• cümə axşamı, 28 mart, 12:51
  • Baku Bakı 16°C

Kombaynları daha asan əldə etmək mümkün olacaq

17.04.19 20:11 797
Kombaynları daha asan əldə etmək mümkün olacaq
Kənd Təsərrüfatı Nazirliyində iri taxılçılıq təsərrüfatları və aqroparkların nümayəndələri ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən görüşdə əsasən taxıl biçininə hazırlıq, kombayn və texnikalarla təminat məsələləri müzakirə olunub.
Görüşdə iri taxılçılıq təsərrüfatlarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, bu il başlayacaq taxıl biçini mövsümündən etibarən "Aqrolizinq” ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək. Yalnız bundan sonra iri taxılçılıq təsərrüfatlarına xidmət göstəriləcək. Görüşdə aqropark nümayəndələrinə lizinq yolu ilə öz kombaynlarını əldə etmək tövsiyə olunub. Tədbirdə vurğulanıb ki, iri taxılçılıq təsərrüfatları hazırda Azərbaycanda kənd təsərrüfatı texnikasının satışı ilə bağlı mövcud olan yeni qaydalara əsasən dövlət tərəfindən 40 faiz güzəşt tətbiq olunmaqla, 20 faiz ilkin ödəniş əsasında, yerdə qalan hissəni isə uzunmüddətli, faizsiz kredit əsasında "Aqrolizinq” ASC və ya özlərinin istədikləri təchizatçı şirkətlərdən əldə edə bilərlər.
Məsələ ilə bağlı daha geniş məlumat əldə etmək üçün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovla əlaqə saxladıq. V.Hüseynov qeyd etdi ki, atılan addımlar sayəsində keçən taxıl biçini zamanı yaranan problemlər bu il yaranmayacaq: "Keçən il kənd təsərrüfatında kombayn çatışmazlığı problemi ilə üzləşdik. Biz nazirlik olaraq ötən ilki vəziyyəti təhlil etdik və problemin haradan qaynaqlandığını müəyyənləşdirdik. Buna uyğun olaraq müvafiq yeni qaydalar tətbiq etmək qərarına gəldik. Əvvəllər biçin ərəfəsində kombaynlar lizinqə verilirdi. Yəni vətəndaşlar aqroservislərin bazasında olan kombaynları müəyyən qədər vəsait ödəyib, mövsümlük götürərək öz taxıllarını və ya başqasının sahəsini biçirdilər. Həmin vəziyyəti təhlil edərək qərara aldıq ki, sahəsi 50 hektardan çox olan iri təsərrüfatlara aqroservislərdəki kombaynlar lizinqə verilməyəcək. Çünki həmin kombaynlar sosialyönümlü nəzərdə tutulub və əkin sahəsi 50 hektardan az olanlara veriləcək. 50 hektardan yuxarı ərazisi olan şəxsin demək ki, kifayət qədər vəsaiti var, investisiya yatıra bilir. Bu şəxslər kombaynı ala bilərlər”.
Həmsöhbətim deyir ki, hazırda kənd təsərrüfatı texnikası almaq qaydaları sadələşib: "Cənab prezidentin də ötən ilin sonunda imzaladığı fərmana əsasən kənd təsərrüfatı texnikası bazarı liberallaşdı. Əvvəllər güzəştlər aqrolizinqdən alınan texnikalara tətbiq edilirdi. İndi yeni qaydalara görə, istənilən təchizatçı şirkətdən texnika alarkən dövlət ona 40% güzəşt tətbiq edəcək. Həmçinin texnikanı almaq qaydaları da sadələşdirilib. Belə ki, 20% ilkin ödəniş olur, 40%-ni dövlət bağışlayır, qalan 40%-i isə 5 il müddətinə kreditə verilir. Kreditin də əsas məbləğini texnikanı alan şəxs, faizini isə Kənd Təsərrüfatı Nazirliyi ödəyir. Onu da qeyd edim ki, texnika bazarı liberallaşdıqdan sonra texniki avadanlıqlar ucuzlaşır. Yəni bir kombayn 192.000 manat idisə, artıq onun qiyməti 169.000 manata düşür. Ölkədə mövcud olan kombaynların sayı ilə bağlı təhlillər aparılıb. Bunun nə qədərinin aqrolizinqdə, nə qədərinin fiziki şəxslərdə, iri təsərrüfat şirkətlərində olduğu müəyyənləşdirilib. Bu işləri görməkdə əsas məqsəd önümüzdəki taxıl biçinində heç bir problem yaşanmamağıdır”.
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı bildirir ki, bu sahənin inkişafı üçün yeni yanaşma tərzinin tətbiqi mütləqdir: "Kənd təsərrüfatı ekstensiv yox, intensiv üsullarla inkişaf etdirilməlidir. Təbii ki, taxılçılıq sahəsində texnikanın güzəştlərlə verilməsinin müəyyən mənada müsbət tərəfləri var. Amma ümumilikdə taxıl istehsalını artırmaq və bu sahədəki digər problemləri həll etmək üçün addımlar atılmalıdır. İlk olaraq torpaqlarımız inventarizasiya edilməli, onların keyfiyyət dərəcələri müəyyənləşdirilməlidir. Fermerlər həm gübrə, həm də savadlı aqronomlarla təmin edilməlidirlər. Çünki ölkənin əksər rayonlarında məhsuldarlıq aşağıdır. Çox az təsərrüfatımız var ki, orada 40-50 sentnerin üzərində taxıl götürülür. Respublika üzrə orta statistik göstərici 30 sentner olsa da, real göstəriciyə əsasən bir çox bölgələrdə məhsul 20 sentnerdən aşağı olur. Məhsuldarlığı artırmaq üçün aqrotexniki tədbirləri gücləndirmək lazımdır. Hazırda atılan addım çox yaxşıdır, fermerlər texniki baxımdan güzəştlər əldə edirlər. Amma digər tərəfdən yaxşı olar ki, fermerlərə uzunmüddətli, az faizli kreditlər verilsin, aqrosığorta tətbiq edilsin”.
Ekspert təklif edir ki, kənd təsərrüfatı üçün lazım olan texnikanın istehsalına da başlanılsın: "Hazırda kənd təsərrüfatında istifadə edilən texnikanın böyük hissəsi idxal edilir. Düşünürəm ki, yavaş-yavaş bu texniki avadanlıqların istehsalına keçmək lazımdır. Kotan, toxumsəpən, dərmansəpən maşınları və digər sadə avadanlıqları ölkəmizdə istehsal etmək mümkündür. Çünki ölkəmizin bu sahədə təcrübəsi var. Əlbəttə, keçidi birdən-birə etmək mümkün deyil. Amma müəyyən qədər cəhdlər etmək olar. İstehsal öz ölkəmizdə olsa, fermerlərə edilən güzəştlər də yüksək olar. Bu qeyd etdiklərimi kompleks şəkildə həyata keçirsək, istədiyimiz nəticəni əldə edə bilərik”.
Günel Azadə
banner

Oxşar Xəbərlər