• şənbə, 20 Aprel, 04:16
  • Baku Bakı 15°C

Koronavirus pandemiyası turizm sektorunu tənəzzülə uğradır

16.05.20 17:51 485
Koronavirus pandemiyası turizm sektorunu tənəzzülə uğradır
Koronavirus pandemiyası dünya iqtisadiyyatına, eləcə də əhalinin məşğulluq xidmətinə böyük məbləğdə ziyanlar vurur. Asiya İnkişaf Bankının məlumatına görə, pandemiya dünya iqtisadiyyatına təqribən 4,1 trilyon ABŞ dolları həcmində ziyan vura bilər. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycan iqtisadiyyatına dəyən ziyanın gündəlik miqdarı təqribən 120-150 milyon manatdır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmraniAZƏRTAC-a bildirib ki, koronavirus pandemiyasından ziyan çəkən sahələrdən biri də turizm sektorudur. Son iki ayda dünya iqtisadiyyatının ən aparıcı sahələrdən biri hesab olunan turizm sektoru öz tənəzzül dövrünü yaşayır. Türkiyə, Misir, İtaliya, Fransa, İspaniya, Xorvatiya, Yunanıstan, İsrail və s. ölkələrdə turizm sektoruna dəyən ziyan özünü daha çox hiss etdirir. Bir sıra turizm şirkətləri fəaliyyətini dayandırıb, bronlaşdırma sistemi ləğv edilib, aviareyslər təxirə salınıb. Bunlarla yanaşı, hazırda yerləşdirmə müəssisələri ziyanla işləyir, restoran və kafelərdə müştərilərin sayı kəskin azalıb. Bu amillər turizm sektorunu krizisə sürükləyir.
"Ümumdünya Turizm Təşkilatı 2020-ci ildə dünya üzrə turistlərin sayının 1,4 milyard nəfərdən 1 milyard nəfərə düşəcəyini proqnozlaşdırır. Lakin bəzi mütəxəssislər bu rəqəmin daha yüksək olacağını düşünür və turistlərin sayının 45-60, bəzi ölkələrdə isə hətta 70 faiz azaldığını bildirirlər. Turistləri isə maraqlandıran əsas suallar koronavirus pandemiyasından sonra turizm sektorunun vəziyyəti ilə bağlıdır. Belə ki, turistləri səfərlərinin ölkə xaricində mümkünlüyü, böhranın səyahət xərclərinə təsiri, xüsusi sağlamlıq sənədlərinin tələbi və s. bu kimi suallar maraqlandırır.
Turistlərin suallarına cavab vermək üçün bir neçə ssenarilər işlənib hazırlanmalıdır. Bu ssenarilərə pandemiyadan sonrakı dövrdə ölkələrin siyasi və iqtisadi vəziyyətindən, yerləşdirmə müəssisələrinin turistləri qəbul etmək imkanlarından, onların təhlükəsizliklərinin təminatından və digər amillərdən asılıdır. Hazırda turizm sektoruna ziyanın azaldılması məqsədilə Türkiyədə "hər şey daxil” sisteminin ləğvi, İtaliya və İspaniyada yerli turistlərə çimərliklərin təhlükəsiz fəaliyyəti, İsrail otellərində "Bənövşəyi işarə” standartının hazırlanması, Misir otellərinin yalnız 25 faiz doldurulmasına icazə, Yunanıstanda xarici turistlərə "Sağlamlıq pasportu”, Xorvatiyada isə "COVID-19 pasportu” təqdim etmələri üçün müəyyən tədbirlər paketinin hazırlaması üzərində işləyirlər”, - deyə institutun şöbə müdiri bildirib.
Z.İmrani hesab edir ki, pandemiyadan sonrakı dövrdə turistlər dərhal başqa ölkələrə səyahət etməkdən çəkinəcəklər. Xarici səfərlər isə əsasən işgüzar xarakterli olacaq. Turizm sektoru əsasən yerli turistlərə xidmət göstərəcək ki, bu da turistlər üçün daha münasib qiymətləri olan kiçik büdcəli hostel və otellərin fəaliyyətini stimullaşdıracaq. Məhz bu yanaşma ölkədə turizm sektorunda qiymət siyasətinə də təsir göstərəcək.
banner

Oxşar Xəbərlər