• cümə, 26 Aprel, 18:36
  • Baku Bakı 22°C

Koronavirus əleyhinə hazırlanan yeni sprey “delta” ştamından da qoruyur

03.08.21 10:15 231
Koronavirus əleyhinə hazırlanan yeni sprey “delta” ştamından da qoruyur
Estoniya şirkətləri və universitetlərinin birgə hazırladığı koronavirusa qarşı burun spreyi üzrə aparılan laborator tədqiqatlar onun hazırda yayılmış "delta” ştamının qarşısının alınmasında effektli olduğunu sübut edib.
AZƏRTACEstoniya mətbuatına istinadla xəbər verir ki, laborator tədqiqatlar burun spreyinin həm əsas Uhan ştamından, həm də Hindistan mənşəli "delta” ştamından, eləcə də Britaniya, Cənubi Afrika və Braziliya ştamlarından qoruduğunu sübut edib.
Gen mühəndisliyi şirkəti "Icosagen”in elmi direktoru Mart Ustav bu günə qədər aparılan laborator tədqiqatlar nəticəsində hazırlanmış burun spreyinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) daha böyük narahatlıq doğuran və hazırda Estoniyada yayılan "delta” ştamı da daxil olmaqla koronavirusun bütün ştamlarından eyni dərəcədə və lazımi səviyyədə qoruduğunu söyləyib.
"Komandamızla birlikdə virusdakı dəyişiklikləri daim izləyirik və "BioBlock” burun spreyinin hələ geniş yayılmamış ştamları neytrallaşdırmaq qabiliyyətini proaktiv şəkildə sınaqdan keçiririk”, – deyə Mart Ustav qeyd edib.
Estoniyanın Səhiyyə Departamenti "BioBlock”un istehsalı və satışı ilə bağlı qərarı Dərman Vasitələri Departamenti, Səhiyyə Departamenti, Kənd Təsərrüfatı və Qida Departamenti, İstehlakçıların Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamentinin mütəxəssislərindən ibarət ekspert qrupunun sərhəd məhsulları üzrə rəyi əsasında qəbul edib. Bu, hüquqi nöqteyi-nəzərdən dərman və ya tibbi ləvazimat olmasa da, qablaşdırmanın üzərində olan məhsul haqqında məlumatlar həm Dərman Vasitələri Departamenti, həm də Səhiyyə Departamenti ilə razılaşdırılıb.
Qeyd edək ki, konsepsiyası professor Mart Ustavın rəhbərliyi ilə "Icosagen” şirkətinin tədqiqatçıları tərəfindən hazırlanan "BioBlock” Estoniyanın yeni məhsuludur. "BioBlock”ın hazırlanması və satışı məqsədilə "Chemi-Pharm” əczaçılıq laboratoriyası, "Icosagen” şirkəti, Tartu Universiteti, Estoniya Təbiət Elmləri Universiteti və "OÜ Teadus ja Tegu” şirkətinin alimlərindən və mütəxəssislərindən ibarət konsorsium yaradılıb. Məhsulun texnologiyası patentləşdirilib. "BioBlock” burun spreyi "Chemi-Pharm” əczaçılıq laboratoriyası tərəfindən istehsal olunaraq satılır.
banner

Oxşar Xəbərlər