• cümə axşamı, 28 mart, 20:37
  • Baku Bakı 13°C

“Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum” - Örnək

14.09.18 10:00 4264
“Komplekslərimi ayaqlarımla birgə qatarın altında qoydum” - Örnək
"Xoşbəxtlik mənim üçün ayaqlarımın olmaması ilə bitmir”. Bu onun şüarıdır. Pozitivliyi ilə məhdudiyyəti olan insanlara belə motivasiya verir. Ən əsası, qüsurlarını sevir, qəbul edir və bütün çətinliklərə sinə gərib, onlara gülümsəməyi bacarır.

"Örnək” rubrikasında qarşısına çıxan bütün çətinliklərə qarşı dimdik dayanan, həyatı sevən, fiziki məhdudiyyətlərin üstündən xətt çəkən İmran Lalayevlə söhbətləşdik. Qeyd edək ki, İmran Əsa Teatrının aktyorudur.
"Həyatda mübariz olmaq lazımdır”
O qədər pozitivdir ki, qüsurunu belə xoşbəxtlik hesab edir... Həyat onu çox çətin sınaqlardan keçirib. Ən böyük sınağı isə ayaqlarını qurban verməsi ilə nəticələnib: "Hadisə 2013-cü il may ayının 24-də baş verib. Qulağımda qulaqcıqlarla işə gedirdim. Yolun üstündə körpü var idi, hansı ki, altından qatar yolu keçirdi. Körpünün dirəkləri gözümün qarşısını kəsdiyi üçün qatarın gəldiyini görmədim, qulaqcıqlarım isə qatarın səsini eşitməyimə imkan vermədi. Qatar məni vuranda özümü atdım, lakin iki ayağım qatarın altında qaldı. 21 yaşım var idi və mən bilirdim ki, ayaqlarımı artıq itirmişəm. Özümü bu vəziyyətə elə həmin gün hazırladım və qəbullanmağım da çox vaxt aparmadı. Bu həqiqətdir ki, heç kim həyatından sığortalanmayıb. Sabah bu vəziyyət hər kəsin başına gələ bilər, əsas odur ki, özünü güclü hiss edib, üsyankar olmayasan. Mənim prinsipim odur ki, fərq etməz hansı çətinliyin var, həyatda mübariz olmaq lazımdır”.

"Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil”
İmran protez ayaqla həyatına davam edir. Deyir ki, həmin hadisə onun bütün həyatını dəyişib və ona ikinci həyat bəxş edib. Həmsöhbətimiz elə komplekslərini də sözügedən hadisədən sonra həmin qatarın altında qoyub: "Hadisədən sonra həyatımda çox dəyişikliklər oldu. Sanki başqa bir insan olaraq, yenidən dünyaya gəldim. İkinci həyatım başladı. Hətta dünyagörüşüm dəyişdi. Əgər köhnə İmran olsaydım, kompleksli olardım və şortik geyinməzdim. Əvvəllər insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Komplekslərimi də qatarın altında qoydum. Mənim üçün fiziki məhdudiyyət yeni bir başlanğıc, yeni bir həyat deməkdir. Hadisədən sonra tamamilə yeni bir insana çevrilmişəm və bu, yaxşılığa doğru olub. Fiziki məhdudiyyətli olmaq həyatın sonu deyil. Mənim həyatımda xoşbəxtlik ayaqlarımın olmamasi ilə bitmir. Bunu hər yerdə deyirəm. Xoşbəxtliyi özlüyümdə yaradan bir insanam və düşünürəm ki, həyatda pul, var-dövlət olsa da, insan əgər xoşbəxt ola bilmirsə, demək ki, onlar boş şeylərdir. Əgər bir insan öz-özlüyündə xoşbəxt ola bilmirsə, qarşısındakını və ətrafindakıları heç vaxt xoşbəxt edə bilməz və onlarla normal ünsiyyət qura bilməz. Xoşbəxtlik insanın qarşısında hər zaman bir güzgü kimi dayanır. Sən ona baxıb gülərsən, o da sənə...”

"İnsanları protez ayaqlara alışdırmağa çalışıram”
Hadisədən sonra İmran tez-tez şortik geyinir. Deyir ki, şortik geyinməkdə məqsədi odur ki, insanları protez ayaqlara alışdırsın və onların hər dəfə fiziki məhdudiyyətli insan görəndə təəccüblənməsinin qarşısını alsın: "Ətrafımda insanların fərqli münasibəti heç vaxt xətrimə dəyməyib. Həyatımla barışdığım üçün məni heç bir söz, fikir, baxış incitmir. Mən həyatımı olduğu kimi qəbul edir və sevirəm. Əksinə, bir çoxlarının ayaqlarımla bağlı fikirləri gülməli gəlir. Məsələn, bir dəfə səhər evdən çıxanda məhləmizdə rus bibi mənə dedi ki, sənin yuxarı tərəfin 20-ci, aşağı tərəfin isə 21-ci əsrdir. Bunu gülərək qarşıladım və xətrimə dəymədi. Əksinə, bu fikir xoşuma da gəldi. İnsan vəziyyəti ilə barışmalıdır. Cəmiyyət isə istər arabada, istər protez ayaqla, istərsə də başqa məhdudiyyətli insanları görəndə təəccüblənməsin. Mənim də məhz şortik geyinməyimdə məqsəd odur ki, insanlar protez ayaqlara alışsınlar. Qəribə baxışlar mənə gülməli gəlsə də, kompleksli fiziki məhdudiyyətli şəxsləri incidə bilər. Bu səbəbdən fikir bildirərkən həssas insanları nəzərə almaq lazımdır”.
"Hər çətinliyin sonunda işıq var”
Yuxarıda qeyd etdiyimiz kimi, İmran Əsa Teatrının aktyorudur. Memarlıq və İnşaat Kollecini bitirsə də, təsadüf nəticəsində bu sənətə gəlib: "Bir gün dostum mənə Əsa Teatrı haqqında məlumat verdi. Öncə tərəddüd etdim, çünki 4 il kollec oxumuşdum və düşünürdüm ki, bu sahədə çalışacam. Amma həyatda bəzən insanın yolları ayrılır və mənə də həyat belə bir şans verdi. Artıq 1 il olar ki, aktyor kimi çalışıram və "Adamlar və siçanlar” və "Paris partladı” tamaşalarında oynamışam. Hər çətinliyin sonunda bir işıq var və mən uğur qazanmağa davam edəcəm”.

"Çətinliklərə də gülməyi bacarmaq lazımdır”
İmran hər şər işdə bir xeyir olduğunu düşünür və neqativ düşüncələri özündən uzaqlaşdırır: "Mən qarşıma çıxan hər problemin xeyirli tərəfini axtarıram. Çalışıram ki, hər məsələyə pozitiv yanaşım. Niyə insanlar yaxşı bir şey olanda sevinir, həyata minnətdar olur, amma bir dəfə barmağı ağrıyanda üzülür, üsyan edir? Hər bir insanın həyatında çətin və xoşbəxt gün ola bilər. Əsas odur ki, o çətinliyi həyatında xoşbəxtliyə çevirə biləsən. Hər şey insanın öz iradəsindən asılıdır. Yıxıldığında öz-özünə gülə bilirsənsə, çətinliklərə də gülməyi bacarmaq lazımdır”.

Sonda gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, həyatda heç vaxt boş xəyallar qurmur: "Xəyallarımı hər zaman məqsədyönlü qururam. Bacaracağıma inanıb, irəliləyirəm. Qarşıma çıxan şansları düzgün qiymətləndirməyə çalışıram və aktyorluq sənətində özümü inkişaf etdirirəm. Aktyor olaraq, kimisə özümə örnək almıram. İnsanlara özümə xas olan xarakter göstərmək istəyirəm”.

Aygün ƏZİZ







banner

Oxşar Xəbərlər