• cümə, 19 Aprel, 06:35
  • Baku Bakı 13°C

Koronavirusa qarşı vaksinasiya 20 milyon insanın həyatını xilas edib

25.06.22 12:30 513
Koronavirusa qarşı vaksinasiya 20 milyon insanın həyatını xilas edib

Böyük Britaniyadan olan epidemioloqlar müəyyən ediblər ki, Yer kürəsi əhalisinin koronavirus infeksiyasına qarşı kütləvi vaksinasiyası onun potensial qurbanlarının sayını təxminən 20 milyon azaldıb. AZƏRTAC xəbər verir ki, alimlərin nəticələri “Lancet Infectious Diseases” jurnalında dərc olunan məqalədə yer alıb.

“Biz hələ ki COVID-19-a qarşı vaksinasiyanın qlobal səviyyədə bəşəriyyətə necə təsir etdiyinə dair ən əhatəli qiymətləndirmə aparmışıq. Vurğulamaq lazımdır ki, xilas edilmiş təxminən 7,5 milyon insan həyatı peyvəndlərə bərabər çıxışı təmin etmək üçün ÜST tərəfindən işə salınan COVAX proqramı çərçivəsində paylanmış vaksinlərə təsadüf edir”, - deyə London İmperial Kollecinin (Böyük Britaniya) elmi əməkdaşı Oliver Votson bildirib.

Pandemiyanın başlanmasından sonra Rusiya, ABŞ, Çin və bir çox digər ölkələrdən olan alimlər SARS-CoV-2 ilə yoluxma riskini və COVID-19-un ağır formalarının inkişaf ehtimalını əhəmiyyətli dərəcədə azaldan onlarca vaksin işləyib hazırlayıblar. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 12 milyard dozadan çox vaksin tətbiq edilib, dünyada bəzi ölkələrdə əhalinin 90 faizdən çoxu vaksinasiya olunub.

Votson və onun həmkarları əhalinin kütləvi vaksinasiyasının qlobal səviyyədə pasiyentlərin COVID-19-dan ölüm nisbətinə necə təsir etdiyinə dair ilk qiymətləndirmələri əldə ediblər. Bunun üçün alimlər peyvənd olunmuş insanların sayı və xəstələnmə nisbəti ilə bağlı BMT-nin üzvü olan 185 ölkədə müvafiq idarələrin mütəxəssisləri tərəfindən toplanmış məlumatları cəmləyib təhlil ediblər.

Epidemioloqlar bu və ya digər ölkələrdə əhalinin vaksinasiyasının bu prosesə necə təsir etdiyini nəzərə alaraq, infeksiyanın Yer kürəsinə necə yayılmasının kompüter modelini yaratmaq üçün bu məlumatlardan istifadə ediblər. Alimlər bu hesablamaların nəticələrini COVID-19-a qarşı vaksinlərin yaradılmadığı halda, vəziyyətin necə inkişaf edəcəyi ilə müqayisə ediblər.

Votson və onun həmkarları qeyd edirlər ki, bu halda pandemiya daha çox, təxminən 31,4 milyon insanın həyatına son qoymuş olardı. Epidemioloqların hesablamalarına görə, vaksinasiya həddindən artıq ölümün bütün təzahürlərini nəzərə alaraq, bu rəqəmi təxminən 63 faiz (19,8 milyon nəfər) azaldıb. Eyni zamanda, birbaşa infeksiya ilə bağlı ölüm hallarının sayı 79 faiz (14,4 milyon xəstənin həlak olması) azalıb.

banner

Oxşar Xəbərlər