• cümə, 19 Aprel, 10:05
  • Baku Bakı 13°C

Koronavirusdan ölənlərin xof yaradan dəfni

26.09.20 10:30 784
Koronavirusdan ölənlərin xof yaradan dəfni
Ekspertlər deyirlər ki, ölmüş şəxsdən sağlam insanlara virusun keçmə ehtimalı var
COVİD-19 virusundan ölən şəxslərin dəfni olduqca ciddi formada aparılır. Belə ki, ölənləri xüsusi geyimli şəxslər dəfn edirlər, cənazəsinə doğmalarının yaxın durmasına icazə verilmir. Hətta, belə dəfn mərasiminin insanlarda xof yaratdığını da düşünmək olar. Özü də dəfn prosesi, bütün dünyada, demək olar ki, eyni formada aparılır. Ancaq belə bir fikirlər də dolaşır ki, virus canlı orqanizmdə olur, canlı hüceyrədə inkişaf edir və ölmüş insanda hansı virus ola bilər ki, başqalarına keçsin? Bu fikirlər nə dərəcədə real ola bilər? COVID-19-dan ölən şəxsin cəsədinin virusu başqalarına yoluxdurmaq təhlükəsi varmı?
İnfeksionist Mərdan Əliyev deyir ki, insan öləndə, onun orqanizmində virus inkişaf etmir, lakin burda bir "amma” var. Belə ki, virus bir müddət ölən şəxsin tənəffüs yollarında və dəri səthində qala, sağlam insanları da bu virusa yoluxdura bilər: "Əslində, bütün viruslar canlı orqanizmdə - canlı hüceyrədə yaşayır. Orqanizm öləndən, həyat qabiliyyətini itirdikdən sonra virus orda yaşaya bilmir. Belə çıxır ki, insanla bir yerdə koronavirus da ölür, amma burda bir məsələ də var. İnsan ölsə də, bir müddət onun tənəffüs yollarının selikli qişasında, bədənin müxtəlif yerlərində, dəridə, xüsusilə, üz nahiyəsində qala bilir. Bu səbəbdən də sağlam insanlara, ölmüş şəxsdən virusun keçmə ehtimalı var. Bu ehtimalın nə qədər olduğunu deyə bilmərəm. Amma belə bir ehtimal mütləq var. Ona görə, bu virusdan ölən insanları xüsusi protokol əsasında dəfn edirlər”.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirdi ki, bir insan COVID-19-dan ölürsə, virus həmin an bədəndə məhv olmur: "Əgər bir insan ölübsə, bu o demək deyil ki, onun bədənində bütün viruslar həmin dəqiqə məhv olur. Nəzərə alaq ki, insan öldüyü vaxtdan etibarən ən gec 48 saat ərzində dəfn olunur. Virus isə 48 saat ərzində insan bədənini tərk etmir. Ona görə də, koronavirusdan ölən şəxsin dəfni zamanı yoluxma təhlükəsi var. Bu səbəbdən cəsədlər dəfn üçün ənənəvi formada deyil, xüsusi şəkildə hazırlanır və xüsusi geyimli şəxslər tərəfindən qəbirə qoyulur. Meyitin yaxınlarına verilməməyinin səbəbi budur ki, onlar üçün təhlükə yarana bilər”.
N.Mustafayeva deyir ki, virus xarici mühitdə də bir neçə saatdan bir neçə günə qədər aktiv qala bilir: "Nəinki ölmüş orqanizm, bəzən səthlər üzərində belə bu virus bir neçə gün qala bilər. Məsələn, xəstə bir insanın ağız suyundan, burun boşluğundan xaric olunan viruslar səthlərə düşərsə, sağlam insan ora toxunduqdan sonra əlini ağzına-burnuna, selikli qişalarına apardıqda yoluxa bilər. Bu səbəbdən biz maska, sosial məsafə ilə yanaşı, əl təmizliyini də qeyd edirik. Hələ xəstəlikdən ölmüş insandan söhbət gedirsə, bu risk çox yüksəkdir. Bu səbəbdən COVİD-19-dan ölən şəxslərin dəfn üçün yaxınlarına verilməsi və ənənəvi qaydada dəfn olunması təhlükəlidir”.
Psixoloq Orxan Oruc deyir ki, əslində, bu cür dəfn prosesi yaxınını itirmiş şəxslərə pis təsir edir, ancaq pandemiya dövründə olduğumuzu nəzərə alanda, onlar bunu qəbul edirlər: "Pandemiyanın özünün insanlarımıza, cəmiyyətimizə təsiri, təbii ki, var. Bu təsirləri birmənalı olaraq müsbət və ya mənfi adlandıra bilmərik. Fərqli baxış bucağından baxanda, pandemiyanın kifayət qədər müsbət, kifayət qədər də mənfi tərəflərini görə bilərik. Mənfi təsirləri insanlara gərginlik, qeyri-müəyyənlik hissi aşılamış olur. Çünki əksər insan düşünür ki, pandemiya nə vaxt bitəcək? Nə vaxt normal həyatımıza dönəcəyik? Belə dönəmlərdə ən ağır hadisələrdən biri də yaxın insanı virusdan itirməkdir. Hələ həmin insanı xüsusi qaydada dəfn etməyə məcbur qalırsansa, bu da əlavə psixoloji zərbədir. Çünki bizim əsrlərlə yaşatdığımız müəyyən dəyərlərimiz, adət-ənənələrimiz var. Onlardan biri də dəfn adətləridir. Bizdə bu məsələyə xüsusi yanaşılır. Pandemiya şəraitində isə dəfn qaydası ənənəvi qaydadan fərqlənir. Onsuz da insan, virusdan yaxınını itirib, üstəlik də, dəfn mərasiminin öyrəşdiyimiz formada təşkil oluna bilməməsi, vəfat edən şəxslə istədiyi kimi, qaydalara uyğun vidalaşa bilməməsi də pis təsir edə bilir. Ancaq insanlar pandemiya dövrü olduğunu bilirlər. Buna görə, məsələyə rasional yanaşırlar və dəfnin ənənəvi qaydada deyil, pandemiya dövrünün – virusa yoluxub dünyasını dəyişmiş şəxslərin dəfn qaydaları ilə aparılması ilə razılaşırlar”.
Qeyd edək ki, hələ aprel ayından koronavirusdan ölən şəxslərin dəfn proseduru açıqlanıb.
Bu barədə TƏBİB-in məlumatında bildirilir ki, morq işçilərinə və cənazədən məsul şəxslərə ölünün şübhəli/təsdiqlənmiş COVID-19 diaqnozu ilə öldüyü barədə məlumat verilməlidir. Ölünü yuyan işçilər fərdi qoruyucu vasitələrdən (uzunboğaz əlcək, N95 maska, eynək və uzun önlük) istifadə etməli və istifadə olunan vasitələr tibbi tullantı qabına atılmalıdır.
Qaydaya əsasən, cənazənin qəbirə yerləşdirilməsi əsnasında əlcək istifadə olunmalıdır. Koronavirus diaqnozlu xəstələr öldüyü təqdirdə, cənazə qəbirə qoyulduqdan sonra normal dəfn prosedurları tətbiq olunur.
Məlumata əsasən, ölən insanların şəxsi əşyaları ikiqat neylon torbaya qoyularaq verilir. Həmin əşyanın təkrar istifadəsi nəzərdə tutulursa, 60-90 dərəcədə yuyulmaqla istifadə edilə bilər.
Qeyd olunub ki, digər məsələlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fikirlərinə əsasən həyata keçirilir.
COVID-19 infeksiyası nəticəsində ölən şəxslərin ölkədaxili və beynəlxalq daşınma qaydaları da açıqlanıb.
"Hava yolları, avtomobil yolları və dəmir yolları vasitəsilə ölkə daxilində və xaricində cənazənin nəqli tabut içərisində həyata keçirilməli və cənazə tabutla birlikdə dəfn edilməlidir", - deyə qaydalarda qeyd olunub.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər