AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronaviris dünyada - Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdəki çətinliklərdən danışırlar

Koronaviris dünyada - Azərbaycan diasporunun üzvləri yaşadıqları ölkələrdəki çətinliklərdən danışırlar

Təfsilat
06 Aprel 2020, 16:41 914
Karantin günlərində xaricdə yaşayan, dünyanın müxtəlif ölkələrində ölkəmizi təmsil edən həmyerlilərimizlə əlaqə saxladıq. Onlardan yaşadıqları ölkələrdə koronavirusun yaratdığı problemlər, insanların virusla mübarizə üsulu barədə soruşduq. Demək olar ki, onların hər biri Azərbaycanın bu məsələdə daha tez hərəkət etdiyini və önləyici tədbirlər gördüyünü qeyd etdilər.

Finlandiyada üç azərbaycanlı ailəsi...
 

Avropa Azərbaycanlıları Konqresinin baş katibi, Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri Arzu Oqtay dünyanın hər yerində yayılmış koronavirus pandemiyasının Avropa ölkələrində də sürətlə yayıldığını və COVID-19 virusunun Finlandiyadan da yan keçmədiyini bildirdi: "Martın 12-dən Finlandiyada  həyəcan təbili çalındı. Öncə koronavirus pandemiyasından qorunmaq üçün böyük və hətta kiçik həcmli toplantıların, tədbirlərin may ayının sonuna qədər ləğv olunmasının vacibliyi vurğulandı. Səyahətlərin təxirə salınması istənildi. Zaman keçdikcə vəziyyətin ciddiliyi nəzərə alınaraq məktəblərin bağlanılmasına qərar verildi, sərhədlər qapandı. Fin hökuməti xaricdə olan vətəndaşlarının ölkəyə qayıtması üçün bütün səylərini həyata keçirdi. Bütün səhiyyə işçiləri ciddi iş rejimində işləməyə başladı. Ölkənin baş naziri müəssisələri, icmaları və vətəndaşları koronavirusun yaratdığı böhranı azaltmaq üçün əllərindən gələni etməyə səslədi. Finlandiyada restoranlar mayın sonuna qədər bağlandı. Parlament, cümə axşamı hökumətin bununla bağlı qərarını təsdiqlədi. Ölkədə sentyabr ayına qədər işsizlərin sayının iki dəfə artacağı gözlənilir. İqtisadi böhran qaçılmazdır. Ölkə daxilində şəhərlərarası sərhədləri bağlayaraq, paytaxt və ona yaxın şəhərlərə giriş qadağan olundu. Hazırda Finlandiyada 1927 nəfər virusa yoluxan var. 20 ölüm faktı qeydə alınıb. 76 nəfər reanimasiyada süni nəfəs aparatına qoşulmuş haldadır. Xəstəxanalarda yalnız tənəffüs almaqda çətinlik çəkən, yüksək hərarəti olan xəstələr qəbul edilir. COVID-19 virusu aşkarlanmış digər xəstələr isə evlərdə karantində qalmaq şərti ilə həkim nəzarətində olurlar".
A.Oqtay qeyd etdi ki, Finlandiya Azərbaycanlıları Assosiasiyası bu ölkədə yaşayan soydaşlarımıza diqqətli olmağı, gigiyenik və digər tələblərə maksimum şəkildə əməl etməyi tövsiyə edib: "Vətəndaşlarımıza, hər hansı bir problem və ya çətinliklə üzləşdikləri halda bizimlə əlaqə yaratmalarını xahiş etmişik. İmkanlarımız daxilində hər birinə yardım göstərməyə hazır olduğumuzu bildirmişik. Onu da qeyd etmək istəyirəm ki, üç azərbaycanlı ailəsi bu ərəfədə xarici ölkələrdən səyahətdən qayıtdıqları üçün evlərində 14 gün karantində qalmalı oldular. Bu müddət ərzində həmin ailələrlə mütəmadi olaraq əlaqə saxlayır, lazım olan köməkliyi göstərməyə çalışmışıq. Eyni zamanda Azərbaycan Respublikasının İsveç Krallığında yerləşən səfirliyi İsveç, Norveç və Finlandiyada daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət etdi ki, Covid-19 virusuna yoluxma halları baş verdiyi təqdirdə, səfirliyə məlumat versinlər. Həmçinin Finlandiyada səyahətdə olan həmvətənlilərimizin nəzərinə çatdırdıq ki, koronavirusun yayılması ilə bağlı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində operativ qabaqlayıcı tədbirlər görülüb. Soydaşlarımızdan xahiş olunur ki, qeyd edilən mövzuda hər hansı bir problem və ya çətinliklə bağlı Komitənin sosial şəbəkə hesablarına, elektron poçt ünvanına, həmçinin digər elektron ünvanlarına müraciət etsinlər. Öz səlahiyyət və imkanları çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi hər bir həmvətənimizə kömək etməyə hazırdır".

Avropa Azərbaycanlıları konqresinin baş katibi Azərbaycanda virusu qarşı mübarizənin operativ aparıldığını bildirdi: "Məhz bu səbəbdən də Azərbaycanda yoluxma və bu virusdan ölüm halları digər ölkələrdən dəfələrlə azdır. Biz də cənab Prezident İlham Əliyevin "Evd qal" çağırışına qoşularaq xalqımıza müraciət edirik. Əzizlərimiz, bilin ki, biz qürbətdə yaşayan azərbaycanlılar vətənimizin qüdrəti, varlığı, inkişafı, sizlərin sağlam, gümrah olması ilə qürrələnir, rahat oluruq. Qüdrətli dövlət üçün sağlam xalq, millət gərəkdir. Dövlət rəhbərimiz bunun üçün əlindən gələni edir. Evdə qalaq ki, dövlətimizin qüdrəti sarsılmasın".

ABŞ-da 4 azərbaycanlı virusa yoluxub
 

Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Minəvvər Vahabova bildirdi ki, Yer kürəsi belə bir pandemiya ilə üzləşəcəyinə hazır olmadığından, insanlar arasında qorxu, inamsızlıq və ümidsizlik müşahidə olunur: "Bu pandemiyanın, hələ üstəlik, təbiətin belə bir gözəl zamanında, müxtəlif dindən olan insanların bayramları qeyd etməyə hazırlaşdığı bir vaxta təsadüf etməsi daha da xoşagəlməz bir haldır. Bizim yaşadığımız ABŞ-da vəziyyət, bildiyiniz kimi ağır olaraq qalır. Hazırda Nyu-York ştatı bu virusa yoluxanların sayına görə birinci yerdədir. Bunun səbəbi insanların çox sıx yaşaması, turistlərin ən çox gəldiyi ştat olması və immiqrantların sayının çox olmasıdır. Hazırda Nyu-Yorkun bütün hospitalları xəstələrlə doludur və artıq yeni xəstələr qəbul edilmir. Hətta qəbul olunan xəstələr belə bu virusla demək olar ki, təkbaşına mübarizə aparırlar. Oksigen aparatları çatışmır, tibb işçiləri və həkimlər demək olar ki, gücsüzdür. Xəstələri yoxlamaq üçün testlər çatışmır. Nyu-Yorkun qubernatoru hər gün brifinq keçirərək ştatdakı və ümumilikdə ABŞ-dakı vəziyyət haqda xalqa məlumat verir. Təəssüf ki, bu məlumatlar heç də ürəkaçan deyil. Dəniz Donanmasının hərbi hospital gəmisi artıq Nyu-York sahilinə yaxınlaşaraq xəstələri qəbul etməyə hazırdır. Gəmi-hospitalda 1000 çarpayı və 1200 tibbi personal var. Hər gün koronavirusa yoluxan xəstələrin sayı artır".
M.Vahabova deyir ki, Amerikada insanları evdə oturmağa, ciddi zərurət olmadan çölə çıxmamağa və təmasda olmamağa səsləyən çağırışlar səslənir: "Bir çox iş yerləri bağlıdır və yalnız həyat üçün vacib olan obyektlər işləyir. Bunlar hospitallar, ərzaq mağazaları, apteklər və evlərə yemək çatdırılması ilə məşğul olan iaşə obyektləridir. Məktəb və universitetlər onlayn təhsilə keçiblər. Məktəbyaşlı uşaqlara və ehtiyacı olan insanlara gündə iki dəfə yemək paylanması üçün xüsusi məkanlar fəaliyyət göstərir. Metro və avtobuslar isə öz qaydası ilə çalışırlar. Azərbaycan icmasının nümayəndələrindən, məndə olan məlumata görə 4 nəfər bu virusa yoluxub. Onlardan 3 nəfəri Nyu-Yorkun Bruklin bölgəsində, biri isə Vaşinqtonda yaşayır. Xəstələrdən üçünün vəziyyəti artıq qənaətbəxşdir, birinin vəziyyəti isə təəssüf ki, ağır olaraq qalır. ABŞ-da Azərbaycan Respublikasının səfirliyi vətəndaşlarımızın vəziyyəti ilə mütəmadi olaraq maraqlanır və bu səbəblə də səfirlikdə qaynar xətt fəaliyyət göstərir. Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsində də qaynar xətt fəaliyyətdədir. Bütün bunlar, əlbəttə ki, təqdirəlayiqdir. Azərbaycanda da bu pandemiya ilə mübarizədə çox geniş tədbirlər görülməkdədir. Hörmətli prezidentimiz cənab İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyeva xalqımızın qayğısına qalmaq məqsədilə bir sıra tədbirlər həyata keçirirlər. "Evdə qal, cəmiyyəti qoru." "Evdə qal, yayılmanın qarşısını al, həyatını qoru" kimi şüarlar insanları evdə qalmağa, həm özlərini, həm də yaxınlarını bu virusun yayılmasından qorumağa səsləyir. Əlbəttə, vəziyyət ürəkaçan deyil, ancaq biz nikbin olmalı və ümid etməliyik ki, yaxın zamanda koronavirus adlı bəlanın əlacı tapılacaq və insanlar normal həyatlarına dönəcəklər. Ümid ən sonda ölür".

1200 avrodan 7000 avroya qədər cərimə
 

Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli "Kaspi"yə açıqlamasında bu ölkədə 3149 nəfərin COVID-19 virusuna yoluxduğunu, onlardan 59 nəfərin dünyasını dəyişdiyini bildirdi.
F.Cəfərli bizimlə söhbətində qeyd etdi ki, Polşada fövqəladə vəziyyət elan edilib,  məktəb, bağça və əksər iş yerləri fəaliyyətini dayandırıb, hökumət sərhədləri bağlayıb: "Elə bir vəziyyət yaranıb ki, Avropa Birliyi ölkələri ilə də sərhədlər bağlanılıb. Yəni təkcə quru yolu ilə deyil, həmçinin, hava və dəniz sərnişindaşımalarında da əlaqə tamamilə dayandırılıb. Yalnız xüsusi hallarda dəmiryolu vasitəsilə Avropa Birliyi ölkələrinə gediş-gəliş mümkündür. Bu halda da, həmin şəxs 14 gün karantinə alınır. Əgər o şəxsdə xəstəliyin əlamətləri aşkarlanmayıbsa belə, o, 14 gün ərzində karantində qalmalıdır və bu müddət ərzində polis hər gün müxtəlif saatlarda həmin şəxsə baş çəkir. Aprelin ikisindən başlayaraq Varşava şəhərinin bütün küçələri, ictimai yerlər ozonlu su ilə dezinfeksiya edilir.  Bu proses mütəmadi olaraq hər gün saat 22:00-dan 06:00-dək davam edir. Bu saat aralığının seçilməsinin başlıca məqsədi həmin vaxt küçələrdə demək olar ki, heç kimin olmamasıdır. 1 aprel tarixindən etibarən Varşavada supermarketlərdə təxminən 1-1,5 saatlıq böyük növbələr yaranır. Bunun səbəbi ərzaq, qida və digər gündəlik tələbat mallarının qıtlığı deyil. Həmin tarixdə yeni qanun qüvvəyə minib. Bu qanuna əsasən, supermarketlərdə 08:00-12:00 aralığında ilk növbədə yaşlı adamlar alış-veriş edə bilər və ən azı 2 metr məsafə gözlənilməlidir. Varşava şəhərinin meri tərəfindən yeni proqram hazırlanıb. Bu proqrama əsasən, 1 aprel tarixindən etibarən könüllülər, dövlət qurumlarının və sosial işlərlə məşğul olan qurumların əməkdaşları öz rayonlarında yaşayan yaşlı şəxslərə həm sosial yardım edirlər, həm də onların hər hansı bir ehtiyacı yarandıqda, qida və ya gündəlik tələbat mallarını alıb çatdırırlar. Nəzərə alsaq ki, Polşa Avropanın ən katolik ölkəsidir, Pasxa bayramı yaxınlaşdığı üçün 7 aprel tarixindən etibarən supermarketlər bayram ərəfəsində 24 saat fəaliyyət göstərəcək. Qanuna əsasən, karantin müddətində 2 nəfərdən artıq qrup halında gəzməyə icazə verilmir. Hər kəs yalnız yaşadığı ərazidə hərəkət edə bilər və aptek və marketlərə getmək üçün evdən çıxmaq olar. Qeyd etdiklərimdən başqa, digər ticarət obyektlərinin fəaliyyəti dayandırılmışdır. Hotel, hostel, dərzi, bərbər və s. bu siyahıya daxil olan obyektləri nəzərdə tuturam. Əgər 1 mağazada 1 kassa aparatı varsa, o mağazada 3 nəfərdən artıq müştəri ola bilməz. Cərimələrə gəldikdə isə, karantin rejiminin pozulmasına görə 5000 zlotdan 30000 zlota qədər cərimə müəyyən edilib. Bu da təxminən 1200 avrodan 7000 avroya qədərdir".  
 
Xəyalə Rəis