• şənbə, 20 Aprel, 04:05
  • Baku Bakı 15°C

Koronavirus avrozonanı çökdürə bilər

07.04.20 16:45 837
Koronavirus avrozonanı çökdürə bilər
Yaranmış çətinliklər fonunda Avropa İttifaqının gələcəyi çox dumanlı görünür

Koronovirus pandemiyası Avropa İttifaqı, xüsusən də maliyyə böhranın astanasında olan qitənin cənub dövlətləri üçün ağır iqtisadi sınağa çevrilib. Qərb mediası yazır ki, dünyaca məşhur alman iqtisadçısı Henrix Müller bununla bağlı xəbərdar edir ki, avropalıar təxirəsalınmadan fəaliyyətə başlamalıdır. Əks təqdirdə avrozonanı bütövlükdə fəlakət gözləyə bilər. Əgər İtaliya, İspaniya və ola bilsin Fransa yaxın müddət ərzində məqbul şərtlərlə iri məbləğdə kredit almasalar, onların maliyyə sistemi çökəcək, Avropa üçün sosial-iqtisadi nəticələr 1929-cu il böhranından da ağır olacaq. Hələ ki, ölkələr öz daxili vəsaitləri hesabına çıxış yolları tapmağa çalışırlar. Məsələn, İtaliya koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün400 milyardavroluq yeni təşviq paketi hazırlayıb. Daha əvvəlki350 milyardavroluq təşviq paketi ilə birlikdə İtaliya Ümumi Daxili Məhsulunun (ÜDM) yarısı qədər iqtisadiyyata dəstək verdiklərini bildirən baş nazir Cüzeppe Konte vurğulayıb ki, "strateji əhəmiyyətli bütün şirkətləri qorumaq üçün çox təsirli bir təşviq paketi qəbul etdik”. Bundan başqa, baş nazir bəzi vergi ödənişlərinin aprel və may aylarında dayandırılacağını da diqqətə çatdırıb. Lakin bu da problemi tam şəkildə həll etmir. Böyük ehtimalla avrozonanın deinteqrasiyası və Aİ bazarının ümumi bazar anlayışı, birləşmiş Avropanın demokratik dəyərləri və çiçəklənməsi anlayışları keçmişdə qalacaq.
Bəs görəsən Avrozona ölkələri və onun liderləri qəti hərəkətə keçməyə və həmrəylik nümayiş etdirməyə hazırdırlarmı? Ekspertlər buna çox ciddi şübhələrin olduğunu bildirirlər. Həqiqətən də koronavuris epidemiyası çox təhlükəli prosesi dövriyyəyə buraxıb: dövlətlərin gəlirləri kəskin şəkildə aşağı düşüb, əvəzində isə pandemiyaya qarşı mübarizə üzrə xərclər əhəmiyyətli dərəcədə artıb. Büdcənin borc yükü artıb, iqtisadi göstəricilər hələ Avropada müharibədən sonra indiki kimi ağır olmamışdı. Hətta 30-cu illərin "Böyük durğunluq” illərində belə, enmə templəri indiki kimi olmayıb. Maliyyə bazarları yaranmış duruma çox əsəbi şəkildə reaksiya ortaya qoyublar: İtaliya, İspaniya və Fransanın dövlət borcu öhdəliklərinin faizi yüksəlib, investorlar isə maliyyə böhranın baş verə biləcəyini istisna etmirlər. Düzdür, Avropa Mərkəzi bankı özəl və dövlət sektorundan 750 mlrd. avro dəyərində səhmləri almaq barədə elan versə də, bu addım koronavirisla mübarizə fonunda qısamüddətli effekt verə bilər. Müşahidəçilər hesab edirlər ki, indiki böhran növbəti dəfə avrozonanın "Axilles dabanı”nı göstərmiş oldu: qurum kritik vəziyyətlərə reaksiya verməkdə acizdir. Yəni, ayrı-ayrı dövlətlərin borclarını ümumi səhmlər ortaya atmaqla öz üzərinə götürə bilmir. Henrix Müllerin qənaətincə, bu, avrozona yaradılan zaman buraxılan prinsipial səhvdir və yekunda birliyin dağılması ilə nəticələnə bilər. Müqayisə üçün ABŞ-da böhranlar zamanı yeni fövqəladə kreditlərin ayrılması mexanizmi qısa müddət üçün dövriyyəyə buraxılır. Çünki əsas məsələ bütün sistemin kollaps vəziyyətinə düşməsindən qaçmaqdır. Avrozonada isə tamam başqa qaydalar fəaliyyət göstərir: Aİ-nin ayrı-ayrı üzv dövlətləri borcları öz üzərlərinə götürür, kreditləşmənin həcmini isə milli parlamentlər müəyyən edir. Lakin böhran vəziyyətində ölkələr özlərinin qeyri-məhdud sayda pul çap edən bir Mərkəzi Bankına malik deyillər. Avropa Mərkəzi Bankı isə milli borc öhdəliklərini almaq hüququna malik deyil. Əks halda, bu borc yüklənməsini digər ölkələrin üzərinə keçirmək təhlükəsini yarada bilir. Avropa Mərkəzi Bankının operativ hərəkət etmək üçün əlində ümumavropa qiymətli kağızları olmalıdır. İndi isə bu imkan yoxdur. Məhz bu səbəbdən də Cənubi Avropa ölkələri və Fransa zəif iqtisadiyyata malik ölkələrə kömək edə biləcək ümumi kredit fondunun yaradılmasına səy göstərirlər. Almaniya, Avstriya və Benilyuks ölkələri bəlli səbəblərdən "Avropa bondları” ideyalasıdan imtina edirlər. Onlar ehtiyat edirlər ki, bununla korrupsiyalaşmış və qeyri-istehsalla məşğul olan Avropanın bəzi cənub ölkələrinin başları altına yastıq qoymuş olacaqlar. Aİ-nin bu yaxınlarda keçirilən sammitində Almaniya kansleri Angela Merkel ümumi bondlar ideyasını rədd etdi - çünki, onun ölkəsi əsas maliyyə risklərini öz üzərinə götürmüş olur. Növbəti dəfə Aİ liderləri bu məsələdə razılıq əldə edə bilmədilər. Öz növbəsində Henrix Müller hesab edir ki, prinsipial qərarlar qəbul etmək lazım olacaq - əks təqdirdə avrozona və bütövlükdə Avropa nizamı təhlükə altına düşmüş olacaq. Cənubi Avropa ölkələri israrla avrobondların buraxılmasını tələb edirlər. Artıq ona ad da qoyublar – "korona-bondlar”. Eyni zamanda, "stabil ölkələr”in rədd cavabına qarşı çıxır, pul və məsuliyyəti birgə bölüşməyə çağırırlar. Almaniya, Avstriya və Niderland hesab edirlər ki, "cənublular” maliyyə nizam-intizamına öyrənməli və ilk növbədə evlərində qayda-qanun yaratmalıdırlar. Bu arqumentlərin əsası da var, lakin Müller hesab edir ki, indiki şəraitdə Avropa daha çox şeyi itirə bilər. Bu səbəbdən də nəyin bahasına olursa-olsun vəziyyəti nizamlamaq gərəkdir. Böhran vəziyyətlərində insan həyatını xilas etmək və həmrəylik nümayiş etdirmək zəruridir. Əks təqdirdə, Avropa layihəsi dağılmaq təhlükəsini yaşaya bilər. Nəticədə Avropa ölkələri yenidən fövqəldövlətlərin əlində oyuncağa çevriləcəklər. Avropanın sonuncu şansı Avropa sabitləşmə mexanizmi çərçivəsində xüsusi fondun yaradılmasıdır. Lakin bu çağırışların Berlin, Vyana və Haaqada eşidiləcəyi şübhə altındadır. Niderlandın baş naziri Mark Lütte təsdiq edib ki, sonuncu sammit zamanı Avropa liderləri koronavirusla mübarizədə sabitləşdirici fond vasitəsilə yardım göstərilməsində razılıq əldə edə bilməyiblər. Angela Merkel də ümumi bondları rədd edib. Bu da İtaliya və Fransa tərəfindən tənqid edilib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen isə "korona-bond” anlayışını sadəcə bir şüar adlandırıb və onun arxasında daha ciddi məsələnin – "kim pulu ödəyəcək” prinsipinin durduğunu bildirib. Bu mənada Almaniyanın və digər ölkələrin etirazları onun qənaətincə, tam şəkildə əsaslandırılmış mövqedir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər