• cümə axşamı, 28 mart, 15:40
  • Baku Bakı 16°C

Koronavirus müalicəsinin müddətini azaldan metod

22.07.20 20:18 714
Koronavirus müalicəsinin müddətini azaldan metod
Ağır xəstələrin müalicəsində istifadə edilən plazma heç də bütün sağalan şəxslərdən götürülmür

Bir vahid qandan 3 komponent tədarük olunur: eritrosit, trombosit kütləsi və plazma. Son vaxtlar 3-cü komponent daha çox müzakirə mövzusudur. Çünki COVİD-19-dan əziyyət çəkən xəstələrin müalicəsində, bu virusdan sağalanların qanındakı plazmanın böyük rolu olduğu bildirilir.

Hələ aprel ayının ikinci yarısında bu məsələ Böyük Britaniyada gündəmə gəlmişdi. Koronavirusa yoluxanların müalicəsində bu xəstəlikdən sağalanların qanından istifadə edilə biləcəyi qeyd edilirdi. Daha sonra digər ölkələr də bu metodu tətbiq etməyə başladılar. Aprel ayının sonlarında Azərbaycanda da ağır koronavirus xəstələrinə konvalesent plazma müalicəsi tətbiq olunacağı ilə bağlı açıqlama verildi. May ayının əvvəlində isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yaydı, COVİD-19 xəstəliyindən sağalan vətəndaşlardan qan plazması donoru olaraq, digər xəstələrə yardım etməyə çağırdı.

Ancaq koronavirusdan sağalan bir çox şəxs sosial şəbəkələrdəki paylaşımlarda "xəstəxanadan çıxanda, məndən plazma istəyən olmadı” kimi rəyləri görürük. Bütün sağalan şəxslərdən plazma götürülməsinə ehtiyac varmı?

"Azərbaycanda indiyədək 65 nəfər koronavirus xəstələrinə immun plaza vermək üçün donorluq edib”. Bu məlumatı 13 iyulda "Sputnik”ə açıqlamasında Qan Bankının mütəxəssisi Xəyalə Qafarova verib. O, bildirib ki, müraciət edən 65 donordan 43 nəfərindən immun plazma toplanıb: "90 xəstəyə 11 vahid plazma köçürülüb. Bir donordan 600-800 milli immun plazma götürülür. Bir donordan götürülən qan 3 xəstəyə vurulur”.

"KarnegiKlub”un rəhbəri, nitq təlimçisi Nəcəf Allahverdiyev plazma üçün qan verən şəxslərdəndir. O, bizimlə söhbətində bildirdi ki, ətrafındakı insanlar qan verməyin onun sağlamlığı üçün zərərli olduğunu desələr də, bu addımı atıb: "Facebook”da koronavirusdan sağalmış və +2 qan qrupu olan insan axtarırdılar. Getdim və plazma üçün məndən 600 qram qan götürüldü. Məlum oldu ki, verdiyim qan 3 nəfər korona xəstəsinə vurula bilər. Yəni 3 nəfərdə istifadə edildi. Heç birini şəxsən tanımıram, sağlamlıqları ilə bağlı sonra hər hansı dəyişiklik olduğunu bilmirəm. Çox adam dedi ki, məsləhət deyil, orqanizmin zəifləyər, yeni müalicə olunmusan və s. Ancaq düşündüm ki, ağır xəstənin ehtiyacı var, yardım edim, Allah mənə güc verər”.

Koronaviruslu xəstələrin müalicəsində iştirak edən reanimatoloq Samirə Məmmədova deyir ki, Azərbaycanda da ağır xəstələrin müalicəsində bu metoddan istifadə olunur: "Dünya təcrübəsində plazmanın köçürülməsinin effekti sübut olunub. Bir çox ölkələrdə də tətbiq edilir. Rusiyadan, Türkiyədən də bizə mütəxəssislər gəlmişdi, onlar da effektli olduğunu vurğulayırdılar. Bizdə reanimasiyadır, burda ağır xəstələrin müalicəsi aparılır. COVİD-19-u ağır keçirən şəxslərin müalicəsində biz də immun plazma üsulunu tətbiq edirik. Deyə bilmərik ki, bütün xəstələrdə effektlidir, ancaq bəzi xəstələrdə effekti var. Tam təsdiqlənmiş metod olmasa da, köməyi var. Ola bilər ki, bu metod, hansısa xəstə üçün faydalı olmasın, ancaq ölümə gətirib çıxaran səbəb deyil”.

Reanimatoloq qeyd etdi ki, qanında COVİD-19-la bağlı anticisim aşkarlanmayan şəxslərdən immun plazma götürülmür: "Covid-19-dan sağalan hər xəstədən də plazma götürmək mümkün deyil. Çünki xəstənin qanında koronavirusun xroniki dövrünü keçdiyini sübut edən anticisim olmalıdır. O, əmələ gəlməyibsə, qan götürməyin mənası yoxdur. Ola bilər ki, virusa yoluxub və sağalıb. Ancaq anticisim olmasa, onun qanı digər adamlarınkı ilə eyni tərkibə malikdir və virusla mübarizədə bizə kömək edə bilməz”.

S.Məmmədova qeyd etdi ki, COVİD-19-dan sağalanlara plazma verməyi təklif edəndə, "yox” cavabı almırlar: "Kimsə "yox” desə də, bunu başa düşürük. Ehtiyat edir ki, yeni sağalmışam, zəifləmişəm və s. Ancaq ümumilikdə, sağalan insanlar başqaları üçün bu köməyi etmək istəyirlər. Bilirlər ki, bu, ağır xəstələrin həyatı üçün vacibdir və etiraz etmirlər. Hətta mənim tanıdığım həkimlər var ki, COVİD-19-a yoluxub sağalıblar, sonra gedib qanlarını yoxladıblar ki, anticisim var və qan veriblər”.

İnfeksionist Mərdan Əliyev deyir ki, bu üsul xəstəliyin sağalma müddətini sürətləndirir: "Sağalan şəxslərin qanında immunoqlobinlər əmələ gəlir. İmmunoqlobinlər virusa qarşı olan antitellərdir. Həmin immunoqlobilinləri hazır şəkildə sağalanların qanından alıb xəstə şəxslərə vururlar. Düzdür, bu, ağır xəstələrə vurulur və onların müalicəsində effektlidir. Ancaq bunun effekti yüzdə yüz deyil, təxminən 30 faizdir. Yəni xəstəliyi 30 faiz yüngülləşdirir. Xəstə öz-özünə 10 günə sağalacaqsa, plazma ilə bu müddət 7 gün olur”.

M.Əliyev deyir ki, COVİD-19-dan sağalan hər bir şəxsdən plazma götürülməsinə ehtiyac yoxdur: "Həm effekti yüzdə yüz deyil, həm də o qədər ağır xəstə yoxdur ki, hamıdan götürsünlər. Müəyyən qədər xəstədən götürmək bəs edir. Lazım olan qədər götürülür və ağır xəstələrə vurulur. Yüngül keçirənlərin müalicəsində isə, buna ehtiyac yoxdur”.

İnfeksionist bildirdi ki, plazma ilə müalicə asan metod deyil: "Müəyyən prosedur, vaxt tələb edir. Effekti də yüksək deyil deyə, buna o qədər də tələb yoxdur. "Favipiravir” adlı dərman var. Yaponiya istehsalıdır, hazırda Türkiyədə də istehsal edilir. Bu dərman COVİD-19-un müalicəsində hazırda ən çox effektiv hesab olunur. 10 günə başa gələn müalicəni 4 günə qədər azaldır. O cür dərmanlar olduğu üçün plazmadan çox da istifadə edilmir”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər