var ki, insanda immunitet yaradır. Yəni onları keçirəndən sonra bir də yoluxmursan. Koronavirusla bağlı isə immunitet təxmini bir mövsüm qalır. Ehtimal var ki, gələn mövsüm bir də tutula bilərsən. Bu o deməkdir ki, koronavirusdan sağalan xəstələr digər insanlardan daha təhlükəsizdir”.
 
"Birlik nümayiş etdirmək lazımdır”
 
Ümumdünya Səhiyyə Təşkilatının konsultant həkimi, Hacəttəpə Universitet Xəstəxanası Anesteziologiya və Reanimasiya şöbəsinin əməkdaşı
Turanə Rəsulova 
"Kaspi”yə açıqlamasında bildirdi ki, dünyada qayda budur ki, əlamətlər üzə çıxandan 28 gün sonra koronavirusa yoluxmuş və sağalmış insan, əgər testin nəticəsi neqativdirsə, başqa insanlarla kontaktda ola bilər: "28 gün keçmədiyi halda, digər insanlarla kontakta girməsi tövsiyə edilmir. Çünki bu müddətdə alt tənəffüs yollarında virus qala və həmin şəxs virusu yaya bilər. Məsələn, simptomlar əmələ gəldikdən sonra insan xəstəxanaya yerləşdirilir, orada 14 gün müalicə alır və test neqativ çıxdıqdan sonra da 14 gün evdə qalıb heç kəslə təmasda olmamalıdır. Bu, məsələnin tibbi tərəfidir. Əgər xəstə xəstəxanada 7 gün qalıbsa, 21 də gün evdə izolyasiya edilmiş şəkildə qalmalıdır”.
Həkim hesab edir ki, insanların cəmiyyətdə  stiqmaya məruz qalması və koronavirus keçirib deyə diskriminasiya olunması çox yanlışdır: "Tarixdə bu cür səhvlər tez-tez olub, məsələn, vəba epidemiyası bütün Avropanı cənginə alanda, insanlar bu xəstəliyin sürətlə yayıldığını görüb öz evlərinə qapandılar və özlərini tam izolyasiya etdilər. Karantin sözü da məhz həmin dönəmdə əmələ gəlib. "Quarantena" (Venesiya dili) sözü əslində 40 gün deməkdir, lakin Avropanın müxtəlif ölkələrində bu müddət fərqli idi. Ümumi isə 40 günlük izolyasiya xəstəliyin yayılmasının qarşısını almağa kömək edirdi. Həmin dövrdə insanlar xəstəlikdən qorxub diskriminasiya hallarına yol verdilər və hətta xristian adətinə uyğun olaraq evlərinə rahibləri çağırıb şeytanqovma ritualları keçiriblər. Beləliklə, din xadimləri pandemiyanı yayan insanlara çevriliblər. Bu da insanların dindən üz çevirməsinə gətirib çıxardı. Həmin dövrdə yaşayan filosofların yazdıqlarına baxanda, görürük ki, vəba epidemiyası insanların hisslərini və digərlərinə qarşı münasibətini çox dəyişdi. Hətta, insanlar mənəvi dəyərlərdən uzaqlaşıb çox iyrənc xüsusiyyətlərini nümayiş etdirməyə başlayıblar. Filosofların sözlərinə görə,  bu neqativlərin üzə çıxması vəbadan da təhlükəlidir.  Bugünkü koronavirus da çox təhlükəlidir. Amma bu, bəşəri bir təhlükədir. Dünya səhiyyə təşkilatının rəhbəri Tedros Adhanomun dediyi kimi, bu dövr milli birlik və qlobal həmrəylik dövrüdür. Bu kontekstdə yanaşmaq lazımdır. Xəstəlik keçirmiş insanları qınamaq və diskriminasiya etmək cəmiyyəti və bütün dünyanı tam başqa istiqamətə apara bilər. Buna görə də, birlik nümayiş etdirmək lazımdır”.
Həkim sonda vurğuladı ki, Azərbaycan xalqı mənəvi dəyərləri hər zaman üstün tutub və bu dəyərlərə görə, biz dəhşətli stiqmalar yaşamayacağıq: "Pandemiya günlərində xalqımızın nə dərəcədə xeyirxah və vətənpərvər olduğunun şahidi olduq. Buna görə də, inanmıram ki, Azərbaycanda bu stiqmalar dəhşətli forma alacaq. Çünki biz mənəvi dəyərləri yüksək tutan millətik”.
 
Aygün ƏZİZ