cümə axşamı, 29 sentyabr, 18:06

Baku Bakı 23°C

Kök yumrusu birəböcəyinin risk təhlili həyata keçirilib

icon 228 icon 10 avqust 2022 | 10:30 Kök yumrusu birəböcəyinin risk təhlili həyata keçirilib

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən kök yumrusu birəböcəyinin yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə ekspres risk təhlili həyata keçirilib.

Kaspi.az-ın məlumatına görə, institutun mütəxəssislərinin hazırladığı materialda bildirilir ki, həmin zərərvericinin vətəni ABŞ-ın Kolorado ştatı hesab olunur. Növün Kosta Rika və Ekvadorda qeydə alınması ilə bağlı Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO) bəzi hesabatlarında məlumat yer alıb. Kök yumrusu birəböcəyinin Azərbaycanda aşkar edilməsi ilə bağlı bu günə qədər heç bir rəsmi məlumat qeydə alınmayıb.

Kök yumrusu birəböcəyinin iqtisadi cəhətdən ən çox ziyan vurduğu bitki – kartofdur. Həmçinin pomidor, badımcan, tütün və digər bitkilərdə də ona rast gəlinir. Bununla belə, kök yumrusu birəböcəyinin həmin bitkilər üçün zərəri əhəmiyyətsiz dərəcədə azdır.

Kök yumrusu birəböcəyi yetkin fərdi bitkinin yarpağı ilə, sürfəsi isə kök, soğanaq və kök yumruları ilə qidalanır.

May ayının ortasından başlayaraq, havanın temperaturundan asılı olaraq, yetkin fərd 45 gün müddətində ortaya çıxıb kartof bitkisi ilə qidalanmağa başlayır. Dişi fərd 35-57 gün müddətində öz yumurtasını torpağa, eləcə də, kartof bitkisinin torpağa yaxın gövdə hissəsinə qoyur və qısa müddətdən sonra tələf olur. Dişi fərd, təxminən 161-dan 215-ə qədər yumurta qoyur. On dörd günlük inkubasiya dövründən sonra yumurtadan çıxan birinci nəsil sürfə 2-4 həftə ərzində kartof bitkisinin daha tez yetişən kökləri və hələ tam yetişməmiş kök yumruları ilə qidalanmağa başlayır. Birinci nəsil sürfənin inkişafı bir aya, ikinci nəsil sürfənin inkişafı isə 2-6 həftəyə başa çatır. Beləliklə, birinci nəslin sürfələri tez yetişən kartof bitkisində, ikinci nəslin sürfələri isə gec yetişən kartof yumrularında inkişaf edir. Tam yetişmiş sürfələr qidalanmanı dayandıraraq bitkinin kök və kök yumrularından uzaqlaşıb torpağa keçir və həşəratın pup mərhələsi başlayır.

Yetkin fərd isə kartof bitkisinin yarpaqlarında diametri 1-1,5 millimetr olan, adətən 8-10 ədəd kiçik dairəvi deşiklər açır. Yetkin fərd daha çox yarpaqda aşkar edilir, kartof bitkisinə əsas zərəri həşəratın sürfəsi verir. Sürfələr kartofun kök yumruları ilə qidalanaraq onların qabığını zədələyir. Qabığın altında soxulcan izlərini xatırladan “tunel”lər və ya cığırlar açır, kartof yumrularının daxilinə isə qismən nüfuz edə bilir. Bununla belə, sürfələrin açdığı həmin izlərin müxtəlif patogenlərin bitkiyə nüfuz etməsinə şərait yaratdığı bildirilir.

İqlim amilləri kök yumrusu birəböcəyinin yayılmasını və populyasiyasının artmasını məhdudlaşdıran əsas amildir. Yetkin fərd aktiv şəkildə kartof sahələrinə uça bilir ki, bu da həşəratın yayılmasının əsas yollarından biri sayılır. Kök yumrusu birəböcəyinin uzaq məsafələrə yayılmasının əsas yolu isə torpaq, eləcə də toxumluq və ya ərzaqlıq kartofun ticarət məqsədilə daşınmasıdır.