• cümə axşamı, 25 aprel, 03:32
  • Baku Bakı 19°C

Koçaryan yenidən həbs olundu

25.06.19 18:04 756
Koçaryan yenidən həbs olundu
Nikol Paşinyan hakimiyyəti yenidən Ermənistanın keçmiş prezidentiRobert Koçaryanı həbs edib. Bu barədə ölkənin Apelyasiya Məhkəməsindənbildirilib. Qeyd edək ki, mayın 18-də R.Koçaryan girov qarşılığında zaminə buraxılmışdı. Ermənistan Baş Prokurorluğu isə bu qərara etiraz etmişdi. Çox güman ki, həbsinə səbəb az əvvəl onun Paşinyanı tənqid edən müsahibəsi olub. Müsahibəsində Robert Koçaryan hazırki hakimiyyəti kəskin tənqid edən açıqlamalar verib. Əsas hədəfi də baş nazir Nikol Paşinyan olub.
Robert Koçaryan Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı 2008-ci ilin martında Yerevanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşımaqda ittiham edib. "Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Koçaryan bildirib. Eks-prezident indiki hakimiyyəti Qarabağa dair təhlükəli siyasət aparmaqda da günahlandırıb. Ermənistanın ikinci prezidenti Yerevanın "Beşinci Kanalı”na müsahibəsində deyib ki, Paşinyan qondarma DQR-in işlərinə çox qarışmaqla danışıqlar prosesində Ermənistanın mövqeyini zəiflədir və qondarma rejimin statusunu aşağı salır: "Mən Ermənistan prezidenti olandan sonra heç vaxt Qarabağın işlərinə qarışmamışam, bunu Serj Sarkisyan da etmirdi...”.
Sabiq prezidentin dediyinə görə, Paşinyanın qondarma rejimlə bağlı bəyanatları danışıqlar prosesi iştirakçılarında belə qənaət yarada bilər ki, Yerevan Qarabağla bağlı bütün məsələləri təkbaşına həll etməyə qadirdir. Və belədə, Paşinyan xarici ölkə liderlərinə artıq deyə bilməyəcək ki, qondarma rejimin razılığı olmadan, təkbaşına qərar verə bilməz. R.Koçaryan özünü Qarabağ torpaqlarının xilaskarı adlandırıb. Koçaryanda belə bir təəssürat yaranıb ki, Qarabağ indiki hakimiyyət üçün dəyər deyil: "İndiki hakimiyyət üçün Qarabağ ağır yükdür, dəyər yox. 90-cı illərdə Levon Ter-Petrosyanın idarəçiliyi dövründə də belə olub. Şüuraltı olaraq, hakimiyyət düşünür ki, canını bu ağır yükdən necə qurtarsın...”. Eks-prezident deyib ki, onun həbsi də Qarabağa dair mövqeyi ilə əlaqədardır: "Mənim keçmişim o qüvvələri narahat edir ki, onlar Qarabağ münaqişəsinin ermənilərin maraqlarına uyğun şəkildə həllinin baş tutmamasına can atırlar...”.
Yeri gəlmişkən, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsinin, etirazların artması Ermənistana da təsirsiz ötüşmür. Rusiyaya qarşı narazılıq bu ölkədə açıq hal almasa da, mediada bu istiqamətdə analitik və informatik yazılar dərc edilməkdədir. Məsələn, "1in.am” erməni nəşri yazır ki, gürcü hadisələri Ermənistanda siyasi proseslərə müəyyən təsir göstərir. İlk növbədə Ermənistanda Rusiya təsiri, "məxməri inqilab”da xarici izlər və onun nəticələri barədə spontan müzakirələr start götürüb. Müəllif ehtiyatla qeyd edir ki, baş verənlər müəyyən ümumi kontekst yaradır. Bidzina İvanişvili ilə Serj Sarkisyan arasında paralellər aparan müəllif birincinin ciddi hakimiyyət böhranına baxmayaraq, Sarkisyan kimi hakimiyyəti təhvil verəcəyinə inanmır. Səbəb kimi də İvanişvilinin siyasi dalandan çıxmaq üçün hələ ki resurslarının olduğu göstərilir.
Artıq gürcü hadisələrinin Ermənistanda real səsləri eşidilməyə başlayıb. Məsələn, ötən gün "Respublika” Partiyası Rusiyanın Ermənistandakı addımlarının yolverilməz olduğunu bəyan edib. Xüsusən də bu ölkənin səfirinin sabiq prezident Robert Koçaryanla və Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmosyanla görüşünün yolverilməz olduğunu bildirib. "Bu görüşlər heç də "ictimai-siyasi və biznes dairələr” məntiqi ilə keçirilən görüşlər silsiləsindən deyil. Əgər səfir Ermənistan Xarici İşlər Nazirliyinə dəvət edildikdən və xəbərdarlıq edildikdən sonra da bu cür siyasətini davam etdirirsə, onda "Respublika” Partiyası səfirin ölkədə persona non-qrata elan edilməsi üzrə hərəkata başlayacaq. Biz bütün mümkün vasitələrə, o cümlədən səfirlik qarşısında etiraz aksiyaları keçirməyə qədər gedəcəyik” - deyə partiyanın yaydığı bəyanatda bildirilir.
"1in.am”a müsaibəsində "Sasna Çrer” ümumerməni partiyasının katibliyinin koorinatoru Varujan Avetisyan da bu məsələyə toxunub. O, hakimiyyətin səfiri XİN-ə çağırmasını və etiraz bildirməsini alqışlayır. O, hesab edir ki, səfirin Koçaryanla görüşü nəinki rəsmi Yerevana, bütövlükdə erməni xalqına açıq təzyiqdir. "O ki qaldı Konstitusiya Məhkəməsinin sədri ilə görüşə, bu, Rusiyanın ölkədə müstəmləkə təsirini itirmək qorxusundan irəli gəlir. Kreml heç nəyə məhəl qoymadan, günün-günorta çağı açıq və kobud şəkildə bizim daxili işlərimizə qarışır. Ölkədə məhkəmə-hüquq sistemi keçmiş rejimin əlində qalıb. Bu səbəbdən də bunu əksinqilab və revanş üçün alət kimi saxlamağa çalışırlar. Əvvəlki rejim nəinki Kremlin sözəbaxanı idi, həm də satqıncasına bizi Avrasiya İqtisadi İttifaqına aparıb soxdu. Hətta aprel müharibəsinin təşkilində iştirak etdi. Lakin bundan sonra müstəmləkəçilik daha da dərinləşdi. Yeganə yol müstəmləkədən azad olub sərbəst yaşamaqdır. Biz Rusiya müstəmləkəsindən azad olmasaq, miqrasiya davam edəcək, ədalət və hüquq bərpa olunmayacaq, Azərbaycan bizimlə müqayisədə daha da güclənəcək, Türkiyə tərəfindən təhlükə artacaq. Eyni zamanda Dağlıq Qarabağın Ermənistana yadlaşması prosesi vüsət alacaq. Sərhədlərdə duran erməni əsgərləri ölməkdə davam edəcək. Normal təhsilimiz, səhiyyəmiz, elmimiz, sənaye və rifahlı həyatımız olmayacaq. Dünyadan daha da uzaqlaşmaqda davam edəcəyik. Bu çağırışlardan irəli gələn böhran bir zaman o qədər dərinləşəcək ki, dövlətçiliyimizi tam itirəcəyik. Sonda soyqırıma uğrayacaq və vətənimizdən məhrum olacağıq. Bu səbəbdən də müstəmləkəçiliyə qarşı müqavimət göstərməliyik. Hələ ki Ermənistan hakimiyyəti belə bir iradəyə malik deyil”, - deyə müəllif fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər